<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

Qayıdış Haqqında Məqalə

Məqalə 27, 1985

Zoar kitabında deyilir: "Bu ehkam. Bu ehkam – qayıdış ehkamıdır. Və bu binadır. ... Bəs bina nədir? Bu, «oğul» — 'ben' yud-hey hərfləri ilə eynidir. Və bu oğul – onunla [malxutla] birləşən və ondan yud-hey moxinlərini alan «vav»dır. Qayıdış edən hər kəs, sanki hey hərfini, yəni malxutu, vav hərfinə, yəni yud-heyin oğluna qaytarmış olur və onun sayəsində Avaya [adı] tamamlanır".

Zoarda (Naso, b. 29) isə deyilir: "Çünki hey hərfi şübhəsiz ki, tövbə duasıdır. Və sözlərin mənası budur: «Özünüzlə sözlər götürün və Yaradana qayıdın, Ona deyin: «...Və ağzımızın sözləri ilə öküzlərin [qurbanını] tamamlayarıq»». Şübhə yoxdur ki, insan günah işlədikdə, hey hərfini vav hərfindən uzaqlaşdırmağa məcbur edir. Buna görə də Məbəd dağıdıldı, İsrail ordan uzaqlaşdı və xalqlar arasında sürgünə yollandı. Odur ki, qayıdış edən hər kəs hey-in vav hərfinə qayıtmasına səbəb olur".

Zoarda (Naso, b. 31) isə deyilir: "Və bu qayıdış həyat adlanır. Və bu qayıdış, yəni malxut və Avaya adının hey hərfi həyat adlanır, necə ki, deyilir: «Çünki ondan gəlir həyatın nəticələri», yəni malxutun nəticələri olan İsrailin ruhları, həyat adlanır. Bu, insanın ağzından heç bir əziyyət və səy göstərmədən çıxan və daxil olan nəfəsdir və «onların yaradılması» ['ibaram'] sözünün hey [hərfi] məhz bundan ibarətdir, çünki hey hərfi ağızdan digər bütün hərflərə nisbətən daha yüngüllüklə tələffüz olunur. Və onun haqqında deyilir: «Lakin Yaradanın ağzından çıxan hər şeylə insan yaşayır». Çünki malxut Yaradanın ağzından çıxan adlanır. Və o, insanın başının üzərində dayanır, necə ki, deyilir: «Və başımın üzərində — Yaradanın Şxinası var». Və onun haqqında deyilir: «Yaradanın surətinı görür o [yəni Musa]», çünki malxut Yaradanın surəti adlanır. Həmçinin: «Yalnız bənzəyişdə gəzəcək insan»".

Zoarda (Naso, b. 32) isə deyilir: "Və o, insanın başı üzərində dayandığı üçün, ona başı açıq şəkildə dörd dirsək məsafəni keçmək qadağan olunur. Çünki əgər o, insanın başı üzərində dayanmaqdan əl çəksə, həyat dərhal ondan uzaqlaşacaq".

Zoarda (Naso, b. 34) isə deyilir: "Lakin, şübhə yoxdur ki, hey hərfinin bu forması haqqında onlar belə hökm çıxardılar: «Xəzinəmdə yaxşı bir hədiyyə var və o, şənbə adlanır». Çünki şənbə — malxutun binaya yüksəldiyi saatdır. Və bu malxut, yəni şənbə xüsusiyyəti İsrailin üzərində dayandıqda, onların nə zəhməti, nə də əsarəti olur. Və bu saatda yorulmuş və əldən düşmüş ruh «işləməyi dayandırır ['şabat'] və dincəlir»".

Zoar kitabının malxuta verdiyi bütün bu adları başa düşmək lazımdır.

1.Niyə malxut "hey" adlanır və bu, "heç bir zəhmət və səy tələb etməyən nəfəsdir"? Axı belə bir qayda mövcuddur: "Tapdın, amma səy göstərməmisənsə, inanma!"

2.Niyə malxut "həyat" adlanır? Zoarın bəzi yerlərində isə malxut hökm ölçüsü adlanır, çünki ölüm xüsusiyyəti məhz ondan qaynaqlanır.

3.Malxut "Yaradanın ağzı" adlandırıldıqda bu nəyi göstərir?

4.O, "insanın başı üzərindədir" dedikdə nə nəzərdə tutulur?

5.Niyə deyilir ki, malxut "Yaradanın surəti" adlanır, necə ki, deyilir: "Yaradanın surətinı görür o [yəni Musa]"?

6.Niyə malxut 'tselem' bənzəyişi adlanır, necə ki, deyilir: "Yalnız bənzəyişdə gəzəcək insan"?

 

Yuxarıda sadalananları aydınlaşdırmaq üçün əvvəlcə yaradılışın məqsədinə aid olan hər şeyi, yəni məxluqların Yaradanla birləşməsi üçün sahib olmalı olduğu bütün əlaqəni başa düşmək lazımdır. Çünki bütün səylərimiz bu ox ətrafında fırlanır, eləcə də bunu düzəltmədiyimiz təqdirdə baş verən cəzalar da. Və məxluqlar Yaradanla birləşdikdə aldığımız bütün mükafat da budur.

