<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Ruhani  işdə "Gizli olan – Yaradana, aşkar olan isə bizədir" nə deməkdir

 

Barux Şalom Halevi Aşlaq (Rabaş)

Ruhani  işdə "Gizli olan – Yaradana, aşkar olan isə bizədir" nə deməkdir

Məqalə № 24, 1988-ci il

 

Müqəddəs Yazılarda deyilir (Nitsavim fəsli, üçüncü): "Gizli olan – Yaradana, bizim Uca Rəbbimizə, aşkar olan isə əbədi olaraq bizə və övladlarımıza – bu Tövratın bütün sözlərini yerinə yetirək deyə". Və başa düşmək lazımdır ki, bu bilik bizə nə verir. Məgər kimsənin ağlına gələ bilərmi ki, gizli olanı insan dərk edə bilər? Əgər gizli olanı dərk etmək bizə verilibsə, onda Yaradan onu nədən bizdən gizlətmişdir? Bundan əlavə, başa düşmək lazımdır ki, "gizli" sözü nə deməkdir – bu bizə nəyə işarə edir ki, biz bunu araşdırmamalıyıq, çünki bu, Yaradana, bizim Uca Rəbbimizə aiddir?

Məlumdur ki, "Çıraqları yandırdığın zaman" ayəsini Raşi belə izah edir: "Yandırdığın zaman (sözbəsöz: ucaltdığın zaman)" – ürəyin ucalmasının əlaməti kimi... yəni elə yandırmaq lazımdır ki, alov öz-özünə qalxsın". Və başa düşmək lazımdır ki, yandırmağın o cür olmalıdır – yəni alovun öz-özünə qalxana qədər yandırılmalı olması bizə nəyi göstərir? Aydındır ki, əgər çıraq lazımınca yanmırsa, yalnız insan onu yandırdığı müddətdə yanırsa, deməli, o, öz-özünə yanana qədər gözləmək lazımdır. Belə olan halda, onlar [yəni müdriklər] "Alov öz-özünə qalxana qədər" deyərkən bizə hansı yeni bir şeyi xəbər verirlər?

Menoranın (şamdanın) quruluşu haqqında Yazı deyir: "Və budur şamdanın quruluşu: o, vahid qızıl külçədən döyülüb düzəldilmişdir". Raşi isə "vahid külçə"nin nə demək olduğunu belə izah edir: "Bu, qızıl külçə parçası idi ki, [şamdanın] hissələrini səliqəli və düzgün hala gətirmək üçün onu çəkiclə döyür və qayçı ilə kəsirdilər, o isə ayrı-ayrı hissələrin birləşdirilməsi vasitəsilə yığılmamışdı". "Şamdanı belə düzəltdi". Raşi izah edir: "Yaradanın sayəsində o, öz-özünə əmələ gəldi". Və başa düşmək lazımdır: əgər şamdan öz-özünə əmələ gəlibsə, onda nə üçün çəkiclə döymək və qayçı ilə kəsmək lazım idi? Axı aydındır ki, əgər Yaradan şamdanı yaradırsa, sadəcə bir qızıl külçə götürmək kifayət idi və o, öz-özünə yaranardı. Bəs onda nə üçün [ona] zərbələr endirmək lazım idi?

Məlumdur ki, insanın təbiəti elədir ki, o, yalnız öz şəxsi xeyri üçün almaq istəyir və əgər bunun müqabilində öz şəxsi xeyri üçün bir şey əldə etmədiyini görsə, heç bir iş görməyə qadir deyildir. Zoar kitabında "Zəlinin iki qızı var – 'Qav! Qav!' ('Ver! Ver!')" ayəsi ilə əlaqədar deyildiyi kimi. Zoar kitabı bunu belə izah edir: "Zəlinin iki qızı var – it kimi qışqıraraq deyirlər: 'Bizə bu dünyanın səadətini və gələcək dünyanın səadətini ver'". Başqa sözlə, insan harada bir həzz əldə edə biləcəyini görürsə, oraya qışqırır: "Qav! Qav!", – bu : "Ver! Ver! deməkdir.Mən bunu bütün qəlbimlə və ruhumla qəbul edirəm".

