Əgər insan pis xüsusiyyətlərlə doğulubsa, nə etməlidir
Rabaş, 41-ci Məqalə, 1991-ci il
Zoar kitabında deyilmişdir:
«İnsanın əməllərinə görə onun üzərində qərarlaşan surət (partsuf) və bu çöhrənin surəti tanınır. Bu, deyilən kəlamın mənasıdır: “Onların üzlərinin ifadəsi özləri haqqında şəhadət verir” – onun üzərində qərarlaşan formada... yaxud dünyanın dörd ünsürünün – od, yel (hava), su və torpağın birləşməsindən ki, onlarda nə xeyir, nə də şər başlanğıc yoxdur, onlar dünyanın heyvanlarına bənzəyirlər». (Sitatın sonu).
Nəzərdə tutulur ki, bədənin [ünsürlərinin] qarışığı insanda şər başlanğıc ilə heç bir əlaqəsi olmayan xüsusiyyətlər doğurur. Məsələn, əgər onda su ünsürünün xüsusiyyəti daha çoxdursa, o, ehtiraslı olur. Əgər od ünsürü daha çoxdursa – qəzəbli olur. Əgər yel ünsürü daha çoxdursa – təkəbbürlü olur. Əgər torpaq ünsürü daha çoxdursa – tənbəl olur. Və bunun şər başlanğıc ilə heç bir əlaqəsi yoxdur. Buradan belə çıxır ki, insanda olan və dörd ünsürdən (od, yel, su, torpaq) irəli gələn bütün xüsusiyyətlərin şər başlanğıc ilə heç bir əlaqəsi yoxdur.
Sual olunur, bəs o zaman şər başlanğıc nədir? Bu barədə demək lazımdır ki, şər başlanğıc – insanı Yaradanın istəyinə qarşı olan əməllər etməyə sövq edən şeydir. İnsan ilk növbədə Yaradana inanmalıdır, yalnız bundan sonra onun Yaradanın istəyinə qarşı olan əməllər etdiyini demək olar. Və o zaman şər başlanğıc səbəbindən günah işlətməyə başlayır və İsrail xalqına Tövratı verən Yaradanın səsinə qulaq asmaq istəmir.
Lakin Yaradana inam dərəcəsinə çatmayanların digərlərinə etdiyi bütün pisliklər dörd ünsürün qarışığından irəli gəlir, necə ki Zoardan gətirilən yuxarıdakı sitatda deyilmişdir: «yaxud dünyanın dörd ünsürünün – od, yel, su və torpağın birləşməsindən ki, onda nə xeyir, nə də şər başlanğıc yoxdur, bəlkə onlar dünyanın heyvanlarına bənzəyirlər», hansıların ki Yaradana olan inamla heç bir əlaqəsi yoxdur. Halbuki inam anlayışına aid olan insanda, məhz orada şər başlanğıc da öz başlanğıcını götürür – o zaman ki, o Yaradana inanmır, və xeyir başlanğıc (yetser tov) də – o zaman ki, inanır. Başqa sözlə, Yaradana inanan, yəni mükafat və cəzaya inanan kəsdə şər başlanğıc və xeyir başlanğıc ilə iş başlayır. Halbuki Yaradana inam anlayışı olmayan insanlar heyvanlara bənzəyirlər.
Əlbəttə, Zoar kitabında onların dörd ünsürə aid olması və xeyir yaxud şər başlanğıc ilə əlaqələrinin olmaması barədə deyilənlər – ruhani işə aiddir. Halbuki işin aşkar hissəsində, yəni davranış normalarında, onlar üçün ədalət mühakiməsi tərəfindən müəyyən edilmiş və icrası məcburi olan bütün cəzalar və qanunlar qüvvədədir; və insan deyə bilməz ki, onda şər başlanğıc olmadığına görə, dörd ünsürdən [onların qarışığından] irəli gələn hərəkətlərinə görə ona cəza tətbiq edilə bilməz.
