Yehuda Leib Alevi Aşlaq (Baal Sulam)
245.Dölün yaranmasından əvvəl
Eşidilmişdir 21 iyar, Yerusəlim
Döıün yaranmasından əvvəl bu damla haqqında elan edirlər: o axmaq olacaq, yoxsa ağıllı olacaq..., lakin saleh olacaq, yoxsa günahkar – deyilmir.
Və buna görə də soruşmaq lazımdır: axı axmaq adamın saleh olması mümkün deyil, çünki “insan ruhuna axmaqlıq ruhu daxil olmadan günah etməz”? Və deyildiyi kimi: “Bütün ömrü boyu axmaq olan insanın seçimi necə ola bilər, əgər onun payına axmaq olmaq düşübsə?”
Həmçinin bu sözləri də başa düşmək lazımdır: “Yüksələnləri gördüm və onlar azdırlar”, “O, onları götürüb hər nəslə yerləşdirdi”. Və izah etmək lazımdır ki, “azdırlar” sözü onların sayının getdikcə daha da azalması deməkdir. Və O, onları yerləşdirdiyinə görə onlar çoxalırlar. Və “yerləşdirdi” (yəni “əkdi”) ifadəsinin nə demək olduğunu başa düşmək lazımdır. Həmçinin “azdırlar” sözü indiki zamana işarə edir, belə olduqda bu “əkilənlər” necə çoxalır?
Və izah etmək lazımdır ki, axmaq və ağıllının xatırlanması yalnız hazırlıq mərhələsinə aiddir, necə ki deyilir: “Hikməti müdriklərə verən”. Yəni elə insanlar var ki, güclü arzu ilə, geniş qəlblə və iti ağıl ilə doğulurlar. Və biz belə birini “müdrik” adlandırırıq, çünki o Yaradanın hikmətini qəbul edə bilir.
Bunun əksinə olaraq elə insanlar da var ki, axmaq doğulurlar. Yəni bunlar məhdud insanlardır və bütün düşüncələri və bütün arzuları yalnız özlərinə aiddir. Yaxınını hiss etmək nədir – bunu bilmirlər, çünki yaxınlarına verməyin nə olduğunu anlamırlar. Bəs onlar saleh dərəcəsinə necə çata bilərlər? Axı insan Yaradan sevgisinə çatmayınca saleh ola bilməz. Yaxınına sevgi yoxdursa, Yaradan sevgisinə çatmaq mümkün deyil, necə ki Ravvin Akivanın sözündə izah olunur: “Yaxınını özün kimi sev – Tövratda böyük qaydadır”. Buna görə də belə insanların seçimi yoxdur. Və buna baxmayaraq “saleh olacaq, yoxsa günahkar – deyilmir” – bu isə onların seçimi olduğunu göstərir?
Bunu müdriklərimizin dediyi kimi başa düşmək lazımdır: “Yüksələnləri gördüm və onlar azdırlar”. Burada “yüksələnləri” dedikdə, yuxarıda deyildiyi kimi, Yaradanla qovuşmağa qadir və hazır olan insanlar nəzərdə tutulur və onlar azdırlar. Buna görə də O, onları hər nəslə yerləşdirdi. Buna görə də axmaqların artıq seçimi var: onlar nəslin salehləri ilə birləşə və onlarla qovuşa bilərlər. Bunun sayəsində onlar qüvvə və qabiliyyət alacaqlar və ali Malxutun yükünü öz üzərlərinə götürə biləcəklər. Və müqəddəs işi yerinə yetirə biləcəklər, çünki salehlər öz düşüncələrini və arzularını onlara ötürəcəklər. Nəslin salehlərindən aldıqları bu kömək sayəsində onlar da saleh dərəcəsinə qalxa bilərlər. Onlar doğulduqları təbiətə görə bu xüsusiyyətlərə malik olmasalar da, “yüksələnlərə” qovuşmaqla başqa xüsusiyyətlər alacaqlar.
Belə çıxır ki, O “yüksələnləri hər nəslə yerləşdirdiyinə görə” bu “Yüksələnlərin” öz nəslini ən yüksək zirvəyə qaldırması mümkün olur. Halbuki əgər bu “yüksələnlər” yalnız bir nəsildə olsaydı, axmaqların müqəddəslik yoluna daxil olmaq üçün heç bir imkanı olmazdı.
Buradan “və onları yerləşdirdi” ifadəsində olan düzəlişi başa düşürük: bu “yerləşdirmə” sayəsində “yüksələnlər” çoxaldılar. Necə ki torpağa bir fidan əkirlər və sonra ondan çoxlu pöhrələr çıxır.
Həmçinin seçimin vəziyyətini də başa düşəcəyik. Yəni əgər axmaq doğulursa – başqa sözlə, o yaxınına vermək (əta etmək) xüsusiyyətindən uzaqdır – “yüksələnlərlə” birləşmək vasitəsilə onlardan yeni xüsusiyyətlər alacaq. Onlar öz xüsusiyyətlərini axmaqlara ötürəcəklər, o isə seçim etdikdə, yəni özünü inandırıb gedib bu “yüksələnlərdən” öyüd-nəsihət almağı qəbul etdikdə bunu əldə edəcək. Əks halda Tövrat onlar üçün ölüm cövhəri olur. Yalnız “yüksələnlərlə” birləşmə vasitəsilə onlar Yaradanla qovuşmağa layiq olacaqlar.
