<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Ruhani əməldə “Məni arxadan görəcəksən, amma simam görünməyəcək” nə deməkdir.

Ruhani əməldə “Məni arxadan görəcəksən, amma simam görünməyəcək” nə deməkdir.
Məqalə 43 (1991)

Məlumdur ki, yaradılışın məqsədinə – yəni yaradılanları həzzləndirməyə – çatmaq üçün işin qaydası iki hissədən ibarətdir:

1.Birinci – moxa (ağıl) kateqoriyasıdır, yəni ağıldan yuxarı inam. Bu, ağıla zidd getmək deməkdir. Adətən insanın ağlı ona nəyisə edib-etməmək lazım olduğunu müəyyən edir. Və “insan öz ağlına zidd gedə bilməz” qaydasına görə belə çıxır ki, insan ağıl bunu əsaslı hesab etməsə də, yenə də Yaradanın işini öz üzərinə götürür. Yəni o, müdriklərin qoyduğu qaydanı – Yaradanın işini yerinə yetirməyi – qəbul edir. Onlar demişlər ki, insan ağlın qanunlarına görə yox, Tövratın qanunlarına görə getməlidir. Bu isə “moha” adlanır.

2.İkinci – liba (ürək) kateqoriyasıdır, yəni almaq istəyi. Burada insan öz istəyinə zidd işləməlidir. Yəni, almaq istəyinə qarşı çıxaraq, vermək istəyinə nail olmaq üçün çalışmalıdır. Bu da “ürək” adlanır.

İnsan öz təbiətinə görə özü üçün almaq istəyilə doğulur. Və o, vermək üçün işləmək istədikdə, ona göstərirlər ki, almaq istəyi – şərdir. Lakin ona dərhal göstərmirlər ki, bu şər nə qədər böyükdür və insan üzərində nə qədər hakimdir. Çünki insan dərhal görsəydi ki, onda nə qədər böyük şər var və bu şər onu Yaradan­dan nə qədər uzaqlaşdırır, deyərdi: “Bu şərin hökmranlığı məndə hamıdan güclüdür. Mən bunun öhdəsindən necə gələ bilərəm?” Və onda bütün səylərin mənasız olduğunu düşünərdi, çünki almaq istəyinin hökmranlığından çıxmağın mümkün olmadığını görərdi. Axı bütün şər yalnız almaq istəyidir və o, Yaradanla oxşarlığa və birləşməyə mane olur. Belə olduqda insan bu yoldan qaçmaq istərdi.

Buna görə də insana bütün şər birdən açılmır, tədricən açılır. Ona yüksəlişlər verilir və bu zaman ona elə gəlir ki, onda artıq şər yoxdur, çünki yüksəliş anında insan Yaradanla yaxınlıq hiss edir. Və o düşünür ki, artıq Yaradanın köməyinə ehtiyacı yoxdur, çünki bu hal daim davam edəcək. Çünki ona elə gəlir ki, hər şey boşdur və əsas olan Yaradanla yaxınlıqdır.

Lakin insanın bütün şərini görməsi lazımdır ki, bütün qəlbi ilə dua edə bilsin. Çünki yalnız o zaman onda tam kli – həqiqi ehtiyac yaranır. Buna görə də ona yuxarıdan eniş verilir. Yəni ona almaq istəyində olan daha bir qat şər göstərilir. Bu proses təkrar-təkrar olur və hər dəfə onda daha dərin şər açılır. Əgər insan “döyüş meydanından” qaçmırsa, nəhayət öz şərinin ən aşağı səviyyəsinə çatır. O zaman Yaradan ona kömək edir və onu bu şərin hökmranlığından xilas edir. Beləliklə, insan vermək istəyinə – ikinci təbiətə nail olur və Tövratda onun gözləri açılır.

Buradan görünür ki, işin qaydası insanın ağlının düşündüyü kimi deyil. Yaradanın başqa bir hesabı var. Bu barədə deyilir: “Çünki Mənim fikirlərim sizin fikirləriniz deyil, Mənim yollarım sizin yollarınız deyil” (Yeşaya, 55).