Məlumdur ki, yaradılışın məqsədi Öz məxluqlarını həzzləndirməkdir. Lakin — utanc çörəyi olmasın deyə ki, bu da forma oxşarlığı deməkdir, çünki ruhaniyyətdə forma fərqliliyi "uzaqlaşma", forma oxşarlığı isə "yaxınlaşma" adlanır. Buna görə də, Onun məxluqlarını həzzləndirmək istəyi sərhədsiz olsa da, yenə də forma oxşarlığı yaranır, yəni xeyir və həzz yalnız Yaradana həzz əta etmək şərtilə qəbul oluna bilər.

Və buradan bizdə səylər anlayışı yaranır, yəni xeyir və həzzi əta etmək xatirinə qəbul etmək mümkün olsun deyə ekran (masax) yaratmaq lazımdır. Və bu, "Panim meirot u-masbirot" kitabının ümumi girişində deyildiyi kimi, sahib olduğumuz səylərin köküdür: "Və bil ki, malxut klisindəki ekran qaranlığın köküdür — məhz bu ekranda mövcud olan saxlama qüvvəsinə görə [ki, o, ali nurun dördüncü mərhələyə yayılmasının qarşısını alır]. Və o həmçinin mükafat almaq məqsədilə göstərilən səylərin köküdür. Çünki səy arzudan kənar bir fəaliyyətdir, axı işçiyə yalnız rahatlıqda yaxşı olur. Lakin ev sahibi ona mükafat verdiyi üçün o, öz istəyini ev sahibinin istəyi qarşısında ləğv edir".

Beləliklə, etməli olduğumuz hər şey işdir, çünki üzərimizə qoyulan yalnız budur, necə ki, deyilir: "Yaradanın yaratdığı, etmək üçün", burada "yaratdı" xüsusiyyəti bizim Yaradana aid etdiyimiz şeydir, yəni məxluqlarını həzzləndirmək istəyidur və "yaratdı" xüsusiyyətindən bizdə forma bölgüsü və fərqliliyi yaranır. Lakin "etmək" sayəsində, yəni "əta etmək xatirinə" pilləsinə çatmaq üçün yerinə yetirdiyimiz işimizin köməyi ilə biz forma oxşarlığı baxımından yenidən Yaradana yaxınlaşırıq.

Və bu, Zoarda deyildiyi kimi, məxluqların Yaradanla olan tərəfdaşlığıdır: "«Və Sionə de: sən Mənim xalqımsan». «Xalqım» — 'ami' deyil, «Mənimlə» — 'imi' sən – yəni Mənimlə tərəfdaş olmaq deməkdir, belə oxu". Yəni, yuxarıda deyildiyi kimi, Yaradan almaq istəyi əta edir ki, bu da Onun yaratdığı və "qaranlıq" adlandırılan xisarondur, necə ki, deyilir: "Və qaranlıq yaradıram", və bu, Onun həzzləndirmək arzularından irəli gəlir. Məxluqlar isə ekran verməlidirlər və bunun sayəsində bizdə forma oxşarlığı yaranır, və yalnız o zaman "məxluqlarını həzzləndirmək" xüsusiyyətindən qaynaqlanan ali xeyri qəbul etməyə qadir olan kelimlərimiz olur. Belə çıxır ki, "yaratdığı" yuxarıdan gəlir, "etmək" isə aşağıdakılardan gəlir.

Və budur, səylərə gəldikdə biz onda iki hal tapırıq:

1.İş və mükafat iki [ayrı] aspektdir, çünki iş mükafatın yerində deyil, yəni iş vaxtı ayrıdır, mükafat vaxtı isə ayrıdır.

 

2.İş və mükafat eyni yerdə və eyni vaxtda olduqda.

 

Axı səy o deməkdir ki, insan müəyyən bir hərəkət etməlidir. Və hərəkət də üç cür olur: 1) bədənin səyləri, 2) ağlın səyləri, 3) ən çətin olan daxili səy. Və bu — insanın ağlı ilə işləməli və ağıllı-məntiqi mühakiməsinə zidd olan hərəkətlər etməli olduğu haldır, yəni o, öz düşüncəsini ləğv etməlidir; məntiqin ona belə və ya elə etməyi ehkam etdiyi halda, o, hərəkət edərək öz ağlını — öz anlayışına görə yüz faiz həqiqət olduğunu bildiyi şeyi ləğv edir. Bu — əsl səydir.

Lakin səylər anlayışına qayıdaq. Gəlin insanın müəyyən bir hərəkət etdiyi nümunəni nəzərdən keçirək. O, bu hərəkəti həmin hərəkətə görə mükafat almaq üçün edir, əks halda o, sakitlik vəziyyətində qalardı, çünki təbiətcə insan rahatlığa can atır. Və bunun səbəbi TES-də izah olunur: "Bu ona görədir ki, bizim Kökümüzə hərəkət deyil, rahatlıq xasdır, çünki Onda qətiyyən heç bir hərəkət baş vermir".

