<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

Ruhani işdə sülh nədir

Məqalə 34, 1989

 

Yazıda deyilir: "Buna görə də de: 'Budur, Mən ona Öz sülh əhdimi bağlayıram… Ona  görə ki, o [yəni Pinxas], Öz Qüdrətlisinə görə qısqanclıq hissi yaşadı və İsrail oğullarının günahını kəffarə etdi'". Və başa düşmək lazımdır ki, bu, ruhani işdə nə deməkdir:

  • "Öz Qüdrətlisinə görə qısqanclıq hissi yaşadı" nə deməkdir?
  • "İsrail oğullarının günahını kəffarə etdi" nə deməkdir?
  • "Mənim sülh əhdim" nədir?

Məlumdur ki, işin qaydası elədir ki, insan məqsədin sonuna gəlib çatmalıdır; bu o deməkdir ki, insan Yaradanın məxluqun həzz alması istəyində olan xeyir və həzzin qəbul edilməsinə layiq olmalıdır. Lakin insanın bunu qəbul etməyə layiq olması üçün o, Sitra Axra ilə, İsrail xassəsinə qarşı duran "dünya xalqları" xassəsi ilə mübarizə aparmalıdır.

Çünki İsrail o deməkdir ki, onların bütün əməlləri – Yaşar El, birbaşa Yaradana tərəfdir. Dünya xalqları isə müqəddəsliyə ziddir. Onlar hər şeyi yalnız özləri üçün istəyirlər. Beləliklə, onlar həyat mənbəyindən uzaqdırlar və buna görə də ölü adlanırlar. Necə ki yazılıb: "Tayfaların mərhəməti – xətadır". Və Zoar izah edir ki, "edənlərin bütün xeyri – onlar bunu yalnız özləri üçün edirlər". Yəni onların etdikləri hər şeyi yalnız özləri üçün edirlər. Çünki insan özü üçün almaq istəyi ilə yaradılmışdır və bu, klipadır.

Necə ki "Zoar kitabına Ön sözdə" deyilir: "Və o, on üç yaşınadək bu sistemin əsarətində qalır. Və bu, pozğunluq dövrüdür. On üç yaşından etibarən ehkamlarla məşğul olması sayəsində — Yaradana məmnunluq əta etmək üçün məşğul olduqda — o, özündə kök salmış almaq istəyini tədricən 'əta etmək naminə' dəyişməyə başlayır və bununla da yaradılışın məqsədində olan kökündən müqəddəs ruhu tədricən özünə cəlb edir. Və bu ruh müqəddəs aləmlər sistemindən keçərək bədənə bürünür. Və bu, islah dövrüdür. Və o, Eyn Sofda yerləşən yaradılış məqsədindən gələn müqəddəslik pillələrini getdikcə daha çox əldə edir və dərk edir. Nəhayət ki, onlar insana almaq istəyini öz şəxsi mənfəəti üçün deyil, tamamilə Yaradana məmnunluq əta etmək məqsədilə qəbul etməyə çevirməkdə kömək etməyə başlayırlar. Və bununla da insan Yaradanı ilə forma bərabərliyi əldə edir".

Deyilənlərdən belə çıxır ki, insan özündə forma bərabərliyi xassəsi olması üçün özünü hazırlamalidir. Çünki məhz əta edən kelimin sayəsində o, kamillik, xeyir və həzz əldə edə biləcək. Lakin insanın Yaradana əta etmək üçün əta edən kelim əldə etməsi onun doğulduğu təbiətinə ziddir. Çünki insan tam əksinə, yalnız özü üçün almaq istəyi ilə doğulmuşdur, necə ki yuxarıda deyilmişdir. Buna görə də insan mükafat və cəza naminə işlədiyi bütün o müddət ərzində – ki buna lo lişma deyilir – bədəni işə o qədər də qarşı çıxmır.

Lakin əgər insan Yaradan naminə işləmək istəsə – bu, əta edən kelim əldə etməsi üçün bir vasitə olsun deyə – bu, onun təbiətinə ziddir. Və o zaman bədən ona "kim?" və "nə?" sualları ilə müraciət edir. Bunlar ürəyə və ağıla yönələn suallardır və onlar "kəşfiyyatçılar" (meraglim) adlandırılır. Və hərçənd insan hər dəfə onlara qalib gəlir, lakin işin qaydası elədir ki, bütün iş yüksəlişlərdən və enişlərdən ibarətdir. Və o zaman insan elə bir vəziyyətə gəlib çatır ki, heç vaxt forma bərabərliyinə gəlib çıxa bilməyəcəyindən ümidsizləşir.

