Ruhani işdə "Qüsuru olan insan yaxınlaşmasın" ifadəsi nə deməkdir
1989-cu il, 25-ci məqalə
Zoar kitabında deyilmişdir: «“Nəsilləri boyu sənin nəslindən bədənində qüsuru olan hər hansı bir insan”. Ravvin İtsxaq dedi: “Bu ona görədir ki, o qüsurludur, qüsurlu olan kəs isə müqəddəsliyə xidmət etməyə layiq deyil. Axı biz izah edirdik ki, qüsuru olan insanda inam yoxdur və bu qüsur onun haqqında şəhadət verir. O ki qaldı hamıdan çox inama malik və kamil olmalı olan koenə (kahinə)”». Sitatın sonu.
Məna isə ondadır ki, hər bir şey “budaq və kök” anlayışından çıxış edərək öyrənilir. Tövratın aşkar hissəsinin mənası bundadır: ehkamların hər cür əməlləri budaq və kök kateqoriyasında verilib. Lakin gizli anlayışlardan, yəni əməlin özündən deyil, niyyət səviyyəsindən bəhs edildikdə, o zaman hər şey ruhani iş anlayışlarında izah olunur. Yəni, “qüsurlu və eybəcər” adlanan şey – əməl mənasında deyil, niyyət mənasındadır.
Və ruhaniyyətdə “qüsurlu və eybəcər” anlayışlarının haradan qaynaqlandığını bilmək zəruridir. Bu, müqəddəslik qığılcımlarının klipot-ların daxilinə endiyi həmin qırılma (şvira) ucbatından baş verir. Və bu qığılcımlar vasitəsilə klipot-lar insanı Yaradanın işindən uzaqlaşdırmaq üçün güc qazandılar. Yəni, insana elə həzzlər verirlər ki, o bunların naminə səy göstərir, və öz eqoist kelim-lərində aldığı həzzdən imtina etməsi və bununla bərabər Yaradan naminə fəaliyyət göstərməsi onun üçün qeyri-mümkündür.
O, əta əməlləri ilə məşğul olduqda isə, bütün bu əməllərdə nə bir dad, nə də bir qoxu olmadığını hiss edir. Lakin o hər halda üstün gəlib altruist əməllər yerinə yetirirsə də, buna baxmayaraq, bu iş onun bütün varlığı ilə yerinə yetirilmir, – yəni bədənin bütün orqanları belə bir işlə razılaşmır. Buradan belə çıxır ki, insanda qüsur mövcuddur. Yəni, o əta etmək niyyətində fəaliyyət göstərdikdə və bütün öz işini özü üçün deyil, yalnız Yaradan naminə yerinə yetirmək istədikdə, hətta o zaman bütün üstün gəlmələrdən sonra onun daxilində belə bir işlə razılaşmayan bir neçə "orqan" (bədən hissəsi) qalır. Belə alınır ki, onun bədən orqanları çatışmır, və buna görə də o, ruhani işdə “şikəst”, “qüsurlu” adlanır.
Orqanların belə bir işlə razılaşmaması, onların əta etmək işində özlərini qüsurlu hiss etmələrindən irəli gəlir. Beləliklə, onlar özləri bu işi yerinə yetirərkən, onda kamillik olmadığını və bu işin qüsurlarla dolu olduğunu iddia edirlər. Əgər belədirsə, – onların özləri bu işin qüsurlu olduğunu iddia etdikləri halda, bu işin kamil olduğunu necə demək olar? Və bu qüsurlu işi Yaradana necə həsr etmək olar?
Bu, maddi həyatda insanın padşaha öz sadiqliyini göstərmək istəyərək hədiyyə verməsinə bənzəyir, lakin bununla bərabər hiss edir ki, "qəlbi onunla deyil", yəni onun daxilində ondan soruşan orqanlar var: "Padşah üçün işləməkdən sənə nə fayda? Yoxsa elə düşünürsən ki, padşah sənə özünü əsirgəmədən, canıyananlıqla çalışdığına görə ödəniş edəcək?". Belə alınır ki, insanın özü öz işi haqqında qüsurlu bir iş kimi danışır. Bu, deyilən sözə uyğundur: "Vay o xəmirin halına ki, çörəkçinin özü onun pis olduğuna şəhadət verir".