İnsan düşünür ki, hər hansı bir elmi və ya peşəni öyrənərkən hər gün irəliləyir və getdikcə daha çox anlayır, nəhayət mükəmməlliyə çatır. Eləcə də insan tərbiyə aldığı kimi düşünür ki, əsas olan əməli yerinə yetirməkdir: iman gətirmək, Yaradanın varlığına inanmaq və müdriklərin dediklərini yerinə yetirməkdir. O, Tövrat və əmrləri yerinə yetirərkən sadəcə xatırlamalıdır ki, Yaradanın Musaya və ondan sonrakı müdriklərə verdiyi göstərişləri yerinə yetirir və bunun əvəzində bu dünyada və gələcək dünyada mükafat alacaq. Bu, insanın Tövrat və əmrlərdə işə başlamasının ilkin mərhələsidir.

Və bu iş “əməl” adlanır, yəni insan Tövrat və əmrləri yerinə yetirərkən xatırlamalıdır ki, Yaradanın göstərişini yerinə yetirir. Bu isə ümumi iş adlanır və həmçinin “müqəddəsliyin cansız səviyyəsi” (domem de-kduşa) adlanır.

Bundan sonra, yəni insan artıq əməl üzərində işləməyə öyrəşdikdən və bunu sevinclə yerinə yetirdikdən sonra — çünki Yaradanın əmrlərini yerinə yetirməyə layiq olduğuna sevinir — artıq niyyət haqqında danışmaq olar. Lakin insan Tövrat və əmrləri hələ ümumi səviyyədə, yəni əməl səviyyəsində yerinə yetirmədiyi müddətdə, onunla niyyət haqqında danışmaq olmaz. Bu barədə Rambam demişdir ki, niyyət “lişma”ya aiddir və bu, hər kəsə öyrədilmir, yalnız “insan bilik toplayıb ağıllandıqdan sonra, ona tədricən sirləri açırlar”.

Bu o deməkdir ki, İsrail xalqının əksəriyyəti ruhani baxımdan cansız səviyyəyə aiddir və onlara inam Əhatə edən Nur şəklində işıq saçır. Və bunun sayəsində insan Tövrat və əmrləri əməl səviyyəsində yerinə yetirmək üçün güc tapır. Lakin Tövrat və əmrləri ümumiyyətlə yerinə yetirməyən insanlarla, əlbəttə ki, niyyət haqqında danışılmır.

Amma elə insanlar var ki, ümumi səviyyədə qaydasındadırlar, lakin içlərində elə bir daxili oyaniş hiss edirlər ki, niyyətin də mövcud olduğunu anlayırlar. Onlar eşidiblər ki, bütün əməlləri Yaradan xatirinə etmək lazımdır, yəni “lişma” üçün. Və bu, onların qəlbində Tövrat və əmrlərlə Yaradan xatirinə məşğul olmaq istəyini oyadır. “Yaradan xatirinə” anlayışının isə bir neçə izahı vardır.

  1. Tövrat və əmrlərlə “göylər naminə” məşğul olmaq o demək deyil ki, insan bunu hörmət və ya pul üçün edir. Əksinə, o, Tövrat və əmrləri ona görə yerinə yetirir ki, Yaradan bunu bizə Musa vasitəsilə əmr edib. Yəni o, bunu mükafat, şan-şöhrət və ya başqa qazanc üçün deyil, yalnız Yaradan əmr etdiyi üçün edir. Bu, “göylər naminə” deməkdir.

Lakin bununla yanaşı, insan istəyir ki, Yaradan onun əməyinin əvəzini versin, necə ki, müdriklər demişdir: “Sənin Sahibin əməlinin əvəzini verəcəkdir” (Ata sözləri, 2:14).

