<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / 17.Yoldaşların əhəmiyyəti haqqında

Barux Şalom HaLevi Aşlaq (Rabaş)

Yoldaşların əhəmiyyəti haqqında


Məqalə 17, hissə 1, 1984

Qrup daxilində olan yoldaşların əhəmiyyəti barədə, onları necə qiymətləndirmək lazımdır. Yəni hər bir insan yoldaşına nə kimi dəyər verməlidir.. Belə ki, ağıl onu düşündürür: əgər o, yoldaşına özündən aşağı bir pillədə dayanırmış kimi baxırsa, onda o, onda olmayan daha yaxşı xüsusiyyətlərə əsasən yoldaşına necə davranmalı olduğunu öyrətmək istəyir. Nəticədə o, yoldaşını yoldaş kimi yoxr, yalnız şagirdi kimi qəbul edə bilir.

Əgər o, yoldaşını özündən daha yüksək bir pillədə görürsə və ondan yaxşı xüsusiyyətlər öyrənə biləcəyini başa düşürsə, o zaman bu yoldaş ona amma yoldaş yox müəllim ola bilər.

Beləliklə, yalnız o zaman ki, o, yoldaşını özünə bərabər bir pillədə görür, onda onu yoldaş kimi qəbul edə və onunla birləşə bilər. Çünki “yoldaş” o deməkdir ki, hər ikisi eyni vəziyyətdədirlər. Ağıl da belə düşünməyə məcbur edir. Yəni bu iki nəfərin fikirləri oxşardır və o zaman onlar birləşmək qərarına gəlir və birlikdə nail olmaq istədikləri məqsədə doğru yönəlirlər.

Bu, eyni fikirdə olub birlikdə hansısa biznes açan iki yoldaşa bənzəyir ki, bu biznes onlara gəlir gətirsin. Belə olduqda qayda budur: hər ikisi hiss edir ki, onlar eyni gücə malikdirlər. Əks halda, əgər onlardan biri hiss edirsə ki, o, digərindən daha çox qabiliyyətlərə malikdir, onda o, digərini bərabər tərəfdaş kimi qəbul etmək istəmir, əksinə, onlar biznesdə faiz nisbətinə görə, yəni biri digərinə nisbətən hansı güclərə və xüsusiyyətlərə sahibdirsə, ona görə tərəfdaş olmalıdırlar. Belə olduqda biznes ya üçdə bir, ya da dörddə bir nisbətində olar. Və artıq demək olmaz ki, onlar bu biznesdə bərabərdirlər.

Amma yoldaşlara sevgi mövzusunda, onlar vəhdət əldə etmək üçün birləşəndə, bu məhz o deməkdir ki, hər ikisi bərabərdir. Buna vəhdət deyilir. Əgər, məsələn, onlar birgə biznes qurur və deyirlər ki, gəlir bərabər bölünməyəcək, buna birlik demək olarmı?

Əlbəttə ki, yoldaşlar arasındakı bütün sevgi “biznes”-i elə olmalıdır ki, yoldaşlıqdan əldə olunan bütün gəlirlərdə onlar öz mülklərinə bərabər sahib olsunlar. Onlardan heç biri – nə birincisi, nə də ikincisi – bir-birindən heç nə gizlətməməli və heç nə götürməməlidir, hər şey sevgi, dostluq, həqiqət və sülh içində olmalıdır.

Amma “Tövratın bəxş edilməsi” kitabında deyilir: “Lakin ucalığa çatmaq üçün iki şərt mövcuddur: (1) daim ətraf mühitin dəyərləndirməsini onun əhəmiyyəti dərəcəsində dinləmək və qəbul etmək; (2) ətrafın çox olması, necə ki, deyilib: «Padşahın ucalığı xalqın çoxluğundadır»”.

“Birinci şərti qəbul etmək üçün hər bir tələbə özünü bütün yoldaşlardan ən kiçiyi kimi hiss etməlidir və o zaman o, onların hamısından ucalıq dəyərini qəbul edə bilər. Çünki böyük olan kiçikdən ala bilməz və xüsusən də onun sözlərindən təsirlənə bilməz. Ancaq kiçik, böyüyün dəyərindən təsirlənir”.

“İkinci şərtə görə isə hər bir tələbə hər bir yoldaşının dəyərini elə ucaltmalıdır ki, sanki o, nəsildə ən böyükdür. Və onda ətraf ona çox böyük bir mühit kimi təsir edər, çünki «keyfiyyət kəmiyyətdən üstündür»”.

