Rabaş

Göz yaşları qapıları bütün digər qapılardan nə ilə fərqlənir

3.Göz yaşları qapıları bütün digər qapılardan nə ilə fərqlənir

 

Məqalə 3, 1989

 

Müdriklərimiz deyiblər (Braxot traktatı, 32:2): "Ravvin Elazar dedi: Məbədin dağıldığı gündən bəri dua qapıları bağlandı... və dua qapılarının bağlanmasına baxmayaraq, göz yaşları qapıları bağlı deyil". Və sual yaranır: əgər göz yaşları qapıları bağlı deyilsə, bağlanmayan qapılar ümumiyyətlə nəyə lazımdır?

Görürük ki, kiçik uşaqlar nəsə istəyəndə ağlayırlar. Tutaq ki, kimsə görür ki, uşaqlar nəsə oynayırlar və bir uşaq digərindən nəsə qoparır, o biri isə ağlayır; hər halda, yoldan keçənlər buna fikir vermirlər, çünki hamı bilir ki, indi onlar bir-biri ilə dalaşırlar, sonra isə yenə barışacaqlar. Nəticədə uşaq ağlamasına heç kim fikir vermir.

Eyni zamanda, əgər küçə ilə gedən adam böyükdürsə və hamı onun ağladığını görürsə, bu, yoldan keçənlərin diqqətini oyadır ki, o niyə ağlayır. Axı aydındır ki, böyük adam boş şeylərə görə ağlamayacaq, buna görə də böyük adamın ağlaması belə bir suala gətirib çıxarır: "Bəlkə mən ona nədəsə kömək edə bilərəm?"

Ruhani işdə də belədir. Tövratı və ehkamları bütün incəlikləri və təfərrüatları ilə yerinə yetirən və özləri haqqında allahdan qorxan və kamil olduqlarını düşünən insanlar var; amma aydındır ki, müdriklərin sözlərini yerinə yetirmək lazımdır: "Mümkün olduğu qədər ruhən təvazökar ol", – bu da onları böyük iş görməyə məcbur edir, çünki özlərinə təvazökar olduqlarını deməyə imkan verəcək hansısa çatışmazlığı müstəqil şəkildə axtarmalıdırlar.

Məsələn, bir dəfə eşitdim ki, bir nəfər salehdən (talmid-xaxamdan) soruşur: necə ola bilər ki, o, özünün alçaq olduğunu və günahlarının olduğunu deyir, halbuki özü görür ki, dünyada onun kimi alimlər və allahdan qorxan insanlar azdır. Belə çıxır ki, alçaq olduğunu deməklə yalan danışır. O isə cavab verdi ki, müdriklərə inanır – onlar deyiblər ki, insan qeybətin "tozundan" xilas ola bilməz, buna görə də onda artıq bir çatışmazlıq var. Belə çıxır ki, özünün kamil olduğunu bilən ona bənzər insan Yaradanın ona Tövrat və ehkamlarla məşğul olmaq üçün güc verməsi barədə ağlayanda, əsas olan şeyə görə – Yaradanın onu Tövrat və ehkamlara yaxınlaşdırması üçün – ağlamır, ona prinsip etibarilə kamil olduğu şeyə müəyyən bir əlavə çatışmır. Və üç axınla hönkür-hönkür ağlasa da, ifrat şeylərə görə ağladığı üçün heç kim onun hönkürtüsünə baxmayacaq.

Belə çıxır ki, bu insanın qarşısında göz yaşları qapıları dayanır, onlar bağlıdır və duasının içəri girməsinə imkan vermir. Bunun səbəbi odur ki, maddidə olduğu kimi, heç kim ifrat şeylərə görə ağlamır, ağlamaq isə [yalnız] həyatən zəruri olan şeylərinə görə ola bilər.