Və çox vaxt insan döyüş meydanından qaçmaq istəyir, çünki o, bütün işinin əbəs olduğunu görür. Və artıq ümid etməyə heç nə qalmır ki, keçmişdə gördüyü kimi, nə vaxtsa hər şey yaxşı olacaq. Buna görə də əta etmək işinə başlayan bir çox insanlar bu işin həddindən artıq çətin olduğunu görürlər. Və buna görə də bu işi tərk edirlər. Və deyirlər ki, bu iş yalnız ulular üçündür, onun kimi insanlar üçün deyil.

Və o zaman həmin vaxt gəlir ki, insanın Yaradana qarşı iradları və tələbləri yaranır; o zaman o, Yaradanla razılaşmır və iradlar irəli sürür:

 

1.Nə üçün Yaradan onu elə bir təbiətlə yaratdı ki, onda almaq istəyi olsun?

 

2.Nə üçün Yaradan istəyir ki, o, alan kelimi ləğv etsin?

 

Axı Yaradan xeyirxahdır və xeyir verəndir. Əgər belədirsə, o zaman nə üçün O, bizimlə bizim başa düşdüyümüz tərzdə rəftar etmir? Və bax, bu yüksəlişlər və enişlərdə bizə elə gəlir ki, yüksəliş zamanı biz Yaradan ilə sülh içindəyik və O, dünyanı Xeyirxah və Xeyir Verən kimi idarə edir; eniş zamanı isə idarəetmədə Onun Xeyirxah və Xeyir Verən kimi davrandığını söyləməyə gücümüz çatmır. Buna görə də belə çıxır ki, biz həmişə ziddiyyət içindəyik.

Və həqiqətən də, nə üçün işin qaydası bu qədər çətindir və mütləq yüksəlişlər və enişlər olmalıdır? Buna məlum bir dəlil mövcuddur: "Zülmətdən gələn nurun üstünlüyü". Yəni nura qarşı ehtiyac və çatışmazlıq yoxdursa, nuru almaq qeyri-mümkündür.

Buna görə də, insan daxilindəki dünya xalqlarının xassələrinin Yaradana qarşı necə müqavimət göstərdiyini gördükdə və insan daxilindəki İsrailin nifrət edəninə dözə bilmədikdə – o zaman o, Yaradana görə qısqanclıq hissi yaşadı, özündə olan heç bir enişə baxmır, əlindən gələni edir və daxilindəki günahkarlara qalib gələ bilsin deyə Yaradana kömək etməsi üçün fəryad edir.

Və özünə qalib gəldiyi və döyüş meydanından qaçmadığı sayəsində Yaradan ona söz verir. Yəni onunla əhd bağlayır ki, Yaradandan hədiyyə olaraq – əta edən kelimi aldığı sayəsində onunla Yaradan arasında sülh olsun. Və bu, Onun əhdini, yəni "özü üçün almaq istəyi" adlanan klipanı kəsib atması (koret) deməkdir. Və sünnət yerinin əvəzinə Yaradan ona əta edən kelim verir və bununla da əhd, yəni sülh bağlanmış olur.

Belə çıxır ki, insan Yaradanın xeyrinə işləmək istədikdə, bədənində olan bütün dünya xalqlarının ruhani iş haqqında şər danışdıqlarını gördüyü zaman Yaradana görə qısqanclıq hissi yaşaması vasitəsilə baş verir. Hətta bir çox hallarda insan daxilindəki dünya xalqlarının rəyinə qalib gələrək: "Mən əminəm ki, Yaradan mənə kömək edəcək, necə ki yazılıb: 'Təmizlənməyə gələnə kömək edirlər'"deyəndə, onlar o zaman ona gülürlər və deyirlər: "Sən özün görürsən ki, neçə dəfə demisən ki, Yaradan sənə kömək edəcək, amma sən hələ də işə başladığın həmin vəziyyətdəsən. Və əgər belədirsə, bu yoldan əl çək"

Və burada insana böyük möhkəmlik lazımdır. Çünki o, Yaradana görə qısqanclıq hissi yaşadı. Yəni insan Yaradana dua edir və deyir: "Bizə yox, Yaradan, bizə yox, lakin Sənin adına izzət ver... Nə üçün xalqlar deməlidirlər: 'Haradadır onların Qüdrətlisi?'"

