380.Yeddinci günü müqəddəsləşdirən – 2
Barux Şalom HaLevi Aşlaq (Rabaş)
«Yeddinci [günü] layiqincə təqdis edən hər kəs … əməyinə görə çox böyük bir mükafat alır». Burada “əməyinə görə” nə deməkdir, başa düşmək lazımdır. Burada yeni olan nədir, axı maddi aləmdə də insan yalnız əməyinə görə mükafat alır? Əgər birisi normadan artıq işləyirsə, o zaman normadan artıq işləməyənə nisbətən daha çox maaş alır. Belə olduqda, burada nə yenilik var ki, deyilir: “çox böyük bir mükafat alır”, sonra isə əlavə edilir ki, mükafatı yalnız əməyinə görə alacaq?
Müdriklərimiz demişlər: “Gedən, lakin etməyən [yəni hərəkəti yerinə yetirməyən] yol üçün mükafat alır”. Buradakı “hərəkət” nədir, başa düşmək lazımdır. Müdriklər demişlər: “Əmələ gətirən təlim böyükdür” və “əsas olan şərh deyil, əməl”dir.
Atam və müəllimim izah etmişdir ki, “əməl” dedikdə, insanın almaq istəyindən ibarət olan kli-ni vermək istəyinə çevirməsi nəzərdə tutulur, necə ki, müdriklərimiz demişlər: “Bütün əməllərin göylər naminə olsun”. Midraşda deyilir ki, bu əməl belə adlanır: “Mən şər başlanğıcı yaratdım və ona qarşı Tövratı ədviyyə olaraq yaratdım” və insan bu əmələ çatmalıdır.
Müdriklərimiz demişlər: “İnsanın şər başlanğıcı hər gün onu məğlub edir… əgər Yaradan ona kömək etməsəydi, o dözə bilməzdi”. Başa düşmək lazımdır ki, niyə Yaradan insana elə güc vermədi ki, şər başlanğıcı məğlub edə bilsin. Əgər bu, insanın gücü daxilində deyilsə, niyə Yaradan hər şeyi özü etmir?
Yəni niyə belə olmalıdır ki, insan şər başlanğıcla vuruşsun, Yaradan isə yalnız ona kömək etsin? Və əgər insan müharibəyə başlamasa, niyə Yaradan ona kömək etmir?
Və niyə Yaradan istəyir ki, insan əvvəlcə vuruşmağa başlasın, sonra isə O gəlib ona kömək etsin, necə ki, müdriklər demişlər: “İnsan hər zaman xeyir başlanğıcı ilə şər başlanğıcını qəzəbləndirsin” və Raşi izah edir: “belə ki, xeyir başlanğıcı onunla vuruşsun”. Buradan çıxır ki, əvvəlcə insan özü vuruşmağa başlamalıdır, sonra isə Yaradan gəlib ona kömək edər.
Atam və müəllimim izah etmişdir ki, ata-babamız İbrahim Yaradanla danışarkən soruşur: “Haradan bilim ki, onu [yəni İsrail torpağını] miras alacağam?” Və Yaradan Avrama dedi: “Bunu mütləq bil: sənin nəslin özgə bir torpaqda qərib olacaq və onlar onları əsarətə alacaq və onları dörd yüz il əzəcək… sonra isə oradan böyük sərvətlə çıxacaqlar”.
Və [Baal HaSulam] dedi: O, Yaradanın ona dediyi vədini eşidəndə – “Bu torpağı sənə mülk olaraq vermək üçün” – soruşdu: “Haradan bilim?” Axı, işıqsız kli yoxdur, və o, övladlarında belə bir idraklara ehtiyacın olmadığını gördü, çünki onlar azla razılaşacaqdılar.
Buna görə də Yaradan ona dedi: “Bunu mütləq bil”, onlar sürgündə olacaqlar və bu sürgündən çıxmaq istəyərlər. Onda köməksiz bu misir sürgünündən çıxa bilməzlər. Beləliklə, onlar məcburən Ondan kömək almaq zərurətində olacaqlar. Hər dəfə onlar güclü təsirlərə məruz qalmalı olacaqlar, və bu sayədə onlar Tövrat işığına ehtiyac duyacaqlar, çünki yalnız Tövrat ədviyyədir.
Bu, Zoar kitabında deyilənlər kimidir: “Təmizlənmək istəyənə kömək edirlər”. Və [Zoar] soruşur: nə ilə? Və cavab verir: müqəddəs ruhla. “İnsana doğularkən təmizlik tərəfindən olan nefeş ruhu verilir… daha artığına layiq görülərsə, ona ruax verilir”. Buradan belə nəticəyə gəlir ki, onlar Yaradanın köməyinə ehtiyac duyurlar və bu vasitə ilə onların İsrail torpağını miras almaq üçün kelimləri yaranır.
Buradan biz əvvəl soruşduğumuz şeyi izah edə bilərik: “gedən, lakin etməyən” nə deməkdir? Nəzərdə tutulur ki, insan Yaradanın yolu ilə getməyə başlayır, “əmələ” çatmaq üçün, bu isə “yeddinci günü təqdis edən hər kəs” deməkdir. Atam və müəllimim izah etmişdir ki, “yeddinci” (şvi’i) “onda O var” (şe-bi hu) deməkdir.
Buradan belə başa düşülür ki, insan öz qəlbindəki nöqtəni layiqincə təqdis etdikdə, Misir sürgününə daxil olmağa başlayır və hər dəfə görməyə başlayır ki, vermək üçün əməl etməkdən nə qədər uzaqdır. Onda kelim – yəni xisaronlar yaranır və bu xisaronları Yaradan daha sonra doldura bilər, necə ki, yuxarıda deyildi.
Deməli, insan müharibəyə başlamağa məcburdur ki, onda kelim və Yaradanın qurtarışı və köməyinə ehtiyac yaranmış olsun. Bu da müdriklərin dediyi kimidir: “Əgər Yaradan ona kömək etməsəydi, o dözə bilməzdi”. Belə çıxır ki, Yaradan qəsdən insana müharibədə qalib gəlmək qabiliyyəti verməmişdir, çünki müharibə apararaq insan verməyə dair kelim və xisaronlar əldə edir.
Buna görə də həm o, həm də bu lazımdır: insan kelim əldə etmək üçün müharibəyə başlamalıdır və kömək – elə bir kömək ki, yalnız Yaradan tərəfindən olsun, çünki bu kömək sayəsində o, İsrail torpağını miras alır, necə ki, Yaradan ata-babamız İbrahimə vəd etmişdi.
Buna əsasən belə çıxır ki, “əməyinə görə” maddi olanın əksi deməkdir. Çünki maddi aləmdə kim yaxşı iş görürsə, ona o işin keyfiyyətinə uyğun olaraq ödəniş verilir. Amma burada tam əksinədir: insan nə qədər görürsə ki, ruhani sahədə heç bir şey edə bilmir, bir o qədər çox köməyə ehtiyac duyur. Buna görə də ona hər dəfə daha çox kömək – yəni daha çox idrak verilməlidir.
Deməli, “əməyinə görə çox böyük mükafata malikdir” – yəni o, öz xisaronunu görür və bu zaman o, daha böyük doluma hazır olur. Bu da “gedən, lakin etməyən” sözlərinin mənasıdır. O, müharibəyə başlayır, lakin etmir – yəni edə bilmir ki, bütün əməlləri göylər naminə olsun. Ona deyilir ki, “getdiyi yol üçün mükafat alır”, çünki məhz gedən, lakin etməyən, lakin Yaradanın köməyinə ehtiyac duyan – məhz bu sayədə o, İsrail torpağını miras alır.