Məlumdur ki, üz-üzə duran iki insanın sağ tərəfi o birinin sol tərəfinə, sol tərəfi isə o birinin sağ tərəfinə düşür. Buna görə də iki yol haqqında danışdıqda, birinci – sağ yol – salehlərin yoludur və onların bütün qayğısı yalnız əta etməkdir. Sol yol isə günahkarların yoludur, çünki onların bütün qayğısı öz xeyirləridir. Buna görə də onlar Həyat Mənbəyindən ayrılmışdırlar və ölü sayılırlar, müdriklərimizin dediyi kimi: “Günahkarlar sağlığında belə ölü adlanırlar”.
Buna görə də belə çıxır ki, insan sağ yol ilə öyrənsə belə, hər halda Yaradanın sol tərəfinə qarşı dayanmış olur. Deməli, onun Tövratı onun üçün ölüm cövhərinə çevrilir. Çünki Tövrat və ehkamlar vasitəsilə, əgər o sol xüsusiyyətdədirsə, onun niyyəti bədənini böyütməkdir. Başqa sözlə, bundan əvvəl o yalnız gələcək aləmin həzzləri ilə bədənini doldurmaq istəyirdi. Deməli, Tövrat sayəsində onun alan kli-si böyüyür. Yəni əvvəllər o yalnız “bu dünyanın sərvətlərini” istəyirdi. Sonra isə Tövrat və ehkamlarla məşğul olması sayəsində o həm də “gələcək dünyanın sərvətlərini” istəyir. Deməli, Tövrat onu ölüm vəziyyətinə gətirir, yəni bunun sayəsində o həqiqi almaq arzusunda kamilliyə çatır.
Xüsusilə də o Tövrat və ehkamlarla sol tərəfdən məşğul olduqda, yəni niyyətinin başlanğıcı yalnız almaq olduqda – bu isə sol tərəf adlanır – bu, əlbəttə ki, düzgün deyil. Çünki insan qovuşmağa çalışmalıdır və o zaman Yaradanla bir olur. O zaman sağ və sol haqqında danışılmır və o formaca Yaradanla bənzərliyə gəlir. O zaman onun sağ tərəfi Yaradanın sağ tərəfi olur. Deməli, onun bədəni ruh üçün bir geyim olur. Və o zaman bədənin ehtiyacları ilə məşğul olduqda, ruhun ehtiyaclarından artıq bədənin ehtiyacları ilə məşğul olmayacaq. Necə ki insan bədəninə geyim tikdirdikdə bu geyimi bədənindən uzun və ya geniş etməz, əksinə geyimin bədəninə tam uyğun olmasına çalışar, əks halda onu geyinməz.
Necə ki bir dərzi bir insana kostyum gətirir və insan onu geyindikdə görür ki, paltar çox uzundur və çox genişdir, o zaman həmin insan kostyumu dərziyə qaytarır. Eyni şəkildə insanın bədəni ruhu geyindirməlidir və bədən ruhdan böyük olmamalıdır. Yəni bədənin ehtiyacları ruhun ehtiyaclarından artıq olmamalıdır.
Lakin bilmək lazımdır ki, Yaradanla qovuşmağa gəlmək asan deyil və “hər istəyən gəlib Yaradanı ala bilməz”. Buna görə də nəslin salehlərinə ehtiyac var. Çünki onlar həqiqi müəllimlə qovuşmada olduqları üçün – yəni onların bütün arzusu yalnız əta etməkdir – insan da öz müəlliminə xoş gəlmək üçün hərəkətlər etməlidir. Yəni müəlliminin nifrət etdiyini nifrət etməli və müəlliminin sevdiyini sevməlidir. O zaman o Tövratı elə öyrənə bilər ki, onun Tövratı ölüm cövhəri olmasın.
Və “O onları hər nəslə yerləşdirdi” sözlərinin mənası budur ki, “ yüksələnlərlə” birləşmə vasitəsilə onlar da Yaradanla həqiqi qovuşmaya gələ bilsinlər.
Və səni çaşdırmasın ki, dünyada niyə axmaqlara ehtiyac var. Axı hamı ağıllı ola bilərdi. Lakin hər bir hadisənin bir daşıyıcısı olmalıdır. Buna görə də axmaqlar lazımdır ki, almaq arzusunun daşıyıcısı olsunlar. Bunun sayəsində Yaradanın yolları ilə getmək istəyənlər onlardan kömək ala bilərlər, necə ki deyilir: “Onlar çıxacaq və Mənə qarşı üsyan etmiş insanların cəsədlərini görəcəklər, çünki onların qurdu ölməz və onların odları sönməz və onlar bütün bədən üçün iyrənc olacaqlar”. Müdriklərimizin dediyi kimi, onlar salehlərin ayaqları altında toz olacaqlar. Bunun sayəsində salehlər başa düşəcəklər ki, Yaradan onları yaxınlaşdırdığı üçün Ona həmd və şükür edə bilərlər. Bu isə “salehlərin ayaqları altında toz” adlanır. Yəni onlar günahkarların hansı aqibətə çatdığını gördüklərinə görə irəli gedə bilirlər.