Rabaş

Saleh və ona yaxşıdır, saleh və ona pisdir


Barux Şalom Alevi Aşlaq (Rabaş)

38.Saleh və ona yaxşıdır, saleh və ona pisdir

Məqalə 38, 1985

Zoar kitabı «Saleh və ona yaxşıdır, saleh və ona pisdir»¹ ifadəsinin nə demək olduğunu izah edir. Orada deyilir: «Və «saleh və ona pisdir» kimdir? Xeyir və Şər Bilik Ağacına aid olan kəs, çünki şər onunla birlikdə qalır. Elə bir saleh yoxdur ki, bu şər üzündən günah işləməmiş olsun, çünki o, onunla birlikdədir. «Günahkar və ona yaxşıdır» –bu şər başlanğıcın xeyir başlanğıcına qalib gəldiyi kəsdir. Və buna görə də deyilir: «Və ona yaxşıdır» – çünki xeyir günahkarın hakimiyyəti altındadır. Və şər xeyirə hökmranlıq etdiyindən, o, günahkardır, çünki kim qalib gəlirsə, adı da o müəyyən edir. Əgər xeyir şərə qalib gələrsə, bu, «Saleh və ona pisdir» adlanır, çünki şər onun hakimiyyəti altındadır. Əgər şər xeyirə qalib gələrsə, o, «Günahkar və ona yaxşıdır» adlanır»². Sitatın sonu.

Ümumiyyətlə xeyir və şərin nə demək olduğunu başa düşmək üçün bilmək lazımdır ki, məxluqların kökü Malxut sfirotundan qaynaqlanır, Malxut isə öz kökünə görə almaq xatirinə alan adlanır və bu, məxluqlarda olan bütün şərin köküdür, çünki məhz bu arzu bizi Kökdən ayırır. Çünki biz öyrənirik ki, yaradılışın məqsədi – yəni Öz məxluqlarını həzzləndirmək istəyi – yoxdan var kimi «hiss və həzz almaq istəyi» adlı xisaron xüsusiyyətini yaratmışdır.

Ruhaniyyətdə qovuşma (dvekut) və ayrılıq formaca bənzərliyə aid olduğundan, Yaradan Əta edən, məxluqlar isə alan olduğuna görə, onların arasında formaca fərq mövcuddur. Və formadaki bu fərq bizi Yaradandan ayırır. Və avtomatik olaraq bizə yaradılış səbəbi olan O'nun bizə vermək istədiyi o xeyir və həzzi almaq müyəssər olmur. Və buna görə də bu xeyri almaq üçün bizə kelimin əta naminə olması üçün hazırlıq çatışmır, o zaman biz bu xeyri alacağıq.

Buradan belə çıxır: xeyir və həzzimizin olmamasına səbəb olan bizim şərimiz nədən ibarətdir? Demək lazımdır ki, bu, daxilimizdə özünə olan sevmədən başqa bir şey deyil, çünki xeyir və həzzi almağımıza mane olan məhz budur. Və bu, bizi ölüm vəziyyətinə gətirib çıxarır, çünki həyat mənbəyindən bizi ayıran məhz budur. Buna görə də biz ölü adlanırıq, necə ki müdriklərimiz dedilər: «Günahkarlar sağlığında ölü adlanırlar»³.

Və əgər biz daxilimizdəki şərin – onun bizimlə necə danışdığını və bizə hökmranlıq etmək istədiyini, onun arqumentlərinə qulaq asmağımız üçün bizə hansı güclə gəldiyinə – nəzər salsaq, 4 variantı fərqləndirmək lazımdır.

1.Bunu sevgi ilə Yaradana qayıdışa bənzətmək və müqayisə etmək olar (hərçənd sevgi ilə qayıdış böyük bir şeydir və burada biz yalnız müqayisədən danışırıq).

2. Təxminən ehtiramla qorxudan qayıdışa bənzətmək.

3.Öhdəsindən gələ və qayıdış edə bilmir, lakin yenə də qayıdış edə bilmədiyi üçün sınıq və parçalanmış vəziyyətdə qalır.