  1. “Göylər naminə” anlayışının ikinci izahı isə budur ki, insanı Tövrat və əmrləri yerinə yetirməyə vadar edən səbəb şəxsi mənfəət deyil, yalnız Yaradanın əzəməti və böyüklüyüdür. Yəni o, Padşaha xidmət etdiyinə və Onun əmrlərini yerinə yetirdiyinə görə bu işlə məşğul olmaq istəyir.

Belə çıxır ki, səbəb mükafat deyil – birinci izahda “göylər naminə” dediyimiz kimi, yəni Tövrat və əmrlərin yerinə yetirilməsinin səbəbi Yaradanın ona mükafat verməsi arzusu deyil. Çünki o, Tövrat və əmrləri insanlar üçün deyil, təvazökar şəkildə yerinə yetirir ki, onun bu işi barədə kənardan heç kim bilməsin, yalnız Yaradan bilsin. Buna görə də o, Yaradanın onu mükafatlandırmasını istəyir.

Belə çıxır ki, burada səbəb şəxsi mənfəətdir. Lakin o, yalnız Padşahın böyüklüyü naminə işləmək istədikdə, bu artıq “göylər naminə” adlanır, yəni onun mükafatı Yaradanın xidmətində olmaqdır. Necə ki, Sulamda (Zoara giriş, 191-ci maddə) deyilir: “Yaradandan qorxur və buna görə Tövrat və əmrləri yerinə yetirir – çünki O böyükdür və hər şeyə hökm edir”.

Buradan belə çıxır ki, insan yalnız mükafat üçün deyil, Yaradanın ucalığı naminə işlədikdə, bu “lişma” adlanır, yəni mükafat üçün deyil, Yaradanın ucalığı üçün. Onu Tövrat və əmrləri yerinə yetirməyə vadar edən səbəb də budur. Əgər belədirsə, onda sual yaranır: “Sahibin əməyinin əvəzini verəcəkdir” deyilən söz nə deməkdir? Axı insan mükafat üçün işləmir?

İzah belədir. Mükafat üçün işləməyən insanlar o deməkdir ki, onlar vermək naminə işləmək istəyirlər. Lakin bədən buna qarşı çıxır və onlar özlərini almaq istəyindən qurtara bilmirlər. Ancaq onların buna istəyi və can atması var və onlar Yaradana dua edirlər ki, onlara kömək etsin ki, heç bir mükafat gözləmədən işləyə bilsinlər. O zaman Yaradan onların duasını eşidir və onlara “vermək istəyi” adlanan ikinci təbiəti verir. Məhz bu, onların mükafatıdır – yalnız Yaradanın xeyrinə işləməyə layiq olmaları.

Bilmək lazımdır ki, insan məhz o zaman vermək üçün işləməyə başlayır ki, bu mərhələyə çatmaq istəsin. Amma bu, təbiətə zidd olduğundan və insan buna öz gücü ilə çata bilmədiyindən, ona yalnız Yaradan vermək istəyini verə bilər. Çünki qayda budur ki, arzu olmadan dolma yoxdur; yəni içində arzu olmayan şeyi doldurmaq mümkün deyil. İnsan üçün isə vermək üzrə işləmək arzusu təbii deyil və bunu hiss etmək onun gücündə deyil. Buna görə də insan əvvəlcə hiss etməlidir ki, vermək istəyi olmadan o, çatışmazlıq vəziyyətindədir, yəni xüsusiyyətlərin fərqi səbəbindən Yaradandan uzaqdır. Lakin bunu da insan özü hiss edə bilmir. O, özündə olan almaq istəyinin şər olduğunu və bunun onu Yaradandan uzaqlaşdırdığını da hiss edə bilmir. Çünki dərhal sual verir: “Sən bütün əməllərini vermək naminə etsən, bundan sənə nə olacaq?” – və bu suallar onun bütün vermək istəyini zəiflədir və aradan qaldırır.

