<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Ümumi və fərdi iş arasındakı fərq (Klall və Prat)

Ümumi və fərdi iş arasındakı fərq (Klall və Prat) 

1987-ci il, 16-cı Məqalə

 

Zoar kitabında deyilmişdir: «Ta xezi (Gəl və gör): Doğulan bir insanın üzərinə, o sünnət olunmayana qədər yuxarıdan heç bir qüvvə təyin edilmir. O artıq sünnət olunduqdan sonra, onun üzərində yuxarıdan ruhun oyanışı, yəni nefeş nuru başlayır. Tövratla məşğul olmağa layiq görüldükdə isə – ...o zaman , kamil bir insan, hər şeydə kamil olur, – axı o, xaya nuruna layiq görülür... Lakin doğulan bir heyvanın, sonunda malik olduğu eyni qüvvə, elə doğulduğu həmin saatdan onda mövcud olur... Buna görə də deyilmişdir: “Buğa, yaxud qoyun, yaxud keçi doğulduğu zaman”».

«Lakin doğulan bir heyvanın, sonunda malik olacağı qüvvə, elə doğulduğu həmin saatda onda mövcud olur»

Və anlamaq lazımdır ki, heyvanla insan arasındakı bu fərq ruhani işdə bizə nəyi öyrədir. Hər şeydən əvvəl biz anlamalıyıq ki, ruhani işdə «insan» xüsusiyyəti nədir və «heyvan» xüsusiyyəti nədir. İnsan nədir? Bizim müdriklərimiz (Braxot traktatı, 6:2) bu ayəni izah etdilər: «Hər şeyin sonunu eşidək: Yaradandan qorx və Onun ehkamlarına riayət et, çünki bütöv insan budur». «Çünki bütöv insan budur» nə deməkdir? Ravvin Elazar dedi: «Yaradan dedi: Bütün dünya yalnız bunun xatirinə yaradılıb».

Bu o deməkdir ki, bütün dünya Yaradana qarşı olan ehtiramla qorxu xatirinə yaradılıb. Və o, «“Çünki bütöv insan budur” nə deməkdir?» [sualına] belə cavab verdi. Buradan belə çıxır ki, daxilində Yaradana qarşısında ehtiramla qorxu olan kəsə insan deyilir. Halbuki daxilində Yaradana qarşısında ehtiramla qorxu olmayan kəs insan adlanmır, heyvan xüsusiyyətinə aid edilir.

Və buradan həmçinin bizim müdriklərimizin (Yevamot traktatı, 61:1) bu sözləri aydın olur: «Və həmçinin Ravvin Şimon ben Yoxay deyirdi..., deyilən kimi: “Və siz – Mənim qoyunlarımsınız, Mənim otlağımın qoyunlarısınız, siz insansınız”, – siz insan adlanırsınız, bütpərəstlər isə insan adlanmır». Və bundan əlavə izah etmək lazımdır ki, insan dedikdə o, daxilində göylər qarşısında ehtiramla qorxu olan kəsi nəzərdə tutur. (Baxmayaraq ki, qanun baxımından bunun fərqi yoxdur və o murdarlayır – yəni ki, bu insan yalnız heyvan səviyyəsinə malikdir, o hər bir halda çadırı murdarlayır, ruhani işə münasibətdə isə biz İsrail xüsusiyyətini və dünyanın yetmiş milləti xüsusiyyətini vahid bir insanda nəzərdən keçiririk, necə ki Zoar kitabı deyir: «Hər bir insan – kiçik bir dünyadır». Buna görə də, “aşkar hissə” adlanan əməli ehkamlar baxımından hər şey ayrı-ayrılıqda nəzərdən geçirilir. Yəni bütpərəstlər – ayrı, və İsrail – ayrı, yəni hər şey fərqli bədənlərdə nəzərdən geçirilir. Buna görə də qanun təyin edir ki, bütpərəstlərin qəbirləri çadırı murdarlamır, çünki murdarlanma haqqında deyilmişdir: «Əgər bir insan çadırda ölərsə». Buna görə də bütpərəstlər çadırı murdarlamır).

