<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Ruhani işdə "Onların bəhrələrini bu dünyada yeyir, fond isə gələcək dünyada toplanır" nə deməkdir.

Baruch Şalom Ha-Levi Aşlaq (Rabaş) / Məqalələr

Ruhani işdə "Onların bəhrələrini bu dünyada yeyir, fond isə gələcək dünyada toplanır" nə deməkdir.

 

Məqalə 34, 1991-ci il

 

Zoar kitabında deyilir: "Ravvin Aba dedi: 'Bütün bədən üzvlərində mövcud olan ürəkdəki şər bunu onlara edir. "Günəş altında gördüyüm bir şər var ki, o, insanlar arasında böyükdür"'. Bu şər ürəyimizdəki şər qalasındadır ki, o, bu dünyanın şeylərinə hökmranlıq etmək istəyir və o dünyanın şeylərini heç cür idarə etmir". [Zoar] soruşur: "Ürək niyə şərdir?" Və cavab verir: "Bunu ondan sonrakı Müqəddəs Yazı ayəsi sübut edir ki, deyir: 'Elə bir adam ki, Yaradan ona sərvət, əmlak və şərəf vermişdir və onun canının istədiyi heç bir şeydən əksikliyi yoxdur, lakin Yaradan ona bundan qidalanmaq səlahiyyəti verməmişdir, çünki yad bir adam bunu udub yox edəcəkdir'".

Bu ayəni başa düşmək çətindir, çünki yazılmışdır ki, "və onun canının istədiyi heç bir şeydən əksikliyi yoxdur", bəs onda nə üçün "Yaradan ona bundan qidalanmaq səlahiyyəti verməyəcək"? Axı "canının heç bir şeydən əksikliyi yoxdur". [Və Zoar cavab deyir ki,] ...insan bu dünyadan keçir və Yaradan ona gələcək dünyada buna layiq olması üçün sərvət verir ki, onda onun yığım fondu qalsın. Bu fond nədir? Bu, əbədi mövcud olan yığımlardır, ...ona görə də o, özündən sonra bu fondu qoyub getməlidir. Və bu fondu o, bu dünyanı tərk edib gedəndən sonra alacaq, çünki bu fond – o dünyanın Həyat Ağacıdır, yəni Zeir Anpin. Və bu dünyada ondan heç nə qalmır, yalnız ondan çıxan həmin bəhrələr istisna olmaqla. Və buna görə də onun bəhrələri ilə bu dünyada onlara layiq görülmüş insan qidalanır, fond isə yuxarıdakı ali həyata layiq olmaq üçün gələcək dünyada onda toplanır.

Və özünü ləkələyən və şəxsi mənfəətinə can atan, canının və bədəninin heç bir şeydən əksikliyi olmayan kəsə gəldikdə isə, onda "Yaradan ona bundan qidalanmaq" və bu sərvətə layiq olmaq "səlahiyyəti verməmişdir"". Sitat bitdi.

Və başa düşmək lazımdır ki, ruhani işdə "o, bunların bəhrələrini bu dünyada yeyir, fond isə gələcək dünya üçün onda mövcuddur" nə deməkdir. Bundan əlavə, ruhani işdə "Yaradan ona sərvət, əmlak və şərəf verəcək" nə deməkdir, bununla belə deyilir: "Lakin Yaradan ona bundan qidalanmaq səlahiyyəti vermədi, çünki yad adam bunu udub yox edəcək"2.

Məlumdur ki, ruhani işdə bizim "asiya" (əməl) xassəmiz var, necə ki yazılmışdır: "Yaradanın yaratdığı, yerinə yetirmək üçün olan". Yəni Yaradan insanı xeyir və həzz almaq istəyi ilə yaratmışdır. İnsan nə qədər nəsə arzulayır və can atırsa, onun bundan həzz almaq qabiliyyəti də bir o qədər böyükdür. Buna görə də biz özümüz üçün almaq istəyi ilə doğulmuşuq və bunu Yaradana aid edirik.