Lakin soruşmaq lazımdır ki, insanın özü niyə özünü qüsurlu hesab edir? Və cavab ondadır ki, onda inam çatışmır. Çünki əgər onda doğrudan da Yaradanın dünyanı xeyirlə idarə edən xeyirxah İdarəçi olmasına inamı olsaydı, və O Onun əzəmətinə və mühümlüyünə inansaydı, o zaman insan tərəfindən hər hansı bir müqavimət qeyri-mümkün olardı. Axı biz öz təbiətimizdən görürük ki, kiçik olan böyük olanın önündə, şam məşəlin önündə olduğu kimi ləğv olunur, və onun heç bir seçimi olmur. Lakin insan hələ öz qəlbində Yaradanın uca olduğuna qərar verməyənə qədər, onun Onun həqiqətən uca olduğunu demək üçün seçim hüququ var: ya müstəqil olaraq özü Yaradanın əzəmətini dərk edəndə, ya da Onun uca olduğunu iddia edən digərlərinin köməyi ilə, və insan onların rəyinin ardınca gedir. Lakin bundan sonra onda ləğv olunmaq imkanının olması üçün artıq seçim qalmır, və o Onun ardınca, şam məşəlin ardınca dartındığı kimi dartınır. Və bu, Uca Olana xidmət etmək imkanına malik olduğuna görə onda böyük bir sevinc yaradır, və bundan daha böyük bir ləzzət yoxdur.
Deyilənlərdən belə çıxır ki, işində qüsuru olan hər kəsin – işi qüsurludur. O niyə qüsurludur? Çünki onda Yaradana, Onun dünyanı xeyirxah Hökmdar olaraq xeyirlə idarə etdiyinə dair inam yoxdur. Əks halda, insanda heç bir qüsur olmazdı, axı onun bədəninin bütün orqanları uca Padşaha xidmət etməyə razı olardı. Və onda Yaradanın əzəmətinə qarşı inam olmadığına görə, belə alınır ki, onun Yaradan naminə olan işi qüsurludur. Yəni, onun işi onun üçün mənadan və daddan məhrum olduğuna görə, insan onu bədənin bütün orqanları ilə yerinə yetirməyə qadir deyil. Sırf buna görə də, onun işi şikəst birinin işi kimi, qüsurlarla doludur: ya hansısa bir orqan çatışmadığına görə, ya da bu orqan işdə dad və məna hiss olunurmuş kimi normal fəaliyyət göstərmədiyinə görə.
Buna əsasən, insan özünü qüsurlu hiss etdiyi vaxtda nə etməlidir? Onun Yaradandan ona inam gücü verməsini, daxilində Yaradanın əzəmətinə qarşı bu inam gücünün olmasını istəməkdən başqa bir işi yoxdur. Yəni həm Tövratda, həm də ehkamlarda nə edirsə etsin, – o bunu elə bir niyyətlə yerinə yetirməlidir ki, bu əməllərin köməyi ilə və “aşağıdan olan oyanış” (atəruta de-leta) sayəsində Yaradan ona yuxarıdan Onun əzəmətinə bütün qəlbi ilə inanmaq gücü versin. Və o zaman bu əməllər kamillik qazanardı. Bu o deməkdir: yerinə yetirdiyi işlərdə düşüncə, söz və əməl mövcud olardı. Yəni, hər bir kamil əməldə üç tərkib hissəsi var:
- Əməl
- Əməlin köməyi ilə Yaradanın Öz əzəmətinə inam gücü verməsi haqqında düşüncə.
- Söz, yəni dua. Axı düşüncə insanı Yaradana dua etməyə gətirir, bu da söz və dua adlanır. İnam çatışmazlığının hiss olunması ölçüsünə görə duanın dərəcəsi də ölçülür. Çünki insanın hiss etdiyi və Yaradanın doldurmasını istədiyi xisaron "dua" adlanır. Lakin öz zəkasına uyğun olaraq, onun artıq Yaradana dua etdiyini, Yaradanın isə indiyə qədər ona kömək etmədiyini görəndə, insan dua gücünü itirir.
Lakin dua etmək qabiliyyətinə malik olmaqda da, insan müdriklərə inanmağa borcludur və özünə deməlidir: mənim gördüyüm şey, zəka tərəfindən mənə diktə olunub və "bilik daxilində" adlanır. Mən isə biliyin üzərində müdriklərin dediyi şeyə inanmalıyam: «Ravvin Xama bar Xanina dedi: “Əgər insan dua etdiyini və cavab almadığını görübsə, qoy yenidən dua etsin, necə ki deyilib: “Yaradana ümid et! Cəsarətli ol və qəlbini möhkəmlət – və Yaradana ümid et!””» Deməli, müdriklərə inam olmadan insan islah yolunda heç nə yerinə yetirməyə qadir deyil. Məlum olduğu kimi, «avamların rəyi Tövratın rəyinə əksdir». Və buna görə də insan Yaradanın yolu ilə yalnız Yaradan üçün işləyənlər arasında qəbul olunmuş şeyə uyğun olaraq gedə bilər.
