Ruhani işdə Tədris Evinə gedənlərin dörd növü nə deməkdir
Məqalə 10, 1988
Müdriklərimiz demişlər: «Tədris Evinə gedənlərin dörd növü var: gedən, amma etməyən, keçdiyi yola görə mükafat alır; edən, amma getməyən, əmələ görə mükafat alır; gedən və edən – salehdir; getməyən və etməyən – günahkardır». Və bunu anlamaq lazımdır:
Nə üçün gedən və edən haqqında onun yol və əmələ görə mükafatı olduğu deyilmir, əksinə, o sadəcə saleh adlanır.
Deyilir ki, Tədris Evinə gedənlərin dörd növü var, amma getməyən və etməyən də Tədris Evinə gedən növlərdən biri hesab olunur. Axı o heç bir əməl etmir, bəs niyə o dörd növün sırasında sayılır?
Və əvvəlcə başa düşmək lazımdır ki, nə üçün yol üçün mükafat və əməl üçün mükafat haqqında danışılır, – axı məlumdur ki, mükafat üçün işləmək olmaz. Necə ki, müdriklərimiz demişlər: ağanıza mükafat almaq üçün xidmət etməyin2. Lakin “Ehkamın [yerinə yetirilməməsindən] olan zərəri onun [yerinə yetirilməsindən] olan mükafatla tutuşdur...”3 sözlərini başa düşmək lazımdır, – yəni yenə də mükafat üçün işləmək lazımdır. Necə ki, deyilmişdir: «Əgər sən çox Tövrat öyrənmisənsə, sənə böyük mükafat verirlər. Və sənin işəgötürənin etibarlıdır, zəhmətinin əvəzini sənə ödəyəcək»4.
Biz görürük ki, bütün insanlar mükafat üçün işləyirlər, lakin mükafat mütləq zəhmətin əvəzi kimi verilən pul demək deyil, əksinə, insanın öz işinin əvəzi olaraq alacağı hər nədirsə, – ona lazım olan və onu xoşbəxt həyata gətirəcək olan şey mükafat adlanır. Buna görə biz görürük ki, insan pul almaq üçün səy göstərərək işləyir, amma bundan başqa, elə də olur ki, insan hörmət qazanmaq üçün pul verir, bəzən də olur ki, insan həyat əldə etmək üçün puldan və hörmətdən keçər. Yəni mükafat insana lazım olan şey adlanır, necə ki, deyilib: «İnsanın sahib olduğu hər şeyi öz həyatı naminə verər»5.
Və deyilənlərdən belə çıxır: Tövrat və ehkamları yerinə yetirməyə görə alınması mümkün olan mükafat nədir? Demək lazımdır ki, bu, Yaradanla qovuşmadır. Necə ki, deyilmişdir: «Sənin Yaradanın, Sənin Allahın səndən nə tələb edir?»6 «Və Onunla qovuşmaq»7. Və “Tövratın əta edilməsi”ndə deyildiyi kimi: «Məlumdur ki, Tövrat və ehkamlar işində arzu olunan Məqsəd Yaradanla qovuşmaqdır, necə ki, deyilib: “Və Onunla qovuşmaq”»8.
Qovuşma isə tövbə adlanır, çünki insan təbiətcə özü üçün almaq arzusu ilə yaradılıb, bu isə, məlum olduğu kimi, forma fərqinə görə ayrılıq adlanır, başqa sözlə, bu səbəbdən insan Yaradan’dan uzaqdır. Forma bənzərliyinə, qovuşma adlanan vəziyyətə gəlmək üçün o, öz təbiəti ilə, yəni əta etmək yox, özü üçün almaq arzusu ilə mübarizə aparmaq üçün böyük səylər göstərməlidir. İnsanın gəlməli olduğu əta ölçüsü isə – «bütün qəlbinlə, bütün canınla və bütün varlığınla»9 olmalıdır, özü üçün heç bir şəxsi mövcudluq qoymadan, o dərəcədə ki, insanın öz qüvvəsi ilə forma bənzərliyinə gəlməsi mümkün deyil.
