<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

Barux Şalom Levi Aşlaq (Rabaş)

Çoxluğun duası


Məqalə 15, 1986

Zoar kitabında deyilir: «Və o dedi: “Öz xalqımın arasında yaşayıram”». [Zoar] soruşur: «O nə deyir?» Və cavab verir: «Axı, dünyaya hökm nazil olduqda, insan cəmiyyətdən ayrılmamalı, təkbaşına olmamalıdır… Çünki dünyaya hökm nazil olduqda, ayrıca tanınan və ayrıca yazılanları, hətta saleh olsalar belə, birinci onlar cəzalandırılır. Buna görə də insan heç vaxt xalqdan ayrılmamalıdır, çünki Yaradanın mərhəməti həmişə bütün xalqın üzərində birlikdə olur. Buna görə də o dedi: “Öz xalqımın arasında yaşayıram” və onlardan ayrılmaq istəmirəm».

Çünki «dünya üzərində olan hökm – din» almaq istəyi, yəni eqoist sevgi deməkdir, axı məlum olduğu kimi, yaradılanlar bu təbiətlə doğulublar, Onun yaratdıqlarını həzzləndirmək istəyinə görə. Buna görə də formaca bənzərlik istəyi yarandıqda, yəni «utanc çörəyi» olmasın deyə, alan kli istifadə etməyi qadağan edən din qanunu meydana çıxdı. Yalnız o, almağa əta etmək niyyəti qura biləcəyini bildikdə, alan kelimdən istifadə edə bilər. Buna uyğun olaraq «dünya üzərində hökm – din olduqda» o deməkdir ki, bütün dünya eqoist sevgiyə batıb və onda dünyada qaranlıq hökm sürür, çünki forma fərqinə görə nurun yaradılanlara aşağıya yayılması üçün yer yoxdur. Çünki nur ilə onu alan yaradılanlar arasındakı forma fərqinə din qanunu təsir edir və ali xeyirin yaradılanlara ötürülməsini qadağan edir.

Buna görə də insan oyananda və Yaradanın onu Özünə yaxınlaşdırmasını istədikdə, yəni ona əta edən kelim verməsini – bu da «yaxınlaşma» adlanır – o, Yaradanın ona kömək etməsini xahiş edir. Lakin məlumdur ki, Yaradan tərəfindən gələn kömək ali xeyir adlanır və «ruhun» adını daşıyır, necə ki Zoar deyir ki, yuxarıdan aldığımız kömək «müqəddəs ruh»dur.

Buna görə də insan Yaradanın onu Özünə yaxınlaşdırmasını istəməyə başlayanda, lakin tək halda dayanırsa, yəni onun başa düşdüyünə görə Yaradan onu fərdi şəkildə yaxınlaşdırmalıdırsa – nə üçün o düşünür ki, bütün cəmiyyət indiki vəziyyətdə qala bilər və yalnız onunla Yaradan başqa cür davranmalıdır? Bu, ondan irəli gəlir ki, o, özündə başqalarında olmayan üstünlüklər olduğunu düşünür. Və baxmayaraq ki, onlar bütün cəmiyyətə aid olmayan fərdi insanlar olsalar da, özlərini başqalarından daha çox Yaradanın yaxınlaşmasına layiq saydıqları və özlərini saleh hesab etdikləri üçün, birinci olaraq məhz onları cəza yaxalayır. Yəni özləri üçün alma olan hökm – din – onların üzərində digər cəmiyyət üzvlərindən daha çox olur və onlar xassələrində eqoist sevgidə daha da pisləşirlər.

Və bu, onun başqalarından daha çoxuna layiq olduğunu düşünməsindən irəli gəlir. Yəni digər insanlara onlarda olan kifayətdir, lakin o, özünə baxdıqda, başqalarından daha artığına layiq olduğunu düşünür. Bu fikir almağın həqiqi xüsusiyyətidir, yəni yüz faiz eqoist sevgidir. Belə çıxır ki, eqoist sevgi xüsusiyyəti onda başqalarından daha çox inkişaf etməyə başlayır.