Qeyd etmək lazımdır ki, Zoar kitabı Tövratın əməli davranışdan bəhs edən aşkar hissəsi haqqında deyil, ruhani işə aid olan məsələlər haqqında danışır. Zoar ruhani işin nizamından danışır və buna nisbətdə deyilir ki, insanın xüsusiyyətlərinin dörd ünsürün qarışığından asılı olması hələ onun şər başlanğıc ilə əlaqəsindən xəbər vermir. Çünki ruhani işdə şər başlanğıc haqqında o vaxtdan danışırlar ki, insan Yaradana inanmağa başlayır – yalnız o zaman xeyir başlanğıc yaxud şər başlanğıc haqqında danışılır.
Ancaq mükafat və cəzaya olan inamda da iki növü fərqləndirmək lazımdır:
1.Mükafat və cəza o deməkdir ki, əgər o, doğru yolla getsə, buna görə mükafat alacaq, həm bu dünyada ona xeyir olacaq, həm də gələcək dünyada ona xeyir olacaq. Lakin əgər – deməsi belə qorxuludur – doğru yolla getməsə, ona – deməsi belə qorxuludur – pis olacaq.
2.Mükafat və cəza o deməkdir ki, əgər o, müdriklərin bizə müəyyən etdiyi doğru yolla getsə və müdriklərin dediklərinə inanarsa, o zaman onlar üçün mükafat Yaradana yaxınlaşmağa layiq görülmələri olacaq. Lakin əgər bizi Yaradanın yolları ilə getməyə yönəldən müdriklərin inamı ilə getməsələr, o zaman cəza alacaqlar. Və cəza ondan ibarətdir ki, onlar Yaradandan uzaqlaşdırılacaqlar və Yaradana yaxınlaşa bilmələri üçün onlara kömək verilməyəcək. Yəni onların mükafatı yuxarıdan onlara ikinci təbiət olan əta etmək istəyinin verilməsi olacaq. Cəzaları isə ondan ibarət olacaq ki, onlar özünüsevmə (eqoizm) daxilində batıb qalacaqlar və irəliləmədiklərinə görə onlara ağrılı olacaq.
Və bu, onların şər başlanğıcın hakimiyyəti altında olması adlanır – onlar Yaradandan ayrı düşüblər və Onunla birləşə bilmirlər, və şər başlanğıcın hakimiyyəti altında olduqlarına görə onlara ağrılıdır. Yəni demək olmaz ki, insana cəza verirlər, o isə bunun cəza olduğunu hiss etmir, yəni şər başlanğıcın hakimiyyəti altında olmaqdan iztirab çəkmir.
Nəzərdə tutulur ki, cəza – insanın şər başlanğıcın hakimiyyəti altında olmaqdan iztirab çəkməsindədir, yəni iztirablar səbəbindən bunun şər olduğunu hiss etməsindədir. Və bu, insanın şər başlanğıcın hakimiyyəti altında olması, yəni bundan ağrı çəkməsi adlanır. Halbuki şərin hakimiyyəti altında olan, lakin iztirab hiss etməyənlər haqqında ruhani işdə deyilir ki, onlarda hələ şər başlanğıc yoxdur. Çünki onlar almaq istəyinin hakimiyyəti altında olmalarının şər adlandığını hələ hiss etmirlər.
Lakin anlamaq lazımdır: əgər insan öz bədəninin ünsürlərinin qarışığı səbəbindən xeyirxahlıq edə bilmirsə və xeyirxahlıq etmək üçün digər insanlardan qat-qat çox səy göstərməyə borcludursa, belə olan halda Zoar onun etdiyi şərin heyvan kimi olduğunu deməklə bizə nə əlavə edir? Əgər belədirsə, xeyirxahlıq edə bilməsi üçün tövsiyə nədir? Yəni, sonradan xeyir başlanğıcı və şər başlanğıcı dərk etməsi ona necə kömək edəcək?
Müdriklər buyurmuşlar:
«Sənin Yaradanının gözləri daim onun (İsrail torpağının) üzərindədir – yaxşı vaxtlar var, pis vaxtlar var. Yaxşı vaxtlar – nə vaxtdır? O zaman ki, İsrail Yeni ildə (Roş ha-Şana) tamamilə günahkar idilər və onlar üçün az yağış yağmasına hökm çıxarıldı, lakin sonda onlar tövbə etdilər, hökm artıq çıxarıldığı üçün ona əlavə etmək isə qeyri-mümkündür, lakin Yaradan yağışları torpağın ehtiyacı olduğu vaxtda və tamamilə torpağın tələbatına uyğun olaraq endirir». (Raşi izah edir: “onlara ehtiyacı olan torpağa” – tarlalara, üzümlüklərə və bağlara).