4.Şərin öhdəsindən gələ bilməməsindən və qayıdış edə bilməməsindən təsirlənmir.

Və onları bir-bir aydınlaşdıracağıq. Məlumdur ki, insan hər şeyi göylər naminə etmək yolu ilə getmək istədikdə – çünki o, nə etsə də, bunun Yaradana hansı xeyri verəcəyini düşünür, şəxsi mənfəəti haqqında düşünmür – bədən ona iddialarla gəlir və «şəxsi mənfəət yolu deyil,əta etmək yolu, » adlanan bu yol haqqında şər danışmağa başlayır. Və o, ağıl və ürək xüsusiyyətləri olan, yəni «kim?» və «nə?» xüsusiyyətləri olan «Fironun arqumentini» və «günahkarın arqumentini» gətirir.

İnsan onların dəlillərini eşitməyə başlayanda təəccüblənməyə başlayır, çünki o, bədənindən indi eşitdiyindən daha güclü arqumentləri heç vaxt eşitməmişdi. O düşünür ki, işə başlayanda hər dəfə məqsədə daha çox irəliləməlidir, yəni hər dəfə göylər naminə işləməyin dəyərli olduğunu başa düşməlidir.

Və birdən o görür ki, Yaradanın işinə daha böyük həvəslə can atmaq əvəzinə, bədən tərəfindən müqavimətlə qarşılaşır. Bədən ona indi belə deyir:«Niyə bütün dünyanın getdiyi yolla getmək istəmirsən? Bu o deməkdir ki, əsas məsələ bütün incəlikləri və təfərrüatları ilə əməlləri dəqiq yerinə yetirməkdir. Niyyətə gəldikdə isə belə demək lazımdır: “Qoy Onun istəyi olsun, sanki mən niyyəti artıq qurmuşam”.İndi isə, – deyə bədən bildirir, – görürəm ki, sən məhz niyyətə diqqət yetirirsən. Yəni hər şeyin Öz xatirinə deyil, Göylər naminə olması üçün niyyət qurmağa çalışırsan. Məgər sən istisna ola bilərsən? Axı sən bütün insanların etdiyi kimi davranmaq istəmirsən. Halbuki onlar bunun ən etibarlı yol olduğunu deyirlər. Bunun sübutu da bütün cəmiyyətə baxmaqdır: gör onlar necə davranırlar».

Və o zaman öhdəsindən gəlmək işində [pillələr] qaydası başlayır. Yəni o, onların dəlillərinin öhdəsindən gəlməli və onların tələb etdikləri ilə barışmamalıdır. Və o, şübhəsiz ki, hər şeyin şəxsi mənfəət üçün deyil, yalnız əta etmək üçün olması üçün belə bir niyyət qurmaq istəyinin ağıla zidd olması barədə iddialarına aydın cavablar verməlidir. Axı ağıl məcbur edir ki, insan zövq və həzz almaq istəyi ilə yaradıldığından və təbiət tərəfindən onu doldurmaq tələbi olduğundan (əks halda, bədənin qaldırdığı tələbləri yerinə yetirməklə həyatdan zövq almırsa, bütün bu həyat onun nəyinə lazımdır) düşünməlidir. Və o, başa salır ki, ağıla görə bu, yüz faiz belədir və onun dəlillərinə qarşı heç bir ağlabatan cavab yoxdur.

Və dəqiq cavab ondan ibarət olmalıdır ki, biz müdriklərin ağıl və bilikdən üstün getməli olduğumuzu öyrədən sözlərinə inanırıq. Başqa sözlə, həqiqi inam məhz bilikdən üstün yerləşir və ağlın başa düşdüyü hər şey düzgün deyil, çünki Yaradan haqqında biz öyrəndiyimiz kimi, deyilib: «Mənim düşüncələrim sizin düşüncələriniz deyil, Mənim yollarım sizin yollarınız deyil»⁴.

Və burada işin qaydasında fərqlər başlayır.

Birinci pillə odur ki, o, bədəninə deyir: «Mənə gətirdiyiniz bütün dəlillər – və ağıl baxımından siz haqlısınız – mən də sizin fikrinizlə razıyam. Lakin bilin ki, müdriklərə inam vasitəsilə əldə etdiyim həqiqi yol bilikdən üstünda yerləşir, lakin mənim yolumu gözlərimin önündə – həqiqətən də belə olduğunun və bilikdən üstün getdiyimin açılması imkanım yox idi.