Və O, bizə Yaradanın yaratdığı kelimlərə zidd olan başqa kelimlər düzəltməyə imkan verdi. Başqa sözlə, məxluqların düzəltməli olduğu kelimlər – Yaradana əta etmək istəyidir. Bu o deməkdir ki, Yaradanın düzəltdiyi kelimlər məxluqların həzz alması üçün nəzərdə tutulmuşdur, məxluqların düzəltməli olduğu kelimlər isə Yaradanın həzz alması üçündür. Lakin, əgər insan almaq istəyi təbiəti ilə doğulubsa, bu təbiəti necə dəyişmək olar?

Cavab odur ki, xüsusi vasitə (sgula) mövcuddur və bu xüsusi vasitənin köməyi ilə onlar Yaradandan ikinci təbiəti ala bilərlər və müdriklərimiz bu barədə demişlər: "Yaradan dedi: "Mən şər başlanğıc yaratdım və Tövratı ona ədviyyat olaraq yaratdım"", çünki "Tövratdakı nur mənbəyə qaytarır". Yəni Tövratın nurunun köməyi ilə onlar sonda ikinci təbiəti, yəni Yaradana həzz əta etmək istəyini əldə edəcəklər. Və o zaman onlar "forma bənzərliyi" adlanan qovuşma xassəsinə layiq olacaqlar.

 

Lakin əta etmək istəyinə çatmaq yolunda insan bir neçə pillədən keçməlidir:

 

  1. Əvvəla, insan başa düşməlidir ki, bu istəyi əldə etmək zəruridir. Çünki insan nəsə etməyə hazırlaşanda gedib insanların özünü necə apardığına baxır. Yəni əgər ətrafındakı insanlar da hər şeyi Yaradan xatirinə etməli olduqlarını başa düşürlərsə, təbii olaraq insan Tövrat və ehkamlarla məşğul olanlara baxır və görür ki, onun yaxın ətrafında əta etmək istəyini necə əldə etmək barədə qayğı çəkməkdə və məsləhətləri yerinə yetirməkdə maraqlı olan heç kəs yoxdur.

Və başqalarında bunu görməməsinin səbəbi sadədir: onlar əta etmək niyyətinə gəlib çıxmaqla məşğul deyillər. Və o zaman o, həqiqəti görür. Lakin Tövrat və ehkamlarla əta etmək niyyəti ilə məşğul olanlar, yəqin ki, təmkinlə (gizli) işləyirlər, çünki əgər onların işi üzə çıxsaydı, onların işinə artıq kənar bir şey qarışardı. Çünki təbiəti etibarilə insan kimsənin onun nə etdiyinə baxdığını görəndə düşünür ki, o biri onun işini qiymətləndirir və bu, avtomatik olaraq ona işləmək üçün güc verir – ona görə yox ki, Yaradan onu işləməyə məcbur edir, sadəcə ona baxan kəs onu Tövrat və ehkamlarda işləməyə məcbur edir. Buna görə də Yaradan xatirinə işləmək istəyənlər öz işlərini başqalarından gizlədirlər. Buna görə də insan kimsənin əta etmək naminə işləyib-işləmədiyini görə bilmir.

Ona görə də insan əta etmək istəyinin çatışmadığını hiss etməzdən əvvəl böyük bir iş görməlidir. Və baxmayaraq ki, bəzən insan həqiqətən də əta etmək istəyinin çatışmadığını başa düşməyə başlayır, lakin o, yuxarıda deyildiyi kimi, bir çox insanların Tövrat və ehkamlarla məşğul olduğunu, bunların tanınmış adamlar olduğunu görəndə və onların xisaronunun (çatışmazlığının), yəni əta etmək istəyi olmadığı üçün əzab çəkdiklərinin şahidi olmadıqda... Beləliklə, birinci iş əta etmək istəyinə layiq olmaq tələbatını əldə etməyə çalışmaqdan ibarətdir.