Və buna görə də biz görürük ki, verilən mükafatın böyüklüyünə, əhəmiyyətinə və tələbatına uyğun olaraq — o, məhz bu ölçüdə səy göstərməyə qadirdir. Lakin əgər insan işləmədən eyni mükafatı almağa imkan verən hər hansı bir üsul tapsaydı, o, dərhal bu səylərdən imtina edərdi, çünki onun üçün səy ödənişə nail olmaq vasitəsindən başqa bir şey deyil. Buna görə də, əgər o, eyni mükafatı başqa vasitələrlə, yəni işləmədən əldə edə bilərsə, o düşünür ki, nə üçün heç bir əmək haqqı almadığı halda əbəs yerə işləməlidir. Axı işinə görə ona veriləcək şeyi işləmədən də əldə edə bilər. Belə çıxır ki, o, [ödənişsiz qalır]. Və yuxarıda deyildiyi kimi, mükafatsız işləmək qeyri-mümkündür. Ona görə də o, işdən imtina edir.

Və bu o deməkdir ki, "mükafat və iş o zaman iki fərqli yerdə, iki fərqli zamanda olur". Çünki iş, məsələn, zavodda [görülür], ödəniş isə kassada aldığı əmək haqqıdır. Və iki fərqli zamanda: yəni iş vaxtı ayrıdır, ödənişin alınması vaxtı isə ayrıdır. Çünki iş hər saat və hər an görülür, ödənişi isə o, yalnız işini bitirdiyi günün sonunda alır, necə ki, deyilir: "Muzdlu işçiyə əziyyət vermə... həmin gün gün batmazdan əvvəl haqqını ver".

Lakin bəzən olur ki, iş və mükafat eyni yerdə və eyni vaxtda olur. Və bu, işin özünün mükafat olduğu və onun gördüyü işə, yəni bədənin etdiyi hər bir hərəkətə görə başqa bir mükafat verilməsini gözləmədiyi haldır. [Axı] yuxarıda deyilənlərə görə, bədən mükafatsız heç bir hərəkət edə bilməz. Burada isə onun işi elə mükafatın özüdür, nəticədə o, işlədiyi yerdəcə mükafat alır. Həmçinin o, işlədiyi vaxtda da mükafat alır. Yəni o, yuxarıda deyildiyi kimi günün sonu kimi başqa bir vaxtı gözləməli deyil, hər bir hərəkətə görə dərhal yerindəcə mükafat alır.

Məsələn, İsrailə hansısa admor [yəni hörmətli ravvin], məsələn, nümunə üçün Lubaviç Rebesi gəlsə. Və əlbəttə ki, onun bütün xasidləri onu qarşılamağa gedəcək, onun isə əlində kiçik bir baqajı var və o, həmin baqajı taksiyə daşımaq üçün xasidlərdən birini seçir. Sonra rebe 100 dollarlıq əskinaz çıxarıb baqajını taksiyə aparanda çəkdiyi zəhmətin müqabilində ona verir. Təbii ki, onun xasidi bu pulu götürmək istəmir. Əgər rebe ondan soruşsa: "Niyə bu pulu götürmək istəmirsən? Məgər azdır? Axı "rebe"nin nə olduğunu bilməyən və mənim hörmətli adam olduğumu bilməyən sadə fəhləyə 10 dollarlıq əskinaz versəydim, o mənə çox minnətdar olardı. Mən isə sənə sadə fəhlədən on dəfə çox verirəm, amma sən bunu götürmək istəmirsən".

Lakin bu barədə nə demək olar? Yəni, onun xasidi əməyinə görə ondan haqq almaq istəmir, çünki o, məhz rebenin əzəmətini və vacibliyini, həmçinin rebenin ona xidmət etmək üçün məhz onu seçdiyini bilir; bu isə yüksək qiymətə layiq olan böyük mükafat [deməkdir]. Və əgər xasidlərdən biri rebenin ona tapşırdığı bu xidməti ondan satın ala bilsəydi, o xasid heç bir şübhəsiz ki, həmin digər xasidə deyərdi: «Dünyanın bütün sərvəti rebenin hamının arasından məni seçərək mənə həvalə etdiyi bu xidmətin qarşılığında heç nədir».

Və burada biz görürük ki, səy və mükafat eyni yerdə və eyni vaxtdadır. Çünki iş zamanı, yəni o, bu yükü üzərində daşıdığı və mükafat almalı olduğu zaman — çünki mükafatsız işləmək qeyri-mümkündür — o, mükafatı başqa yerdə almır. Yəni iş — daşıdığı həmin baqajdır, mükafatı isə başqa yerdə olacaq, yəni pul şəklində, yaxud başqa vaxtda, yəni işi başa çatdıqdan sonra haqqını alacaq.

Lakin burada iş və mükafat eyni yerdədir. İş ondan ibarətdir ki, o, baqajı daşıyır, mükafatı da həmçinin ondadır ki, o, rebenin baqajını daşıyır, çünki [rebe] ona mükafat adlana biləcək başqa heç nə verməli deyil. Çünki işin özü — rebenin baqajını daşıması — onun mükafatıdır. Həmçinin bu, «eyni vaxtda» adlanır, yəni işlədiyi vaxtda, məhz həmin vaxtda o, mükafatı alır və burada demək olmaz ki, o, işini bitirdikdən sonra mükafat alır, çünki o, haqqını məhz həmin saniyədə alır. Və burada iş vaxtı ilə mükafat vaxtını ayırmaq qeyri-mümkündür, çünki onun bütün mükafatı rebeyə etdiyi xidmətdir, çünki o, bu xidmətdən dünyanın bütün sərvətlərindən daha çox həzz alır. Belə çıxır ki, burada tamamilə yeni bir şey var, çünki onun hər an işinə görə mükafat almasının heç bir yolu yoxdur, çünki mükafat həmişə işdən sonra gəlir, necə ki, deyilir: «Bu gün onları [yəni ehkamları] yerinə yetirmək, sabah isə onların mükafatını almaq». Burada isə başqadır, yəni iş və mükafat bütöv bir tam kimi çıxış edir.