Halbuki indi, siz bilik daxilində getməli olduğunuzu bildirən iddialarınızla yanıma gəldiyinizdə və əta etmək və inam yolu haqqında şər danışdığınızda, mən məmnunam ki, sən öz şər danışığınla yanıma gəlirsən, çünki indi mən öz düşüncələrimi aça bilərəm – ki, Yaradanın işini qurduğum bütün təməl həqiqət yolundadır. Yəni indi mən deyə bilərəm ki, mən bilikdən üstün gedirəm. Halbuki sən yanıma gəlməzdən əvvəl mənim yolumu açmaq imkanım yox idi.

Buna görə də mən sənin arqumentlərini sevirəm, çünki sən önümdə şər danışmaqla mənə böyük xidmət göstərmisən. Yəni səndən eşitdiyim şər danışıq indi məni qayıdış etməyə məcbur etdi, çünki indi mən «bilikdən üstün» xüsusiyyətindən istifadə edərək öhdəsindən gəlməyə borcluyam. Belə çıxır ki, əta müstəvisində və bilikdən üstün indi ali malxutun boyunduruğunu qəbul etməyimi kim təmin etdi? Yalnız sənin şər danışığın! Əgər sən iddialarla yanıma gəlməsəydin, mənim inam ehkamını qəbul etmək ehtiyacım olmazdı. Lakin indi mən qayıdış etməyə borcluyam». Belə çıxır ki, o, eşitdiyi şər danışıqdan qəzəblənmir.

Və münasibət baxımından bunu sevgi ilə qayıdışa bənzətmək olar (əslində isə sevgi ilə qayıdışla və ehtiramla qorxudan qayıdış iki böyük pillədir), necə ki müdriklərimiz dedilər: «Sevgi ilə qayıdış zamanı günahlar onun üçün xidmətlərə çevrilir»⁵. Eynilə burada da günahların xidmətlərə çevrildiyini izah etmək olar. Və günahlardan xidmətlərin necə yarandığını başa düşmək lazımdır. Çünki günahlar – insanın günahları olduğuna görə qəzəblənməsidir. Xidmətlər isə – insanın xidmətləri olduğuna görə məhz həzz almasıdır. Onda günahlardan xidmətlərin yarandığını necə demək olar? Axı buradakı günah nədən ibarətdir? Bədənin qəbul etdiyi inam haqqında dediyi iddialarla gəlməsidir. Müqəddəs inama şər başlanğıcdan daha böyük günah ola bilərmi?

Lakin əgər o, sevgi ilə qayıdış edərsə, yəni indi qayıdış edərsə və aydın başla bilikdən üstün inamı qəbul edərsə, o, məhz inam yolu ilə getməyi seçir. Çünki indi onun qarşısında iki yol var və o, seçir – bu halda onun seçim imkanı var. Halbuki [bədən] şər danışıqla yanına gəlməzdən əvvəl, bilikdən üstün inamı qəbul etməsinə baxmayaraq, qarşısında iki yolun olması ona o qədər də aydın deyildi. İndi isə o, həqiqi seçim edir, yəni məhz bilikdən üstün inam yolu ilə getmək lazım olduğuna qərar verir.

Buna əsasən belə çıxır ki, o, eşitdiyi şər danışıqdan razıdır və günah olmasına baxmayaraq inama etdikləri istehzanı sevir. Və onlar onun üçün seçim imkanı yaratdıqlarından, ona aydın oldu ki, o, həqiqətən də bilikdən üstün inan yolu ilə getmək istəyir, məlum olur ki, bu günahlar onun üçün xidmətlər qədər vacibdir, çünki onlar olmasaydı, onun seçim imkanı olmazdı. Belə çıxır ki, indi etdiyi qayıdışda o, indi qarşılaşdığı işdən razıdırsa, bu, sevgi ilə qayıdışa bənzər adlanır. O zaman təbii olaraq bunların səbəbi olan günahlar onun üçün xidmətlər hesab olunur. Yəni o, onları xidmətlər kimi sevir. Çünki biri digəri olmadan baş vermir. Və onların münasibəti onun üçün nur və kli münasibətinə bənzəyir. Yəni günahların yaratdığı xisaron kli adlanır. Seçim etdiyi qayıdış isə nur münasibətinə bənzəyir. Və bu, işin qaydasında mövcud olan birinci pillədir.