 

  1. Əta etmək istəyinə olan tələbatı artıq əldə etdikdən sonra, o, xisaronu əldə etməyə başlayar-başlamaz dərhal [bu xisaronun] dolğunluğunu almır. Bu ona görə belədir ki, xisaronun hiss olunması həm də əta etmək istəyinin olmaması səbəbindən çəkdiyi əzabın ölçüsündən asılıdır. Lakin insan bunun ona nə dərəcədə lazım olduğunu hiss etməyə başladıqda və yuxarıdan bu xisaronun həqiqi olması istənildikdə, o zaman o, xisaronun hiss olunmasında yuxarıdan kömək alır. Yəni ona bundan nə qədər uzaq olduğu göstərilir, yəni onun əta etmək istəyini əldə etməyin nə qədər çətin olduğunu görməsi onda böyük xisaron yaradır. Lakin bizə böyük xisaron nə üçün lazımdır? Səbəb odur ki, vacib olmayan şeyi itirməmək üçün onu necə qoruyub saxlamağı bilmirik. Buna görə də, insan həqiqi xisaronu əldə etməzdən əvvəl yuxarıdan ona istədiyi verilmir, çünki xisaron və canatma onu vacib edir.

Lakin işin yolu elədir ki, insan istədiyinə nail olmağın çətin olduğunu görəndə döyüş meydanından qaçır. Və deyir ki, yəqin ki, başqaları daha layiq idi və Yaradan onlara əta etmək istəyini verdi. Və bu ona görədir ki, onlar bundan daha qabiliyyətlidirlər. Özü kimi, başqalarından daha pis keyfiyyətləri olan insanın isə layiq olmaq üçün heç bir şansı yoxdur. Buna görə də o, işdən kənar ümumi əməllərə qaçır. Və yalnız o insanlar ki, işdən qaçmaq istədiklərini, lakin gedəcək yerləri olmadığını, çünki başqa heç nədən məmnunluq duymadıqlarını deyirlər, belə insanlar işi tərk etmirlər. Və onların yüksəlişləri və enişləri olur, lakin onlar ümidsizliyə qapılmırlar. Və bu barədə deyilib: "Və İsrail oğulları işdən inildədilər, fəryad etdilər və onların işdən fəryadı Yaradana ucaldı..." Yəni, onlar Yaradanın işində irəliləmədiklərinə, Yaradanın həzzi və əta etmək naminə işləyə bilmədiklərinə görə işdən inildədilər. Və o zaman "almaq istəyinin hakimiyyətindən çıxmaq və əta etmək işinə daxil olmaq" adlanan Misirdən çıxışa layiq oldular.

 

Buradan belə çıxır ki, insanın işinin başlanğıcı ondan ibarətdir ki, o, ali malxut xassəsini öz üzərinə götürsün və bu o deməkdir ki, əvvəllər yalnız "qoca və axmaq padşahın" istəyini məmnun etmək üçün qayğı çəkdiyi yerdə – bu da bütün işinin yalnız özü üçün olması deməkdir – o, bütün orqanları üzərində Yaradanı hökmdar təyin edərək "ali malxut" adlanan başqa bir Padşahı öz üzərinə götürdü. Yəni onun bütün orqanları Yaradana xidmət edəcək. Və bu, işdə "Misirdən çıxış", yəni şəxsi mənfəətin hakimiyyətindən çıxmaq və Yaradana xidməti qəbul etmək adlanır, necə ki yazılmışdır: "Mən sizin Yaradanınızam ki, sizi Misir torpağından çıxartdım ki, sizə Yaradan olum". Bunu belə izah etmək lazımdır ki, O, onları özü üçün almaq istəyinin hakimiyyətindən çıxartdı və onlara əta etmək istəyini verdi. Bu, "sizə Yaradan olum" adlanır ki, "Mən sizə əta etmək istəyini verdim ki, Mənim İsmim naminə işləyə biləsiniz". Və bu: "Mən sizə Mənim Yaradan olduğumu hiss etmək gücünü verdim" adlanır.