Və bundan belə nəticə çıxır ki, "iş səy adlanmır" ki, ona görə mükafat alınsın. Yalnız o zaman ki, iş və mükafat yuxarıda deyildiyi kimi iki fərqli yerdə və iki fərqli zamanda olur, məhz o zaman iş səy adlanır. Yəni iş mükafat almaq üçün sadəcə bir vasitədir. Buna görə də, əgər o, bu vasitəni kənara atıb dərhal məqsədə nail ola bilsəydi, bu vasitə ona nə üçün lazım idi? Belə olan halda, bütün məqsəd mükafat olduğundan, onun bütün diqqəti  yalnız mükafata cəmlənmişdir. Və o, həmişə necə daha az işləmək, necə daha çox qazanmaq olar deyə baxır.

 

Lakin əgər iş və mükafat eyni vaxtda həyata keçirilirsə, bu iş səy adlanmır — o mənada ki, guya o, bu işdən qurtulmaq istəyindadır, çünki iş və mükafat eyni yerdə və eyni vaxtdadır, belə ki, o, hörmətli insana xidmət etməkdən zövq alır.

 

Və buna əsasən belə çıxır ki, Tövrat və ehkamlarda səylər  yalnız o zaman hiss olunur ki, o, Tövrat və ehkamlar yükünü daşıyır — rebenin əzəmətini bilməyən və rebenin baqajını daşıyan fəhlə kimi; və o zaman o, fasiləsiz olaraq bazarlıq edir və rebenin əməyinə görə ona ödədiyindən daha çox haqq istəyir — yuxarıdakı Lubaviç Rebesi nümunəsində deyildiyi kimi. Başqa sözlə desək, rebenin ona verdiyi baqajı götürən xasid, rebenin əzəmətini və ucalığını bildiyi üçün rebedən heç bir ödəniş tələb etmək istəmir. Çünki mükafatın miqdarı onun rebenin əzəmətini və vacibliyini nə dərəcədə dərk etməsi ilə ölçülür — o, məhz o qədər əlavə mükafat alır. Çünki təbiət etibarilə [bizdə] hörmətli insana xidmət edərkən böyük bir həzz olsa da, şübhəsiz ki, vaciblik dərəcəsində də fərq mövcuddur. Çünki əgər insan şəhərdəki ən vacib insana xidmət edirsə, hərçənd onun həzzi var, lakin bu, ölkədəki ən vacib insana xidmət etdiyini bildiyi zamankı hiss ilə müqayisə oluna bilməz. Və o, hələ daha çox, dünyanın ən vacib insanına xidmət etdiyini bildikdə ən böyük həzzi yaşayır, çünki [o zaman] onun həzzi sərhədsiz olur.

Belə çıxır ki, insanın Tövrat və ehkamlarda səy göstərməsi — Yaradanın vacibliyinin və əzəmətinin bizdə olmaması ilə əlaqədardır. Və Zoar kitabının dilində bu o deməkdir ki, bizim bütün düşüncələrimiz yalnız "Şxinanı (toz-torpaqdan) qaldırmaq" barədə olmalıdır, çünki bütün ruhaniyyətimiz sinamın gizlədilməsi vəziyyətindədir, belə ki, biz gördüyümüz işin vacibliyini hiss etmirik, yəni kimin üçün işlədiyimizi, kimə xidmət etdiyimizi anlamırıq. Odur ki, işdə çətinliklərə sinə gərdiyimiz zaman bu iş məcburi şəkildə yerinə yetirilir və bu, "səy" adlanır, çünki mükafat işin yerində deyil.

Başqa sözlə desək, məcburiyyətdən işləyərək, o, bir müddət sonra və başqa yerdə mükafat almağı gözləyir. Mükafat iş vaxtından uzaq olduğundan, onun düşünməyə vaxtı olur ki, indi o işləyir, sonra isə mükafat alacaq və o zaman iş vəziyyətinin mövcud olduğu vaxt yaranır. Və bu, səy adlanır. Lakin əgər o, bu işin vacibliyini hiss edirsə, yəni kimə xidmət etdiyini dərk edirsə, onda mükafat işin yerində olur. Belə iş səy adlanmır, çünki iş və mükafat eyni vaxtda və eyni yerdədir və bu, səy adlanmır.

Və bunu yuxarıda deyildiyi kimi bilmək olar, çünki burada — iş və mükafat eyni yerdə olduqda, belə çıxır ki, işin özü elə məqsəddir. Buna görə də o, bu işdən imtina etmək istəməyəcək. Çünki, qayda olaraq, məqsəddən imtina etmirlər, yalnız vasitələrdən imtina edirlər. Buna görə də mükafat və iş eyni yerdə və eyni vaxtda olduqda, insan bu işdən imtina edə bilməz, çünki əgər o, işdən imtina etsə, o zaman mükafatdan da imtina etmiş olar, çünki onlar eyni yerdədir.