Belə çıxır ki, daxildəki xalqlar Ona güləndə, o, "Mən Yaradana əminəm ki, O mənə kömək edəcək" dedikdə və siz, ey İsrail, Yaradanın sizə kömək edəcəyini dediyiniz zaman onlar "Haradadır onların Qüdrətlisi?" dedikdə, insan məhz o zaman Yaradanın izzəti üçün fəryad edir. Və insan Yaradana görə qısqanclıq hissi yaşayanda, çünki Şxinanın izzətinin qayğısına qalır – bu o deməkdir ki, insan Şxinanın küldə olmasından, yəni dünya xalqlarının əta etmək işini bu qədər alçaltmasına dözə bilmədiyindən kədərlənir. Və bu, Pinxas haqqında yazıldığı kimidir: "Buna görə...: 'Budur, Mən ona Öz sülh əhdimi bağlayıram… Ona görə ki, o, Öz Qüdrətlisinə görə qısqanclıq hissi yaşadı".

Və "Şamati" kitabında (birinci məqalədə) yazıldığı kimi, insanın Yaradanın onu yaxınlaşdırmamasından kədərləndiyi vaxtda da ehtiyatlı olmaq lazımdır ki, bu, onun öz şəxsi hesabına olmasın; yəni Yaradandan uzaq olduğuna görə deyil, çünki belə olarsa o, öz şəxsi mənfəəti üçün alana çevrilər. Alan isə [Yaradandan] ayrılmışdır. Lakin o, Şxinanın sürgün olunmasından, yəni Şxinaya əzab verməsindən kədərlənməlidir. Və insan özünü belə təsəvvür etməlidir: necə ki, əgər insanın hər hansı kiçik bir orqanı ağrıyırsa, ağrı yenə də əsasən beyində və ürəkdə hiss olunur, çünki ürək və beyin insanın mərkəzidir. Yaradandan uzaq olmaqdan insanın hiss etdiyi ağrı da elədir. İnsan müqəddəs Şxinanın yalnız xüsusi bir orqanı olduğundan, çünki müqəddəs Şxina İsrail ruhunun ümumiliyidir, buna görə də xüsusi ağrının hiss edilməsini ümumi ağrının hiss edilməsi ilə müqayisə etmək olmaz. Və bu, Şxinanın əzabı adlanır.

Və insanın kədərlənməsi o deməkdir ki, "o, Öz Qüdrətlisinə görə qısqanclıq hissi yaşadı". Belə bir insana Yaradan deyir: "Mən ona Öz sülh əhdimi verirəm". Və bu sülhün mənası yazıldığı kimidir: "Qulaq asacağam, görüm, Uca Yaradan nə danışacaq, çünki O, Öz xalqına və salehlərinə sülh elan edir və onlar axmaqlığa qayıtmayacaqlar". Yəni o zaman Yaradan onlara sülh ilə müraciət edir. Başqa sözlə, o zaman sülh yaranır, çünki Yaradan ona hədiyyə olaraq əta edən kelim verir. Və o zaman artıq onun qarşısında Yaradanın xeyrinə işləməyə müqavimət göstərə biləcək heç kəsi qalmır.

Halbuki ona sülh əhdi verilməzdən əvvəl dünya xalqlarına aid olan bütün alan kelim-lər insanı Yaradanın xeyrinə işləməkdən ötrü müqavimət göstərirlər. Və bu barədə deyilib: "Qulaq asacağam, görüm, Uca Yaradan nə danışacaq, çünki O, sülh elan edir…, və onlar axmaqlığa qayıtmayacaqlar".

Bu o deməkdir ki, artıq onlarda özləri üçün işləmək istədikləri enişlər olmayacaq. Çünki müqəddəslik yolu ilə getməyən kəs axmaq adlanır. Lakin müqəddəslik yolu ilə, yəni əməllərinin yalnız əta etmək naminə olmasını istəyən kəs xaxam (ağıllı, müdrik) adlanır; mənim atam və müəllimim dediyi kimi: "Kim müdrik adlanır [tərc.: müdrikin tələbəsi]? Yaradandan dərs alan kəs , O, müdrik adlanır". Yəni O, "Necə ki O Mərhəmətlidir, sən də elə Mərhəmətli ol" xassəsini Ondan öyrənəndir. Bu o deməkdir ki, insan Yaradan kimi əta edən olmağı öyrəndiyi vaxtda o, müdrik adlanır. Belə çıxır ki, bunun əksi olan kəs axmaq adlanır.

Belə çıxır ki, insan sülh əhdinə layiq görüldükdə, bu, Yaradana qarşı qısqanc münasibətin təsiri altında baş verir. Deyildiyi kimi, o, daxilindəki dünya xalqlarının müqəddəs işi, yəni Yaradanın xeyrinə olan işi nə qədər alçaltdığını görür.