Və ikinci pillə – hərçənd o, bədənin əta etmə və inam olan həqiqət yolu haqqında pis danışdığı şər başlanğıcın öhdəsindən gəlir və qayıdış edir, yəni bədənə cavab verir: «Səndən eşitdiyim hər şey yalnız ağlın məcburiyyətinə görə dediyindir. Lakin mən Yaradanın işinin əsas təməlinin bilikdən üstün inam xüsusiyyəti olduğunu eşitdiyim şeyə uyğun olaraq gedirəm. Yəni mən ağlın məcbur etdiyinə uyğun deyil, bilikdən üstün gedirəm». Bu halda bu, həqiqi cavabdır.

Lakin o deyir ki, əgər onların şər başlanğıcını eşitməsəydi, daha məmnun olardı, çünki o, bəlkə də seçim edə bilməyəcəyi təhlükəsində idi. Belə çıxır ki, bu qayıdış ehtiramla qorxu xüsusiyyətinə aiddir. Yəni o, öhdəsindən gəlmək işindən qorxur, çünki bu, ağır işdir. Çünki insan sınaqlar qarşısında qalanda yaxşılığı seçmək çox çətindir.

Belə çıxır ki, bu qayıdışın ehtiramla qorxu ilə münasibəti var, hansı ki, o zaman günahlar onun üçün səhvlərə çevrilir. O, günahlar üzərində qayıdış edəndə onlar səhvlər kimi olur. Lakin xidmətlər kimi deyil. Çünki xidmətlər dedikdə onların xidmətlərə bənzəməsi nəzərdə tutulur. Belə ki, insan xidmətlərə can atır, o da öz işindən sevinir, çünki ona seçim etmək imkanı verilib. Halbuki şər danışıqdan qorxanda, o özü deyir ki, bunlar xidmətlər deyil, səhvlərə bənzəyir.

Belə çıxır ki, o, şəri müqəddəsliyə qaldırsa da, yəni qayıdış etməklə həmin şəri islah etsə də, bu pillə sevgi ilə qayıdışdən aşağıdır, çünki o özü onları xidmətlərə çevirmir. Buna görə də bu, işdə mövcud olan ikinci pillə hesab olunur.

İşin qaydasında fərqləndirilməli olan üçüncü pillə odur ki, bədən məşhur iddialarla onun yanına gəlir və ağıl və ürək xüsusiyyətləri haqqında şər danışır. Və o, onlara boyun əyir və onların öhdəsindən gələ bilmir. Və bundan sonra o, öz pilləsindən enməlidir. Yəni əvvəllər özünü Yaradanın işçilərinə aid hesab etdiyi o yerdən, indi isə bundan çox uzaq olduğunu görür. Çünki bədən məşhur iddialarla yanına gəlməzdən əvvəl o, artıq düşünürdü ki, hər şey qaydasındadır, yəni onda heç bir özünə olan sevgiyə canatması yoxdur və etdiyi hər şey, şübhəsiz ki, əta üçündür.

Halbuki indi o, indi heç bir praktiki sınağa məruz qalmasa da – çünki indi bütün mübahisələr yalnız potensialda baş verir – onun iddialarına necə tabe olduğunu və indi bilikdən üstün inamı qəbul edə bilmədiyini və yalnız əta etmək yolu ilə getmək istədiyini deyə bilmədiyini görür.

Və insan indi oturub təəccüblənir ki, vəziyyət necə də dəyişib. Ona elə gəlir ki, dünyada hər şey dairə üzrə gedir – həmişə aşağı hesab etdiyi şeyə özü yuvarlandı və o, bunun ona nə qədər ikrah doğurduğunu xatırlamasına və bu insanlara balaca və infantil kimi baxmasına və həmişə onlardan uzaqlaşmasına baxmayaraq, o, bu yerdən çıxa bilmir. İndi isə o, orada yerləşir və oradan təkbaşına çıxa bilmir.