Buna görə də məhz Tövratın nuru vasitəsilə — insan onu hətta lo lişma halında öyrəndiyi zaman belə — bu nur insana vermək istəyina çatmaq istəyini və ehtiyacını hiss etməyə imkan verir. Lakin yuxarıda deyildiyi kimi, insana almaq istəyində olan bütün şər birdən-birə göstərilmir. Ona hər dəfə az-az göstərilir. Yəni hər bir enişdən sonra, insan özünü uzaqlaşmış vəziyyətdə gördükdə və işləmək istəyi qalmadıqda, ona bir yüksəliş verilir. Hər yüksəlişdən sonra isə yenidən eniş gəlir — bu proses onun bütün şəri ona açılana qədər davam edir. Və yalnız onda, yəni onda artıq tam bir arzu formalaşdıqda, ona yuxarıdan vermək istəyi verilir.

Lakin işin ortasında, insan eniş vəziyyətinə düşdükdə və döyüş meydanından qaçmaq istədikdə, bu vəziyyət “arxa tərəf” adlanır. Yəni ona inam işıq saçmır ki, o işi davam etdirə bilsin. O zaman insan başa düşür ki, Yaradan onunla, insanın öz anlayışına görə necə davranmalı olduğunu düşündüyü kimi davranmalıdır. Halbuki Yaradan insanın düşündüyü kimi deyil, Öz bildiyi kimi davranır. İnsan isə düşünür ki, işin gedişi bütün digər peşələrdə olduğu kimi olmalıdır — yəni hər gün irəliləyiş olmalıdır. Burada isə insan görür ki, geriyə gedir, yəni hər gün özünü arxa tərəfdə hiss edir. Amma əslində, yuxarıda deyildiyi kimi, Yaradan onunla insanın düşündüyü kimi deyil, Öz düşündüyü kimi davranır.

Buradan aydın olur ki, işin qaydası insanın anlayışına ziddir. İnsan düşünür ki, hər dəfə bir pillə qalxmaqla məqsədə çatacaq. Amma Yaradan başqa cür düşünür. Çünki əgər insan daim yüksəlişdə qalsaydı, o zaman özünü artıq kamil hesab edərdi. Yəni öz işində heç bir çatışmazlıq görməzdi və cansız səviyyədə qalardı. Onun içindəki almaq istəyi olan şəri də şər kimi hiss etməzdi, çünki bunun Tövrat və əmrlərlə məşğul olmasına mane olduğunu görməzdi. O, “arxa tərəf”in nə olduğunu, yəni Tövrat və əmrlərin işıq saçmamasının nə demək olduğunu bilməzdi və daim Yaradanın xidmətində olmaqdan məmnun olardı.

Halbuki qayda budur ki, yuxarıdan artıq heç nə verilmir. Yəni insan əsas çatışmazlığı hiss etmirsə, ona artıq bir şey verilmir. Əgər insan həyati zəruri olanı — yəni Yaradanla birləşməni, tam inamı — hiss etmirsə, ona əlavə bir şey verilə bilməz. Çünki ruhaniyyətdə “artıq” anlayışı yoxdur. Yalnız o zaman ki, insan elə bir ehtiyac hiss edir ki, onsuz yaşaya bilməz, bu artıq həqiqi ehtiyac sayılır. Və yalnız bu cür ehtiyac dolmağa layiqdir. Əgər bu ehtiyac o qədər güclü deyilsə, bu artıq “ifrat” sayılır.

Buna görə də, insan Tövrat və əmrləri icra etməklə müəyyən bir məmnunluq hiss edirsə, ona daha yüksək bir mərhələ verilmir. Çünki o hələ xilasa həqiqi ehtiyac duymur.

Deyilənlərdən belə çıxır ki, insan müqəddəslik pillələri ilə yalnız öz tam alçaqlığını hiss etdiyi zaman yüksələ bilər ki, bu da “arxa tərəf” vəziyyəti adlanır. Yəni insan arxa tərəf vəziyyətində olduqda, yuxarıdan kömək almaq istəyinə çevrilən bir kli əldə edə bilir. Yuxarıdan gələn bu kömək isə “neşama” adlanır, necə ki, Zoarda deyilir: “Təmizlənmək istəyənə kömək edirlər”. Soruşulur: “Nə ilə?” Cavab verilir: “Müqəddəs ruhla”.

