<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 122.“Şulxan Arux”da nə aydınlaşdırıldığını başa düşmək

122.“Şulxan Arux”da nə aydınlaşdırıldığını başa düşmək

4 sentyabr 1942-ci ildə eşidilmişdir

“Şulxan Arux”da nə aydınlaşdırıldığını başa düşmək lazımdır. Çünki qanuna görə insan “qorxulu günlərin” dualarını dəfələrlə öyrənməlidir ki, dua vaxtı gələndə artıq bu duaya alışmış və təcrübəli olsun.

Məsələ ondadır ki, dua ürəkdə olmalıdır, yəni bu, ürəkdə aparılan iş deməkdir. Yəni ürək insanın ağzı ilə dediklərinə razı olmalıdır (əgər belə deyilsə, bu aldatma adlanır, yəni onun ağzı ilə ürəyi bir-biri ilə razı deyil). Buna görə də elul ayı zamanı insan özünü böyük bir işə alışdırmalıdır. Əsas odur ki, o, “Bizi həyat üçün yaz” deyə bilsin. Yəni o “Bizi həyat üçün yaz” dedikdə ürək də bununla razı olsun (ikiüzlülük olmasın), ağzı ilə ürəyi razılaşsın, çünki “insan gözləri ilə görür, Yaradan isə ürəklə görür”.

Buna görə də insan “Bizi həyat üçün yaz” deyə qışqırdıqda — burada “həyat” Həyat Mənbəyinə yapışmaq deməkdir — bu isə məhz insanın tamamilə bəxş etmə üçün işləmək istəməsi ilə baş verir və özünü zövqləndirmə haqqında bütün düşüncələri tamamilə ləğv olunur…

Və o zaman, insan dediyini hiss etdikdə, ürəyi qorxa bilər ki, birdən onun duası qəbul olunar. Yəni onda özü üçün heç bir arzu qalmayacaq. Özünü zövqləndirmə ilə bağlı isə ona belə bir vəziyyət təsəvvür olunur ki, guya o, bu dünyanın bütün ləzzətlərini, bütün insanları, dostlarını, ev əhlini, bütün qazandıqlarını və mal-mülkünü tərk edir. Və heç nə olmayan bir səhraya gedir, orada yalnız vəhşi heyvanlar var. Heç kim onun haqqında və onun mövcudluğu barədə bilməyəcək. Ona elə gəlir ki, bir anın içində bütün dünyasını itirir və həyat sevinci ilə dolu bir dünyanı itirdiyini hiss edir və bu dünyadan ayrılmağı qəbul edir, sanki bu mənzərəni hiss edərkən həyatına son qoyur. Bəzən də Sitra Axra ona vəziyyətini qara rənglərlə təsvir etməyə kömək edir və o zaman bədən bu duanı rədd edir. Belə çıxır ki, onun duası qəbul oluna bilmir, çünki o özü duasının qəbul olunmasını istəmir.

Buna görə də duaya hazırlıq lazımdır ki, insan özünü duaya alışdırsın, sanki onun ağzı ilə ürəyi razılaşır. Bu isə o zaman baş verə bilər ki, ürək vərdiş sayəsində razılaşsın və başa düşsün ki, alma vəziyyəti ayrılıq adlanır, əsas isə Həyat Mənbəyi ilə birləşməkdir, bu isə bəxş etmədir. Və insan həmişə Malxut adlanan işdə səy göstərməlidir, bu isə “yazı” xüsusiyyəti adlanır, çünki bu xüsusiyyət mürəkkəb və qaralıq xüsusiyyətidir. Yəni o, işinin yalnız “Livni və Şimi” xüsusiyyətində olmasını istəməməlidir — yuxarıda deyildiyi kimi, yalnız ağlıq vaxtında Tövratı və ehkamları yerinə yetirmək — əksinə, şərtsiz olaraq həm ağda, həm də qarada onları yerinə yetirməlidir. Hər zaman bu onun üçün eyni olmalıdır, yəni nə olursa olsun, o, Tövratın və ehkamların əmrlərinə tabe olmalıdır.