Və indi o, Ravvin Yonatan haqqında danışılan əhvalata bənzər bir şey görür6. Onun hansısa keşişlə mübahisəsi var idi və keşiş təbiəti dəyişməyin mümkün olduğunu deyirdi, Ravvin Yonatan isə Yaradanın yaratdığı təbiəti dəyişmək olmaz deyirdi. Yalnız Yaradanın Özü onu dəyişə bilər, lakin insan öz gücü ilə onu dəyişə bilməz.

Keşiş nə etdi? O, bir neçə pişiyin əsl ofisiant kimi davranmasını öyrətdi, onları ofisiant paltarında geyindirdi və kralın yanına gedib Ravvin Yonatanla baş verənlər haqqında ona danışdı. Və keşiş ziyafət təşkil edib kralı və nazirləri dəvət etdi. Ziyafətdən əvvəl isə o, ikinci təbiət – [təbiəti] dəyişməyin mümkün olması fikrini təkrarladı. Ravvin Yonatan isə dedi ki, yalnız Yaradan bunu dəyişə bilər, insan yox.

Və sonra keşiş əmr verdi. Və dedi: «Əvvəlcə ziyafətdən həzz alaq, sonra mübahisəmizi bitirərik». Və dərhal ofisiantlar – yəni əsl ofisiantlar kimi dəqiq geyinmiş pişiklər içəri daxil oldular. Və onlar süfrə açdılar, həmçinin iştirak edənlərin hər biri üçün bütün yeməkləri gətirdilər. Keşiş, kral və nazirlər baxıb ofisiantların möcüzəvi əməllərinə təəccüblənirdilər. Və indi hamı gördü ki, ziyafətin sonunda mübahisəyə qayıtmağın heç bir mənası yoxdur. Və hamı Ravvin Yonatanın necə sakit oturduğuna və insanın təbiəti dəyişməyə qadir olduğunu qara hərflərlə aydınlaşdıran baş verənlərə heyran olmadığına təəccüblənirdi.

Və danışırlar ki, Ravvin Yonatan nə etdi. Ziyafət başa çatdıqdan sonra, ofisiantlar dayanıb yığıncağa xidmət etməyi gözləyərkən, Ravvin Yonatan tabakera (tütün qutusu) çıxardı. Və hamı düşündü ki, o, tütün qoxlamaq istəyir. Lakin o, tabakeranı açanda ordan bir neçə siçan tullanıb çıxdı. Və «ofisiantlar» bu siçanların tabakeradan tullanıb qaçdığını görəndə, «ofisiantlar» dərhal qonaqları atıb öz təbiətlərinə uyğun olaraq siçanların arxasınca qaçdılar. Və o zaman hamı gördü ki, Ravvin Yonatan haqlıdır.

Bizdə də eynilə belədir – bədən gəlib şər danışığına başlayanda və özünə olan sevginin dadını əyani şəkildə göstərməyə başlayanda, o, dərhal Tövratı, işi və dünya Sahibini atır və özünə olan sevgini – bədənin ona dad göstərdiyi şeyi – məmnun etmək üçün qaçır. Və o zaman görür ki, onu özünə olan sevgidən çıxaracaq heç bir gücü yoxdur.

Belə çıxır ki, burada, bu vəziyyətdə, indi təbiətimizin gücü sayəsində özünə olan sevgiyə nə qədər qərq olduğunu görəndə – bu, onun işdə müəyyən bir səviyyəyə gəlib çıxması adlanır. Başqa sözlə, o, şərin dərk edilməsi adlanan həqiqət səviyyəsinə gəlib çıxdı. Və indi o bilir ki, işinə yenidən başlamalıdır. Çünki indiyə qədər o, özünü aldatmaq yolu ilə gedirdi. Və o, özü haqqında seçilmiş olduğunu düşünürdü. İndi isə o, öz həqiqi vəziyyətini görür.