Lakin əgər insan yuxarıdakı nümunədəki yükdaşıyan kimi işləyirsə, orada səy mövcuddur, çünki iş və mükafat iki [fərqli] yerdədir; insan mükafat üçün sadəcə bir vasitə olan səylərdən imtina etmək və birbaşa mükafatı əldə etmək istəyir. Məsələn, insan gələcək dünyanı qazanmaq üçün işləyir, o zaman o, əgər ona işləmədən gələcək dünya veriləcəksə, işdən imtina etməyə hazırdır — çünki ona vasitələr deyil, yalnız məqsəd lazımdır.

Həmin şeyi hədiyyədə də fərqləndirmək lazımdır. Vacib insan kimsəyə hədiyyə verir. Hədiyyəni alan şəxs bu hədiyyədə iki aspekti fərqləndirir:

  1. Onu sevdiyi üçün, əks halda ona hədiyyə verməzdi;

 

     2.Hədiyyənin özü.

 

Və burada da eyni aspekti, yəni nəyin məqsəd, nəyin vasitə olduğunu fərqləndirmək lazımdır. Həmçinin verənin vacibliyi həlledici əhəmiyyət kəsb edir. Əgər verən vacib şəxsdirsə, sevgi məqsəddir, hədiyyə isə sevginin aşkar olunduğu sadəcə bir vasitədir. Belə çıxır ki, burada da o, hədiyyədən imtina etməyə hazırdır, lakin sevgidən yox. Eyni zamanda, əgər verən sadə bir adamdırsa, onda hədiyyə məqsəddir, sevgi isə vasitədir və o, sevgidən imtina edə bilər, çünki əsas odur ki, ona hədiyyələr versin. Beləliklə, həm verən, həm də alan həmişə həmin insan vacibliyinin hesabatını aparırlar.

Beləliklə, bu ana qədər biz mükafat və iş haqqında danışdıq, lakin daha bir aspekt var, məhz cəza. Başqa sözlə desək, əgər o, Tövrat və ehkamları yerinə yetirmirsə, bundan ötrü cəza alır. Lakin burada da cəzanın qanunu pozduğu həmin yerdəmi, yoxsa başqa yerdə və başqa vaxtdamı yerləşdiyini fərqləndirmək lazımdır.

Və məsələn, dövlət qanunlarına münasibətdə mükafat və cəzanı götürək. Dövlət qanunlarını pozan şəxs cəza alır, lakin onun cəza alması eyni yerdə və eyni vaxtda həyata keçirilmir. Başqasının əmlakını oğurlayan və bunun məhz onun tərəfindən oğurlandığı bilinən şəxs cəza alır — tutaq ki, azadlıqdan məhrum etmə və ya pul cəriməsi. Lakin bütün bunlar eyni yerdə və eyni vaxtda deyil. Əgər onun oğurladığı bilinmirsə və sairə, o, heç vaxt cəza almayacaq.

Tövrat qanunlarını pozanlarla da eyni şey baş verir. Və bununla belə, Tövrat qanunlarını pozanlar ilə dövlət qanunlarını pozanlar arasında böyük fərq var. Aşkar hissəyə, yəni Tövrat və ehkamların yerinə yetirilməsi əməllərinə gəldikdə isə — hər kəsin digərinin nə etdiyini görə bildiyi bu hissədə də cinayət və cəza eyni yerdə və eyni vaxtda deyil. Çünki əgər insan cinayət törətdibsə və bunu görən şahidlər varsa, o, törөtdiyi cinayətə görə cəza alır. Məsələn, o, donuz əti yemişdir və şahidləri var. Sonra məhkəmə bu cinayətə görə ona şallaqlanma düşdüyü barədə qərar çıxarır. Belə çıxır ki, cinayət və cəza dövlət qanunlarının pozulmasında olduğu kimi müxtəlif yerlərdə və müxtəlif vaxtlarda baş verir.

Lakin "gizli hissə" adlanan Tövratın daxili hissəsinə aid olan insan əməyinə gəldikdə isə — burada məhz hər şey gizlidir, çünki heç bir insan digərinin daxili əməyini görə bilməz, çünki yoldaşının ürəyində nə olduğunu bilmir. Tutaq ki, məsələn, kimsə gəlib deyir: "Mən Tövrat öyrədilən təhsil müəssisəsi üçün böyük bir ianə vermək istəyirəm. Lakin mən istəyirəm ki, bu müəssisədə mənim şərəfimə böyük daş lövhə qoysunlar və üzərində mənim böyük ianə verdiyim yazılsın, həmçinin qəzetlərdə mənim belə böyük ianə verdiyim barədə xəbər dərc etsinlər ki, hara getsəm mənə böyük hörmət göstərsinlər".

Və o zaman, əlbəttə ki, demək olar ki, o, böyük xeyriyyəçidir, lakin demək olmaz ki, onun niyyəti məhz Tövrat öyrənənləri dəstəkləməkdir. Çünki burada Tövrat öyrənənlərin gücləndirilməsinə dəstəyə həm də özünsevgi adlanan lovğalıq qarışıb. Lakin onun həqiqi niyyəti bizdən gizlədilib, çünki ola bilər ki, həqiqətdə o, yalnız Tövrat öyrənənləri gücləndirmək istəyir, lakin ondan pul alan həmin insanların ona ehtiram göstərməməsi üçün o, onların gözündə elə göstərir ki, guya həqiqətən də şərəf axtarır, yəni xeyriyyəçiliyə müəyyən məbləğ vermək istəyir, çünki pula olan ehtirasını şərəfə olan ehtirasla dəyişmək istəyir və əlbəttə ki, ona hörmət etməyəcəklər.