Və insan hər dəfə kömək istədikdə, ona daha yüksək bir pillə verilir, ta ki, nəhayət, öz ruhunun NaRaNXaY səviyyəsinə nail olsun.

Bununla “Məni arxadan görəcəksən, amma simam görünməyəcək” sözlərini izah etmək olar. Və bu sözlərdəki “görəcəksən” ifadəsini izah etmək lazımdır. Yəni əgər insan görməyə, Tövratda gözlərinin açılmasına nail olmaq istəyirsə – və Tövrat Yaradanın adlarıdır – insan buna yüksəliş zamanı nail ola bilməz. O vaxt ki, Tövrat və əmrlər ona nur saçır və o bundan zövq alır. O zaman insan istəyir ki, hər dəfə daha yüksək bir pilləyə qalxsın, necə ki, maddi dünyada da belə olur: insan bir peşəni və ya elmi öyrəndikdə, hər dəfə irəlilədiyini və məqsədinə yaxınlaşdığını görür. Bu isə “ön tərəf” adlanır.

Lakin ruhaniyyətdə bunun əksi baş verir. Məhz “arxa tərəf” adlanan hallardan, yəni nurun parlamadığı vəziyyətlərdən, enişlərdən – insanın içindəki almaq istəyinin şərinin daha çox açıldığı hallardan – insan məqsədinə yaxınlaşır. Bu ona görədir ki, insan yalnız həqiqi ehtiyac hiss etdiyi zaman Yaradandan kömək ala bilər. Deməli, insanın özünə elə gəlir ki, geri gedir, halbuki bu, yuxarıdan gələn köməkdir. Çünki Yaradan ona almaq istəyindəki şəri göstərir.

Beləliklə, insan öz anlayışına görə deyil, Yaradanın anlayışına görə irəliləyir. Bu da “Mənim fikirlərim sizin fikirləriniz deyil” deyilişinin mənasıdır. Yaradan ona hər dəfə bir az daha çox şər göstərir, çünki bütün şəri birdən göstərmək mümkün deyil. Əgər insana bütün şər birdən açılsa, o, qaçıb gedərdi. Buna görə də ona tədricən açılır, ta ki, o, həqiqi ölçüdə şəri görsün və o zaman Yaradandan kömək istəmək üçün həqiqi ehtiyac formalaşsın. Və məhz onda insan öz ruhunun NaRaNXaY səviyyəsinə nail olur.

Və buna görə də deyilir: “Məni arxadan görəcəksən”, çünki məhz arxa tərəf hallarından insan məqsədə nail ola bilir.

Bununla deyilən sözləri izah etmək olar (Vaetxanan 7:7): «Rəbb sizi bütün xalqlardan çox olduğunuz üçün seçmədi… çünki siz bütün xalqlardan azsınız». Və soruşmaq lazımdır: bu bizə nəyi öyrədir? Məgər kimsə şübhə edirmi ki, İsrail xalqı bütün xalqlardan çoxdur? Axı ayə bunu ona görə deyir ki, insan yanılmasın və düşünməsin ki, Yaradan onu ona görə seçib ki, İsrail xalqı sayca çoxdur.

Lakin izah etmək lazımdır ki, burada söhbət işdən gedərkən, “İsrail” və “xalqlar” bir insanın daxilində mövcuddur, necə ki Zoarda deyilir: “Hər bir insan özü-özlüyündə kiçik bir aləmdir”.

Buna görə də izah etmək lazımdır ki, bəzən insan elə bir vəziyyətdə olur ki, onda “İsrail” xüsusiyyəti “xalqlar” xüsusiyyətindən üstün olur. Yəni bu, yüksəliş halıdır – insan Tövrat və əmrlərdə öz kamilliyini hiss edir və buna görə də düşünür ki, bu hal onu Yaradanın sevgisinə layiq edir. Çünki insanın ağlına görə, əgər o, düzgün yolla gedirsə, əməli baxımdan düzgün işləyirsə, deməli Yaradan onu sevməlidir.