Buna görə də indi onun ürəyin dərinliyindən Yaradana dua etmək üçün xisaron yeri var. Çünki o, əta işindən nə qədər uzaq olduğunu indi aydın şəkildə görür, çünki insan [öz təbiətindən] çıxmağa qadir deyil və yalnız Yaradan buna kömək edə bilər. Və bu, əvvəlki iki səviyyədən aşağı olan üçüncü səviyyədir.

Və dördüncü pillə ilk üç pillənin hamısından aşağıdır. Çünki bəzən elə olur ki, bədən onun yanına bütün arqumentləri ilə gəlir. Və o, heç bir cavab vermədən dinləyir. Çünki o, bədənin dəlillərini ciddi qəbul edir. Və bundan əlavə, o görür ki, əta əməllərini edə bilməməsi təbiidir. Və o, heç bir emosiya olmadan adi qaydada özünə sevgidə qalır. Və o, bütün bunları sakit ürəklə qəbul edir. Və o, bədən bu suallarla yanına gəlməzdən əvvəl – yəni özünə olan sevgisinə əsaslanan bütün insanların işindən fərqli olduğunu düşündüyü o dəqiqədən əvvəl olduğu yerini və vəziyyətini unudur. İndi isə o özü hiss edir ki, bütün cəmiyyətin işlədiyi kimi – işin yolu məhz budur.

Belə çıxır ki, onun əmələ gələn bütün sualları – şübhəsiz ki, onu başqa bir pilləyə qalxmaq imkanına gətirib çıxarmaq üçün yuxarıdan gələn çağırış idi – ya sevgi ilə qayıdış vəziyyətinə bənzər birinci pillə kimi, ya da ehtiramla qorxudan qayıdışa bənzər ikinci kimi, ya da onun xisaron yeri olacağı, yəni Yaradana dua etmək üçün daha çox imkanının olacağı, çünki insan indi öz gücü ilə özünə kömək etmək imkanının olmadığını görən üçüncü pillə kimi.

İndi isə o, müdriklərin dediklərinə inandığı və onların həqiqət olduğunu gördüyü bir vəziyyətə gəlib çatır:«Ravvin Şimon ben Lakiş dedi: “İnsanın şər başlanğıcı hər gün ona qalib gəlir və onu necə məhv edəcəyini axtarır. ... Əgər Yaradan ona kömək etməsəydi, insan buna tab gətirə bilməzdi. Necə deyilib: “Yaradan onu [insanı] onun [şər başlanğıcın] əlinə buraxmayacaq və insanı mühakimə zamanı ittiham etməyəcək”».

Və o görür ki, bədən həqiqətən də onu necə məhv edəcəyini axtarır. Yəni öz dəlilləri ilə onu Həyat Mənbəyindən ayırmaq istəyir. İndi o anlayır ki, bədənə qalib gəlmək onun öz gücü daxilində deyil və Yaradanın ona kömək edəcəyini gözləyir.Beləliklə, onda yaranan suallar təsadüfi deyildi. Əksinə, bu suallar ona ürəyinin dərinliklərindən dua etmək imkanı verdi.Eyni zamanda, dördüncü mərhələdə, o, hər şeyi sakit qəlblə qəbul etdiyi zaman belə çıxır ki, suallar sanki boş yerə, heç bir fayda vermədən yaranmışdı.

Lakin bilmək lazımdır ki, əta və inam yolu ilə getməyə başlayan insana heç nə əbəs yerə gəlmir. Və daha sonra, günlər və ya saatlar keçdikdən sonra, o, şər danışığı eşitdikdən sonra qaldığı o vəziyyətdən özünə gəlir. Və o zaman o, yeni bir şey görür – insanın uca pillədən özünün olduğu vəziyyətə nisbətən ən aşağı pilləyə necə yuvarlana biləcəyini. Və buna baxmayaraq, onda heç bir hissiyat yox idi və o, özünü heç nə baş verməmiş kimi hiss edir, hər şeyi sakit və rahat qəbul edir və indiki vəziyyətdə qalmaqla razılaşır, o, sakitdir və əhval-ruhiyyəsi pis deyil, əvvəllər isə düşünürdü ki, ruhaniyyətdə irəliləyişi yoxdursa, belə həyatdan ölüm yaxşıdır. Və o, hər zaman necə irəliləməli olduğu üçün həyəcanlanır və narahat olurdu. Və hər zaman Tövrat vəehkamlarla bağlı «quru» məşğələlərinə – yəni heç bir düşüncə və mülahizə olmadan, sadəcə [uşaqlıqdan] öyrədildiyi ehkam kimi yanaşan insanlara çəp baxırdı.