Məlum olduğu kimi, bizə Yaradanı sevmək ehkamı verilmişdir, necə ki deyilir: "Yaradanı, sənin Uca Rəbbini bütün qəlbinlə, bütün ruhunla və bütün varlığınla sev". Lakin bunu necə yerinə yetirmək olar, axı bu bizim təbiətimizə ziddir?

Müdriklərimiz "Və onlara Seirdən nur saçdı" ayəsini belə izah edirlər: əvvəlcə O, Esavın oğullarına müraciət etdi ki, Tövratı qəbul etsinlər, lakin onlar istəmədilər. "Paran dağından zühur etdi" – yəni ora istiqamətləndi və İsmayılın oğullarına müraciət etdi ki, onu qəbul etsinlər, lakin onlar da istəmədilər. Yəni onların hamısı soruşurdu ki, orada nə yazılıb. Esavın oğulları istəmədilər, çünki orada yazılmışdı: "Öldürmə", Esav haqqında isə deyilmişdir: "Qılıncınla yaşayacaqsan". İsmayılın oğulları haqqında da həmçinin: "Zina etmə!" yazıldığı üçün onlar da istəmədilər. O ki qaldı İsrail oğullarına, O, onlara gəldikdə onlar dedilər: "Edəcəyik və eşidəcəyik!".

Və başa düşmək lazımdır: məgər İsrail xalqındakı şər başlanğıc həqiqətən də şər keyfiyyətlərdən imtina etməyə razıdırmı? Belə olan halda, onların "Edəcəyik və eşidəcəyik!" deməsi nə deməkdir? Bunu belə izah etmək lazımdır ki, İsrail xalqı öz şər başlanğıcının Tövrata qarşı çıxdığını, yəni Tövratın ehkamlarını yerinə yetirmək istəmədiklərini gördükdə, məhz o zaman dedilər: biz bunu zorla, yəni məcburiyyətlə edəcəyik, baxmayaraq ki, bizim şər başlangıcımız [buna] razı deyil.

Ancaq başa düşmək lazımdır ki, kimsə başqasına nəyisə məcburiyyətdən verəndə bunun nə dəyəri var? Demək olarmı ki, o bunu sevgidən verir? Axı o, onu sevmir! Belə olan halda, bu, hədiyyəni verməyin səbəbi ola bilməz, çünki sevgi birinin digərinə yaxşı şeylər verməsi ilə əldə olunur və o zaman hədiyyələri alan təbii olaraq verəni sevməyə başlayır, lakin verən bu hədiyyəni vermək sayəsində alanı sevməyə başlamır. Belə olan halda, İsrailin "şər başlanğıc razı olmasa belə, biz bunu zorla edəcəyik" deməsinin nə mənası var? Və bunun sayəsində "Yaradanı, sənin Uca Rəbbini sev və s." ehkamı necə yerinə yetəcək?

Müdriklərimiz dedilər: İsrail "Edəcəyik və eşidəcəyik" dediyi vaxt Yaradan dedi: "Bu sirri mənim oğullarıma kim açdı ki, xidmət edən mələklər bundan istifadə edirlər, necə ki deyilir: '[Yaradanı alqışlayın, Onun mələkləri,] qüdrətilə güclü olanlar, Onun sözünə əməl edənlər, [Onun sözünün səsini eşitmək üçün]’ – [əvvəlcə əməl edənlər], sonra isə Onun sözünün səsini eşitməyə layiq olanlar". Buradan belə çıxır ki, "etmək" sözü "qüdrətilə güclü olanlara", yəni dəfetmə xassəsinə aiddir, baxmayaraq ki, özü üçün almaq təbiətinə malik olan bədən buna razı deyil. Və sonra, şər başlanğıc istəməməsinə baxmayaraq, dəf  "edərək", onlar Onun sözünün səsini eşitməyə layiq olurlar, "eşitdim" isə "mənə uyğundur" deməkdir, necə ki müdriklər demişlər: "Eşitmədim, yəni mənə uyğun deyil" (Eruvin traktatı, 102:2).