Və bu, insanla onun yaxını arasındakı [münasibətlərdə] baş verir, burada aşkar hissəni və gizli hissəni fərqləndirmək lazımdır. İnsan ilə Yaradan arasında isə şübhəsiz ki, böyük fərq var. Müdriklərimiz demişdilər: "Həmişə insan Tövrat və ehkamlarla məşğul olmağa borcludur, hətta "lo lişma"da olsa belə, çünki "lo lişma"dan "lişma"ya gəlib çıxırlar". Budur, ehkamların yerinə yetirilməsində və Tövratın öyrənilməsində aşkar hissə, yəni əməl ilə gizli hissə, yəni niyyət arasında böyük fərq var. Çünki niyyəti görmək qabiliyyətinə malik olan heç bir insan yoxdur. Çünki insan ilə Yaradan arasında yerinə yetirdiyi əməldə heç kəs ortada durub onun niyyətini yoxlamır, çünki hər kəs adətən öz işləri ilə məşğuldur və başqasının hesab-kitabını düşünməyə vaxtı yoxdur. Belə çıxır ki, niyyət haqqında yalnız onun özü düşünür. Yəni o, "lo lişma"da işləyərkən, yəni mükafat gözləyərkən, o zaman iş və mükafat eyni yerdə və eyni vaxtda deyil. Və burada da [həmçinin], biz cəzalardan danışarkən, cinayət və cəza eyni yerdə və eyni vaxtda deyil, çünki cəzanı o, cinayəti törөtdikdən sonra alır və sonra o, cəza alır — bu dünyada cəza və ya gələcək dünyada cəza. Və bu, yalnız "lo lişma" hissəsində baş verir.

Eyni zamanda, niyyəti üzərində işləyən, yəni bütün əməllərini əta etmək xatirinə yönəldə bilən insanların — onlarda mükafat və cəza eyni yerdə və eyni vaxtdadır. Çünki onun öz əməllərini Yaradana həzz əta etməyə istiqamətləndirə bilməməsi onun cəzasıdır və ona başqa bir cəzanın verilməsinə ehtiyac yoxdur, çünki Yaradandan hələ də uzaq olduğunu görməkdən böyük əzab yoxdur.

Bunun sübutu isə odur ki, onun Yaradana elə bir sevgisi yoxdur ki, Onu ehtiramla ucaltmaq istəsin. Və bütün bunlar Yaradana nisbətən "axoraim və gizlilik" (arxa tərəf və gizlədilmə) vəziyyətində olmasındandır. Bu, onu incidir və onun cəzasıdır. Lakin əgər onun Yaradana sevgisi varsa və O'na həzz əta etmək istəyirsə, elə həmin yerdəcə onun mükafatı da mövcuddur. Ancaq bu, yuxarıda deyildiyi kimi, "lo lişma"da deyil, məhz işə yalnız göylər xatirinə gəlmək istəyənlərə aiddir — onlar haqqında demək olar ki, cəza və mükafat eyni yerdə və eyni vaxtdadır.

Lakin adi dünyada cəza məhz onların müxtəlif yerlərdə olduğu zaman adlanır, çünki adi dünyada Tövrat və ehkamların yerinə yetirilməsi açıq hissə, yəni yalnız əməl baxımından adlanır ki, bu da "aşkar" adlanır, çünki əmələ gəldikdə hər kəsə onun nə etdiyi və nə dediyi aydındır. Açıq hissədə isə, yuxarıda aydınlaşdırdığımız kimi, həm mükafat, həm də cəza müxtəlif yerlərdədir.

Və yuxarıda deyilənlərin hamısından indi biz 6 sual verdiyimiz Zoar kitabının sözlərini izah edəcəyik. Məlumdur ki, malxut "Avaya adının sonuncu hey hərfi" adlanır və birbaşa nurun dördüncü mərhələsi adlanan bu statusun xüsusiyyəti almaq üçün almaqdır. Tövrat və ehkamlar vasitəsilə etməli olduğumuz bütün düzəlişlər onu islah etmək üçündür ki, onda almaq xüsusiyyəti əta etmək üçün olsun və buna "Yaradanla qovuşma" deyilir. Lakin əgər onun niyyəti əta etmək deyilmişsə, o, Yaradandan uzaqlaşır. Və məlumdur ki, ali aləmlər haqqında öyrəndiyimiz hər şey (ruhlara) münasibətdə deyilir, necə ki, müdriklərimiz demişlər: "Ravvin Berexiya dedi: «Göy və yer yalnız İsrailin sayəsində yaradılmışdır, necə ki, deyilir: «Əvvəlcə Uca Rəbb yaratdı», lakin İsraildən başqa başlanğıc yoxdur, necə ki, deyilir: «İsrail Yaradanın müqəddəsliyidir, Onun məhsulunun başlanğıcıdır»»".