İnsanın etməyə borclu olduğu isə yalnız «təmizlənməyə gələn»10 xüsusiyyətində olmaqdır. Başqa sözlə, insan kli-ni və ehtiyacı hazırlamalıdır ki, Yaradan ona kömək etsin. Məlum olduğu kimi, kli olmadan nur yoxdur və buna uyğun olaraq belə çıxır ki, səyin ölçüsü belədir: insan tövbə adlanan forma bənzərliyinin ona çatışmadığı xisarona malik olmalıdır və tövbə etməyə güclü şəkildə can atmalıdır, amma öz qüvvəsi ilə buna gələ bilmir.
Belə çıxır ki, o nə üçün dua edir və öz səylərinə görə mükafata çatmaq üçün nə üçün səy göstərir? Bu yalnız tövbəyə olan güclü canatmadır. Çünki tövbəyə gəlmək üçün göstərdiyi səylər sayəsində xisarona və ehtiyaca tədricən nüfuz edir və beləliklə insan görür ki, Yaradanın köməyinə ehtiyac duyur və onda belə yerinə yetər: «Təmizlənməyə gələnə kömək edirlər»10. «Bəs ona nə ilə kömək edirlər?» – Zoar soruşur və cavab verir: «Müqəddəs ruhla»11. Və onda o, «İnsanın ruhu ona öyrədər»12 xüsusiyyətində ruh almağa layiq olur.
Və buradan bizim soruşduğumuzu başa düşəcəyik: məgər işləmək və səy göstərmək olar ki, Yaradan ona mükafat versin? Axı deyilmişdir: «Ağanıza mükafat almaq üçün xidmət etməyən qullar kimi olun»13. Lakin başa düşmək lazımdır ki, nə üçün mükafat almaq qadağandır. Bunun səbəbi odur ki, insan forma bənzərliyinə gəlmək üçün işləməlidir. Belə çıxır ki, əgər o öz işi üçün mükafat istəyirsə, onda o, özü üçün alma hakimiyyəti altındadır, bu isə forma bənzərliyinə ziddir. Məhz buna görə də mükafat üçün işləmək qadağandır.
Halbuki işləyən, səy göstərən və dua edən kəs ki, Yaradan ona zəhməti üçün mükafat versin, o hansı mükafatı nəzərdə tutur? Şübhə yoxdur ki, onun tələb etdiyi mükafat – Yaradanın ona elə qüvvələr verməsidir ki, bütün fikirləri və əməlləri yalnız Yaradan’a əta etmək üçün olsun, şəxsi faydası üçün yox. Belə olduqda, onun tələb etdiyi həmin mükafat onu tövbə adlanan forma bənzərliyinə gətirir, yəni o yenidən Yaradan’la qovuşmuş olur, Ondan ayrılmış olduğu halda.
Və bu, [Baal Sulamın] «Pri xaxam» kitabında dediyi kimidir: «Ruhun sirri – məlumdur ki, bu, yuxarıdan ilahi bir hissədir və bədənə girməzdən əvvəl o, budağın köklə [qovuşduğu] kimi [Yaradan’la] qovuşmuş olur»14. Və yenə orada: «Çünki ruhun Məqsədi, o bədənə daxil olanda, hələ bədənə bürünmüş olduğu halda öz kökünə qayıtmağa və Yaradan’la qovuşmağa layiq olmaqdır»14.
Və deyilənlərdən biz görürük ki, insan öz işi üçün elə bir mükafata layiq olmağa can atmalıdır ki, onun mükafatı tövbə olsun. Yəni demək olmaz ki, insan Tövrat və ehkamlar işini mükafat niyyəti olmadan işləməyə yönəltməlidir, əksinə, insanın Məqsədi ona həmişə aydın olmalıdır, necə ki, Zoar kitabında deyilir, onun duası lazım olduğu kimi aydınlaşdırılmış və başa düşülmüş olmalıdır15. Başqa sözlə, insan ona nəyin çatmadığını bilməli və buna səy və dua vasitəsilə çatmağa çalışmalıdır.