«Pis vaxtlar – nə vaxtdır? O zaman ki, İsrail Yeni ildə tamamilə saleh idilər və onlar üçün bol yağış yağmasına hökm çıxarıldı, lakin sonra onlar [şərə] qayıtdılar, hökm təsdiq olunduğu üçün onu azaltmaq isə qeyri-mümkündür, lakin Yaradan bu yağışları vaxtsız və ehtiyacı olmayan torpağa endirir». (Raşi izah edir: “vaxtsız” – səpindən əvvəl, və “ehtiyacı olmayan torpağa” – yəni meşələrə və səhralara).
Ruhani işdə bunun bizə nəyi öyrətdiyini anlamaq lazımdır. Zoar-ın dediyinə uyğun olaraq, elə insanlar var ki, dörd ünsürun elə bir qarışığı ilə yaradılıblar ki, onların nə xeyir, nə də pis başlanğıcla əlaqəsi yoxdur, bəlkə onlar dünyadakı heyvanlar kimidirlər. Yəni xeyir və pis başlanğıc elə başa düşülür ki, burada seçim var və insan şərə üstün gələ bilər. Lakin heyvanlar barəsində aydındır ki, onlardakı xüsusiyyətləri dəyişmək qeyri-mümkündür. Əgər belədirsə, pis keyfiyyətlərlə doğulan və təbiətini dəyişmək qeyri-mümkün olan insan nə edə bilər, o, xeyir başlanğıcın şər başlanğıc üzərində qələbəsi üçün aparılan iş olan seçim vəziyyətinə necə gələ bilər?
Deyilənlərdən belə izah etmək lazımdır ki, hərçənd insan daxilində çox da yaxşı olmayan pis xüsusiyyətlərlə doğulur, lakin o, doğru yolla getdiyi zaman, yəni Yaradandan öz şərinə qalib gəlmək üçün kömək istədikdə, – hərçənd onda olan şər digər bütün insanlardakından daha çoxdur və təbiəti dəyişmək qeyri-mümkündür, – Yaradan ona öz xüsusiyyətlərindən elə istifadə etmək gücü verir ki, daxilində çox böyük yaxşılıq olmasa da, onda olan bütün yaxşılığı fəaliyyətə keçirir. Yəni Yaradan ona yuxarıdan elə bir kömək verir ki, onda olan gücləri doğru yerdə tətbiq etsin.
Məsələn, onun bir saatdan çox öyrənməyə gücü çatmadıqda, o, məhz ona Tövratın nurunu verən kitablar üzərindən öyrənir, yəni onların köməyi ilə ruhani işdə mühümlük qazanır və Yaradanla qovuşmağın dəyərli olduğuna dair oyanış əldə edir. Ruhani iş haqqında az miqdarda düşüncələri olduğu zaman isə, o, bu işdən ona nə olacağını düşünmür, düşünür ki, mən Padşaha nə verə bilərəm ki, onunla əlaqəm olsun və sairə. Və dua etdiyi zaman o bilir ki, onda böyük keyfiyyətlər yoxdur və o, böyük dərin düşüncələrlə düşünə bilmir, sadəcə dua edərkən kimin hüzurunda dua etdiyini, yəni Kimə müraciət etdiyini və Ondan ona nə verməsini təvəqqe etdiyini təsəvvür edir və deyir: «Mən öz aşağılığımı, digər bütün insanlardan qat-qat pis olduğumu bilsəm də, hər halda digər insanlar öz şərlərinə üstün gələ bilərlər, onların Sənin köməyinə o qədər də ehtiyacı yoxdur, halbuki mənim özümün heç bir gücüm və heç bir zəkam yoxdur, buna görə də mənə rəhm et». Və o, bütün qəlbi ilə təvəqqe edib dua etdiyinə görə, Yaradan onun duasını eşidir, və buna görə də insanda olan bütün o kiçik güclərdən doğru yerdə və doğru zamanda istifadə edir.