Buradan belə çıxır ki, yoldaşlara sevgi məsələsində “insan yaxınına kömək etməlidir”, yəni hər birinin digər yoldaşına onunla eyni pillədə olduğu kimi  yanaşması kifayətdir . Lakin hər kəsin yoldaşından öyrənməsi lazım olduğundan burada müəllim və tələbə münasibətləri mövcuddur. Buna görə də o, yoldaşına elə yanaşmalıdır ki, sanki o, ondan böyükdür.

Ancaq əgər o, görürsə ki, yoldaşından daha yaxşı keyfiyyətlərə malikdir, yəni o, daha istedadlıdır və təbiətcə daha çox fəzilətlərə sahibdir, yoldaşına ondan böyük kimi necə yanaşa bilər? Bunu iki yolla anlamaq olar.

1.Birinci yol – inamla, bilikdən üstün. Yəni o, artıq onu yoldaş olaraq seçdiyi anda ona biliyin üzərindən baxır.

2.İkinci yol – daha təbii olan yoldur, yəni bilik daxilində. Çünki əgər o, onu yoldaş kimi qəbul etməyə qərar veribsə və öz üzərində işləyirsə ki, onu sevsin, sevginin xüsusiyyəti budur ki, insan yalnız yaxşı şeyləri görür, yoldaşında olan pis şeyləri isə görmür, necə deyilib: “Sevgi bütün cinayətləri örtər”.

Məsələn, insan qonşularının uşaqlarındakı qüsurları görə bilir, amma öz uşaqlarındakı qüsurları görmür. Əgər başqaları onun uşaqlarındakı qüsurlar haqqında danışsa, o, dərhal yoldaşına qarşı çıxır və öz uşaqlarının üstünlüklərini sadalamağa başlayır.

Burada bir sual yaranır: həqiqət nədədir? Onun uşaqları həqiqətən üstünlüklərə sahibdir ki, o, övladları haqqında deyilənlərə qəzəblənir? Məsələ ondadır ki, mənim atamdan və müəllimimdən eşitdiyim kimi, əslində hər bir insanda həm üstünlüklər, həm də qüsurlar var. Həm qonşu, həm də ata həqiqəti deyir. Amma qonşu, onun övladlarına ata kimi münasibət bəsləmədiyindən, yəni onların atasında olan sevgi ilə yanaşmadığından, o, digərinin övladlarına baxanda yalnız qüsurları görür. Çünki o, bundan həzz alır. Beləliklə, o, öz uşaqlarının daha yaxşı olduğunu göstərmək üçün digərinin uşaqlarındakı qüsurları görməkdən zövq alır. Və bu, onun gördüyü həqiqətdir. Amma o nə görür? Yalnız ona həzz verən şeyləri.

Uşaqların atası da yalnız həqiqəti görür, lakin o, yalnız uşaqlarının yaxşı xüsusiyyətlərinə baxır. Uşaqlarındakı pis xüsusiyyətləri isə görmür, çünki bundan həzz almır. Ona görə də o, uşaqları haqqında həqiqəti deyir, çünki yalnız ona həzz verən şeyləri görür. Belə çıxır ki, o, yalnız üstünlükləri görür.

Beləliklə, əgər onun yoldaşlara sevgisi varsa – və sevgi mövzusunda bir qanun işləyir ki, insan yoldaşının yalnız üstünlüklərini görmək istəyir, qüsurlarını yox – onda əgər o, yoldaşında hansısa bir qüsur görürsə, bu, yoldaşında olan bir qüsurun əlaməti deyil, bu qüsur onun özündədir. Yəni o, yoldaşlara olan sevgini pozub və buna görə də yoldaşının qüsurlarını görür.

Odur ki, indi o, yoldaşının özünü islah etməsini gözləməli deyil, əksinə, bu, onun öz islahına ehtiyacı olduğunun əlamətidir. Buradan belə çıxır ki, o, yoldaşının onda gördüyü qüsurlarını islah etməsini gözləməməlidir, əksinə, özü yoldaşlara olan sevgini pozduğunu və özünü islah etməli olduğunu anlamalıdır. Özünü islah etdikdən sonra o, yalnız yoldaşının üstünlüklərini görəcək, qüsurlarını isə yox.