Və bu, xaricdən gəlib hansısa şəhərə və ya kəndə düşən adam haqqında məsələ bənzəyir; kənd şurası bu kənddə yaşayış yeri vermək müqabilində ondan, tutaq ki, on min dollar istəyir. Bu yəhudinin isə tələb olunan məbləği yoxdur, o, ravın yanına gedir və ürəyini ona boşaldır; rav da ona söz verir ki, şənbə günü Tövrat oxunuşundan əvvəl icma qarşısında çıxış edəcək, İsrail xalqı isə şübhəsiz ki, "əgər tələb olunursa – verirlər". Və belə də oldu. Rav səsini ağlamaq həddinə qaldırdı və ağı dedi: "Rusiyadan gəlmiş, uşaqlarla yüklənmiş və bu qədər şey yaşamış adam necə [əzab çəkir], indi isə nə evi var, nə də qazancı! Və belə bir adamı biz xilas edə bilərik!" Ravın ağlaması icmaya təsir etdi və onlar tələb olunan məbləği verdilər.

Altı ay sonra isə rav Tövrat oxunuşundan əvvəl yenə icmanın qarşısına çıxdı və yenə ağlamağa və ağı deməyə başladı: "Mərhəmətli yəhudilər! İndi mənə də on min dollar lazımdır, çünki mənim rabanitim bir toyda idi, orada Amerikadan bir rabanit var idi və onun on min dollar dəyərində brilyant üzüyü var idi, rabanit də istəyir ki, mən də ona elə bir üzük alım". Rav ağlamaqda səsini ucaltdı, amma icmadan heç kim rabanit üçün üzük xatirinə pul təklif etmədi. Və o, daha bərk ağlamağa başladı, ta ki camaat onun hönkürtüsünə gülməyə başladı. O da icmadan soruşdu: "Niyə sadə bir adam üçün pul yığmağa gələndə hər kəs bütün qəlbi ilə verdi. İndi isə alim (talmid-xaxam) üçün pul istəyirəm, üstəlik mən ravam. Bəs Tovrata hörmət hanı və niyə mənə kömək etmirsiniz?"

Və əxlaqi nəticə bundan ibarətdir ki, insan ağlayarkən və onun göz yaşları həyati zərurətdən qaynaqlanarkən, yəni Yaradanın qarşısında fəryad edib ağlayarkən, Ondan ona kömək etməsini diləyərkən ki, o,sadə bir insan olmaq istəyir və hətta alim (talmid-xaxam) olmaq da istəmir. Ona yalnız Yaradanın varlığına inanan və «Yaradanı, Rəbbini bütün qəlbinlə və bütün canınla sev» əmrini yerinə yetirmək imkanı olan adi bir yəhudi olmaq kifayətdir.

O, eqoist sevgiyə qərq olmaq istəmir. Çünki sadə bir insan olmaq, yəni həmişə Yaradanı sevmək istəyinə malik olmaq, öz mənfəəti naminə çalışmamaq istəyir. Lakin görür ki, eqoist sevgiyə öz gücü ilə qalib gəlmək üçün heç bir qüvvəsi yoxdur və etdiyi hər şeyi yalnız öz mənfəəti naminə edir.Bəs o, hansı mənada yəhudi adlanır, əgər hətta Şma duasını oxumağı belə yerinə yetirə bilmir? «Yaradanı, Rəbbini sev» dedikdə isə bunun nə qədər uzağında olduğunu görür.O, məhz buna görə ağlayır. Görür ki, həqiqətdən heç olmasa kiçik bir paya nail olmaq üçün artıq əlindən gələni edib, duası ilə bütün qapıların qarşısında dayanıb, lakin bütün qapıların bağlı olduğunu görür.

O zaman, iztirablara dözə bilmədiyi üçün ağlamağa başlayır. Bu göz yaşları göz yaşları qapısına çatdıqda görür ki, bu qapılar bağlı deyil. Çünki o, artıq malik olduğu Tövrat və ehkamlardakı (mitsvalardakı) nailiyyətlərinə əlavə olaraq nəyisə əldə etməyi, yəni artıq olanına daha artığını istəmir. O, sadəcə Yaradanın varlığına inanan və Onu sevən, eqoist sevgiyə qərq olmayan bir yəhudi olmaq istəyir.

Lakin Yaradanın xatirinə heç nə etməyə qadir olmadığı üçün özünü heç yəhudi də hesab etmir.

