Barux Şalom Ha-Levi Aşlaq (Rabaş) / Məqalələr
“Ruhani işdə «günahkarlara gələn bəlanın salehlərdən başlaması» nə deməkdir”
Məqalə 9, 1989-cu il
Müdriklər demişlər: «Bəla dünyaya yalnız dünyada günahkarlar olduqda gəlir və yalnız salehlərdən başlayır». Sitatın sonu.
Anlamaq lazımdır ki, əgər bəla günahkarlara gəlməlidirsə, nə üçün o, salehlərdən başlayır və nə üçün salehlər bunda günahkardırlar.
Ruhani iş baxımından, ilk növbədə “bəla”nın işdə nə demək olduğunu, “günahkarlar”ın işdə nə olduğunu və “salehlər”in ruhani iş baxımından nə olduğunu izah etmək lazımdır. Bütün bunları anlamaq üçün “iş”in nə olduğunu bilmək zəruridir. Həmçinin ümumiyyətlə, nəyə görə işləmək lazım olduğunu, yəni işləmək məcburiyyətində olmağımızla nə qazandığımızı anlamaq lazımdır.
Axı dünyada mövcud olan bütün şeyləri kim yaradıb? Hər şeyi Yaradan yaradıb. Əgər belədirsə, onda bu dünyada nə ehtiyac vardı ki, O, əldə etmək istədiyimiz hər bir şey üzərində işləməli olduğumuz bir quruluş yaratsın – istər maddi ehtiyacların, istərsə də ruhani ehtiyacların ödənilməsi üçün.
Bütün bunları anlamaq üçün əvvəlcə bütün yaradılışın mahiyyətini anlamaq lazımdır. Başqa sözlə, Yaradan dünyanı nə üçün yaradıb. Buna cavab olaraq müdriklərin dediyi gəlir: «Öz yaratdıqlarına xeyir vermək». Bu səbəbdən O, varlılqları yaratdı və onlarda həzz və ləzzət almaq arzusu və istəyi həkk etdi. Bu da «Yaradılışın Məqsədi» adlanır. Lakin , Yaradanla forma oxşarlığında olmadığından, alanlar xeyir və ləzzətdə utanc hiss etdilər.
Buna görə də «ixtisar və gizlətmə» adlanan islah baş verdi ki, yalnız əta etmə niyyəti ilə almaq mümkün olsun. Bu kli-ni aşağı olanın etməsi gərəkdir, lakin bu onun təbiətinə ziddir, çünki Yaradan varlıqları həzz və ləzzət almaq arzusu ilə yaradıb. Buna görə də onun təbiətinə uyğun olmayan hər bir şeyi etmək insan üçün çətindir. Bu da «əmək» adlanır.
Buna uyğun olaraq belə çıxır ki, «əmək» anlayışı insanın işləməli olmasını nəzərdə tutmur. Bu, nəticədir. Lakin təbiətə zidd olduğu üçün bu əməli yerinə yetirmək çətindir. Buna görə də bu, əməkdir. Bu, insanla Məkan (Yaradan) arasındadır. Eyni islah insanla onun yoldaşı arasında da mövcuddur ki, utanc olmasın. Çünki insan mərhəmət çörəyi yeməkdən utanır.
Buna görə də alqı-satqı əməliyyatı istifadə olunur: fəhlə sahibinə iş verir, o da bu işə görə ona pul verir. Beləliklə, burada heç bir utanc yoxdur. Eyni şəkildə burada da, insanla yoldaşı arasında, sahibin ona sadəcə hədiyyə vermək istəyi yoxdur, əksinə, ona iş verir. Yəni məhsul var və bu, əvəzetmə rolunu oynayır.
Satış və alış isə bunun əksidir. Satıcı alıcıya məhsul verir, alıcı isə satıcıya pul verir. Hansı ardıcıllıqda olmasının əhəmiyyəti yoxdur, əsas odur ki, hər ikisi versin. Əks halda, əgər biri verib, digəri yalnız alıb qarşılığında heç nə vermirsə, burada forma fərqi yaranır və alan tərəfdə utanc hissi əmələ gəlir.
Buradan belə nəticə çıxır ki, əmək məsələsində məqsəd əmək özü deyil, utanc hissinin olmamasıdır. Bunun üçün hər iki tərəf verməlidir. Təbiətin bir hissəsi olaraq insan yalnız almaq üçün yaradılıb. Vermək isə işdir. Beləliklə, iş nəticədir və məqsəd deyil. Deməli, bizə iş yox, forma oxşarlığı lazımdır. İş isə təbiətimizdə bunun olmaması səbəbilə ortaya çıxır.
