Barux Şalom Levi Aşlaq (Rabaş)
Ruhani işdə «Öküz öz sahibini, eşşək isə sahibinin tövləsini tanıyır... İsrail isə tanımır» nə deməkdir?
42-ci məqalə, 1991-ci il
Yazıda deyilir: «Öküz öz sahibini tanıyır, eşşək isə sahibinin tövləsini; İsrail isə [Məni] tanımır, Məxluqum [xalqım] yoxlamır» (Yeşayahu, 1:3). Və başa düşmək lazımdır ki, burada sual nədən ibarətdir: öküz həqiqətən tanıyır, eşşək də öz sahibinin tövləsini tanıyır, lakin İsrail tanımır. Axı, əlbəttə ki, insanın heyvandan daha çox ağlı var. Əgər belədirsə, sual olunur ki, nə üçün İsrail tanımır və «xalqım yoxlamır» – yəni yaradılmışlara kimin yemək və qida verdiyini öyrənmir?
Və soruşmaq lazımdır: «öküz öz sahibini tanıyır» ilə İsrail arasında heç bir oxşarlıq yoxdur. Çünki öküz və eşşək onlara yedizdirəni görürlər, halbuki İsrail və «İsrail xalqı» xüsusiyyəti onları qidalandıranı görmürlər. Onlar yalnız Yaradanın ehtiyac duyduqları hər şeyi verdiyinə inanmalıdırlar.
Yəni İsrail xalqı inanmalıdır ki, Yaradan bütün dünyanı qidalandırır və yedirdir. Əgər belədirsə, «Nə üçün öküz və eşşək onları qidalandıranı tanıyır, İsrail isə tanımır?» sualının mənası nədən ibarətdir? Axı, əgər İsrail də öküz və eşşək kimi öz qidasını verən Yaradanı görsəydi, şübhəsiz ki, öküz və eşşək kimi olardılar – öküz və eşşəkdə olan eyni biliklə. Biz isə inanmalıyıq, necə ki yazılıb: «Sən əlini açıb hər bir canlı arzunu doyurursan». Çünki bu, öküzdə olduğu kimi biliklə deyil, yalnız inamla ola bilər.
Əgər belədirsə, «Nə üçün İsrail tanımır?» sualının mənasını başa düşmək lazımdır. Əvvəlcə anlamaq lazımdır ki, Yaradan insanın nədən inam verməsini istədi? Yəni bir qədər ağlı olan hər kəsə aydındır ki, əgər Yaradan Tövratı və ehkamların yerinə yetirilməsini istəsəydi, şübhəsiz ki, əgər insan Onun idarəetməsini açıq şəkildə görsəydi və Yaradanın dünyanı Xeyir və Xeyir Törədən kimi idarə etdiyinə inanmağa ehtiyac qalmasaydı, hər kəs Onun idarəetməsini görsəydi, bütün dünyada hər kəs Yaradanın işçisi olardı və Tövratı və ehkamları sevgi ilə yerinə yetirərdi.
Açıq idarəetmə haqqında deyildiyi kimi: «Tutaq ki, Yaradan Öz yaradılmışlarını aşkar şəkildə idarə etsəydi – məsələn, hər hansı qadağan olunmuş bir şey yeyən hər kəs dərhal yerindəcə boğulsaydı, hər hansı bir ehkamı yerinə yetirən hər kəs isə bu maddi dünyanın ən gözəl həzzlərinə bənzər möcüzəvi bir həzz tapsaydı. Axı o zaman heç bir axmaq dərhal həyatını itirəcəyini bilərək qadağan olunmuş şeyi dadmaq haqqında düşünməzdi... Və hansı axmaq hər hansı bir ehkamı dərhal bütün çevikliklə yerinə yetirmədən buraxıb gedərdi?».
Əgər belədirsə, onda Yaradan həqiqətən niyə belə etmədi, hər şeyi elə bir şəkildə etdi ki, biliklə deyil, inamla getmək lazım olsun? Axı mənim atam və müəllimim demişdi ki, Yaradanın qadir olduğuna inanmaq lazımdır. Əgər belədirsə, niyə məhz bilik yolu ilə deyil, inam yolu ilə getməyimizi seçdi? Görünür, Yaradan başa düşürdü ki, yaradılışın məqsədinə nail olmaq üçün inam yolu daha yaxşıdır. Buna görə də bizə inam yolu verilmişdir.