Və deyilənlərdən belə çıxır ki, daxilində Yaradana qarşısında ehtiramla qorxu olan kəs insan adlanır, halbuki daxilində Yaradana qarşısında ehtiramla qorxu olmayan kəs insan deyil, heyvan xüsusiyyətinə aid edilir. Lakin anlamaq lazımdır ki, Yaradana qarşısında ehtiramla qorxunun ölçüsü nədir – axı burada bir çox aspektlər var.

Zoar kitabında deyilmişdir: «Qorxu üç növə bölünür. Onlardan ikisinin həqiqi kökü yoxdur, və [yalnız] biri qorxunun köküdür. Elə insan var ki, oğulları yaşasın və ölməsin deyə Yaradandan qorxur, yaxud bədəninin cəzalandırılmasından, yaxud var-dövlətinin cəzalandırılmasından qorxur. Və buna görə də o, hər zaman Ondan qorxur. Belə çıxır ki, onun Yaradandan qorxduğu o qorxu onun üçün kök deyil, axı onun üçün kök öz mənfəətidir, qorxu isə onun törəməsidir. Bir insan da var ki, o dünyanın cəzasından və cəhənnəmin cəzasından qorxduğu üçün Yaradandan qorxur. Qorxunun bu iki növü, yəni bu dünyanın cəza qorxusu və gələcək dünyanın cəza qorxusu, qorxunun ilk əsası və onun kökü deyil. İlk əsas olan qorxu isə – insanın öz Ağasından, Onun uca olmasına və hər şeyi idarə etməsinə görə qorxmasıdır...».

Və Zoar-ın bu sözlərinə əsasən belə çıxır ki, Yaradana qarşı qorxunun ilk əsası – Yaradanın uca olmasına və hər şeyi idarə etməsinə görə olan [qorxudur]. Məhz bu bizi Onun ehkamlarını icra etməyə sövq edir, çünki bu, onun mükafat almaq üçün işləməməsi adlanır. Başqa sözlə, öz şəxsi mənfəəti üçün deyil, yəni öz işinə görə hansısa bir mükafat alacaq deyə deyil, işin özü mükafatdır, çünki o hiss edir ki, Padşaha xidmət etmək üçün ona düşüncə və istək verilməsində böyük bir şərəfə layiq görülüb, və yuxarıdan layiq görüldüyü bu böyük hədiyyəni o, nəhəng bir var-dövlət hesab edir.

Və buradan belə çıxır ki, bütün əməllərinin öz şəxsi mənfəəti üçün deyil, göylər naminə olacağı xüsusiyyətinə aparan yolla gedən kəsə insan deyilir. Halbuki, əgər onda niyyət yoxdursa, yalnız quru əməl varsa, bu da böyük bir şey olmasına baxmayaraq, niyyətsiz o, «heyvan» adlanır, necə ki deyilmişdir (Süleymanın məsəlləri, 19:2): «Və biliksiz ruha yaxşı deyil». «Biliksiz» – nəzərdə tutulur ki, niyyət bilik adlanır, necə ki deyilmişdir: «Sən insanı biliklə mükafatlandırırsan».

Və anlaşılan deyil: axı həqiqət yolu bilik üzərində getmək deməkdir. Belə olan halda, nə üçün biz dua edirik ki, O bizə bilik versin? Və mənim atam və müəllimim dedi ki, müqəddəs bilik «qovuşma», «forma bərabərliyi» adlanır. Buradan «və biliksiz» ifadəsini belə izah etmək lazımdır – yəni insan heyvan xüsusiyyətində olanda qovuşmasız ruhdur, yəni o, Tövrat və ehkamlar sayəsində əta naminə niyyət qura biləcəyi vəziyyətə gətirən iş yoludur. Bu «biliksiz [yəni şüursuz] heyvan» adlanır, forma bərabərliyi olmadan. Yəni yerinə yetirdiyi bütün əməllərdə onun öz mənfəətindən başqa heç bir niyyəti yoxdur, və bu «heyvan» xüsusiyyəti adlanır, və yuxarıda deyildiyi kimi, «siz insan adlanırsınız, bütpərəstlər deyil» xüsusiyyətinə aid edilmir.