Yəni özündən soruşur: "Mən Yaradana inanıram və O çox ücadır, bununla belə görürəm ki, Yaradanın xeyrinə öz şəxsi mənfəətimdən imtina etməyə qadir deyiləm. [Bu, necə ola bilər?]" Beləliklə, fəryad edir və ağlayır, çünki Yaradana həqiqətən inanmaq və bunun boş sözlər olmaması üçün ona sadəcə inam çatışmır. Bu, sanki hansısa ovsun oxuyub Yaradana inamı öz üzərinə götürmüş kimi bir şeydir, amma əslində "Budur, ali malxutun hakimiyyətini öz üzərimə götürürəm" sözlərini deməkdən onda heç bir coşğu yoxdur və hər şeyi öz şəxsi mənfəəti naminə edir, Yaradanın xeyrinə [nəsə etməyə] isə heç bir gücü yoxdur. Belə bir insanın qarşısında deyilir: "göz yaşları qapıları bağlı deyil", – çünki o, yuxarıdakı rav və rabanitinə brilyant üçün pul verilməsini xahiş edən talmid-xaxam haqqında məsəldəki kimi ifrat şeylər deyil, həyati zəruri olan bir şey haqqında xahiş edir.

Buradan belə çıxır ki, [müdriklərin] "göz yaşları qapıları bağlı deyil" sözlərinə qarşı bizim "Əgər onlar bağlı deyilsə, qapılar ümumiyyətlə nəyə lazımdır?" sualımızın cavabı budur ki, göz yaşları qapıları ifrat şeylərə görə ağlayanların üzünə bağlıdır, çünki onların göz yaşları boş şeylərə ağlayan uşağın [göz yaşlarına] və ya yuxarıdakı rav haqqında məsəldəki [göz yaşlarına] bənzəyir. Həyati zəruri olan şeylər üçün ağlayan insanda isə vəziyyət tamamilə başqadır. Yəni söhbət hər kəsə aid olan məsələlərdən gedir. O görür ki, həyatla ölüm arasında qalıb. Çünki müdriklərin sözlərinə inanır: «Günahkarlar sağ ikən ölü adlanırlar». Bunun səbəbi onların Yaradanla qovuşma halında olmamalarıdır, çünki onlar eqoist sevgiyə qərq olublar. Bu isə həyat mənbəyindən ayrılıq halı hesab olunur və buna görə də onlar ölü adlandırılırlar.Beləliklə, məlum olur ki, o, sadəcə ona həyat verilməsini diləyərək ağlayır. Aydındır ki, ölümdən qorxduğu üçün həyat diləyən insan qəlbinin dərinliyindən ağlayır və onun duası boş göz yaşlarından ibarət deyil.

Lakin zahirən heç kim ayırd edə bilməz ki, o, uşaqların ağladığı kimi boş şeylərə ağlayır, yoxsa yuxarıdakı məsəldəki rav kimi. Bununla belə, yuxarıda bilirlər ki, xahişinin yerinə yetirilməsi üçün insan nə təvəqqe edir, axı yuxarıdan ifrat şeylər verilmir, çünki aydındır ki, veriləni qoruyub saxlaya bilməyəcək və bunların hamısını Sitra Axra alacaq.

Buna görə də əgər insan görsə ki, xahişi eşidilməyib, müraciət etdiyi təvəqqeyə yenidən baxmalıdır və yoxlamalıdır ki, həqiqətən ali mərhəmətə ehtiyacı var, yoxsa ona sadəcə hansısa ifrat şeylər çatışmır. Və insan inanmalıdır ki, duasını həyatən zərurət əsasında qurduqda duası qəbul olunacaq. Yuxarıda deyildiyi kimi, insan həyatının xilasını təvəqqe edəndə "göz yaşları qapıları bağlı deyil", ki "günahkarlar sağlığında ölü adlanırlar" vəziyyətində qalmasın, əksinə, Yaradanla qovuşmağa layiq görülsün.

Və bu, ağam, atam və müəllimimin "dua qapıları bağlandı, göz yaşları qapıları bağlı deyil" sözlərini izah etdiyi ruhdadır. İzah isə belədir: göz yaşları qapıları nə vaxt bağlı olmur? O vaxt ki, insan artıq bütün qapılardan keçib və görür ki, onların hamısı üzünə bağlıdır. Onda, bu vəziyyətdə insandan qəlbinin dərinliyindən hönkürtü qopur. Və insan bütün qapıların bağlı olduğunu və Yaradana yaxınlaşmağa nail olmaq üçün heç bir ümidinin olmadığını gördükdən sonra onda açılan bu hönkürtü və göz yaşları elə təsir edir ki, göz yaşları qapıları bağlanmır.