İnamla bağlı isə çoxlu şərhlər mövcuddur. Yəni hər kəs öz şərhini verir. Və həqiqət budur ki, insanın özü üçün seçdiyi hər bir inam şərhi «inam» xüsusiyyəti adlanır. Və bu, «On Sfirot»un (TES) Girişində (b. 14) deyildiyi kimidir: «Tövratı kimin üçündürsə-o,onun sənətidir». Və izah etmək lazımdır ki, Tövratla məşğul olmaqda insanın inamının böyüklüyü bilinir, çünki «onun sənəti» ('omanuto) sözləri «onun inamı» ('emunato) sözləri ilə eyni hərflərdən ibarətdir. Bu, yoldaşına inanan və ona pul borc verən insana bənzər. Ola bilər ki, o, ona yalnız bir qəpiklik inanır, əgər o, iki qəpik istəsə, borc verməkdən imtina edəcək. Bəlkə də yüz qəpiklik inanacaq, amma bundan artıq yox. Bəlkə də o qədər inanacaq ki, sərvətinin yarısını borc verəcək, amma bütün sərvətini yox. Və o da ola bilər ki, heç bir qorxu kölgəsi olmadan bütün sərvətini ona etibar etsin. Bu sonuncu hal tam inam hesab olunur, əvvəlki hallar isə tam deyil, qismən inam hesab olunur. Eynilə, bir insan Yaradana olan inamının böyüklüyünə görə Tövrat və işlə məşğul olmağa gündə yalnız bir saat sərf edir... Üçüncüsü isə Tövrat və işlə məşğul olmaq üçün boş vaxtının bir anını belə əsirgəmir.
Deyilənlərdən görürük ki, İsraildən olan hər bir kəsin inam xüsusiyyəti var. Lakin Yaradan nə üçün məhz inam yolunu seçdi? Yuxarıda göstərildiyi kimi, ona görə ki, inam yolu insanın yaradılış məqsədinə çatması üçün ən uğurlu yoldur. Yəni «Yaradılmışlarını həzzləndirmək istəyi» olan Yaradılışın Məqsədində qoyulmuş xeyir və həzzi əldə etməsi üçündür.
Lakin başa düşmək lazımdır ki, insanın məqsədin mükəmməlliyinə çatmaq üçün hansı yolları var? Cavab odur ki, insan yaradılışın islahını etməlidir. Bu o deməkdir ki, Yaradanın yaratdığı alan (kli) Yaradanın xüsusiyyətlərinə ziddir, çünki Yaradanın arzusu əta etməkdir. Buna görə də insan əta etmək istəyi əldə etməklə özünü islah etməlidir. Və bu, «yaradılışın islahı» adlanır. Və insanın bütün işi bundan ibarətdir – forma bənzərliyi olan Yaradan ilə birliyə gəlib çıxmaq.
Buna görə də, əgər Yaradanın dünyanı «Xeyir və Xeyir Törədən» xüsusiyyəti ilə idarə etdiyi idarəetmə aşkar olsaydı, o zaman insanın seçim etmək, yəni Tövratı və ehkamları əta etmək xatirinə niyyətlə yerinə yetirmək imkanı heç olmasaydı. Çünki o zaman başqa bir səbəb insanı Tövrat və ehkamları yerinə yetirməyə məcbur edərdi – cəzaya görə. Yəni TES-ə Girişdə, yuxarıda deyildiyi kimi, bu, Yaradanın ehkamı olduğu üçün deyil, şəxsi xeyirə görə olardı.
Buna görə də Yaradanın idarəetməsi gizlidir və insan inanmalıdır. O zaman seçim imkanı mövcuddur. Yəni demək olar ki, o, bunu əta etmək üçün edir. Başqa sözlə, insan heç bir dad hiss etməsə belə, Tövrat və əmrlərlə məşğul olur. Yəni Tövratın dadı və ehkamların dadı onlarla məşğul olmağa məcbur edən səbəb deyil – bunu demək olmaz, çünki o, hələ heç bir dad hiss etmir.
Lakin maddi həzzlərdə belə deyil, orada həzz inamla deyil, biliklədir. Buna görə də insanın hər hansı bir şeydə gördüyü həzz – insanı onu əldə etməyə məcbur edən səbəbdir. Buna görə də, yuxarıda deyildiyi kimi, əgər Tövratda və ehkamlarda olan həzz aşkar olsaydı – yəni həqiqi həzz orada odur ki, Ari demişdir ki, maddi həzzlərdə klipota düşmüş müqəddəslik qığılcımlarından başqa heç nə yoxdur, bu isə yalnız «ən incə işıqdır» – şübhəsiz ki, əgər Tövratda və ehkamlarda olan həzz aşkar olsaydı, əlbəttə ki, yaradılmışlar Tövrat və ehkamları şəxsi xeyirləri üçün yerinə yetirməyə məcbur olardılar.