 

Ona görə də ali aləmlər haqqında öyrəndiyimiz hər şey — ruhların ali xeyri alması üçündür, çünki məlum olduğu kimi, yaradılışın məqsədi Öz məxluqlarını həzzləndirməkdir. Malxutda hökm sürən və almaq üçün almaq adlanan onun öz xüsusiyyətindən irəli gələn forma fərqliliyini düzəltmək üçün — çünki ruhaniyyətdə forma fərqliliyi ayrılığa səbəb olur — və Adəmin yaradıldığı bütün ruhların kli-si olan "malxut" adlanan bu kli-də o, bunu elə islah etməlidir ki, bütün alan kelimlər əta etmək üçün olsun.

Zoar kitabının girişində deyilənləri öyrənin: "Ruhların kli-sində qoyulmuş bu ayrılığı islah etmək üçün Yaradan bütün aləmləri yaratdı və onları iki sistemə böldü, necə ki, deyilir: «Uca Yaradan birini digərinin qarşısında qoydu», bunlar müqəddəsliyin dörd ABYA dünyası və onların qarşısında — natəmiz dörd ABYA aləmidir. ... Və onlardan özü üçün almaq istəyini götürüb natəmizliyin ABYA aləmləri sisteminə ötürdü".

"Və aləmlər maddi dünyanın reallığına qədər, yəni bədən və ruhun reallığının, eləcə də pozğunluq və islah vaxtının olacağı yerə qədər eniş etdilər. Çünki bədən, yəni özü üçün almaq istəyi, yuxarıda deyildiyi kimi, yaradılış layihəsindəki öz kökündən qaynaqlanır və bütün natəmizlik aləmlərı sistemindən keçir, necə ki, deyilir: «Vəhşi eşşək kimi doğulur insan», və on üç yaşa qədər bu sistemin əsarətində qalır. Və bu, pozğunluq vaxtıdır. On üç yaşından etibarən isə ehkamlarla məşğul olmaqla — o, Yaradanına həzz əta etmək üçün məşğul olduqda — onda qoyulmuş özü üçün almaq istəyini təmizləməyə başlayır, tədricən onu "əta etmək üçün" olana dəyişir və bununla da yaradılış layihəsindəki kökündən müqəddəs ruhu tədricən cəlb edir. Və o, müqəddəs aləmlər sistemindən keçərək bədənə bürünür. ... Və o, Sonsuzluqda olan yaradılış layihəsindən [gələn] müqəddəslik pillələrini getdikcə daha çox əldə edir və dərk edir. Nə qədər ki, onlar insana özü üçün almaq istəyini dəyişməyə kömək etməyə başlamırlar  o, tamamilə Yaradanına həzz əta etmək üçün almaq olsun".

Baal Sulamın Zoar kitabının Girişində gətirdiklərinə əsasən biz görürük ki, ali aləmlər haqqında danışdığımız hər şeydə yalnız ruhlara aid olanlardan bəhs edilir. Ona görə də malxutun Avaya adından uzaqlaşdığını deyəndə, bu, yalnız onunla Avaya adını birləşdirmək üçün onu islah etməli olan ruhlara münasibətdədir, çünki o, ruhlara münasibətdə uzaqlaşmışdı.

Lakin insan ali malxutun yükünü bilikdən yuxarı üzərinə götürdükdə və əta etmək xüsusiyyətində olduqda — bu, insanın kökündə, yəni malxutda onun da əta etmək xüsusiyyətinə gəlməsinə səbəb olur ki, bu da forma oxşarlığıdır — o zaman hesab olunur ki, forma fərqliliyi baxımından əta edəndən uzaq olan malxut, indi insan əta etməklə məşğul olduqda , malxutun Avaya adına, yəni əta edənə yaxınlaşdığı hesab olunur. Və "hey vav-a qayıdacaq" sözlərinin mənası budur. Çünki yud-hey-vav əta edənin xüsusiyyəti olan ilk 9 [sfira] adlanır, vav hərfi isə malxuta ötürən adlanır, çünki indi malxut vav kimi əta edənin xüsusiyyətindədir. Və buna görə də Zoar kitabı malxuta "hey" adını verir. Bu, verdiyimiz birinci sualın cavabıdır.

Bir tərəfdən, malxutun kökündən hansı ki, o, məxluqların köküdür, çünki malxut öz kökünə görə "almaq üçün alan" adlanır — məhz bu xüsusiyyətdən ölüm xüsusiyyəti qaynaqlanır. Çünki almaq səbəbindən biz Həyat Mənbəyindən ayrılırıq. Buna görə də oradan ölüm xüsusiyyəti qaynaqlanır. Odur ki, malxut Ölüm Ağacı adlanır. Zoar kitabında deyildiyi kimi: "Ravvin Yehuda dedi: «Ravvin Xiya dedi: «Müqəddəs Yazı şəhadət edir ki, kasıblara sədəqə verən hər kəs [sayəsində] Həyat Ağacı, yəni Zeir Anpin oyanır ki, Ölüm Ağacına, yəni malxuta həyat əlavə etsin. Və o zaman yuxarıda, yəni malxutda həyat və sevinc olur»»".