Halbuki insana dörd ünsürün gücü sayəsində yaxşı xüsusiyyətlər və keyfiyyətlər qismət olsaydı, lakin o buna layiq görülməsəydi, yəni Yaradandan kömək istəməyərək doğru yolla getməsəydi, o zaman onun qabiliyyətlərindən lazım olmayan yerlərdə istifadə olunardı, yəni onun bütün gücləri və qabiliyyətləri ruhani işi üçün heç bir xeyri olmayan yerə gedərdi. Yazıldığı kimi: «doğru olmayan vaxtlarda – səpindən əvvəl». Yəni onun böyük səylər qoyduğu və böyük dərinliklə yerinə yetirdiyi işindən, hər bir halda heç nə yetişə bilməz. Və bu, onun dediyi kəlamdır: «ehtiyac olmayan torpağa – yəni meşələrə və səhralara», yəni bütün güclər, bütün qabiliyyətlər, bütün xeyir xüsusiyyətlər heç nəyin bitməyəcəyi yerlərdə istifadə olunur, yəni bu, onu Yaradanla qovuşmağa aparmır. Yəni, o, doğru müəllimi tapmaq üçün doğru səylər göstərməyəcək, Yaradana yaxınlaşdıran kitablara diqqət yetirməyəcək və sairə.
Görürük ki, insanın dörd ünsürdən yaradılması onun şər başlanğıc yaxud xeyir başlanğıcla əlaqəsinin olmasından xəbər vermir. Sonra isə o, işə başladıqda, yəni Yaradana yaxınlaşmaq istədikdə, o zaman şər başlanğıc başlayır. Yəni insan özündə şər olduğunu görməyə başlayır və bundan ağrı çəkir, və o zaman özündə xeyir keyfiyyətlərin olmadığını gördükdə Yaradana ona kömək etməsi üçün dua edir, və o zaman Yaradan onun bütün güclərini və onda olan azacıq qabiliyyətləri toplayır – Yaradan hər şeyi toplayır və toplaya biləçəyi bütün gücləri cəmləşdirir ki, onda Yaradanla qovuşmağa gəlmək üçün hər şey olsun.
Görürük ki, hətta insanın xarakterinin dəyişməz olduğunu desələr də, lakin şər başlanğıc vasitəsilə, insan işləməyə başlayanda və Yaradandan uzaq olduğuna görə ona pis olduğunu görəndə, o zaman dua vasitəsilə – insan Yaradana dua etdikdə və yazılmış «Axı Sən bütün dillərin duasını eşidirsən» kəlamına inananda, yəni hətta üstün gəlmək üçün gücü çatmayan, bununla yanaşı digər insanlarda olmayan dərəcədə pis xüsusiyyətlərə malik olan bacarıqsız insanın dillərin duasını belə Yaradan eşidir. Və bu onda belədir, çünki insan dörd ünsürdən (od, yel, su, torpaq) yaradılıb və bədənində bu dörd ünsürün qarışığı səbəbindən belə alınıb ki, onda pis xüsusiyyətlər var, və belə çıxır ki, insanın buna əlavə edəcəyi bir şey yoxdur.
Lakin insan Tövrat və ehkamlarla işləməyə başlayanda, bu, onun şər başlanğıc və xeyir başlanğıcın olduğunu öyrənməsinə gətirib çıxarır. «Sulam» şərhində deyildiyi kimi:
«Əgər insan Tövrat və ehkamlarla hətta öz şəxsi həzzi üçün məşğul olsa belə, hər bir halda Mənbəyə qaytaran nur sayəsində o, özü üçün almaq təbiətində olan alçaqlığı və bütün şəri hiss edir. Və o zaman o, öz qəlmini bu alçaq təbiətindən azad olmağa həsr edəcək, və yalnız öz Yaradanına həzz vermək üçün özünü tamamilə fəda edəcək, və o zaman Yaradan onun gözlərini açacaq və onun gözləri önündə hər cür çatışmazlıqdan uzaq, xeyir və həzzlə dolu bir dünyanı aşkar edəcək».