Və buna əsasən, onların "edəcəyik" deməsinin sadə izahı budur ki, bu,dəfetmə , məcburiyyət gücü ilədir, sonradan isə "eşidəcəyik" xassəsinə, yəni bu şeyin uyğun və qəbul olunmuş hala gəlməsinə layiq olacağıq. Yəni bu, bizim üçün uyğun və qəbul olunmuş olduqda, aydındır ki, biz hər şeyi sevgi və sevinclə edə biləcəyik və o zaman hər şey məcburiyyətlə deyil, istəklə olacaq.

Və buradan belə nəticə çıxır ki, "Bu sirri mənim oğullarıma kim açdı?" sözlərini başa düşmək üçün onların "Edəcəyik və eşidəcəyik" dediklərinin sirrini anlamaq lazımdır – çünki O soruşur: "Bu sirri kim açdı?". Ancaq başa düşmək lazımdır ki, ruhani işdə sirr nəyə deyilir. Sirr o şeyə deyilir ki, açıqlanmayıb, lakin biz inanmalıyıq ki, bu şey burada mövcuddur; yəni burada elə bir şey var ki, biz onu bilmək istəyirik və bilməliyik, əgər onu bilmək tələbatımız yoxdursa, deməli, o həmin insan üçün sirr adlanmır.

Bu, iki nəfərin öz aralarında sakit danışığını görən adama bənzəyir; aydındır ki, onlar bunu onun eşitməməsini istəyirlər, lakin əgər onlar haqqında danışmırlarsa, o, onların nə danışdıqlarını bilmək istəmir və hər halda, onların danışdıqları onun eşidilməsində maraqlı olacağı sirr hesab olunmur. Hətta ona desələr belə, o yenə də eşitmək istəməz, çünki hər bir insanın özünü maraqlandıran şəxsi işləri var. Lakin , onların onun barəsində danışdıqlarını düşündükdə, bunu bilməkdə maraqlı olur, çünki bu, onların onun bilməsini istəmədikləri bir sirrdir.

Ruhani işdə də hər şey maddi [aləmdə olduğu] kimi baş verir. Məsələn, insan Tövratı dini qanunlar müstəvisində öyrəndikdə demək olar ki, Tövrat ona heç bir sirr, bilmədiyi hər hansı bir şey xəbər vermir, əksinə, Tövrat ona ehkamları necə yerinə yetirmək qanunlarını öyrədir. Lakin o, Tövratda danışılan rəvayətləri və ya sadəcə olaraq müdriklərin rəvayətlərini öyrəndikdə, əgər Tövratın onun haqqında danışdığına inanırsa və öyrəndiyi Tövrat sözlərinin onun keyfiyyətləri ilə hansı əlaqədə olduğunu bilmirsə, və orada nə yazıldığını bilmək istəyirsə – onun bilmək istədiyi bu şey hazırda "sirri" öyrənir adlanır. Yəni hər hansı bir şeyin sirr adlanması üçün iki şərt mövcuddur:

 

  1. Onun söhbətin özündən gedəcəyinə inanması;
  2. Tövratın onun haqqında nə danışdığını bilməkdə maraqlı olması. Yəni Tövratın onun ehtiyacları ilə bağlı olan şeylərdən danışması. Yalnız bu halda ruhani işdə buna "sirr" deyilir.

 

Və deyilənlərdən biz başa düşə bilərik ki, Yaradan nə üçün dedi: "Bu sirri mənim oğullarıma kim açdı?". Bu o deməkdir ki: mənim oğullarıma o sirri kim açdı ki, məcburiyyətlə "eşitdim" xassəsinə layiq olacaqlarına inandılar, yəni əvvəllər zorla, məcburiyyətlə olan şey sonradan istəklə olacaq.