Lakin insan almaq istəyinin pis bir şey olması hissiyyatını necə əldə etməlidir? Ona öz əməllərini düzəltməli olduğunu kim xəbərdar edir? Və Baal Sulam "Sulam" şərhində yazır: "Buna görə də Yaradan insana doğuşdan qoyulmuş özü üçün almaq halına – həm bədən ağrılarına, həm də ruhani ağrılara əzablar qoydu ki, əgər o, Tövrat və ehkamlarla heç olmasa öz həzzi üçün məşğul olarsa, yenə də Ondakı nur vasitəsilə özü üçün almaq təbiətinin alçaqlığını və dəhşətli dərəcədə pozulmuş olduğunu hiss etsin. Və o zaman o, diqqətini bu cür almaq təbiətindən imtina etməyə yönəldəcək və bütün varlığını yalnız Yaradanına həzz əta etmək üçün olan işə həsr edəcək, necə ki yazılmışdır: "Yaradan yaratdığı hər şeyi – Özü üçün yaratmışdır". Və o zaman Yaradan onun gözlərini açacaq və o, qarşısında mütləq kamiliklə dolğun bir dünya görəcəkdir. Və o zaman o, dünyanın yaradıldığı vaxt O(n)un qarşısında olan sevinclə birləşəcəkdir (çünki müdriklərimiz demişlər: "Onun qarşısında göy və yer yaradıldığı həmin gündə olduğu kimi başqa bir sevinc yox idi")".

Buradan belə çıxır ki, Tövratın nuru insana xisaron verir ki, onun Yaradandan ali malxut yükünü öz üzərinə götürmək üçün güc verməsini xahiş etmək tələbatı olsun və onun bütün əməlləri göylər naminə olsun. Və ali malxut xassəsinə layiq olduqdan sonra, "Tövrat, Yaradan və İsrail birdir" dediyi kimi, Tövrat xassəsi adlanan daha bir pillə mövcuddur.

Yuxarıda yazılanlara əsasən, Zoar kitabının bu sözlərini izah etmək lazımdır: "Çünki bu fond – o dünyanın Həyat Ağacıdır, yəni Zeir Anpin. Və bu dünyada ondan heç nə qalmır, yalnız ondan çıxan həmin bəhrələr istisna olaraq. Və buna görə də onun bəhrələri ilə bu dünyada onlara layiq görülmüş insan qidalanır, fond isə gələcək dünyada onda toplanır"3. Və yazılanları izah etmək lazımdır: "Fond isə gələcək dünyada onda toplanır" – o deməkdir ki, bu, Zeir Anpindir, çünki Zeir Anpin "Tövrat" adlanır və bu, "həmin dünya", yəni "bu dünyadan sonra gələn dünya" adlanır, çünki bu dünyaya "malxut" deyilir, bu dünyadan sonra gələn növbəti dünyaya isə Zoar kitabı Həyat Ağacı olan, Tövrat xassəsi olan Zeir Anpin deyir.

Və məlumdur ki, işin qaydası belədir ki, insana əvvəlcə əta etmək niyyətində olmaq üçün ali malxuta layiq olmaq lazımdır. Lakin insan əta etmək niyyətinə necə layiq ola bilər? Və bu, yuxarıda deyildiyi kimi: "Mən şər başlanğıc yaratdım, Mən Tövratı ədviyyat olaraq yaratdım". Belə çıxır ki, Tövrat vasitəsilə, yəni Onda olan, Mənbəyə qaytaran nur vasitəsilə. Belə çıxır ki, Tövrat onun üçün ali malxuta necə çatmaq barədə eytin (məsləhətlər) kimidir, çünki malxuta "bu dünya" deyilir, Mənbəyə qaytaran nura isə "bəhrələr" deyilir. Başqa sözlə, insan zəhmətinin bəhrələrini görür, yəni o, Tövratda əmək sərf etmişdir və bundan bəhrələr almışdır, bəhrələr isə işin mükafatıdır. Buna görə də izah etmək lazımdır ki, o, "Tövratın bəhrələrini" yeyir – bu o deməkdir ki, o, Tövrat sayəsində "Mənbəyə qaytaran" adlanan əta etmək istəyinə layiq görülmüşdür. Və buna "613 məsləhət" deyilir.