İndi isə biz soruşduğumuz şeyi – heyvanın doğulması ilə insanın doğulması arasındakı fərqin bizə nəyi göstərdiyini aydınlaşdıracağıq. Və Zoar kitabı dediyi sözlərin isbatını Müqəddəs Yazıdan gətirir: «Lakin doğulan bir heyvanın, sonunda malik olacağı qüvvə, elə doğulduğu həmin saatda onda mövcud olur», – Yazıdan: «Buğa, yaxud qoyun, yaxud keçi doğulduğu zaman». Axı birgünlük buğa elə buğa adlanır, çünki «Dana doğulduğu zaman» deyilməyib. Ruhani işə münasibətdə isə bu bizə insanın və heyvanın inkişaf nizamının biliyini öyrədir.

Hər şeydən əvvəl, biz ruhani işdən danışanda bilməliyik ki, «doğulma» nədir. Başqa sözlə, qaydaya uyğun olaraq biz öyrənirik ki, istər heyvan olsun, istərsə də insan, bütün bunlar vahid bir bədəndə baş verir, axı insan 70 millətdən ibarətdir, belə olan halda o, dünyada olan hər şeydən ibarətdir, necə ki Zoar kitabında deyilmişdir, insan – bütöv bir dünyadır, belə olan halda ümumiyyətlə doğulmanın nə olduğunu bilmək lazımdır.

Məlumdur ki, insandan danışanda əsas məsələ – zəka (ağıl) və qəlbdir. Yəni düşüncələri biz zəkaya, istəkləri isə qəlbə aid edirik. Buna görə də, onun zəkasında və qəlbində heyvan xüsusiyyətinə aid olan düşüncələr olduqda, bu, heyvanın doğulması adlanır. Əgər zəkasında və qəlbində insana aid olan düşüncələr və istəklər varsa, bu, insanın doğulması adlanır. Və biz insanla heyvanı belə fərqləndiririk.

Lakin zahirən biz maddi dünyada görürük ki, hətta heyvanda belə doğulduğu günlə, müəyyən vaxt keçdikdən sonra həm uzunluğuna, həm eninə, həm də hündürlüyünə inkişaf etdiyi vaxt arasında böyük fərq var. Lakin [müdriklərin] heyvanda doğulduğu gündən sonuna qədər fərq olmadığını, onun eyni qüvvəyə malik olduğunu demələrinin əsas amili – daxili keyfiyyətin nəzərdə tutulmasıdır. Və bu bizə işin nizamını göstərir. Və onların dediyi kimi: «Heyvan doğulanda», – nəzərdə tutulur ki, bu təməl üzərində o, ömrünün bütün günlərində yaşayacağı öz binasını qurmağa başlayır.

Və buna görə də [bizim müdriklərimiz] dedilər: «heyvan doğulur» o əsasla ki, onun üzərində o, Tövrat və ehkamlardakı öz işini qurur, yəni niyyətsiz əməl adlanan heyvan xüsusiyyəti üzərində. Və o, ömrünün bütün günlərində bunu davam etdirmək istəyir, yəni o öz ağlı ilə düşünür ki, bu, həqiqi yoldur, Yaradanın yolu ilə getmək istəyən o insanların […] Tövrat və ehkamları bütün incəlikləri və detalları ilə icra etmək üçün bütün enerjisini və gücünü qoyması kifayətdir. Və o, bunları yerinə yetirən zaman niyyətini Yaradanın ehkamını icra etməsi üzərində qurur. Mənim daha nəyim çatışmır ki?