Və deyilənlərə uyğun olaraq görürük ki, əgər insan nə xeyir başlanğıca, nə də şər başlanğıca aid olmayan dörd ünsürdən doğulubsa və dünyadakı heyvanlar kimidirsə, və bu ünsürləri dəyişmək qeyri-mümkündürsə, hər bir halda Tövrat və ehkamlarla məşğul olmaq köməyi ilə o, şər başlanğıc və xeyir başlanğıcın olduğunu bilməyə və hiss etməyə gəlir. Və o zaman onda Yaradanın ona şər başlanğıcın hakimiyyətindən çıxmağa kömək etməsi üçün dua etməyə yer yaranır, və o zaman insanda olan bütün güclər doğru yerdə cəmləşir. Yəni onda olan bütün o güclər onun Yaradanla qovuşmağa gəlmək imkanı qazanması üçün kifayət edir.
Və bu barədə yazılmışdır: «yaxşı vaxtlar – nə vaxtdır? O zaman ki, İsrail Yeni ildə tamamilə günahkar idilər və onlar üçün az yağış yağmasına hökm çıxarıldı». İzahi budur ki, o, bədənində müxtəlif pis əlamətləri birləşdirən bir bədənlə doğulur və bu barədə deyilir: «onlar üçün az yağış yağmasına hökm çıxarıldı», axı «yağışlar» məhsul verən gücdür, və bu, işdə «yanacaq» (hərəkətverici qüvvə) adlanır. Və bu barədə yazılmışdır: «lakin sonda onlar tövbə etdilər, hökm artıq çıxarıldığı üçün ona əlavə etmək isə qeyri-mümkündür». Bu o deməkdir ki, onlar artıq dörd ünsürün müvafiq qarışığında doğulublar, «lakin Yaradan yağışları torpağın ehtiyacı olduğu vaxtda və tamamilə torpağın tələbatına uyğun olaraq endirir». Yəni yuxarıda deyildiyi kimi, yağışlar, yəni «yanacaq» – işlədikləri güclər, cəmləşir və yalnız ehtiyac olan yerdə istifadə olunur.
Məsələn, odu götürək. Bir tərəfdən, insan oddan həzz alır. Odu olan insan yemək bişirə bilər, gecə vaxtı bundan işıqlandırma üçün istifadə edə bilər, qışda isə odun yanında qızına bilər. Əsasən insan deyə bilər ki, od dünyaya dünyanın islahı üçün verilmişdir. Digər tərəfdən, əgər insan ehtiyatlı olmasa və oddan təyinatı üzrə istifadə etməsə, o zaman bu od dünyanın dağılmasına gətirib çıxarır ki, insan buna görə bəzən, hətta əvvəllər çox zəngin olsa belə, yoxsul və bədbəxt ola bilər. Bəzən isə od dünyaya ölüm gətirir və sairə.
İşdə də belədir. İnsanın gücləri dünyanın islahına gətirib çıxara bilər, və əgər insan bu güclərdən islah üçün lazım olduğu kimi istifadə edərsə, o zaman bu güclər dünyaya həzz gətirər. Və bu, yuxarıda deyildiyi kimidir – əgər insan islah yolu ilə getsə, onun kiçik gücləri kamilliyə gəlməsi üçün ona kifayət edər. Görürük ki, hətta dünyada zərər verə biləcək bir şey belə, əgər ondan doğru istifadə olunarsa, məsələn, islahda «od» kimi bir şeydən istifadə olunarsa, o zaman bütün dünya bundan həzz alar.
İşdə də, deyildiyi kimi, Yaradan lazımi köməyi verdikdə, «yağışlar» xüsusiyyəti adlanan o azacıq «yanacaq» gücü ona kifayət edir ki, məhsul yetişsin, axı müqəddəslikdə belə bir qanun var ki, insan öz işindən məhsul almalıdır, halbuki murdar güc «büt axtalanıb və bəhrə vermədi» adlanır.