Və sonra növbə 613 pkudota, "Tövrat, Yaradan və İsrail birdir" keyfiyyətində Tövratın mahiyyəti olan (töhfələrə) gəlir. Buna "Tövratın mahiyyəti" deyilir. Və bu barədə deyilmişdir: "Zeir Anpin – Tövrat olan Həyat Ağacıdır". Və bunun mənası odur ki, onun fondu Tövrat xassəsi hesab olunan gələcək dünya üçün mövcuddur. Buna "əsl Tövrat olan fond" deyilir. Halbuki bu dünyanın xassəsi olan ali malxutda Tövrat yalnız bəhrələr kimi, yəni yalnız Mənbəyə qaytaran Tövratın nuru kimi mövcuddur. Zeir Anpinə isə "Tövratın mahiyyəti olan fond" deyilir. Bu, malxut adlanan "onların bu dünyadakı bəhrələri", yəni sabit inam xassəsi deməkdir. Və bundan sonra ikinci pillə gəlir ki, ona "növbəti dünya" deyilir, yəni o, malxutdan sonra gəlir və bu, Zeir Anpindir, həyat torpağıdır və bu, Tövratın mahiyyətidir.

Yuxarıda yazılanlara əsasən, onun soruşduğunu izah etməliyik: "Ürək niyə şərdir?" O, cavab verir ki, bu, yazıldığı kimidir: "Elə bir adam ki, Yaradan ona sərvət, əmlak və şərəf vermişdir və onun canının istədiyi heç bir şeydən əksikliyi yoxdur, lakin Yaradan ona bundan qidalanmaq səlahiyyəti verməmişdir, çünki yad adam bunu udub yox edəcəkdir"2. O soruşur: "Çünki yazılmışdır ki, "və onun canının istədiyi heç bir şeydən əksikliyi yoxdur", nə üçün "Yaradan ona bundan qidalanmaq səlahiyyəti verməyəcək"3? Axı "canının heç bir şeydən əksikliyi yoxdur". Buna o cavab verir ki, bu bəhrələri bu dünyada yeyən insan,yəni bizim müəyyən etdiyimiz kimi, ali malxut nəzərdə tutulur və Tövratdakı nur  Mənbəyə qaytarır – bu nura "bəhrələr" deyilir. Bundan sonra o, "Tövratın mahiyyətinə" layiq görüldükdə "gələcək dünya üçün mövcud olan fond" halına gəlib çatır və buna "kamilik" deyilir.

Bununla Zoar kitabı onu izah edir ki, "özünü ləkələyən və şəxsi mənfəətə can atan, bədəni və canı üçün heç bir şeydən əksiklik çəkməyən kəs", o zaman "Yaradan ona bundan qidalanmaq səlahiyyəti verməmişdir"3.

Və izah etmək lazımdır ki, "sərvət" o deməkdir: "Yalnız dərrakədə dilənçi olmaq olar", bu o deməkdir ki, o, Tövratı öyrənməyə və bütün qanunları bilməyə layiq görülmüşdür və onun əmlakı var, yəni o bilir ki, Yaradana şükürlər olsun ki, onun Tövratın, ehkamların və yaxşı əməllərin böyük mülkü var və onun şöhrəti var və hər kəs Tövrata hörmət əlaməti olaraq ona hörmət edir, və buna baxmayaraq, "Yaradan ona bundan qidalanmaq səlahiyyəti vermədi"2.