Ən əsası isə, heyvan xüsusiyyətində doğulmuş insan öz haqlı olmasının sübutunu, onlarda qəbul edildiyi kimi, bütün İsrail icmasından (klal-dan), yəni hansı təməl üzərində işlədiklərindən götürür. Və sən, əlbəttə ki, onların heyvan xüsusiyyətində işlədiklərini görəcəksən. Yəni Tövrat və ehkamları icra edərək, və bundan əlavə, bizə verilən o ehkamlara qarşı hələ əlavə sərtlikləri də öz üzərlərinə götürərək, onlar artıq özlərini kamil hiss edirlər və özlərində islah edilməli olan heç bir çatışmazlıq görmürlər. Və o, öz sözlərinin sübutunu: «Çıx və bax, xalq arasında necə qəbul edilib» deyən müdriklərdən götürür. İzahı: əgər hansısa bir şeydə şübhə varsa, get, çıx və cəmiyyətdə necə qəbul edildiyini öyrən.

Və əslində o haqlıdır. Yəni heyvan xüsusiyyətində doğulmuş kəs bütün cəmiyyətə aiddir və onun yolu ilə getməlidir. Necə ki, yuxarıda deyildiyi kimi, müdriklərin sözlərini izah edən Rambam yazır: «İnsan hər zaman hətta lo lişma-da olsa belə Tövratla məşğul olmağa borcludur, axı lo lişma-dan lişma-ya gələcək. Buna görə də azyaşlılara, qadınlara və bütün savadsız kütləyə öyrədəndə, onlara yalnız qorxudan və mükafat almaq üçün işləməyi öyrədirlər, onların biliyi artana və daha böyük müdrikliklə dolana qədər, onlara bu sirri çox tədricən, onları məcbur etmədən öyrəşdirərək açırlar, ta ki onlar Onu dərk edənə, və Onu tanıyana, və Ona sevgi ilə xidmət edənə qədər» (Qayıdış qanunları, fəsil 10, [qanun 5]).

Bax, biz aydınlaşdırdıq ki, bu doğrudur, bütün cəmiyyətin yolu ilə getmək istəyən kəs özü üçün sübutu bütün cəmiyyətdən götürür. Və bu, heyvan xüsusiyyətində doğulmuş kəslə baş verir, necə ki Zoar kitabı deyir, onun sonunda malik olduğu qüvvə, elə doğulduğu gün dərhal onda mövcuddur. Necə deyildiyi kimi: «Bir günlük dana buğa adlanır», yəni insanın ruhaniyyət haqqında biliyi sonadək, doğulduğu anda malik olduğu bilikdən artıq olmayacaq. Başqa sözlə, bu, onun heyvani xüsusiyyət səviyyəsində iş yoluna qədəm qoyduğu andan etibarən olan vəziyyətidir.

 

Lakin Rambamın: «Onların biliyi artana və daha böyük müdrikliklə dolana qədər» dediyi bu sözlərini anlamaq lazımdır. Və sual yaranır, biz necə bilə bilərik ki, onların biliyi artıq artıb və onlar artıq daha böyük müdrikliyə malikdirlər? Və bundan əlavə, artıq «biliyi artıb» adlanan o biliyin ölçüsü nədir? Həmçinin, ondan etibarən artıq onlara «mükafat almaq xatirinə deyil» adlanan lişma sirrini açmağın mümkün olduğu «daha uca müdrikliyin» ölçüsü nədir?

Və deyilənlərdən belə çıxır ki, «insan» doğulduğu zaman, bu o deməkdir ki, onun zəkasına və qəlbinə insan olmaq lazım olduğuna dair düşüncələr gəlir, insan isə Yaradana qarşısında ehtiramla qorxu yolu ilə getmək istəyən kəsə deyilir, yəni onun bütün əməlləri heyvanda olduğu kimi, – hansı ki onda yaxınına qarşı hissiyyat yoxdur, – öz mənfəəti üçün deyil, göylər naminə, əta naminə olacaq. O isə, hələ buna layiq görülməməsinə baxmayaraq, məhz əta naminə işləmək istəyir, axı «doğulma» onun insani təməl üzərində başlamağı adlanır, yəni yuxarıda deyildiyi kimi, öz işini insan xüsusiyyəti adlanan Yaradana qarşısında ehtiramla qorxu təməli üzərində qurmaq istəyir. Və bu başlanğıc «doğulma» adlanır.