Belə çıxır ki, "əməl" inam adlanır; yəni əməldən sonra "eşidəcəklərinə" inanaraq, onlar hətta məcburiyyət zamanı da elə bir əminlik əldə etdilər ki, bu da onlara əməlləri sevinclə və sevgi ilə yerinə yetirməyə imkan verdi və bunun sayəsində onlar "eşitmək" xassəsinə layiq ola bildilər.

Bununla belə, ruhani işə münasibətdə "dünya xalqları" dedikdə, inandırma qabiliyyətinə malik xarici ağılla işləmək istəyən və insanda olan o hissələr başa düşülür ki, onlar "İsrail" xassəsinə aid deyillər. Ağıl onlara bunun edilməyə dəyər olduğunu nə qədər başa salırsa – yəni ağıl onları inandırır ki, bunu etmək lazımdır – onlar o qədər də işləməyə hazırdırlar. Lakin bilik üzərində inama gəldikdə – yəni ağıldan çıxış edərək onlar görürlər ki, insanın özü tərəfindən almaq istəyini ləğv etmək qeyri-mümkündür – lakin inanmaq lazımdır ki, əgər Yaradan bizə bu işi – əta etmək üçün işləməyi – veribsə, O, şübhəsiz ki, bunun həqiqətən də edilə biləcəyini bilirdi və yalnız biz kiçik ağlımızla bunun necə ola biləcəyini başa düşmürük, çünki bu, yuxarıdan sadəcə bir möcüzədir. Lakin Yaradan şübhəsiz bilirdi ki, biz həqiqətən də bu səviyyəyə gəlib çıxa bilərik. Hərçənd biz bunun necə olacağını bilmirik. Belə şeylərə onlar inana bilmirlər. Və buna "dünya xalqları" xassəsi deyilir.

Ancaq İsrail xassəsi dedikdə, dəf edib bilik üzərində inama gələ bilənlər başa düşülür. Buna görə də İsrail xassəsinə aid olanlar inanırlar ki, əta etmək xassəsi insanlar üçün bir sirrdir, yəni onlar əta etmək gücünə necə gəlib çıxacaqlarını bilmirlər, lakin yuxarıda deyildiyi kimi inanırlar.

Bununla belə, insanda olan dünya xalqları xüsusiyyətləri deyirlər ki, bu, çətin bir şeydir və bu, bizim üçün deyil. Buna görə də onlar bizdən bilik üzərində inam xassəsi ilə getməyin tələb olunduğunu gördükdə, bunda maraqlı olmurlar və döyüş meydanından qaçaraq deyirlər ki, bu, onlar üçün çətin bir şeydir.

Ona görə də insanda olan dünya xalqları Tövratı almaq istəmədilər, çünki öyrəndiklərimizə əsasən, Tövratı almaq "çadırda ölən insan" xassəsidir, necə ki müdriklərimiz demişlər: "Tövrat yalnız onun uğrunda özünü öldürən kəsdə həyata keçir". Bu o deməkdir ki, insan bütün qayğılarının yalnız Yaradanın xeyri üçün olması məqsədilə öz şəxsi xeyrini ləğv etməlidir. Və bədən şəxsi xeyrini ləğv etməyə razı olmadığından, məcburiyyətlə işləmək və "edəcəyik" sayəsində "eşidəcəyik" vəziyyətinə gəlib çıxacağımıza inanmaq – bu inam özü üçün alan üçün uyğun deyil. Dünya xalqları ilə İsrail arasındakı bütün fərq də məhz bundan ibarətdir.

Və deyilənlərdən müdriklərimizin "Alov öz-özünə qalxana qədər yandırmaq lazımdır" sözlərinin nə məna verdiyini başa düşəcəyik. Məsələ bundadır ki, bu yandırma əməliyyatı yerinə yetirməli olan insana aiddir. Və o, "məcburiyyətlə" adlanan əməliyyatı nə qədər müddətə yerinə yetirməlidir? Alov öz-özünə qalxana qədər.