İndi isə o hiss etmir ki, xisaronunun – «çatışmazlığının» olmadığını hiss etmək üçün kimsədən nəsə – hansısa dəstək almalıdır. Çünki insanın rahat yaşamaq istəməsi və özündə çatışmazlıqlar axtarmaması, özünü xidmətlər tərəfinə mühakimə etməsi tamamilə təbiidir. Yəni xisaron olduğunu düşündüyü hər şeyə dərhal çoxlu bəraətlər qazandırır. Əsas məsələ isə budur: o, heç bir əzab çəkmədən yaşamaq istəyir, çünki xatırlayır ki, nə vaxtsa ruhaniyyət haqqında həqiqətən düşünəndə o, həmişə əzab və qayğılarla dolu idi. İndi isə, xoşbəxtlikdən, onun ruhaniyətlə bağlı qayğıları yoxdur və o, bütün insanlar kimi yaşayır.

Lakin daha sonra ona yuxarıdan müəyyən bir oyanış gələndə o, yenə də ruhaniyyət haqqında qayğılanmağa başlayır. O zaman o, yeni bir şey görür – insanın özünə sahib olmadığını. O isə sapandakı daş kimidir: yuxarıdan onu istədikləri kimi atırlar və o, yuxarının əlində olur. Yəni bəzən ona elə fikirlər verirlər ki, öz mənfəəti ilə bağlı olan bütün maddi şeyləri kənara atsın, bəzən isə onu aşağıya, maddi dünyaya atırlar, yəni o, ruhaniyyət haqqında tamamilə unudur.

Buna əsasən belə çıxır ki, hətta dördüncü pillə də – bu, ona həqiqəti görməyi öyrənmək imkanı verən bir pillədir və bunun sayəsində o, Yaradandan asılı olduğunu görməyi hesabına Yaradanla qovuşmağa gəlib çıxa bilər və o zaman o, Yaradandan onu özünə olan sevgidən çıxarıb Yaradanın sevgisinə gətirməsinə kömək etməsini xahiş etmək üçün oyanır.

Lakin bu, uzun yoldur. Qayda isə, atam və müəllimimin dediyi kimi, ondan ibarətdir ki, insan deməlidir: «Əgər mən özüm üçün etnəyəcəyəmsə, kim mənim üçün edəcək?»¹⁰. Başqa sözlə, insan hər şeyin ondan asılı olduğunu deməlidir. Çünki bütün seçim insanın əlindədir ki, o, bunu etsin və yuxarıdan oyanış gəlməsini gözləməsin.

Əməldən sonra isə o inanmalıdır ki, hər şey şəxsi idarəçilikdədir və insan öz işinə heç nə əlavə edə bilməz. Yuxarıda necə istəyirlərsə, o da elə hərəkət etməyə borcludur. Və onun heç bir seçimi yoxdur. Və bu, qısa və ən uğurlu yoldur, çünki biz vaxta və əzablara qənaət edirik, çünki uzun vaxt sərf edərək əzab çəkmirik.

Belə çıxır ki, əta və inam üzərində işləyərkən, insan bu yolda irəliləməyə başlayanda dörd mərhələni tapırıq.

Bədən onun yanına şər danışığının arqumentləri ilə gələndə, o, onları sevgi ilə qəbul edir və deyir: «İndi mənim bilikdən üstün inam ehkamını yerinə yetirmək imkanım var, çünki əks halda mən yalnız bilik daxilində işləyərdim». Və bu, sevgi ilə qayıdışa aiddir, yəni o, bu qayıdışı sevir.