Buna uyğun olaraq görünür ki, o, daim eqoist sevgidə işləyir. Eyni zamanda ona elə gəlir ki, o salehdir, çünki əta etmə (vermə) xüsusiyyətində işləmək istəyir. Axı o, öz-özünə deyir ki, Yaradanın onu Özünə yaxınlaşdırmasını istəməsi salehlik xüsusiyyətidir. Axı o nə istəyir? Yaradanın ona Tövratı və ehkamları əta etmək niyyəti ilə yerinə yetirmək üçün qüvvə verməsini. Və o, Padşaha xidmət etmək istədikdə bunda hansı çatışmazlıq ola bilər?

Buradan Zoar kitabının sözlərini izah etmək olar. O, daxili tələbə malik olan insanlara məsləhət verir, çünki onlar olduqları vəziyyətlə barışa bilmirlər. Axı onlar Yaradanın işində heç bir irəliləyiş görmürlər və «Və Yaradanı, Rəbbini sev, Onun səsinə qulaq as və Ona tutun, çünki O, sənin həyatın və ömrünün uzunluğudur» deyilənə inanırlar. Lakin onlar görürlər ki, onlarda sevgi və tutunma çatmır, Tövratda həyat hiss etmirlər və Müqəddəs Yazının dediyinə uyğun bir hissə necə çatmağın yolunu bilmirlər.

Məsləhət isə budur ki, bütün cəmiyyət üçün dua etsinlər. Yəni o, özündə hansı çatışmazlığı hiss edirsə və dolmaq istəyirsə, deməməlidir ki, o cəmiyyətdən istisnadır, yəni ona hamıdan daha çox şey düşür. Əksinə, «öz xalqımın arasında yaşayıram». Yəni mən bütün cəmiyyət üçün xahiş edirəm, çünki elə bir vəziyyətə gəlmək istəyirəm ki, özüm üçün heç nəyə qayğı göstərməyim, yalnız Yaradanın zövqü üçün çalışım. Bu halda mənim üçün nə fərqi var ki, Yaradan məndən zövq alacaq, yoxsa eyni zövqü başqalarından alacaq?

Yəni o, Yaradanın bizə «hər şey Səmalar naminə» adlanan anlayışı verməsini xahiş edir. Bu o deməkdir ki, o özü əmin olsun ki, Yaradan üçün əta etmək istədiyində özünü aldatmır. Axı, həqiqətən də mümkündür ki, o yalnız öz eqoist sevgisini, yəni özü üçün xeyir və həzz hiss etməyi düşünür.

Buna görə də o, Yaradanın qarşısında bütün cəmiyyət üçün dua edir. Yəni əgər cəmiyyətdə məqsədə – Yaradana tutunmağa – çata biləcək bir neçə insan varsa və bundan Yaradan onun özünün yaxınlaşmasından daha çox zövq alacaqsa, o, özündən imtina edir və Yaradanın onlara kömək etməsini istəyir. Çünki yuxarıda bundan,yəni onun işindən daha böyük zövq olacaq. Buna görə də o, bütün cəmiyyət üçün dua edir, yəni Yaradanın bütün cəmiyyətə kömək etməsini və ona bu hissi verməsini, Yaradan üçün əta edə bildiyinə görə məmnunluq hiss etməsini istəyir ki, Onun zövqü olsun.

Və bütün işlərdə aşağıdan oyanış tələb olunduğuna görə, o aşağıdan oyanış verir. Yuxarıdan oyanışı isə başqaları alacaqlar, yəni Yaradanın bildiyi və bundan Yaradan üçün daha çox fayda olacaq kəslər.