Və bu – həmin insanın insan olmaq istədiyini dediyi vaxtdır, çünki indi o, öz qəlbində və zəkasında insan xüsusiyyətində doğulub. Bu: «Onların biliyi artana və daha böyük müdrikliklə dolana qədər» adlanır, – harada ki nəzərdə tutulur ki, onların qəlbində və zəkasında lo lişma adlanan heyvani həyatı yaşamamaq lazım olduğuna dair müdriklik və bilik doğulana qədər, necə ki deyilmişdir: «Və biliksiz ruha yaxşı deyil». O zaman ona, öz mənfəətinin qayğısına qaldığı üçün Tövrat və ehkamlarla məşğul olan deyil, «Yaradandan qorxan» adlanan lişma-nı açmaq olar. Halbuki onda insan xüsusiyyəti yaranana qədər, Rambamda deyildiyi kimi, ona bunu açmaq olmaz.

Bununla Zoar Kitabının bizə dediyini başa düşəcəyik: heyvani xüsusiyyətdə doğulan ilə bağlı fərq var. Belə ki, bu halda o, doğulduğu andan etibarən, yəni işinin əvvəlində, sonradan nail olacağı kamilliyə artıq malik olur. Yəni doğulduğu zaman aldığı eyni ağıla sahib olur. Burada söhbət onun heyvani xüsusiyyətdə işləməyə başladığı təməldən gedir ki, bu da «öz şəxsi mənfəəti» adlanır. Sonradan quracağı hər şey eqoist sevginin təməli üzərində qurulacaq. Yəni o, heç bir əlavə əldə etməyəcək.

Xaricdən isə o, doğulduqdan sonra uzununa, eninə, hündürlüyünə və s. görə böyüyən heyvan kimi inkişaf edir. Lakin daxili cəhətdən inkişaf etmir. Başqa sözlə, ağıl baxımından onun doğulduğu günlə bir neçə il keçdikdən sonra böyüdüyü gün arasında heç bir fərq yoxdur, çünki heyvan eyni ağıl ilə qalır.

 

İşinin bütün binası və əsası heyvan xüsusiyyəti, yəni lo lişma üzərində qurulan insanla da eyni şeydir. Burada da daxili keyfiyyətdə, yəni ağılda heç bir fərq yoxdur. Baxmayaraq ki, zahirən o, şübhəsiz ki, böyüyüb, yəni zaman keçdikcə çoxlu Tövrat və çoxlu ehkamlar toplayıb və yığıb, lakin daxili hissəyə münasibətdə o həmin o eyni səviyyədə qalıb, və daxili hissə olan ağıl sonda heç bir şəkildə fərqlənmir.

Və buna görə də Zoar deyir: «doğulan bir insanın üzərinə, o sünnət olunmayana qədər yuxarıdan heç bir qüvvə təyin edilmir. Və sünnət olunduqdan sonra» o nefeş nuru alır, ta o xaya səviyyəsini almağa layiq görülənə qədər, çünki o, ABYA aləmlərinin dörd pilləsi adlanan bu dörd pilləyə layiq görülüb. Və deyilənlərdən bizdə belə alınır ki, bütün cəmiyyətə aid olan bir iş var, və bu heyvan xüsusiyyəti adlanan lo lişma-dır, və ona lişma-da işləmək lazım olduğunu demək olmaz, çünki o hər bir halda anlamayacaq, axı o, heyvan xüsusiyyətində doğulub, və o başqa heç nəyi anlaya bilməz. Buna görə də onunla yalnız lo lişma-da öyrənmək lazımdır.

Və buna əsasən müdriklərin (Avoda Zara traktatı, 19:1) bu sözlərini izah etmək olar: «Raba dedi: “İnsan hər zaman Tövratı qəlbinin istədiyi yerdə öyrənəcək”». Və Raşi izah edir: «“qəlbinin istədiyi yerdə” – müəllim onunla, onun istədiyi həmin traktatı öyrənməlidir, axı əgər onunla başqa bir traktat öyrənsə, “qəlbinin istəyinə uyğun olaraq” şərtinə riayət edilməyəcək».