Və səbəb odur ki, baxmayaraq ki, onun sərvəti də, şöhrəti də, yaxşı əməlləri də var, yenə də o, şəxsi mənfəətə, yəni özü üçün can atdığı üçün, necə ki yazılmışdır: "Canının heç bir şeyə ehtiyacı yoxdur", yəni onun bütün qayğıları şəxsən özü üçün əksiklik olmaması üçündür, avtomatik olaraq onun müqəddəslikdən qidalanmağa heç nəyi yoxdur, hər şey isə Sitra Axraya gedir.

Yazılanların mənası budur: "Hər şeyi yad adam udacaq". Yəni klipa hər şeyi apardı, çünki onun bütün işi almaq istəyi naminə idi ki, bu da klipotların hakimiyyətidir. Buradan belə çıxır ki, bütün sərvət – o, Tövrat elminə sahib olduğunu düşündükdə,  Tövrat və ehkamların əmlakı olan mülkü – hamısı klipotların hakimiyyəti altındadır.

Buradan biz onun soruşduğunu başa düşəcəyik: "Ürək niyə şərdir?" Almaq istəyində mövcud olan şərin nə olduğunu izah etmək lazımdır. Və bu münasibətlə cavab verir: "Bunu ondan sonrakı Müqəddəs Yazı ayəsi sübut edir ki, deyir: "Elə bir adam ki, Yaradan ona sərvət, əmlak vermişdir""3. Yəni Yaradan ona müqəddəslikdə çox şey etməyə imkan vermişdir, lakin hər şey şəxsi mənfəət üçün idi, buna görə də hər şey başqa mülklərə getdi. Deyildiyi kimi, "yad adam hər şeyi udub yox edəcək", yəni klipotlar, çünki o, müqəddəslik üçün deyil, onlar üçün işləmişdir. Lakin bilmək lazımdır ki, insan öz əməllərini düzəltdikdə, o, hər şeyi klipotlardan çıxarır və hər şey müqəddəsliyə qayıdır, necə ki yazılmışdır: "Sərvəti udacaq və onu qusub çıxaracaq".

Yuxarıdakılara əsasən, "Mənbəyə qaytaran Tövratın nuru" keyfiyyətində "bu dünyadakı bəhrələr" var və bundan ali malxut alınır – yəni iş almaq istəyinin hakimiyyətindən çıxmaqdan və hər şeyi əta etmək üçün etməkdən ibarətdir. Və sonra "fond gələcək dünyada onda toplanır" gəlir və bu, "Yaradanın adları" keyfiyyətində Tövrat xassəsidir.

Və Zoarın (Bealotxa, bəndlər 26-27) dediklərini izah etmək lazımdır: "Yazılmışdır: "Və Zvulona dedi: sevin, Zvulun, sənin çıxışına və İsasxar sənin çadırlarındadır". Bu, onların bir yerdə birləşdirildiyini öyrədir. Biri çıxıb vuruşurdu, o biri isə oturub Tövratla məşğul olurdu. Biri o birinə öz qənimətindən pay verir, o biri isə ona öz Tövratından pay verir. İsasxar – Tiferetdir, Zvulun isə – malxutdur. Buna görə də Zvulun müharibədə iştirak etməyi miras aldı, çünki o, müharibələrdə bolluq daşıyan malxut hesab olunur. İsasxarın payı isə Tövratdır. Bax, buna görə də onlar birləşdilər ki, Zvulun İsasxar vasitəsilə xeyir-dua alsın, çünki Tövratın xeyir-duası hər şeydə xeyir-duadır".

Və izah etmək lazımdır ki, İsasxar və Zvulunun ruhani iş mənasında birgə iştirakı bir bədəndə başa düşülməlidir. Yəni iş iki üsulla təşkil edilməlidir:

 

  1. Ali malxut xassəsində, başlanğıclar müharibəsi gedərkən, özün sevgisinin hakimiyyətindən çıxmaq və onun bütün əməliyyatlarının əta etmək istiqamətində olacağını qəbul etmək. Və o zaman müharibələr vasitəsilə o, qənimət götürür. Yəni o, almaq istəyinin güclərini götürür və onları əta etmək istəyi ilə əvəz edir, bu hesab olunur ki, o, müharibə vasitəsilə onu tabe edir. Və almaq istəyi onun iradəsi ilə hər şeyi etməyə məcbur olur, yəni onun bütün əməlləri yalnız əta etmək niyyəti ilə olacaq. Lakin Zvulun xassəsi müharibədə qələbə çalmaq üçün gücü haradan alır? O bunu İsasxardan, yəni İsasxarın Tövratından alır.