Belə çıxır ki, əgər onun belə bir dua etməyə gücü varsa, onda, şübhəsiz ki, onu həqiqi bir sınaq gözləyir: o, belə bir dua ilə razıdırmı? Lakin əgər o bilirsə ki, dedikləri yalnız boş sözlərdir, bəs nə etsin, axı görür ki, bədən belə bir dua ilə razılaşmır, yəni qəbul etmə qatışığı olmadan həqiqi saf əta etmə ilə?

Yalnız bir məlum məsləhət var: qoy Yaradanın qarşısında dua etsin və bilikdən yuxarı inamla inansın ki, Yaradan ona və bütün cəmiyyətə kömək edəcək. Və o, artıq çox dəfə dua edib cavab almadığına görə təsirlənməməlidir, çünki bu, insanı ümidsizliyə salır. Axı bədən ona gülərək deyir: «Sən görürsən ki, heç nəyə qadir deyilsən və sanki sənin heç bir ümidin yoxdur, indi isə Yaradanın sənə hörmətli insanların qəbul etmədiyi şeyləri verməsini xahiş edirsən».

Və bədən iddia edir: «Əksinə, mənə elə bir saleh və ya əməli insan göstər ki, Yaradanın ona ağlın qəbul etmədiyi bir şeyi verməsini istəyir. Üstəlik, sən görürsən ki, indi istədiyin bu tələbin kiçik hissələrində belə, Yaradan səni xilas etmədi, baxmayaraq ki, Ondan səni xilas etməsini istəmişdin. İndi isə deyirsən ki, çox böyük və vacib sayılan bir şey üçün dua etmək istəyirsən. Axı dünyada çox az dua var ki, Yaradanın bütün cəmiyyət üçün əməl etməyə güc verməsini istəsinlər, yəni bütün cəmiyyət sənin səylərin sayəsində xeyir və həzzə layiq olsun. Və buna eqoist sevginin heç bir qatışığı olmadan saf əta etmə (vermək niyyəti) deyilir».

«Sən isə düşünürsən ki, sənin kiçik şeylər barədə duaların qəbul olunmur, amma böyük və vacib şeylər qəbul olunacaq, halbuki bunlar çox nadir hallardır. Məsələn, təsəvvür et ki, birinin evində nadir qablar var və belə qabı tapmaq üçün bütün dünyanı gəzmək lazımdır, çünki bu qablar yalnız seçilmiş adamlarda olur. Orta səviyyəli bir adam gəlir, evində adi qabı belə çətinliklə tapılır, amma birdən belə qabı əldə etmək istəyir. Əlbəttə, bunu eşidən hər kəs ona gülər».

Bizdə də belədir. İnsan biliyə görə zəngin deyil, orta səviyyədən də aşağıdır, amma dünyada seçilmişlərin malik olduğu kelimləri Yaradanın ona verməsini istəyir. Elə onda bədənin özü ona gülərək deyir: «Sən necə də axmaqsan! Necə oldu ki, ağlı zəngin olanlarda belə olmayan bir şeyi Yaradan’dan istəmək fikri yarandı? Belə bir axmaqlıq üçün sənə necə güc verə bilərəm?»

Və məhz burada həqiqi iş başlayır. Çünki insanın bu dünyadakı işi «özün üçün almaq» adlanan şər başlanğıcın hakimiyyətindən çıxmaqdır. İndi isə o, Yaradanın ona heç bir eqoist qatışıq olmadan saf əta etmə yolu ilə getmək üçün kömək etməsini istəyir. Deməli, bu iş doğrudan da şərə qarşı yönəlib, çünki o, şərin əlində heç nə saxlamaq istəmir. O, yalnız indi yox, bundan sonra görəcəyi bütün işlərin də almaq arzusu üçün olmamasını istəyir. Axı o, Yaradan’dan istəyir ki, hətta əvvəllər Onun üçün etdiyi və almaq arzusu hakimiyyətində sayılan bütün işlər də onun hakimiyyətindən çıxıb Yaradanın hakimiyyətinə keçsin.