Və bu ona görədir ki, əgər o, heyvan xüsusiyyətində doğulubsa, başqa sözlə, əgər zəka və qəlb anlayırsa ki, onlar bütün cəmiyyətə uyğun getməlidirlər, yəni bütün təməli – lo lişma-dadırsa, ona əta naminə işləmək lazım olduğunu anlatmaq olmaz, necə ki Raşi izah edir: «Axı əgər onunla başqa bir traktat öyrənsə, “qəlbinin istəyinə uyğun olaraq” şərtinə riayət edilməyəcək». Buna görə də o, yuxarıda deyildiyi kimi, «Yaradandan qorxan», yəni əta naminə adlanan insan xüsusiyyətində gedə bilməməsinə dair çoxlu bəhanələr gətirəcək, necə ki Rambamda deyilib: «Qoy insan deməsin: Bax mən Tövratın ehkamını onda yazılmış xeyir-duaları almaq üçün yaxud gələcək dünyadakı həyata layiq görülmək üçün..icra edirəm. Və Yaradana yalnız savadsızlar, qadınlar və azyaşlılar belə xidmət edirlər, hansıları ki qorxudan işləməyə öyrədirlər, ta ki onların biliyi artana və onlar sevgi ilə işləməyə başlayana qədər».

Bəs «ta ki onların biliyi artana qədər» sözlərini isə biz izah edirdik. Nəzərdə tutulur ki, o «insan» xüsusiyyətində doğulana qədər, yəni onun zəkasında və qəlbində həqiqi işdə, yəni əta naminə işləmək lazım olduğuna dair düşüncələr və istəklər yaranana qədər, necə ki Rambam yazır, Yaradana yalnız Ona əta edərək xidmət etmək lazımdır. O yazır: «O isə həqiqəti, onun həqiqət olmasına görə edir»,öz mənfəəti üçün deyil, lişma «həqiqət» adlanır. Və o deyir ki,bu həqiqəti  bütün cəmiyyətə açmaq lazım deyil. Və bunun səbəbi, yuxarıda deyildiyi kimi, onların bunu anlamayacağıdır, necə ki Raşi izah edir: «qəlbinin istəyinə uyğun olaraq», – buna görə də o fərqli formada anlaya bilməz.

Lakin, o insan xüsusiyyətində doğulduğu zaman, bu o deməkdir ki, onun zəkasında və qəlbində insan olmaq düşüncələri və istəkləri yaranır, yəni o anlayır ki, hələ bacarmasa da həqiqət yolu ilə getmək lazımdır, çünki o indi doğulub, yəni o indi bu işə başlayıb, və yalnız bura gəlmək, hər şeyi əta naminə etmək lazım olduğunu anlayır, hərçənd doğulduğu andan onda heç nə yoxdur, yəni necə ki Zoar deyir: «doğulan bir insanın üzərinə, o sünnət olunmayana qədər yuxarıdan heç bir qüvvə təyin edilmir».

Bu o deməkdir ki, o, «doğulma» adlanan əta xətti ilə getməyə başlayanda, o hər zaman hər şeyi tamamilə tərsinə görür. Yəni sərf etdiyi hər bir zəhmətdən sonra o görür ki, onda heç bir irəliləyiş yoxdur, hətta o hər zaman geri getdiyini görür. Və nizam belədir ki, onun hiss etdiyi bu gizlənmə vəziyyəti, o sünnət olunmağa layiq görülənə qədər davam edir. Ondan sonra isə o, yuxarıda deyildiyi kimi, «xaya, neşama, ruax, nefeş» adlanan 4 pilləni dərk edənə qədər irəli gedir. Və «klal» (bütün cəmiyyət) ilə «prat» (fərd) arasındakı fərq bundadır, maddi dünyada isə bu, insanla heyvan arasındakı fərqə bənzəyir.