Və deyilənlərə uyğun olaraq, müdriklərin dediyi bu kəlamı izah etmək lazımdır:
«Ravvin Xanina Bar-Papa dedi: “Mayalanma haqqında xəbər verən o mələk Gecə adlanır, və Yaradandan gələn damlanı götürür və soruşur: de görüm, Dünyanın Sahibi, bu insan kim olacaq – güclü yoxsa zəif, müdrik yoxsa axmaq, zəngin yoxsa kasıb? Lakin onun günahkar yoxsa saleh olacağını soruşmur”». Və Ravvin Xanina dedi: «Hər şey göylərin əlindədir, göylərin qarşısındakı ehtiramla (qorxudan) başqa».
Və Baal Sulam soruşdu: «Əgər damla haqqında onun axmaq olacağı deyilibsə, o, sonradan xeyir naminə necə seçim edə bilər? Axı belə bir qayda var: “İnsan yalnız daxilinə axmaqlıq ruhu daxil olduqda günah edir”. Əgər belədirsə, insan xeyiri seçmək üçün necə seçim edə bilər, axı o, axmaqlıq ruhu ilə doğulub, və daxilində axmaqlıq ruhu olduğu halda günah etməmək üçün özünü necə qoruya bilər?»
Və insanın dörd ünsürün elə bir qarışığından doğulması haqqında izah etdiyimizə uyğun olaraq, hansı ki buna görə onda pis keyfiyyətlər var, və onun nə xeyir başlanğıcla, nə də şər başlanğıcla əlaqəsi yoxdur, bəlkə o sadəcə dünyadakı heyvanlar kimidir. Lakin o, Tövrat və ehkamlarla hətta özü üçün məşğul olsa belə, Mənbəyə qaytaran nur sayəsində o, özü üçün almaq təbiətində olan alçaqlığı və rəzilliyi hiss edəcək, və yalnız Yaradana həzz vermək üçün işləməyə özünü tamamilə fəda edəcək, o zaman Yaradan onun gözlərini açacaq.
Həmçinin burada belə izah etmək lazımdır ki, hətta əgər damla haqqında onun axmaq olacağı hökm edilibsə belə, o, Tövratla, hətta lo lişma şəklində məşğul olarsa, Tövratın nuru onu Mənbəyə qaytarar. Çünki Tövratın nuru, insan hətta lo lişma ilə məşğul olduqda belə, insana nur saçmaq və onun öz daxilindəki şəri hiss etməsi gücünə malikdir.Yəni, baxmayaraq ki, «axmaq hiss etmir» qaydası mövcuddur, onda necə ola bilər ki, haqqında axmaq olacağı hökm verilmiş damladan doğulan insan doğulduğu andan etibarən yaxşı ilə pisi ayırd edə bilsin? Başqa sözlə, əvvəldə deyildiyi kimi, damlanın hökmünə görə onun axmaq olacağı qərara alınıb və buna görə də öz təbiətinə görə o, «hiss etməyən axmaqdır».Lakin Tövratın nuru vasitəsilə o, pislə yaxşı arasındakı fərqi hiss etmək qabiliyyətini əldə edir. Belə ki, yuxarıda deyildiyi kimi, Tövratın nurundan aldığı şərin dərk edilməsi sayəsində sonradan gözlərinin açılmasına layiq olur.
Lakin soruşmaq lazımdır, nə üçün Yaradan damla haqqında onun axmaq olacağına hökm çıxarır, axı bu elə görünür ki, sanki Yaradan lap başlanğıcdan elə edir ki, onun doğulduğu xüsusiyyətlərə üstün gəlmək imkanı olmasın. Və bunu atam və müəllimim Baal Sulamın dediyi kimi izah etmək lazımdır ki, çox vaxt Yaradan insana elə şeylər edir ki, sanki Yaradanın Özü insana qarşı şər törədir. Və sual yaranır, məgər belə bir qayda deyilməyibmi ki, «Yaradan Öz varlıqlarına qarşı əsassız tələblər irəli sürmür»? Və o zaman nə üçün Yaradan elə edib ki, insana elə gəlir ki, Yaradan insana qarşı durmaq üçün onda heç bir güc qoymayıb.