Yuxarıda deyilənlərdən “günahkarlar ”ın və “salehlər”in kim olduğunu və niyə «bəla dünyaya yalnız dünyada günahkarlar olduqda gəlir» anlayacağıq. İşdə “bəla” o zaman adlanır ki, xeyir və ləzzət üçün aşkarlanma yoxdur. Başqa sözlə, forma fərqi səbəbilə Yaradanın yaratdıqlarına xeyir vermək istəyi aşkarlana bilmir. Necə ki deyilir: «İnsanda əta etmə kelim-i, yəni “forma oxşarlığı” adlanan şey olmadığı müddətdə, bu, doldurmanın varlıqlara enməsinin qarşısını alan səbəbdir». Belə çıxır ki, “günahkar” Yaradandan uzaq olan adlanır. Yəni işdə “günahkar” Yaradanla forma fərqində olan, “O mərhəmətlidirsə, sən də mərhəmətli ol” xüsusiyyətində olmayan şəxsdir.
Beləliklə, Yüksək nur, insandakı “günahkarlar” xüsusiyyəti səbəbilə aşağıya enə bilmir, çünki işdə insanın özü alma qığılcımları olan “pis adamlar” xüsusiyyətlərindən ibarət sayılır. «Bəla dünyaya yalnız dünyada günahkarlar olduqda gəlir» ifadəsinin mənası da budur. Yəni nurun dünyaya gəlməməsi “bəlanın dünyaya gəlməsi” adlanır, çünki insandakı alma arzusu xeyir və ləzzətin qarşısını alır.
Bununla, Yaradanın səsinə qulaq asmayan “günahkarlar” məsələsi də izah olunur. Yaradan Musa vasitəsilə bizə buyurub ki, Onun səsinə qulaq asaq, əks halda cəzalandırır. Sual yaranır: əgər bu, ət-qandan yaranmış padşah olsaydı və itaət tələb etsəydi, əmrlərinə qulaq asmayanları cəzalandırmasını anlamaq olardı. Amma Yaradan baxımından, niyə Onun əmrlərinə qulaq asmayanları cəzalandırır? Məgər Ona yaratdıqlarından gələn şərəf lazımdırmı? Ona hörmət etməsələr, O bundan inciyirmi?
Bu, sanki bir insanın toyuq hininə girib onlara əmr verməsinə bənzəyir, amma onlar ona qulaq asmır. Demək olarmı ki, bu insan incidi? Xüsusilə də varlıqların Yaradanla müqayisədə nə dəyəri var ki, O, Onun göstərişlərinə qulaq asmadıqlarına görə incisin və buna görə bəla göndərsin.
Lakin inanmalıyıq ki, Yaradanın hər bir qəzəb və narazılıq reaksiyası heç vaxt Onun xeyrinə deyil, varlıqların xeyrinədir. Yəni onların alacaqları cəzalar onları xeyir və həzzə aparacaq – Yaradanın istəyi budur ki, varlıqlarlar bunu Ondan alsınlar.
Bu o deməkdir ki, əzablar yaradılışları əta etmə xüsusiyyətini qəbul etməyə aparır, çünki yalnız bunlar Yaradının vermək istədiyi Yüksək bolluğu almağa qadir olan həqiqi kelim-dir. Buna görə də yazılıb: «Bəla dünyaya yalnız dünyada günahkarlar olduqda gəlir». Onlar əzab hiss edirlər, yəni işdə nə edirlərsə etsinlər, acı dad hiss edirlər, çünki onlarda yalnız xeyir və həzzin işıqlandığı əta etmə kelim-i yoxdur. Deməli, insandakı alma xüsusiyyəti olan günahkarlar xeyrin alınmasına mane olur.
Bu, Rambamın dediyi kimidir (TES, c. 1, s. 14, b. 1): «Vahid, Tək və Yeganə arasında fərq var. İzahı belədir: O, bir güclə fəaliyyət göstərmək üçün birləşir – yəni xeyir vermək üçün fəaliyyət göstərir, Onun birliyinə yaraşan şəkildə. Amma fəaliyyətini həyata keçirmək üçün ayrıldıqda, yəni Onun əməlləri bir-birindən fərqli göründükdə və O, qorxulu şəkildə, sanki həm xeyir verən, həm də şər edən kimi görünəndə, O, Yeganə adlanır, çünki bütün müxtəlif əməllərinin yeganə nəticəsi xeyir yaratmaqdır. Deməli, O, hər bir əməlində yeganədir».
Beləliklə, «bəlanın gəlməsi» anlayışında Yaradan tərəfindən qisas və ya narazılıq yoxdur. Onun istəyi Onun səsini eşitməyimiz və Tövrat və ehkamları yerinə yetirməyimizdir – bu, varlıqların xeyrinədir, Yaradanın xeyrinə deyil. Çünki O, heç vaxt özündə hər hansı bir çatışmazlıq olan, guya özü üçün nəyəsə ehtiyacı olan varlıq deyil.