Lakin məlumdur ki, dua qəlbin dərinliyindən olmalıdır, yəni insan aydın biliyə gəlir ki, özü-özlüyündə tövbəyə layiq olmağa və ona çatmağa qadir deyil, yəni forma bənzərliyi mənasında Yaradan’la qovuşmuş ola bilmir. İnsan bu biliyə yalnız öz gücü çatan hər şeyi artıq etdikdə gələ bilər. Onda demək olar ki, indi o artıq dəqiq bilir ki, bu onun gücü daxilində deyil və yalnız Yaradan ona kömək edə bilər.
İndi isə müdriklərin sözləri ilə bağlı soruşduğumuzu aydınlaşdıraq: «Tədris Evinə gedənlərin dörd növü var»16:
«Gedən, amma etməyən, keçdiyi yola görə mükafat alır». İşə münasibətdə isə izah belədir ki, o, Yaradan’la qovuşmağa aparan yolla gedir, hansı ki, «əta etmə yolu» adlanır. Amma o görür ki, əta etmək naminə niyyətlə etdiyi heç nə yoxdur. «Keçdiyi yola görə mükafat alır» – yəni onun həqiqət yolu ilə getmək istəməsi artıq mükafat sayılır. Yəni o, Yaradan’a şükür etməlidir ki, O onu həqiqət yolu ilə getmək istəyinə layiq edib. Halbuki Tövrat və ehkamlarla məşğul olan başqa insanlarda belə bir istək yoxdur və onlar Tövrat və ehkamlarla məşğul olduqları zaman qurduqları niyyətə baxmadan sadəcə işin özü ilə kifayətlənirlər və buna ümumi İsrail 'klal' deyilir.
«Edən, amma getməyən, əmələ görə mükafat alır». Bu o deməkdir ki, o, Tövrat və ehkamlarla bacardığı qədər, bütün incəliklər və təfərrüatlarla məşğul olur, amma yuxarıda deyildiyi kimi, birbaşa Yaradan’la qovuşmağa aparan yolla getmir, əksinə niyyətsiz etdikləri ilə kifayətlənir. «Əmələ görə mükafat alır» – baxmayaraq ki, o, yuxarıda deyildiyi kimi, getmir, onun mükafatı ondadır ki, Yaradanın ona Tövrat və ehkamları yerinə yetirmək arzusu və meyli verdiyinə razı qalmalıdır, özü isə özündə başqa insanlardan heç bir üstünlük görmür, o insanlardan ki, Yaradan onlara belə bir arzu və meyl verməyib, amma o hər halda Yaradan’dan bu arzunu alıb. Və o inanır ki, hər şey fərdi idarəetmə altındadır.
Buna görə də o, Yaradan’a çox minnətdardır ki, o, Tövrat və ehkamların bir hissəsi ola bilir, halbuki başqa insanlar buna layiq olmayıblar. Və buna onun «əmələ görə mükafat alması» deyilir, yəni o, Yaradan’a şükür edir. Əslində bu səviyyə həm bütün cəmiyyətin 'klal', həm də fərdi 'prat' çalışanların səviyyəsi ola bilər. Başqa sözlə, fərdi yolla gedənin də elə vaxtları olur ki, o, “gedən” olmaq istəmir və onda o, yuxarıda deyildiyi kimi, əmələ sevinməlidir.
«Gedən və edən – salehdir». Və biz soruşduq: nə üçün əvvəlki iki vəziyyət haqqında «mükafat alır» deyilir, burada isə – üçüncü vəziyyət haqqında – «mükafat alır» deyilmir, əksinə «saleh» deyilir. İzah etmək lazımdır ki, bilmək gərəkdir: həm «gedən və etməyən» halında, həm də «edən və getməyən» halında insanda hələ də şəxsi hakimiyyət var. Yəni o, hələ öz hakimiyyətini ləğv etməyə və Yaradanın içinə daxil olmağa layiq olmayıb, buna «tövbə» deyilir, hansı ki, müdriklərimiz bu barədə demişlər: «Tövrat yalnız onun üçün özünü öldürən kəsdə həyata keçir»17, – bunu biz şəxsi hakimiyyətin ləğvi kimi izah etdik, o zaman ki, onda yalnız Tək Olanın hakimiyyəti qalır, yəni Yaradanın hakimiyyəti, özü isə ümumiyyətlə reallıqdan yox olur.