Lakin insan Tövratı və ehkamları dad hiss etdiyi üçün deyil, bəzən isə bədənin etiraz etməsinə baxmayaraq məcburiyyətdən yerinə yetirdikdə belə deyil. Və soruşmaq lazımdır ki, nə üçün insan özünü məcbur edir və sakitlik istəyən almaq istəyini dəf edir? Lakin insan özünə deyir ki, insanla heyvan arasındakı bütün fərq bundan ibarətdir. Axı heyvanın ağlı yoxdur və buna görə də nəyi edib, nəyi etməməyi yalnız həzz hissi müəyyən edir.
Ağılla yaradılmış insan isə – o, artıq həzzə təməl olması üçün, yəni onun bələdçisi olması üçün baxmır. Yəni hansı yolda daha çox həzz varsa, məhz o yolla getmək lazımdır. İnsan isə həmişə həqiqət yolu ilə getməli olduğunu düşünür. Yəni onun üçün iş meyarı həqiqətdir. O, bu yolla gedir və həzz duyğusuna onun bələdçisi olması üçün baxmır. İnsan həmişə həqiqət haqqında düşünür – həqiqətən də indi etməyə hazırlaşdığı şeydən onun üçün yaxşı bir şey olacaqmı?
Buna görə də, «inam» adlanan Göylərin hakimiyyətini üzərinə götürən insan, Tövrat və ehkamlarda «Göylər naminə» işləmək istədikdə və Yaradanına həzz vermək istədikdə, insan yerinə yetirdiyi əmələ baxmır, həqiqətə baxır. Yəni Yaradan bizə Tövratı və ehkamları verdiyinə görə, biz də Onun ehkamını yerinə yetirmək istəyirik ki, O, bizim Onun ehkamlarını yerinə yetirməyimizdən həzz alsın.
Buna görə də, məsələn, kişi tsitsit geyindikdə, o, tsitsit geyinməkdən bədənin nə həzz alacağına baxmır. Və xüsusilə də, müdriklərin dediyi kimi, tsitsitin ən yaxşı olmasına çalışdıqda: ««Bu mənim Güdrətlimdir və Mən Onu ucaldacağam». Onun önündə ehkamlarla bəzən. Onun qarşısında gözəl bir sukka, gözəl bir lulav, gözəl bir şofar, gözəl tsitsit, gözəl Tövrat bükümü düzəlt».
Və insan həmişə Yaradana necə həzz verə biləcəyinə baxır. Yəni insan ağlı ilə başa düşür ki, Yaradanın bizə Ona məhəbbət ehkamı verməsi – düşünməsi belə dəhşətdir – bizim sevgimizə ehtiyacı olduğu üçün deyil. Yaradanın bizə bütün ehkamlarını yerinə yetirməyi əmr etdiyi hər şey – hamısı yalnız insanın xeyri üçündür. Yəni bunun sayəsində insan Yaradanın yaradılmışlarını həzzdirmək istəyindən ibarət olan yaradılış məqsədini dərk etməyə gəlib çıxacaqdır.
Lakin insan bilir ki, onun « yaxınının xeyri üçün deyil,öz xeyri üçün almaq istəyi » adlanan təbiəti var. Və bunun səbəbi odur ki, insana başqa cür demək çətindir , baxmayaraq ki, o, insanın heyvana bənzəmədiyini başa düşür, məsələn, məhz insanın həzz alacağını hiss etdiyi yerdə həmin həzzə çatmaq üçün səy göstərə biləcəyini deyir. Lakin əgər insana Yaradanı sevməli olduğu deyilərsə – bunu insan yalnız Yaradanın əzəmətini və vacibliyini gördükdə başa düşə bilər – bax onda sevgi haqqında danışmağın mənası var.
Lakin insan Yaradanın vacibliyini görmədikdə və inam gətirməli olduqda – insanın işi məhz burada başlayır, yəni heyvan səviyyəsinə deyil, «insan» səviyyəsinə aid olan iş. Çünki inam heyvanın işinə deyil,insanın işinə aiddir. Lakin inamın böyüklüyü heyvanda olan bilik kimi olmalıdır. Əks halda, əgər inam ilə bilik arasında fərq varsa, bu hələ inam adlanmır.