Yəni "öz-özünə" dedikdə "aşağı tərəfdən heç bir əməl olmadan" başa düşülür ki, bu da "məcburiyyətlə" adlanır, çünki o, Yaradanın ona yuxarıda deyildiyi kimi "eşitmək" xassəsini bəxş etməsinə layiq olur və o zaman insan hər halda bütün əməlləri sevinclə, sevgilə və istəklə yerinə yetirir; bu, Yaradana əta etmək istədikdə bədənin müqavimət göstərdiyi vaxtdakı kimi deyil.

Eyni zamanda, o indi "Yaradanı, sənin Uca Rəbbini bütün qəlbinlə sev" xassəsindədir – iki başlanğıcı ilə, çünki şər başlanğıc da Yaradanı sevir, çünki o, şam məşəl qarşısında olduğu kimi Yaradanın qarşısında ləğv olunur. Çünki insan nə üçün "yandırmalıdır" – yəni insanın öz gücü ilə deyil, "öz-özünə" – yəni "Yaradanın gücü ilə" alov öz-özünə qalxana qədər əməllər yerinə yetirməlidir – bunun sadə izahı budur.

Həmçinin buna bənzər şəkildə müdriklərimizin şamdanın quruluşu haqqındakı sözləri barədə soruşduğumuzu da izah etmək lazımdır. "Və budur şamdanın quruluşu: o, vahid qızıl külçədən döyülüb düzəldilmişdir". "Bu, qızıl külçə parçası idi ki, [şamdanın] hissələrini səliqəli və düzgün hala gətirmək üçün onu çəkiclə döyür və qayçı ilə kəsirdilər, o isə ayrı-ayrı hissələrin birləşdirilməsi vasitəsilə yığılmamışdı". Və biz soruşduqda ki, əgər müdriklər sadə mənada "Şamdanı belə düzəltdi" sözlərini izah edərək "Yaradanın sayəsində o, öz-özünə əmələ gəldi" dedilərsə, onda nə üçün çəkiclə döymək lazım idi? Əgər Yaradan şamdanı "öz-özünə" adlanan şəkildə düzəltdisə, onda insan nə üçün nəsə etməlidir?

Lakin yuxarıda deyildiyi kimi, insan deməlidir: "Edəcəyik və eşidəcəyik". Hər halda, insan məcburiyyətlə başlamalıdır və o, "eşidəcəyik" xassəsinə layiq olacağına inanmalıdır. Və kli olmadan nur olmadığına görə – yəni əgər Yaradanın onun üçün doldura biləcəyi bir tələbatı (xisaronu) yoxdursa, Yaradan insana dolum vermir – insan başlamalı, bunun çətin olduğunu görməli və Yaradandan ona kömək etməsi üçün yalvarmalıdır. O zaman insan görür ki, hər şey öz-özünə, yəni insanın köməyi olmadan baş verir. Belə olan halda, əgər hər şeyi Yaradan edirsə, şamdanın quruluşunda insan nə edir?

Cavab odur ki, insanın əməlləri zəruridir, çünki insanın əməlləri olmasaydı, bizdə bu bilik – hər şeyi Yaradanın etdiyi biliyi olmazdı, insan isə deyərdi ki, o özü də Yaradanın köməyi olmadan kamilliyə gəlib çıxa bilər, çünki "mənim gücüm və əlimin qüdrəti mənə bu sərvəti qazandırdı". Halbuki insan zəhmət çəkdikdən, çalışdıqdan, əlindən gələni etdikdən və bir zərrə belə irəliləmədikdən sonra məcbur olub etiraf edir ki, əta etmək üçün işləməyə imkan verən bu gücü ona hədiyyə olaraq Yaradan vermişdir; bu o deməkdir ki, Yaradan insana Ona xidmət etmək üçün icazə vermişdir və bu icazə Yaradana əta etmək anında ona həzz bəxş etməsi adlanır.