O, aşağı olanlardan yalnız bir şey istəyir: xeyir və həzzdən heç bir narahatlıq olmadan almaları. Əgər həzzi alma zamanı utanc hissi olsaydı, həzz kamil olmazdı. Deməli, günahkarların hiss etdiyi bəla onların xeyrinədir, çünki onları əməllərini islah etməyə sövq edəcək.
Lakin iş vasitəsilə əməllərin islahının metodikası nədən ibarətdir – bunu bilmək lazımdır. Yuxarıda deyildiyi kimi, edilən hər bir əmələ niyyət verilməlidir. Bu niyyət isə insanın bu əməli Yaradanı sevindirmək üçün etmək istəməsidir. Bununla o, Yaradanla qovuşmağa nail olur. Amma bu, əməli öz xeyri üçün niyyətlə etmək deyil, bütün qayğısı Yaradanı necə sevindirmək olmasıdır.
Bu yolla gedib əta etmə xüsusiyyətinə çatmaq istəyən insanlar “salehlər” adlanır. Yəni hələ bütün niyyətləri əta etmə üçün olmasa da, buna çatmaq istəyirlər. Buna görə də onlara “salehlərin yolu ilə gedənlər” deyilir. Yəni “saleh” pilləsinə çatmaq istəyənlər artıq son adla adlanırlar.
Halbuki “ümumi” kateqoriyada işləyənlər, yəni niyyətlə məşğul olub “salehlər” pilləsinə çatmağa çalışmayanlar – onlar haqqında həqiqət yolunda iş baxımından danışmırıq, onlar “əməllə iş” kateqoriyasına aiddirlər. Tövrat və ehkamlardakı niyyətləri barədə Rambam belə yazmışdır: «onları (niyyəti) “mükafat almaq üçün” öyrədirlər». Yalnız artıq səmalar naminə işləməli olduqlarını dərk edənlər “Həqiqət yoluna çatmaq üçün işləyənlər” adlanır.
Hələ çatmamış olanlar barədə Rambam, xatirəsi mübarək olsun, deyir: «bu sirri onlara tədricən açırlar». “Uşaqlara, qadınlara və bütün savadsız kütləyə” açıqlanması qadağan edilən bu sirr nədir? Sirr ondadır ki, təkcə əməl kifayət deyil, niyyət də əta etmə üçün olmalıdır və mükafat almaq məqsədi güdülməməlidir. Onun üçün bütün həzz, Yaradana xidmət etməsindən ibarətdir və bu, onun bütün mükafatıdır. Bu, onun üçün ölçüyəgəlməz sərvətə bərabərdir. Buna görə də işlərinin qarşılığında Yaradana xidmət etməkdən başqa heç nəyə ehtiyac duymurlar və bütün ümidləri də budur.
Buradan sualımıza aydınlıq gəlir: əgər bəla günahkarlar səbəbindən gəlirsə, nə üçün o, salehlərdən başlayır? Cavab budur ki, işdə salehlər dedikdə, hələ məqsədə çatmasalar da, həqiqət yolunda getmək istəyən insanlar nəzərdə tutulur. Buna görə də bilməliyik ki, bu bəla, insanların Tövrat və ehkamlarda kül dadı hiss etmələridir. «Çünki onlar həyatımız və ömrümüzdür» dadını hiss etməli olduqları halda, acı dad hiss edirlər.
Onlar özlərinə sual verirlər: axı dünyanın yaradılış məqsədi Onun yaratdıqlarına xeyir vermək idi. Bəs bu haradadır? Əslində isə əksini görürük. Biz, Padşaha xidmət etdiyimizdən və heç bir əvəz istəmədiyimizdən, işdə şirin dad hiss etməli idik. Lakin bədənin buna mane olduğunu görürük. Bu isə onları belə düşünməyə vadar edir ki, bütün bu pozğunluq Padşahın əhəmiyyətsiz olmasındandır.
Çünki əks halda, onlar Padşahın əzəmətini hiss etməli və Onun qarşısında özlərini ləğv etməli idilər. Axı təbiətdə görürük ki, kiçik olanın böyük olana xidmət etməsi böyük uğurdur və bunun üçün özünü ləğv etmək üçün səy göstərmək lazım deyil. Bəs niyə Yaradanla bağlı bunu görmürük? Buna görə də deməyə məcburuq ki, Yaradan bütün dünyanın Padşahıdır, lakin biz Onun əzəmətinə inanmırıq, əksinə, tam tərsi. Bu da Zoar Kitabında «Şxina sürgündə» və ya «Şxina küldədir» adlanır.