Nəticə etibarilə, yuxarıda deyildiyi kimi, insan heyvana bənzəməlidir. Yəni necə ki heyvan gördüyündən başqa heç nə bilmir, insan da heyvanın bilik xüsusiyyətində olduğu kimi inam xüsusiyyəti ilə getməlidir. Yoxsa insanın heyvandan nə fərqi var? Yuxarıda deyildiyi kimi – yəni inam bilik kimi olmalıdır.
Yuxarıda yazılanlar haqqında soruşduqlarımızı izah etməliyik: «Öküz öz sahibini tanıyır, eşşək isə sahibinin tövləsini; İsrail isə tanımır, xalqım yoxlamır» – o, İsraili öküzə və eşşəyə necə bənzədir? Axı öküz və eşşək onlara yemək verəni görürlər. Halbuki İsrail görmür, inanmalıdırlar. Əgər belədirsə, burada onlar arasında oxşarlıq nədən ibarətdir?
Cavab, yuxarıda deyildiyi kimi, odur ki, insan ilə heyvan arasında əsas fərq heyvanın ağla malik olmamasıdır. Buna görə də heyvanlarda hər hansı bir əməli edib-etməməyi yalnız həzz duyğusu müəyyən edir. Ağıl və şüura malik olan insan isə hər hansı bir şeydə olan həzzə deyil, onda olan həqiqətə baxmalıdır.
Buna görə də bizə inam xüsusiyyəti verilmişdir, necə ki yazılıb: «Və onlar Yaradana və Onun qulu Musaya inandılar». Buna görə də O, bizə bu işi verdikdə, İsrail bilik xüsusiyyətinə malik olmalıdır, yəni İsrailin üzərinə götürməli olduğu inam heyvanlardakı bilik kimi olmalıdır.
Və bu münasibətlə sual yaranır: niyə heyvanlarda olan və onların təməli olan bilik İsraildəki inama bənzəməlidir? Və nə üçün «tanımayan» İsrailin inamı bilik kimi deyil?
Və bunun haqqında yazılmışdır: «Xalqım yoxlamır». Çünki ami (xalqım) amxa (sadə xalq) adlanır. İsrail isə artıq daha yüksək pillədir, çünki məlum olduğu kimi, İsrail – li-roş (mənə baş) hərfləridir. Ona görə də O deyir: «İsrail tanımır». Niyə? Çünki «xalqım yoxlamır». Sadə xalq kimi olduqları vaxtda onlar əldə edilməli olan inamın böyüklüyünün nə qədər olmasını yoxlamırdılar, düşünürdülər ki, yuxarıda deyildiyi kimi, qismən inam da kifayət qədər inam səviyyəsidir. Buna görə də azla kifayətlənirdilər və hələ heyvanda olan «bilik» xüsusiyyətinə bənzər «tam inam» xüsusiyyətinə layiq görülməsələr də, özlərini «İsrail» hesab edirdilər.
Deyilənlərdən belə çıxır ki, işin qaydası belə olmalıdır: insan bilik kimi inam xüsusiyyətinə çatmaq məcburiyyətindədir. Yəni insan başa düşməyə başlayır ki, hər şeyi öz Yaradanına həzz vermək niyyəti ilə etmək lazımdır. Buna görə də insan bu yolla gedərkən və bədənin etmək istədiyi şeydən həzz almadığını gördükdə, o zaman o, öz bədəninə deməlidir: «Mən nəsə etmək fikrində deyiləm ki, sən bundan həzz alasan, mən indi elə bir əməl etmək istəyirəm ki, Yaradan bundan həzz alsın. Əgər belədirsə, niyə məndən razı qalana qədər gözləməyimi və bunu etməməyimi tələb edirsən? Axı sən mənim Yaradan naminə yerinə yetirdiyim əməldə ümumiyyətlə hesaba alınmırsan».
Lakin bədən soruşur: «Yaradan naminə etdiyindən sənə nə qalacaq? Yəni bundan nə həzz alacaqsan? Axı insan ödəniş olmadan heç nə etmir, əgər belədirsə, bunun müqabilində hansı ödənişi alacağını ümid edirsən?».