Və buradan "Bu, qızıl külçə parçası idi" sözlərini başa düşəcəyik. Zoarda deyildiyi kimi bədən qızıl külçə (za-av) adlanır, çünki Zoarda deyilir: "Zəlinin iki qızı var – it kimi qışqıraraq deyirlər: 'Qav! Qav!' ('Ver! Ver!'): 'Bizə bu dünyanın səadətini ver, gələcək dünyanın səadətini ver'". Və bu bədən qızıl (za-av) külçəsi adlanır. "Çəkiclə döydülər" – o deməkdir ki, bədənin məcburiyyətlə yerinə yetirdiyi bütün işlərə "çəkiclə döyür" deyilir. "Və qayçı ilə kəsir" – yəni insanın yerinə yetirdiyi hər hansı bir məcburiyyətlə o, guya "qızıldan" (za-avdan), yəni özü üçün almaq istəyindən bir parça kəsib çıxarır. Yazıldığı kimi: "[Şamdanın] hissələrini səliqəli və düzgün hala gətirmək üçün" – bu o deməkdir ki, bu hissələrdən özü üçün almaq istəyini çıxarıb [təmizləmək] və onları əta etmək üçün islah etmək deməkdir. Buna "[şamdanın] hissələrini səliqəli və düzgün hala gətirmək" deyilir.


"Ancaq elə deyildi ki, bir kamil hissə əmələ gəlsin (bir keyfiyyətə uyğun gələn bir hissə kamil şəkildə, sonra isə digər keyfiyyət – kamil şəkildə, hamıda isə vahid kamillik əmələ gəldi), yəni 'əta etmək üçün', sonra isə bütün hissələrin tək bir kamil xassədə birləşməsi baş verdi. Belə baş vermirdi, əksinə:islah etmək istədiyi hər bir hissənin yerində xeyir deyil, şər üzə çıxırdı. Buna görə də onun qaydasında olmayan çoxlu hissələri var idi."

Lakin o, almaq xassəsində əta etmək üçün işləməyə hazır olan heç bir hissənin olmadığını gördüyü və bunun tamamilə qızıl külçəsi (za-av) olduğunu gördüyü bir vəziyyətə gəlib çıxdıqdan sonra – başqa sözlə, o gördü ki, za-avı, yəni alma xassəsini əta etməyə dəyişmək çətindir – o zaman onun klisi, yəni aşağılar tərəfdən olan əməli tamamlandı, çünki o gördü ki, bunun öhdəsindən gəlməyə qadir deyil. Və bu, deyildiyi kimidir: "Və İsrail oğulları işdən inildədilər... və onların işdən Yanadana olan fəryadı ucaldı". Və burada Yaradandan kömək gəlir. Necə ki deyilir: "Şamdanı belə düzəltdi" – və Raşi izah edir: "Yaradanın sayəsində o, öz-özünə əmələ gəldi".

Belə çıxır ki, şamdanı kim düzəltdi? Yaradanın Özü. Belə olan halda, İsrailin işi mənə nəyə lazımdır? Cavab budur ki: tələbatı açmaq üçün, çünki yalnız Yaradan yaratdığı təbiəti dəyişə bilər ki, yaradılmışların özü üçün almaq istəyi olmasın. Əks halda, insan düşünərdi ki, o, alma xassəsini əta etməyə özü dəyişə bilər.

Ancaq onu da başa düşmək lazımdır ki, yaradılmışların həqiqəti bilməməsi və almaq klisini əta etməyə dəyişmək üzrə bu əməli özləri edə biləcəklərini düşünməsinin Yaradana nə dəxli var? Və ya bu sualı başqa cür verək: Yaradan nə üçün insana almaq klisini özünün dəyişə bilməsi üçün güc vermədi?