Buna görə də o, «gedən və edən» vəziyyətində olanda, demək olmaz ki, o, «mükafat alır» (hərfən: mükafatı əlinə alır), çünki onun «əlləri» yoxdur, yəni onun şəxsi hakimiyyəti yoxdur ki, onda -alma halı var- deyilsin. Buna görə də deyilir: «salehdir». Yəni o elə bir vəziyyətdədir ki, deyir: «Mənim olan – sənin, sənin olan – sənin». Axı mükafat haqqında yalnız iki hakimiyyət olanda danışmaq olar və bu, sahibin yanında işləyən işçi kimidir, sahib də ona işinə görə mükafat verir. Halbuki əgər oğul atasında işləyirsə və atanın hesabına yaşayırsa, yəni hələ də atasının evində yaşayır və onun şəxsi hakimiyyəti yoxdursa, oğul atadan maaş almır. Lakin oğul düşünməyə başlayanda ki, o, müstəqil olmaq istəyir və atanın hakimiyyətindən asılı olmaq istəmir, onda ata onun işinə görə ona maaş verməyə başlayır.
Ruhani işdə də eyni şey baş verir. İnsan «gedən və hər şeyi göylər naminə edən» olmağa layiq olanda və onda şəxsi hakimiyyət olmur, çünki o, özünü Yaradan qarşısında ləğv edib, buna «qovuşma və forma bənzərliyi» deyilir və buna «tövbə» deyilir, – onda demək olmaz ki, o, «mükafatı (əlinə) alır», çünki onda əldə etmək üçün əllər yoxdur, buna şəxsi hakimiyyət deyilir. Buna görə də onun haqqında «mükafat alır» deyilmir, əksinə, yuxarıda deyildiyi kimi, onun saleh adlandığı deyilir.
İndi isə soruşduğumuz şeyi aydınlaşdıraq – necə olur ki, [Talmud] deyir: «Tədris Evinə gedənlərin dörd növü var», onlardan biri isə – «getməyən və etməyən»dir. Belə olan halda, əgər o heç nə etmirsə, niyə onu Tədris Evinə gedənlərin dörd növü arasında sayır?
Məsələ ondadır ki, məlumdur: insan Yaradanla qovuşmağa aparan yollarla işləmək istəyəndə, buna forma bənzərliyi deyilir, onda bədən hər şeyə qarşı çıxır. Və o elə bir vəziyyətə gələ bilər ki, hiss etsin: o, alçaqlığın lap dibinə çatıb, yəni görür ki, o «getmir». Başqa sözlə, o, əta etmə baxımından irəliləmir. Və «etmir» – yəni onun xeyirli əməllər etməyə imkanı yoxdur, etdiyi hər bir əməldə isə daha böyük üstələməyə ehtiyac duyur.
Yəni indi o görür ki, əta etmə yolunda işləməyə başlayanda olduğundan daha pis vəziyyətdədir. Axı bundan əvvəl ehkamları və xeyirli əməlləri edərkən onda böyük sevinc var idi. Xüsusilə də dua zamanı. İndi isə o elə bir aşağılığa gəlib çatıb ki, ona sadəcə dua etmək çətindir. Yəni, əta işi ilə məşğul olmağa başlamazdan əvvəl sevinc ilə etdiyi bütün şeyləri indi alçaldılmış şəkildə görür.
Və indi o hiss edir ki, «Şxina küldədir» nə deməkdir. Başqa sözlə, bütün müqəddəs şeylər onun üçün toz şəkli alıb, yəni toz dadı alıb. Və etdiyi hər bir kiçik şey onun üçün Qırmızı dənizin yarılması kimi ağırdır, ona görə ki, o, onun əhəmiyyətinin böyüklüyünü itirib. Buna görə də o indi görür ki, geriyə gedib, başqa sözlə, o «getmir və etmir». Və bu barədə müdriklərimiz demişlər ki, o – günahkardır.