Və cavab belə olmalıdır: «Bizə inam ehkamı verilmişdir, necə ki yazılıb: "Və onlar Yaradana və Onun qulu Musaya inandılar". Buna görə də mən inanıram ki, böyük Padşaha xidmət edirəm, hərçənd Yaradanın əzəmətini hiss etməsəm də, mən Onun əzəmətinə inanıram, buna görə də mənim böyük Padşaha xidmət etməyimdən həzzim var, mənim həzzim məhz bundadır. Buna görə də sənin bütün sualların yalnız inamla bağlı ola bilər – niyə mən inanıram. Lakin mən tam inama inandığım zaman o, məndə bilik kimidir».
Və görürük ki, xalqdan uca olan insan haqqında məlum olduqda: padşah, yaxud böyük nazir, və ya böyük insan kimi tanınan biri – təbii olaraq insan özünü onun böyüyün qarşısında kiçildir. Bu, Tövrat qanununa aid deyil, təbiətdə belə mövcuddur ki, kiçiyin böyüyə xidmət etməsi böyük şərəfdir. Və böyüklük və ya kiçiklik aşkar olmayan işdə, yalnız inanmaq lazımdır ki, məhz orada iş mövcuddur, çünki təbiət tərəfindən insan görə və ağılla dərk edə bildiyi haldan başqa heç nə edə bilməz.
Buna görə də insan inamın bilik kimi olması üçün inamı üzərinə götürdükdə, artıq bədənlə mübahisə etməyə ehtiyacı qalmır. Çünki insan bədənə deyir: «Mən görürəm ki, sən mənə yalnız bir şeyi deyirsən – sən mənə deyirsən ki, üzərimə götürdüyüm inamla barışa bilmirsən. Buna görə də inamınla bağlı iddiaların haqqında səninlə mübahisə edəcək heç nəyim yoxdur. Ona görə də sənə deyirəm: mənim indi etdiyim və sənin razılaşmadığın şeydə – mən sənin razılığını gözləmirəm, çünki mənim inamım bilik kimidir».
Yuxarıdakılardan belə nəticə çıxır ki, insanın bütün işi – inam gücünə necə nail olmaqdır. Çünki insan içindəki şəri mübahisələrlə məğlub edə bilməz. Çünki zahiri ağlı ilə bədən həmişə haqlıdır. Və yalnız insan öz bədəninə bilikdən üstün inam xüsusiyyəti ilə cavab verdiyi təqdirdə o, bədənini məğlub edə bilər.
Buna görə də insan müqəddəslikdə hər hansı bir iş görməzdən əvvəl hazırlıq görməlidir. Çünki o, indi görmək istədiyi müqəddəslik əməli sayəsində inam xüsusiyyətini əldə etməyi arzulayır. Və insan inanmalıdır ki, onun Yaradana inamdan başqa heç nədə çatışmazlığı yoxdur.
Və insan Yaradanın ona bunu – bilikdən üstün əməllər, yəni məcburiyyətdən etdiyi əməllər sayəsində verməsi ilə inama nail ola bilər. Başqa sözlə, elə hallar olur ki, insan özünü məcbur edərək hərəkət etməlidir və o, məcburiyyət sayəsində Yaradanın əzəmətinə və vacibliyinə inam qazanacağına niyyət etməlidir.
Lakin insan bilməlidir ki, o, əta etmək üçün hərəkət etdikdə, onda yüksəlişlər və enişlər olur. Bu ona görədir ki, yüksəlişlər və enişlər sayəsində insan xeyirlə şəri ayırd etmək imkanı və qabiliyyəti əldə edir. Çünki məlumdur ki, əgər əldə etdiyinin əksi yoxdursa, insan heç nəyi lazımınca başa düşə bilməz.
Və bunun haqqında yazılmışdır: «Nurun üstünlüyü zülmətdəndir» (Kehelet, 2:13). Yəni nurun vacibliyini zülmətdən başqa heç cür dərk etmək mümkün deyil. O, zülmətdən əziyyət və iztirab çəkdiyində olduğu kimi. Və o zaman, Nur gəldikdə o, onu qiymətləndirə bilər. Eynilə, əgər enişləri yoxdursa, insan yüksəliş vəziyyətinin vacibliyini qiymətləndirə bilməz. Çünki yalnız o zaman o, nurun, yəni yüksəlişin vacibliyini qiymətləndirə bilər.