Eyni zamanda, insan bütün qapıların bağlı olduğunu görməzdən əvvəl sadəcə göz yaşları qapılarında qəbul oluna bilməz. Buna görə belə insanın qarşısında göz yaşları qapıları həqiqətən bağlıdır, çünki onda hələ Yaradanın onu yaxınlaşdırmasını istəməsi üçün həqiqi xisaron yoxdur. Çünki düşünür ki, müqəddəsliyə öz gücü ilə də yaxınlaşa bilər. Belə olan halda onun duası tam deyil, [tam o zaman olacaq ki,] Yaradanın köməyinə həqiqətən ehtiyacı olacaq.

Və deyilənlərdən biz ("Neila" duasında) xahiş etdiyimiz bu sözləri izah edə bilərik: "Qapıların bağlandığı anda bizə qapıları aç". Və başa düşmək lazımdır ki, niyə məhz qapıların bağlandığı anda Onun bizə qapıları açmasına ehtiyacımız var; axı bütün günü dua etmişik, bəs niyə bu təvəqqemizin qəbul olunması üçün kifayət deyil, biz isə Onun bizə yalnız indi, qapıların bağlandığı anda açmasını xahiş edirik – sanki yalnız indi dua edə bilərik, halbuki bundan əvvəl dualarımız kifayət deyildi.

Məsələ ondadır ki, biz iki dua ilə dua etməliyik:

1.İnsan öz şəxsi ehtiyacları üçün Yaradana dua etməyə gələndə hələ nəyin ona çatışmadığını bilmir. Yuxarıda deyildiyi kimi, təvəqqesinin eşidilməsi üçün Yaradanın qarşısında üç axınla hönkür-hönkür ağlaya bilər, amma yuxarıdakı uşaqlar haqqında nümunədə və ya rav və Tövrat bilicisi haqqında məsəldə deyildiyi kimi boş şeylərə dua edir. Buna görə də insanın birinci duası o olmalıdır ki, Yaradan ona həqiqətən nəyin çatışmadığını bildirsin, nə xahiş edəcəyini bilsin.

Və Roş a-Şana və Yom Kipurda "Musaf" duasında dediyimiz kimi: "Sənin qarşında duran xalqının, İsrail evinin elçilərinin dilləri ilə ol ki, xalqın, İsrail evi üçün dua və yalvarış yüksəltsinlər. Onlara nə deyəcəklərini göstər, nə tələffüz edəcəklərini anlat, təvəqqe etdiklərinə cavab ver, necə tərifləyəcəklərini bildir..."

Məlumdur ki, ruhani iş baxımından danışanda hər bir insan kiçik bir dünyadır. Buna görə "Sənin xalqın, İsrail evi" "insanın özü" mənasını verəcək, "Sənin xalqının, İsrail evinin elçisi" isə insanın Yaradanın onu xilas etməsi üçün dua etməsi və təvəqqe etməsi mənasını verəcək. Dua edən insana insanın özünün elçisi deyilir, insanın özü isə yuxarıda deyildiyi kimi "Sənin xalqın, İsrail evi" adlanır. Və biz dua etməliyik ki, elçimiz nə barədə dua edəcəyini bilsin, çünki insan həqiqətən nəyin ona çatışmadığını bilmir və Yaradan insana nəyin əsas, nəyin ikinci dərəcəli olduğunu bildirməlidir – başqa sözlə desək, yuxarıda deyildiyi kimi, nəyə həyati zəruri və nəyə ifrat şeylər deyilir.

Buna görə biz elçilər üçün dua etməliyik: "Onlara nə deyəcəklərini göstər, nə tələffüz edəcəklərini anlat, xahiş etdiklərinə cavab ver..." Və beləliklə, Yaradanın bizə nə barədə dua edəcəyimizi bildirməsi üçün dua edirik. Qapıların bağlandığı anda isə inanırıq ki, bizdə artıq bilik var – başqa sözlə desək, nə barədə dua edəcəyimizi artıq başa düşürük, yəni bizə çatışmayan əsas şey barədə dua etməyi artıq bacarırıq.