Buna mənim sahibim, atam və müəllimim belə cavab vermişdir ki: bu, islaha aiddir, çünki əks halda insan öz aşağı səviyyəsində qalardı, yəni onun Tövratın nuruna ehtiyacı olmazdı. Yaradan isə onlara Tövratı vermək istəyirdi. Buna görə də onların özləri əta edən kelimlərə gəlib çıxa bilmədikləri üçün onlar Yaradandan kömək istəyəcəklər ki, O, onlara kömək etsin; Onun verdiyi kömək məhz Tövrat vasitəsilə verilir, çünki "oradakı nur [onu] mənbəyə qaytarır". Belə çıxır ki, insanın Tövratı qəbul etməyə ehtiyacı var.

Çünki insan mənbəyə qayıdıb əta edən kelimləri əldə etdikdən sonra ikinci mərhələ odur ki, o, Tövratı Yaradanın adları mənasında qəbul edir, çünki məhz bu xassə Yaradanın öz məxluqlarını sevindirmək istəyi adlanır ki, o da Yaradanın adlarında – "Tövrat, İsrail və Yaradan birdir" adlanan şeydə təzahür edir.

Və deyilənlərdən biz bu ayəni izah edə bilərik: "Gizli olan – Yaradana, bizim Uca Rəbbimizə, aşkar olan isə əbədi olaraq bizə və övladlarımıza – bu Tövratın bütün sözlərini yerinə yetirək deyə". Və biz soruşduq ki, bu bizə nə öyrətməlidir. Cavab budur ki, insan əta etmək üçün işləməyə başladıqda və görür ki, əta edən kelimləri əldə etməkdə irəliləmir, əksinə, insan həmin an özünün şər vəziyyətini – eqoist sevgiə nə qədər batmış olduğunu görməyə başlayır. Çünki qaydaya görə, insan paltarının hər cür çirkdən təmiz və pak olmasını nə qədər çox istəsə, bir o qədər çox çirk görür.

Çünki bir qayda var: "İnsanın cavabdeh olmadığı şey şüurundan yayınıb gedir" – bu o deməkdir ki, insanın diqqət yetirmədiyi əşyada nəyin çatışmadığını görmür. Buna görə də o, əta etmək üçün işləməyə başlayıb diqqətini əta etmək üçün işləməyə nə qədər hazir olduğuna yönəltdikdə, elə bir an gəlib çatır ki, o, əta etmək xassəsindən nə qədər uzaq olduğunu və mükafat olmadan heç bir əməl yerinə yetirməyə qadir olmadığını görür.

Buna görə də insan əta etmək işində heç bir irəliləyiş olmadığını gördükdə, yuxarıda deyildiyi kimi, hər zaman eqoist sevgidən çıxa bilmədiyini gördükdə nə edə bilər? Başqa sözlə, işin əvvəlində o düşünürdü ki, əta etmək yolu ilə getməyə qərar verən kimi dərhal [bunu] bacaracaq. Yəni o düşünürdü ki, o, özünün ağasıdır – çünki ona nə etməli olduğunu kim deyə bilər ki?

Yerinə yetirmək istədiyi əməllərə insanların tərəfindən xarici maneənin gələ biləcəyini hələ başa düşmək olardı. Lakin burada, əta etmək işində yalnız niyyət – əta etmək üçün var. Başqa sözlə, əta etmək üçün niyyət qurmaq istəyirsə, 613 ehkamdan artıq heç nə yerinə yetirməli deyil. Beləliklə, zahirən o, cəmiyyətdən (klal) seçilmədən, hər kəsin etdiyi kimi, yəni cəmiyyətin ümumi qaydası ilə hərəkət edir; bu zaman demək olardı ki, cəmiyyət onun yoluna qarşı çıxır. Axı yaxınının ürəyində nə [baş verdiyini] kim bilir? Belə olan halda, o, öz-özünə düşünür ki, bax indi, bir müddət işlədikdən sonra o, əta etmək işinə daxil olacaq. Və qəflətən görür ki, əta edən kelimləri əldə etmək istəyərək çoxlu iş qoyduğu hər bir gün keçdikcə onlar ondan daha da uzaqlaşır və onun eqoist sevgidən qurtulmaq üçün əsla heç bir şansı yoxdur.