Beləliklə, biz görürük ki, bir tərəfdən malxut Ölüm Ağacı adlanır — məhz yuxarıda deyildiyi kimi onun kökü tərəfindən. Lakin ruhlar əta etməklə məşğul olduqda, o, forma oxşarlığında olur və o zaman üzərində olan ixtisar (tsimtsum) və gizlədilmə ondan uzaqlaşır və məhz buradan, yəni malxutdan dünyaya həyat axıb gəlir. Və bu nöqteyi-nəzərdən malxut "həyat" adlanır.

Və bununla biz ikinci sualı izah etdik: niyə malxut həyat adlanır, əgər malxut Ölüm Ağacı adlanırsa? Cavab bundan ibarətdir ki, biz onu "aşağıdakı əməl yuxarıdakı əməli oyadır" xüsusiyyətində, yəni aşağıdakıların etdiyi əməllərlə islah ettdikdən sonra, onlar ali kökləri oyadırlar və bunun sayəsində Yaradanın və Onun Şxinasının birliyini törədirlər, bu birlikdən isə dünyaya həyat enir.

Və budur, üçüncü sual: niyə malxut "Yaradanın ağzı" adlanır? Biz maddi aləmdə görürük ki, ağız [insanın] düşüncəsində olanı üzə çıxarır. Avaya mərhəmət xüsusiyyəti adlanır ki, bu da Yaradanın məxluqlara xeyir və həzz əta etməsi deməkdir. Və malxut həyat adlandıqda — ki, bu, aşağıdakılar əta etməklə məşğul olduqda baş verir — o zaman malxutdan ali həyat çıxır. Çünki yaradılışın məqsədi "xoxma nuru", yəni həyat nuru adlanır və malxut bunu aşkar etdikdə, malxut Yaradanın ağzı adlanır, çünki o, yaradılışın məxluqlarını həzzləndirməkdən ibarət olan layihəsini aşkar edir.

Və buradan dördüncü sualda soruşduğumuza keçirik: "Və o [yəni malxut] insanın başı üzərində dayandığı üçün, [insana] 4 dirsək məsafəni başı açıq keçmək qadağandır"? Məlumdur ki, malxut inam adlanır və  inam həmişə bilikdən yuxarıda dayanır. İnsanın başı isə onun ağlı adlanır. Və buradan belə çıxır ki, üzərimizə götürməli olduğumuz ali malxut bilikdən və ağıldan yuxarıda olmalıdır. Buna görə də hesab olunur ki, malxut insanın başı üzərindədir. Odur ki, "dörd dirsək məsafəni başı açıq şəkildə keçmək qadağandır. Çünki əgər o, insanın başı üzərində dayanmaqdan əl çəksə, həyat dərhal ondan uzaqlaşacaq". "Başı açıq" isə o deməkdir ki, malxut, yəni inam xüsusiyyəti onun ağlı və biliyi üzərində dayanmır, yuxarıda deyildiyi kimi, inam onun başından, yəni bilikdən yuxarıda olduqda inam adlanır. Və inamı olmadığı üçün malxutdan gələn həyat nuru, yuxarıda deyildiyi kimi, şübhəsiz ki, ondan uzaqlaşır. Çünki malxut yalnız əta edən kelimlərin islah edilməsində həyat adlanır. Alan kelimlərdə isə malxut Ölüm Ağacı adlanır, ona görə də həyat ondan uzaqlaşır.

Beşinci sual isə belədir: nə üçün Malxut «Yaradanın surəti» (tmuna) adlanır?Bunun səbəbi odur ki, «surət» (tmuna) sözü ümumi mənzərəni ifadə edir. Necə ki, adətən deyilir: «Mən baş verənlərin ümumi mənzərəsini (tmunasını) bilmək istəyirəm.»Buna görə də, insan ruhaniyyətin ümumi mənzərəsini bilmək istədikdə, ona deyilir: «O, Yaradanın surətini görür.»Yəni ruhaniyyətin ümumi mənzərəsini görə bilmək onun Yaradanın inam xüsusiyyətinə nə dərəcədə layiq olmasından asılıdır. İnam isə həm ağılda (moxa), həm də qəlbdə (liba) təzahür edir.İnsan hansı ölçüdə inama layiq olursa, həmin ölçüdə də yuxarıda bəhs olunan mənzərəni əldə edir.Məhz buna görə də Malxut inam adlandığından, o həm də «Yaradanın surəti» adlanır. Bu, insanın inamı hansı ölçüdədirsə, ruhaniyyətin mənzərəsini də həmin ölçüdə gördüyünə işarə edir.

Eyni şəkildə, həmin  yanaşmadan istifadə edərək altıncı sualı da izah edə bilərik: malxut 'tselem' bənzəyişi adlanır, necə ki, deyilir: "Yalnız bənzəyişdə gəzəcək insan"? Çünki "bənzəyiş" də inam xüsusiyyəti adlanır. Çünki günəş bilik adlanır, kölgə — 'tselem' isə günəşi gizlədən xüsusiyyətdir. Və bu, bürünmə (örtük) adlanan inam xüsusiyyətidir və əgər insanın bu örtüyü varsa, ali nur ona bürünür, necə ki, Zoar kitabında deyilir: "Əgər bənzəyiş uzaqlaşırsa, moxinlər də uzaqlaşır və bənzəyiş necədirsə, moxinlər də elə bürünür".