Buradan belə çıxır ki, indi o, Yaradanın qarşısında dua edir ki, Ona tövbə etmək üçün güc versin. Yəni Yaradan ona elə güc versin ki, almaq arzusu naminə edilmiş bütün əməlləri geri qaytara bilsin və hər şey yenidən Yaradanın hakimiyyətinə keçsin – həm keçmişə, həm də gələcəyə aid olaraq. Rambamın dediyi kimi, tövbə həm də keçmişə aid olmalıdır. Deyildiyi kimi: «Tövbə nədir? Bu o deməkdir ki, günahkar öz günahını tərk etsin, onu fikirlərindən çıxarsın və ürəyində qərar versin ki, bir daha etməyəcək, necə ki, deyilib: “Qoy günahkar öz yolunu tərk etsin”, və həmçinin keçmişə görə peşman olsun, necə ki, deyilib: “Çünki tövbəmdən sonra peşman oldum”, və sirləri bilən Şahid onun haqqında şəhadət versin ki, o, bir daha bu günaha qayıtmayacaq».

Buradan “Çoxluğun duası”nın əhəmiyyətini anlayarıq. Deyildiyi kimi: «Xalqımın arasında yaşayıram», bu barədə Zoar deyir: «Ona görə insan heç vaxt cəmiyyətdən ayrılmamalıdır, çünki Yaradanın mərhəməti həmişə bütün xalqın üzərində birlikdədir». Bunun mənası budur ki, əgər insan Yaradan’dan əta edən kelimləri istəyəirsə, müdriklərin dediyi kimi: «O necə mərhəmətlidirsə, sən də elə mərhəmətli ol», onda insan bütün cəmiyyət üçün dua etməlidir. Çünki bu zaman aydındır ki, onun niyyəti Yaradanın ona saf əta etmə kelimləri verməsidir. Necə ki, deyilib: «Yaradanın mərhəməti həmişə bütün xalqın üzərində birlikdədir». Məlum olduğu kimi, «yuxarıdan yarım şey verilmir», yəni yuxarıdan verilən xeyir həmişə bütün cəmiyyət üçün nəzərdə tutulur.

Ona görə insan bütövlükdə bütün cəmiyyət üçün dua etməlidir, çünki yuxarıdan gələn bütün xeyir həmişə bütün xalqa birlikdə gəlir. Buna görə də deyilib: «Yaradanın mərhəməti həmişə bütün xalqın üzərində birlikdədir». Burada iki məna var. Çünki saf əta etmə üçün, yuxarıda deyildiyi kimi, yalnız özündən başqa bir nəfər üçün dua etmək kifayət olardı. Lakin burada başqa bir məqam da var – insan bütöv üçün istəməlidir. Çünki ruhaniyyətdə qayda belədir: həmişə bütöv gəlir, bütün bölünmələr isə yalnız alanlarda mövcuddur. Buna görə o, bütün cəmiyyət üçün bütövlükdə istəməlidir.

Və xeyir bütün cəmiyyətə birlikdə gəldiyinə görə və nur klisiz olmadığına görə, yəni çatışmazlıq yeri olmadan dolma mümkün olmadığına görə, dolmanın daxil ola biləcəyi bir xisaron olmadıqda onu qəbul etmək mümkün deyil. Buna görə də o, çoxluq üçün dua etdikdə bu duaya cavab alır. Bu, müdriklərin dediyi kimidir: «Kim yoldaşı üçün mərhəmət diləyərsə, əvvəlcə özü cavab alar, çünki özü də eyni şeyə möhtacdır». Yəni, yuxarıda deyildiyi kimi, ali xeyir bütün cəmiyyətə gəlsə də, cəmiyyətin kelimi olmur.

Başqa sözlə, yuxarıdan gələn xeyir bütün xalq üçün kifayətdir. Lakin kelim, yəni xisaronlar olmadıqda, bu xisaronları doldurmaq mümkün deyil və buna görə də bütün cəmiyyət yuxarıdan gələn xeyri dərk etmir. Amma kimdə ki xisaron varsa, o buna görə cavabı birinci alır.