Və Yazı bizə bunu deyir: "Gizli olan – Yaradana, bizim Uca Rəbbimizə" – yəni yuxarıda deyildiyi kimi, insanın yaxınının fikirlərini bilməməsi kimi gizli hissə adlanan əta etmək üçün niyyət. Bunu insan bilməlidir, çünki həqiqət budur ki, bu bizim iradəmizdə deyil, Yaradana, bizim Uca Rəbbimizə – bizə bu gücü verməli olan və heç bir şəkildə Ona kömək etməyə imkanımız olmayan Yaradana aid olan gizli hissədir. Bizim Yenə də Ona kömək edə biləcəyimiz tək şey odur ki, biz əta etmək üçün bu işə başlayırıq və daxilimizdə qoyulmuş eqoist sevgidən çıxa bilmədiyimizi görürük. Biz yalnız bunu dərk etməklə Ona kömək edirik ki, yalnız O bizə kömək edə bilər.

Əgər biz başlamasaydıq və irəliləyə bilmədiyimizi görməsəydik, hər şeyi yalnız və yalnız Onun Özünün etdiyini biləcəyimiz bu islaha [çatmazdıq]. Halbuki əgər biz eqoist sevgidən öz gücümüzlə çıxa bilsəydik, bu o demək olardı ki, biz belə düşünərdik və "bütün əməlləri etdi, edir və edəcək olan təkcə Odur" biliyi bizə çatışmazdı. Eyni zamanda, əgər biz özümüz eqoist sevgidən çıxa bilmədiyimizi görürürüksə, Onda bu gücü bizə Onun verdiyinə inanmağımıza ehtiyac qalmır, çünki biz bunu bilikdə görürük.

Belə çıxır ki, Yazı bizə xəbər verir ki, "gizli hissə" adlanan və Yaradana məxsus olan eqoist sevgidən çıxa bilməməyimizdən qorxmaq lazım deyil, necə ki deyilir: "Gizli olan – Yaradana, bizim Uca Rəbbimizə". "aşkar olan isə bizə və övladlarımıza" – yəni yuxarıda deyildiyi kimi, "aşkar" dedikdə məcburiyyət qaydasında yerinə yetirə biləcəyimiz praktiki hissə başa düşülür. Buna görə də Yazı bizə xəbər verir: bizim bunun çətin olduğunu görməyimiz həqiqətdir, lakin bunu – yəni niyyəti biz edə bilmərik, yalnız əməli edə bilərik. Və bunu öz gücümüzlə edə bilmədiyimizi görməyimiz duadır, yəni Yaradandan bizə bu klini verməsini tələb etməkdir.

Və deyilənlərdən müdriklərimizin sözlərini başa düşmək olar (Menaxot traktatı, 29:1) ki, şamdanın quruluşu Musaya çətin idi, "çünki Yaradan ona barmağı ilə işarə edib göstərdi" – necə ki deyilir: "Və budur şamdanın quruluşu". Və bunu ruhani işə münasibətdə belə izah etmək lazımdır ki, şamdanın əməli – Yaradanın nuru işıq saçırdı- deməkdir, bunun üçün isə əta edən kelimlər lazımdır. Bəs əta edən kelimləri haradan alsınlar, axı bu çətindir, çünki bu, [bizim] təbiətimizə ziddir? Və Yaradan barmağı ilə ona işarə edərək dedi: "Və budur əməl", – başqa sözlə: siz əməli edin, Mən isə niyyəti verəcəyəm. Buna: siz aşkar hissəni edin, gizli hissəni isə Mən verəcəyəm. Necə ki deyilir: "Şamdanı belə düzəltdi" – yəni öz-özünə.