 

2. Bu anda duanın ikinci növü başlayır. Burada insanın həqiqi göz yaşları axıtdığını, yəni həqiqi ehtiyacından qaynaqlanan göz yaşları tökdüyünü demək olar.Biz də məhz bunun üçün dua edirik: «Qapıların bağlandığı anda bizə qapıları aç».Qapıların bağlandığı anda biz inanırıq ki, artıq yuxarıdan nəyin barəsində dua etməli olduğumuz ə biliyini əldə etmişik. Buna görə də deyirik: «Qapıları bağlama».Sanki indi, bütün dualar gününün sonunda, nəhayət, həqiqi dua ilə müraciət edə bilərik.

Bunu Roş ha-Şana və Yom Kipurda dediyimiz sözlərlə izah etmək lazımdır: «Hamı inanır ki, O, pıçıltıya cavab verir, geri dönənlərin döydüyü qapıları açır».Və anlamaq lazımdır: nə üçün Ondan bizim üçün qapıları açmasını diləməliyik? Axı çox sadə bir məsləhət var: insan qaldırdığı dua ilə bağlı bir damla göz yaşı töksün. Məlumdur ki, göz yaşları qapıları bağlı deyil. Beləliklə, insanın bir yolu var: ağlamaq. O, qapıların açılması üçün Ondan bir lütf göstərməsini diləməyə məcbur deyil. Belə olan halda, nə üçün insan bu sözlərə inanmalıdır: «Hamı inanır ki, O, pıçıltıya cavab verir, geri dönənlərin döydüyü qapıları açır»? Axı onun yaxşı bir yolu var: Mənbəyə qayıdan insan qoy acı göz yaşları ilə ağlasın, çünki bu qapılar bağlı deyil.

Lakin yuxarıda deyildiyi kimi, əvvəlcə insan nəyin çatışmadığını, həqiqətən nəyə ehtiyacı olduğunu anlamaq üçün dua etməlidir. O zaman yuxarıdan ona bildirirlər ki, onun çatışmazlığı artıq nələri isə əldə etməkdə deyil. Əksinə, Zoar kitabında «günahını bildikdə» ayəsi haqqında deyildiyi kimi, Yaradan ona tövbə etməli olduğu günahı bildirir. Yəni çatışmayan şeyi yenidən özünə qaytarmalıdır.

Beləliklə, insan artıq «Günahkarlar sağ ikən ölü adlanırlar» mənasında günahkar olduğunu bildikdə, yəni artıq almaq istəyinin hakimiyyəti altında olduğunu və buna görə də həyat mənbəyindən ayrıldığını dərk etdikdə, indi qapını döyür və qayıtmaq istəyir. Başqa sözlə, o istəyir ki, yuxarıdan ona kömək göstərilsin, eqoist sevgidən çıxmağa qadir olsun və Yaradanı «bütün qəlbi ilə və s.» sevmək imkanı əldə etsin. Beləliklə, o hiss edir ki, günahkardır, çünki Yaradanı sevmək əvəzinə özünü sevir.

Belə çıxır ki, qapını döyməklə, bizim anladığımız kimi, insan Yaradanın onu Özünə yaxınlaşdırması və öz daxilindəki şərin hakimiyyətindən çıxarması üçün əlindən gələni edir. Məhz buna həqiqi göz yaşları deyilir.Yuxarıda aydınlaşdırdığımız kimi, «Qapıların bağlandığı anda bizə qapıları aç» sözlərinin mənası da budur. Yəni insan bütün qapıların bağlı olduğunu gördükdə qapını döyməyə başlayır.Beləliklə, qapıların bağlandığı anda, yəni insan artıq dua etdikdə və ona günahın səbəbi bildirildikdə, o, həqiqi göz yaşları axıtmağa başlayır. Başqa sözlə, həmin anda onun yeganə arzusu sadəcə yəhudi olmaqdır. O zaman onun qapını döyməsi göz yaşları hesab olunur. Buna görə də deyilir: «Geri dönənlərin döydüyü qapıları açan».