Bədən onun yanına şər danışığının arqumentləri ilə gələndə və o, onları dəf edəndə, o, bu işi sevmir. Çünki şər danışığı eşidəndə onu dəf etmək ağır işdir. Bu, günahların onun üçün səhvlərə çevrildiyi ehtiramla qorxu qayıdışına bənzəyir, necə ki yuxarıda deyilmişdi, çünki o, bunların yanına gəlməməsindən daha çox məmnun olardı.

Bədən onun yanına şər danışığının arqumentləri ilə gələndə, o, onun arqumentlərinə boyun əyir və onların öhdəsindən gəlməyə gücü çatmır. Və o zaman o, özünü pis hiss edir, çünki bundan əvvəl özünü Yaradanın işçilərindən biri hesab edirdi. İndi isə görür ki, onda heç nə yoxdur. Və o, bundan təəssüflənir, lakin özünə kömək edə bilmir. Belə çıxır ki, olduğu vəziyyətdə ona pisdir.

Bədən onun yanına şər danışığının arqumentləri ilə gələndə, o, yükünün altında yıxılır və bədənin ona dediyi hər şeyi yerinə yetirir, hər şeyi sakit ürəklə qəbul edir və dərhal yerindəcə bir vaxtlar Yaradanın işçisi olduğunu unudur və özünü yaxşı hiss edir, sanki heç nə baş verməyib, öz vəziyyətindən həzz alır, çünki indi onun heç bir əzabı yoxdur, çünki o, Yaradanın işinə aid olan işlər haqqında düşünmür və bütün həyatı boyunca bu vəziyyəti uzatmaq istəyir. Bəzən isə hətta bu haqda da düşünmür, yəni həyatın məqsədi haqqında ümumiyyətlə düşünmür, sadəcə olaraq özünü yaxşı hiss edir.

Və bu dörd vəziyyəti müdriklərimizin danışdıqları dörd pilləyə bənzətmək olar:

saleh və ona yaxşıdır;

saleh və ona pisdir;

günahkar və ona pisdir;

günahkar və ona yaxşıdır.

Və hərçənd müdriklər uca pillələrdən danışırlar, lakin münasibət baxımından müqayisə aparmaq olar.

Sevgi ilə qayıdışa bənzər birinci vəziyyət. Ona «Saleh və ona yaxşıdır» ad verək:, bu o deməkdir ki, günahlar xidmətlərə çevrildiyindən onda tamamilə heç bir pis şey yoxdur.

Ehtiramla qorxudan qayıdışa bənzər ikinci vəziyyət – ona ad verək: «Saleh və ona pisdir», necə ki Zoar yuxarıda izah edir: «Saleh və ona pisdir, çünki şər onun hakimiyyəti altındadır», yəni o, şərə hökmranlıq edir, çünki bədənindən eşitdiyi şər danışıq üzərində qayıdış etmişdir. Və günahlar xidmətlərə çevrilmədiyindən, belə çıxır ki, onda günahlar var, lakin onlar səhvlərə bənzəyir, çünki şər xeyirin hakimiyyəti altındadır. Belə çıxır ki, onda hələ də şər var, lakin xeyir ona hökmranlıq edir.

Üçüncü vəziyyət – bədənindən şər danışıq eşitdiyi, şərə boyun əydiyi və şər danışıq üzərində qayıdış etməyə gücü çatmadığı və onu qəbul etdiyi zamandır. Lakin o, bunun öhdəsindən gələ bilməməsindən təəssüflənir. Bunu: «Günahkar və ona pisdir» adlandırmaq olar. Hərçənd o, günahkardır, yəni qayıdış etmir, lakin o, bu vəziyyətdən narahatlıq hiss edir və bu, öhdəsindən gəlmə gücünün olmamasından «ona pisdir» deməkdir.

Dördüncü vəziyyət – şər danışığı sakit ürəklə qəbul etdiyi və hətta indi şər danışıq eşitdiyini belə hiss etmədiyi zamandır. Və bunu: «Günahkar və ona yaxşıdır» adlandırmaq olar. Yəni hərçənd o, günahkardır, lakin bununla özünü yaxşı hiss edir və özündə heç bir çatışmazlıq hiss etmir.