Və bu, yuxarıda deyildiyi kimidir: "Mən şər başlanğıc yaratdım; Mən Tövratı ona ədviyyat olaraq yaratdım"5. Bax, buna görə də deyilmişdir: "Və biri o birinə öz Tövratından pay verir. İsasxar – Tiferetdir"17, və İsasxarın Tövratından Zvulunun müharibələrdə qalib gəlmək üçün gücü var. Və bu, yuxarıda deyildiyi kimi, onun "bu dünyada onların bəhrələrini yeməsidir", yəni Tövratın ona gətirdiyi bəhrələri görməsidir. Yəni o görür ki, Tövratın nuru sayəsində o, əta etmək istəyinə layiq görülmüşdür, çünki bəhrələrə "işdən gələn mənfəət" deyilir.

Və buna 613 məsləhət xassəsi deyilir. Və bu o deməkdir ki, İsasxar "ona öz Tövratından pay verir" və bundan o, bəhrələri yeyir. "Və öz qənimətinin bir hissəsini verir" deyilənlərin mənası budur ki, Zvulunun ona verdiyi qənimət sayəsində o, oturub Tövratla məşğul olur və bu o deməkdir ki, əgər Zvulun ona öz qənimətindən verməsəydi, o, Tövratı əldə edə bilməzdi.

İzah etmək lazımdır ki, burada Yaradanın adları keyfiyyətində olan Tövrat xassəsindən bəhs olunur, yəni Tövratın mahiyyəti olan 613 pkudindən (töhfədən). Və insan inanca, əta etmək niyyəti olan ali malxuta layiq görülməyincə Tövratın mahiyyətinə layiq olmaq qeyri-mümkündür və o zaman almaq istəyi tabe olur, əta etmək istəyi isə hökmranlıq edir.

Buna görə də, malxutun əta etmək istəyi olduqda, malxutun müharibələrlə fəth etdiyi arzu – bu, onun müharibədə qənimət götürməsi hesab olunur. Və o, ona əta etmək istəyini verdikdə, o zaman o, "Tövrat çadırında otura bilər" və bu xassə Tiferet, Zεir Anpin xassəsi adlanır. Halbuki pillədə hələ əta etmək istəyi yoxdursa, deməli, Tövratın mahiyyəti xassəsi üçün yer yoxdur. Və buna işdə "İsasxar və Zvulunun əməkdaşlığı" deyilir, yəni yuxarıda deyildiyi kimi, malxut müharibəyə çıxanda "Tövrat" adlanan Zeir Anpin xassəsi malxuta öz Tövratından verir.

 

Yəni biz Tövratda iki tərkib hissəsini fərqləndirməliyik:

 

  1. "Onda olan nur Mənbəyə qaytarır"6 xassəsi. Buradan malxut üçün "bəhrələr" xassəsi irəli gəlir.
  2. "Gələcək dünyada fond toplanır"3 adlanan "Tövratın mahiyyəti" xassəsi. Bu məhz o vaxt baş verir ki, malxutun "bəhrələr" adlanan Tövratın nuru sayəsində layiq görüldüyü əta etmək istəyi var.

Və bu, müdriklərimizin dediyi kimidir ki, əlin tfilini başın tfilindən əvvəl gəlir. Zoarın dediyinə görə, əlin tfilini – zəif əlin malxut xassəsidir və o, möhkəmləndirilməyə ehtiyac duyur, çünki ali malxutda almaq istəyini tabe etmək üçün lazım olan bütün müharibələr baş verir. Və bundan sonra Tövrat xassəsi hesab edilən baş tfilini gəlir.