Və bu barədə deyilib: "Və o, İsrail oğullarının günahını kəffarə etdi". Yəni onun Yaradana qarşı qısqanclıq hissi yaşaması  ilə o istəyir ki, İsrail oğullarının kəffarəsi baş versin, onların Yaradan naminə işləmək gücü olsun. Və bu, Yaşar El xassəsi adlanır, yəni onlar Yaradanın xeyrinə işləyə biləcəklər. Və beləliklə, yuxarıda deyildiyi kimi, Onunla əhdə layiq görüləcək və öz axmaqlıqlarına qayıtmayacaqlar.

Lakin burada çətin bir sual yaranır ki, insan qısqanclıq hissi yaşamağa gücü olmadıqda, kəşfiyyatçıların çağırışını eşidib onların söylədikləri şər sözləri eşitməmək üçün onlardan qaçmaq istədikdə nə edə bilər? Axı o, onlardan nə qədər uzaqlaşırsa, onlar onda dediklərinə qulaq asmaq üçün arzu və ehtiraslı istək oyadırlar. Və bu vaxt o, öz pilləsindən enir və onların hakimiyyəti altına düşür.

Və burada duadan başqa heç bir məsləhət yoxdur. Yəni o, kəşfiyyatçıların rəyinə tabe olmamaq üçün Yaradandan təvəqqe etməlidir. Və yalnız kəşfiyyatçıların fikirləri onun ardınca qaçdığı vaxtda əsas iş baş verir ki, kəşfiyyatçıların ardınca getməsin. Və əslində nə üçün kəşfiyyatçıların iradları üçün yer yaranır? Və cavab yuxarıdakı kimidir, çünki zülmətdən başqa nurun dadını hiss etmək qeyri-mümkündür. Necə ki deyilib "Zülmətdən gələn nurun üstünlüyü".

Midraş Rabada deyilir: "Onun yolları xoş yollardır və bütün cığırları sülhdür. Tövratda yazılan hər şey sülh naminə yazılmışdır. Və baxmayaraq ki, Tövratda müharibələr haqqında yazılıb, lakin müharibələr də sülh naminə yazılıb".

Başa düşmək lazımdır ki, müharibələr haqqında yazılanların sülh naminə olması nə deməkdir. Nə üçün buna görə Tövrat haqqında deyilmişdir: «Onun bütün yolları sülhdür.» Şübhəsiz ki, bunun çoxlu sadə izahları vardır. Lakin ruhani iş baxımından bunu yuxarıda dediyimiz kimi izah etmək lazımdır. Biz soruşmuşduq: kəşfiyyatçıların iddiaları və bütün bu enişlər bizə nə üçün lazımdır?

 

Və izah etdik ki, bunun səbəbi ondadır ki, hər hansı bir şeyi yalnız ona olan ehtiyacdan irəli gələrək başa düşmək mümkündür. Yəni tələbat (xisaron) olmadan dolum ola bilməz. Və belə çıxır ki, Tövratda təsvir olunan bütün müharibələr ruhani işin yollarından danışır. Məlum olur ki, bütün bu müharibələr ruhani işlə bağlıdır. Çünki əgər müharibə yoxdursa, sülhün dadını hiss etmək qeyri-mümkündür, necə ki yuxarıda deyilmişdir ki, yalnız öz şəxsi mənfəəti üçün işləmək istəyən, şər başlanğıcla müharibə baş verdikdə və insan Yaradan naminə işləmək istədikdə, o zaman zülmət anlayışı, yəni yüksəlişlər və enişlər yaranır və məhz o zaman insan üçün Yaradanın ona kömək etməsi üçün tələbat (xisaron) doğulur. Çünki o görür ki, özü eqoist sevginin hakimiyyətindən çıxmaq imkanına malik deyil.

Və o zaman onun həqiqətən də Yaradana ehtiyacı olur ki, O, ona kömək etsin. Və o zaman Yaradan ona "Mənim sülh əhdimi" verir. Necə ki deyilmişdir ki, o zaman Yaradan ona hədiyyə olaraq – Yaradanla birləşməyə layiq görüldüyü əta edən kelimi verir. Və o zaman "Yaradanını bütün ürəyinlə sev" deyilənlər yerinə yetirilir, necə ki müdriklər izah etmişlər: "İki başlanğıcınla, xeyir başlanğıc və şər başlanğıc ilə". Və bu, "Mənim sülh əhdim" adlanır.