Əks halda, bu, uşağa mirvari və qiymətli daşlar verib, onun bunun vacibliyini qiymətləndirə bilməməyinə bənzər. O zaman adamlar gəlib həmin qiymətli daşları ondan alırlar, çünki uşaq qiymətli daşların nə üçün lazım olduğunu bilmir.
Eynilə müqəddəsliyin qiymətini bilməyən insan da belədir. Əgər ona irəliləməsi üçün bir az müqəddəslik verirlərsə, Sitra Axra gəlib onu alır. Çünki insan əldə etdiyi kiçik müqəddəslik payını Sitra Axranın onu almaması üçün qoruyub saxlamaq lazım olduğunu başa düşməyə qadir deyil.
Buna görə də enişlər baş verdikdə, insanda sahib olduğu şeydən reşimot (xatirələr/izlər) qalır. Və buna görə də o, artıq Sitra Ahranın bu müqəddəsliyi ondan almaması üçün özünü qoruya bilər. Buna görə də insan hər şeyi Yaradanın etdiyinə inanır və əlbəttə ki, Yaradan hər şeyi onun xeyri üçün edir. Əgər belədirsə, insanın aldığı enişlər haqqında o deyir ki, Yaradan bu vəziyyətləri ona şübhəsiz ki, xeyri üçün göndərmişdir.
Bu, insana döyüş meydanından qaçmamaq üçün güc verir, hətta o, Yaradanın ona kömək etdiyini hiss edəcək şəkildə qayğı göstərdiyini görməsə belə. Və [hiss edir ki,] işdə irəliləmir, əksinə geriyə gedir. Lakin əgər o, Yaradanın eniş göndərməklə ona kömək etdiyinə inanırsa, o zaman şübhəsiz ki, insan döyüş meydanından qaçmır.
Çünki o deyir ki, Yaradan ona həqiqətən də kömək edir, lakin insanın yüksəlişlər zamanı başa düşdüyü tərzdə deyil. Yaradan ona enişlər vasitəsilə kömək edir. Buna görə də bu inam onu gücləndirir ki, döyüş meydanından qaçmasın, Yaradanın köməyinə ümid etsin və Yaradan onun gözlərini açana və Yaradanla birləşməyə layiq olana qədər işə davam etmək üçün gücünün olması üçün dua etsin.
Və deyilənlərlə müdriklərin söylədiklərini izah etmək olar: «İnsan xeyiri alqışladığı kimi şəri də alqışlamalıdır». Yəni əgər insan Yaradanın dünyanı «Xeyir və Xeyir Törədən» xüsusiyyəti ilə idarə etdiyinə inanırsa, onda nə üçün özünə pis olduğunu hiss edir? Bu o deməkdir ki, guya Yaradan ona şər verir. Buna görə də müdriklər dedilər ki, insan inanmalıdır ki, bu şər şübhəsiz ki, ona xeyirdir.
Ruhani iş müstəvisində isə izah etmək lazımdır ki, biz görürük ki, insan bütün əməllərinin Göylər naminə olması, yəni etdiyi hər şeyi şəxsi xeyri üçün deyil, Yaradana əta etmək istəyindən etməsi üçün işləməyə başladıqda – o zaman yüksəliş və eniş vəziyyətlərinə gəlib çıxır.
Çünki ona -Yaradana inam xüsusiyyəti nur saçdıqda, o, yüksəliş vəziyyətində olur. Yəni yalnız Yaradan naminə işləməyin lazım olduğunu başa düşür. Və sonra ona eniş gəlir. Yəni ona belə düşüncələr gəlir: şəxsi xeyir üçün deyil,«Göylər naminə» işləməyindən ona nə olacaq? Və bəzən elə olur ki, insan o qədər böyük eniş alır ki, ruhani işdən qaçmaq istəyir.
Onda sual yaranır: əta etmək xatirinə işə başlamazdan əvvəl o, həmişə yüksəlmiş əhval-ruhiyyədə idi, indi isə dəfələrlə hiss edir ki, ruhani işdən ümumiyyətlə uzaqdır və hər şeyi məcburiyyətdən edir. Axı «Əmr ehkamı çəkir» qaydası mövcuddur. Əgər belədirsə, niyə eniş aldı?
Cavab budur ki, insanın özünü «şər halı» adlanan eniş vəziyyətində hiss etməsi də ona xeyirdir, çünki məhz hər iki vəziyyət sayəsində o, Yaradanın köməyinə layiq ola bilər. Və bunun haqqında deyilmişdir: «İnsan şəri alqışlamalıdır».