Lakin sual yaranır, o həqiqət yolu ilə getmək istədiyinə görə çox qüvvə və səy sərf etdikdən sonra niyə belə bir vəziyyətə düşür. Atam və müəllimimin dediyinə görə, dua cavabının vaxtı, yəni insanın padşah səltənətinə daxil olmaq üçün icazə aldığı vaxt, başqa sözlə Yaradanın onu Özünə yaxınlaşdırdığı vaxt ki, Onunla qovuşmağa layiq olsun, məhz insan özbaşına məhv olduğunu və hər hansı bir əməl etməyə qüvvəsi olmadığını gördüyü zaman gəlir. Onda insan həqiqi dua yüksəldir, çünki o, sadəcə görür ki, o günahkardır, yəni onun ruhaniliklə əlaqəsi yoxdur.
Və buna görə də belə çıxır ki, insan enişə gələndə ümidsizliyə qapılmamalı və döyüş meydanından qaçmamalıdır, əksinə, məhz onda qəlbin dərinliyindən həqiqi dua yüksəltməyin əsl vaxtı gəlir.
Və bu mənada müdriklərimizin sözlərini belə izah etmək lazımdır: «İsrail müqəddəsdir; eləsi var ki, istəyir, amma onda yoxdur»18, – və Raşi izah edir: «Eləsi var ki, başqalarını özündə olanla sevindirmək istəyir, amma onun imkanı yoxdur və mən ondan həzz almaq istəmirəm». «Və eləsi də var ki, onda var, amma istəmir»18, – və Raşi izah edir: «Və eləsi də var ki, onda imkan var, amma başqalarını sevindirmək istəmir». Bunu ravvin Pinxas Rava müraciət edərək demişdir19. Və burada adətən belə bir sual yaranır: niyə onda olan, amma başqalarına vermək istəməyən adam «müqəddəs» adlanır? Tosafot20 izah edirlər: «“Və eləsi də var ki, onda var, amma istəmir” – hətta bu halda da müqəddəs adlanacaqlar, çünki o, başqasını utandığından öz yanında nahar etməyə dəvət edir»21.
Və bunu işə münasibətdə izah etmək lazımdır. «İsrail – müqəddəsdir; eləsi var ki, istəyir, – əta etmə naminə işləmək istəyir, – amma onda yoxdur», – o zaman ki, etdiyi əməllərə baxır və görür ki, eqoist sevgiyə batıb və onda əta etmə naminə heç nə etmək imkanı yoxdur. Və o, «müqəddəs» adlanır, çünki həqiqət yolu ilə gedir. Və baxmayaraq ki, geriyə getdiyini görür, yenə də həqiqi yoldan yapışır və nəticədə həqiqətə gələcək, buna onun həqiqətən Yaradanla qovuşması deyilir. Çünki əsas olan kelim-dir, onlar arzular adlanır və o, qovuşmağa gəlmək istədiyinə görə buna layiq olacaq.
Və bu, atam və müəllimimin ayə haqqında dediyi kimidir: «Müdriklərə müdriklik verir»22. Və o dedi: «Belə demək lazım idi: Ağılsızlara müdriklik verir. Amma məsələ ondadır ki, müdrik müdriklik istəyən adlanır. O zaman onda verilə biləcək kli var, halbuki ağılsızlar heç bir müdriklik istəmirlər. Necə ki, deyilib: “Ağılsız müdrikliyi istəmir”23».
Belə çıxır ki, müqəddəslik yolu ilə getmək istəyən kəs «müqəddəs» adlanır. Və «müqəddəs» – necə ki, deyilib: «Müqəddəs olun»24, – bu o deməkdir: «Özün üçün almaqdan ayrı olun». Buna görə də o artıq müqəddəsdir. Və buna görə də deyilib: «İsrail – müqəddəsdir; eləsi var ki, istəyir, amma onda yoxdur. Və eləsi də var ki, onda var, amma istəmir»25, – yəni onda ehkamlar və xeyirli əməllər var, amma o, «əta etmə naminə»yə aparan yolla getmək istəmir, «lo lişma» ilə kifayətlənir, o da «müqəddəs» adlanır, çünki əməl baxımından o tam qaydasındadır və onun əmələ əlavə edəcəyi heç nə yoxdur.