Cavab isə budur ki, Yaradan varlıqların Onun Öz əməllərində heç bir şeylə məhdudlaşmadığını bilmələrini istəyir. Yəni, Yaradanla qovuşmağa gəlmək adlanan şey insanın gücü daxilində deyil, bu məhz yuxarıdan olan köməklə gəlir ki, Yaradan insana əta etmək istəyi adlanan ikinci təbiəti bəxş edir. Və Yaradan üçün ona böyük kömək yaxud kiçik kömək verməyin heç bir fərqi yoxdur. Həmçinin burada da izah etmək lazımdır – Yaradanın damla haqqında onun axmaq olacağına qərar verməsi ona görədir ki, insan bilsin ki, Yaradan üçün onun böyük yaxud kiçik güvvəsinin olmasının, böyük müdrik yaxud axmaq olmasının heç bir fərqi yoxdur. Yalnız o halda ki, insan Yaradandan ona kömək etməsini xahiş etməli olduğunu anlamağa gəlir, Yaradan ona kömək edir. Yuxarıda deyildiyi kimi, o, Tövratın nurunu əldə etdikdən sonra, Tövratın köməyi ilə, onunla öz şəxsi həzzi üçün məşğul olduqda, – hansı ki bu «öz şəxsi mənfəəti üçün almaq istəyi» adlanır, – o zaman Yaradandan xahiş edərsə, Yaradanın onun gözlərini açmasına və onun önündə mükəmməlliklə dolu bir dünyanı göstərməsinə layiq görülür.
Və deyilənlərin nurunda müdriklərin dediyi bu kəlamı izah etmək olar:
«Tövratla lişma (Yaradan naminə) məşğul olan hər bir kəsin Tövratı onun üçün həyat cövhəri olar, Tövratla lo-lişma məşğul olan hər bir kəsin isə o, onun üçün ölüm zəhəri olar».
Və buna görə də sanki bir çətinlik yaranır, axı insan öz əməllərinin əta etmək naminə olacağına əmin olmamışdan əvvəl onun üçün lişma öyrənmək hələ qeyri-mümkündür, bəs o zaman müdriklər necə deyiblər ki, «Həmişə insan Tövrat yardımı ilə ehkamlarla hətta lo-lişma məşğul olmalıdır, çünki lo-lişma vasitəsilə o, lişma-ya gələcək». Və insanın əvvəlcə lo-lişma məşğul olacağını necə demək olar, axı o, özünə ölüm zəhəri daxil edir.
Və bunu əvvəllər olduğu kimi izah etmək lazımdır ki, dörd ünsürdən doğulan insanın hələ nə şər başlanğıcla, nə də xeyir başlanğıcla əlaqəsi yoxdur. Lakin «Sulam» şərhində deyildiyi kimi, insanın Tövratı öz şəxsi həzzi üçün öyrənməsi vasitəsilə, – hansı ki bu lo-lişma, yəni öz şəxsi mənfəəti üçün adlanır, – hər bir halda onda olan nur saçma sayəsində, «Sulam» şərhində deyildiyi kimi, onda olan nur saçma sayəsində özü üçün almaq təbiətində olan dəyərsizliyi hiss edəcək, və o zaman qəlbində almaq təbiətindən azad olmağa qərar verəcək, və özünü tamamilə yalnız əta etmək işinə fəda edəcək, və o zaman Yaradan onun gözlərini açacaq.
Əgər belədirsə, o zaman izahı budur ki, yalnız Tövratın nur saçması vasitəsilə, o zaman ki lo-lişma öyrənir, bu Tövratın nur saçması ona hiss etmək və anlamaq imkanı verir ki, əgər o, lişma, yəni əta etmək naminə öyrənərsə, o zaman həyat nuruna layiq görüləcək, yəni xeyirlə dolu dünyanı görəcək. Lakin əgər o, özü üçün almaq xüsusiyyətində qalarsa, o zaman bu onun üçün ölüm zəhəri olacaq, bu o deməkdir ki, o zaman o, özü üçün almaqda olan dağıdıcı gücü hiss edəcək və həyat Mənbəyindən ayrı qalacaq.
Belə çıxır ki, məhz o, lo-lişma öyrənməyə başlayanda, Tövratın nur saçması ona «həyat cövhəri»nin nə olduğunu və «ölüm zəhəri»nin nə olduğunu anlamaq imkanı verəcək, və bunun köməyi ilə o, sonradan gözlərinin açılmasına layiq görüləcək və hər cür xeyirlə dolu dünyanı görəcək.