Və buna cavab olaraq deyilir: “Rəbb sizi bütün xalqlardan çox olduğunuz üçün seçmədi”. Yəni sual yaranır: nə üçün Yaradan insanı sevmir, əgər insan özünü kamil xidmətçi hesab edirsə? Cavab budur ki, bu halda insanın Yaradanın köməyinə ehtiyacı yoxdur. Çünki o, özünü əməl səviyyəsində kamil hesab edir və bu, ruhani baxımdan cansız səviyyədir.

Mətn deyir: “Mən sizi ona görə istədim ki, siz bütün xalqlardan azsınız”. Yəni siz özünüzü xalqlar arasında az hiss edirsiniz – bu o deməkdir ki, sizdə “xalqların” istəkləri hökm sürür, “İsrail” xüsusiyyəti isə zəifdir. Siz daxili şərinizi həqiqi ölçüdə görürsünüz. Məhz bu zaman siz dua edirsiniz ki, Mən sizə kömək edim. Və onda sizdə həqiqi istək yaranır – çünki siz artıq nə qədər əta etməkdən uzaq olduğunuzu hiss edirsiniz. Və məhz bu zaman kömək etmək mümkündür, çünki artıq siz ifrat olanı istəmirsiniz, həqiqətən zəruri olanı istəyirsiniz.

Yüksəliş halında isə insanın Yaradanın köməyinə ehtiyacı olmur, çünki onun istəyi artıq ifratdır. Bu barədə deyilir: “siz bütün xalqlardan azsınız” – yəni sizdə Yaradanı istəmək var. Çünki o zaman siz özünüzü şər üzərində hökmran hesab edirsiniz və özünüzü kifayət qədər yaxşı sayırsınız.

Bəs nə üçün Yaradan məhz sizin az olduğunuz hallarda sizi istəyir? Yəni xalqların xüsusiyyəti sizdə üstün gələndə, “İsrail” xüsusiyyəti isə zəifləyəndə və siz ürəkdən fəryad edib deyəndə: “Xilas et!” – məhz onda. Çünki o zaman Mən sizi sevirəm, çünki artıq Mən atalarınıza vəd etdiyim mirası sizə verə bilərəm. Çünki indi sizdə onu qəbul edəcək qablar var – yəni verici istəklər. Çünki insanın verici istəkləri olduqda, o, yuxarıdan gələn bərəkəti qəbul edə bilir.

Bütün deyilənlərdən belə nəticə çıxır ki, insan eniş halında olanda, yəni içindəki şər üzə çıxanda bundan qorxmamalıdır. Və o şər ona: “Görürsən, sən bu yolda irəliləmir­sən, ona görə də bu yoldan çıx və hamı kimi sadəcə fiziki əməllərlə məşğul ol” deyəndə  – bu məhz seçim anıdır.

Ya insan bunu dəf edib deyir: “İndi mən həqiqəti görürəm – Yaradanımdan nə qədər uzağam və yalnız O mənə kömək edə bilər”, və yazılana inanır: “Sən bütün ağızların duasını eşidirsən”,yəni hətta layiq olmasa belə, yenə də Yaradan ona kömək edəcək. Və o deyir: “Əminəm ki, yuxarıdan kömək alacağam, çünki indi mənim üçün bu kömək ölülərin dirilməsi kimidir”.

Ya da insan buna layiq olmur, meydanı tərk edir və deyir ki, bu yol istedadlı insanlar üçündür, mənim üçün deyil. Bunun haqqında müdriklər demişlər: “Rəbbin yolları doğrudur – salehlər onlarla gedər, günahkarlar isə onlarda büdrəyərlər”.

Ona görə də – qaçmamaq lazımdır.