Beləliklə, bizə çatışmayan yeganə şey Yaradanın böyük və əhəmiyyətli Padşah olduğuna inamdır. Məhz buna görə “salehlər” adlanan, yəni heç bir qarşılıq olmadan Yaradan üçün işləmək istəyən insanlar özlərindəki şəri görür və hiss edirlər. Yəni onlar, daxillərindəki günahkarlar səbəbindən xeyir və həzzi ala bilmədikləri üçün bəla hiss edirlər. Onlar sadəcə olaraq anlayırlar ki, onlarda Yaradanın böyük Padşah olduğuna inam yoxdur. Və bundan böyük günahkar ola bilməz. Belə çıxır ki, insanda günahkarlar nə vaxt aşkar olur? Məhz o zaman ki, o, saleh olmaq istəyir.
Bununla «amma salehlərdən başlayır» deyilən izah olunur. Yəni «salehlər əvvəl», başqa sözlə, bəla insanın ümumi işdən fərdi işə keçdiyi andan hiss olunmağa başlayır. «Fərdi iş» isə «salehlərin yolu» adlanır.
Buna görə müdriklər bizə göstərirlər ki, insan bəxş etmə üçün işləmək istədiyi andan etibarən, Yaradanın əzəmətinə inamdan uzaq olduğunu hiss etdiyi bəla ona aydın olur. Təbii ki, o, Yaradanın yaratdıqlarına xeyir vermək istəyi olan xeyir və ləzzəti almaqdan da uzaqdır. Bu hallarda insan enişlər və yüksəlişlər yaşayır. Beləliklə, «…amma salehlərdən başlayır» sözləri «insan salehlərin yoluna girməyə başlayanda» deməkdir.
Halbuki "ümumi" kateqoriyasında işləyənlər hiss etmirlər ki, onlar pisliyin hakimiyyəti altındadırlar və görmürlər ki, onlarda Yaradana iman yoxdur. Əksinə, onlar bilirlər ki, onlarda o qədər böyük iman ölçüsü var ki, başqalarına verə bilərlər. Və hətta başqa insanlara əxlaq oxuyurlar ki, niyə onlar düz yolla getmirlər ki, anlasınlar -əsas ruhaniyyətdir, maddiyyət deyil.
İnsanlar onların bu sözlərini eşidəndə, “səmalar naminə” işləməyin nə demək olduğunu bildiklərini düşünürlər, çünki əks halda nəsihət verməzdilər. Amma əslində, onlar “əta etmə”nin nə olduğunu belə bilmirlər. Çünki əta etmə əməli təbiətə ziddir. İnsan özünü aşmağın nə qədər çətin olduğunu görəndə, bunu başqasına necə göstərə bilər? O görür ki, sadəcə olaraq Yaradanın böyük Padşah olduğuna inamı yoxdur, yuxarıda deyildiyi kimi. Halbuki təbiətdə kiçik olanın böyüyə xidmət etməsi əvəzi olmadan mümkündür.
“Ümumi” kateqoriyaya aid olan insanlar isə, səmalar naminə işləməkdən danışanda, sözlərin mənasını belə bilmirlər. Onlar bu sözləri tərbiyə dövründə eşidiblər, lakin eşitdiklərini anlamayıblar və buna baxmayaraq, bu sözlərdən şablon kimi istifadə edirlər. Çünki onlar üçün şər tük qədərdir. Müdriklərin dediyi kimi: «Günahkarlara o, nazik bir tük kimi görünür, salehlərə isə uca dağ kimi».
Bu, ona görədir ki, elə bir islah var ki, insan düzəldə biləcəyindən artıq şəri görə bilməz. Buna görə də işdə “günahkarlar” səmalar naminə işləməyə ehtiyacı olmayan, lakin Tövrat və ehkamları öz xeyirləri üçün yerinə yetirənlər adlanır. Buna görə də onlarda özləri üçün alma arzusu olan şər nəzərə çarpır. Bu səbəbdən deyilir ki, onlar üçün şər başlanğıc tük kimidir.
Lakin “salehlər”, yəni əta etmə yolu ilə getmək istəyən və alma istəyini islah etməyə başlayan insanlar, hər dəfə şərin onlarda daha da böyüdüyünü görürlər və bu, nəhayət “uca dağ”a çevrilir. Buna görə də onlar başqalarına nəsihət verə bilmirlər, çünki Yaradanın inamını öz ehtiyacları üçün diləyirlər. Bununla müdriklərin dediyi izah olunur: «Bəla dünyaya yalnız günahkarlar səbəbindən gəlir və yalnız salehlərdən başlayır».