Əsas məsələ – xisaron-dur. Çünki insan Tövrat vaxtı və ehkamlarla məşğul olanda və bədən ona mane olmayanda, yəni insana yad düşüncələr gətirməyəndə, o inam haqqında, məhz onun onda çatışmadığı haqqında düşünmür ki, o bu əməllərdən sanki böyük bir maddi mülkiyyətə nail olubmuş kimi ləzzət alsın. Axı o zaman o, bütün dünyada qiymətləndirilən belə mühüm bir qazancdan, əlbəttə ki, ruh yüksəkliyi və fərəh hiss edərdi. O zaman necə də bir ləzzət hiss edərdi!
Bəs əgər o indi uca bir padşaha xidmət etdiyinə inanırsa – bəs o niyə indi məşğul olduğu müqəddəs işdən sevinc və vəcdlə dolu deyil? Səbəb isə ondadır ki, əlbəttə ki, onda inam çatışmır. Buna görə də insana az olanla kifayətlənmək olmaz, axı onda əlavə deyil, məhz əsas (bünövrə) çatışmır. Əgər insan bunu nəzərə almasa, o zaman yəqin ki, yalnız əməllərin icrası üçün işləyən "kütlə" səviyyəsində qalacaq. Lakin unutmaq olmaz ki, "niyyətsiz əməl – ruhsuz bədən kimidir". Buna görə də insan özünə üstün gəlməyə və ümumi işləyən kütlədən qopmağa, və Onun naminə niyyətlə Yaradan üçün işləyənlərin mühitinə daxil olmağa borcludur.
Və hərçənd biz insanın sağ xəttə riayət etməli olduğunu, onda heç bir şeyin çatışmadığını deməli olduğunu və malik olduğu şeyə sevinməli olduğunu öyrətsək də, lakin sağ xətdə də o, uca Padşaha işlədiyindən və xidmət etdiyindən böyük bir ruh yüksəkliyi,fərəh içində olmalıdır. Və hərçənd Yaradanın əzəmətinin ölçüsünü qiymətləndirməyə onun gücü çatmasa da, hər bir halda, o bunun üzərində də işləməlidir ki, az olanla kifayətlənərək, sevinc hiss etsin və sanki böyük bir şeymiş kimi həyat gücləri ilə dolsun. Lakin o hətta mühümlüyün bütün dərəcəsini hiss etməsə də, bunun üçün də Yaradana şükür edir, ruhani olanla hər halda hansısa bir əlaqəsinin olduğunu görür. Və buna görə o Yaradanı səxavətlə mədh edir.
Lakin, reallıqda, ruhani işdə nizam elədir ki, insan kamillik və az olanla kifayətlənmək olan sağ xətdən sol xəttə keçməlidir. Yəni, daxili təhlil aparmalıdır, – o niyə ruhani olanla yalnız kiçik bir ölçüdə bağlıdır, və hansı səbəbdən Yaradan ona daha çoxunu vermək istəmir. Sözsüz ki, burada nə isə çatışmır, və yaxşı əməllərlə islah lazımdır, "ağıldan yoxsul" vəziyyətində qalmamaq, bəlkə hər cür səylər göstərmək lazımdır ki, Yaradan digər Yaradanın işçisi hesab olunmaq istəyənlərə kömək etdiyi kimi ona də kömək etsin.
Lakin eyni zamanda, insan bu xətlərin qarışmasından çəkinməlidir, əks halda o onların hər birinin həqiqi mahiyyətini fərqləndirməyə qadir olmayacaq. İnsan sərhədləri fərqləndirdikdən sonra, onda irəliləmək üçün imkan yaranır, – yəni, indi insan iki ayaq üstündə irəliləməyə qadirdir. Axı məlumdur ki, insan tək ayaq üstündə gəzə bilməz. Və "tək ayaq" anlayışı onunla izah olunur ki, hər şeydən əvvəl – insan Yaradanı ucaldır və Ona şükür edir. Mədh ondadır ki, o müəyyən bir ölçüdə Yaradanla danışdığına inana bilir.
Deməli, onda inamın nə dərəcədə olması ölçüsünə görə, o Yaradana şükür də edir. Və özünün hər bir əməlində insan Yaradana, Yaradanın onu Onun ehkamlarını yerinə yetirmək üçün düşüncə və istəyə layiq etdiyinə görə şükürlər ucaldır. Və buna görə də insana Yaradanı xeyir-dua ilə bəsləmək verilib, və buna görə o Öz böyük təşəkkürünü bildirir. Və eynilə hər bir ehkamı xeyir-dua ilə bəslədikləri kimi, eyni şəkildə Tövratı da bəsləyirlər. Və bilmək lazımdır ki, xeyir-dua verməyin mahiyyəti – xeyirə görədir. Yaradana buna görə xeyir-dua verməyən kəs isə, bunu ehkamı şükür etməyə dəyəcək mühüm bir şey kimi hiss etmədiyindən edir. Və bu o deməkdir ki, bizə verilən təşəkkür dünyamızda qəbul edilmiş hədiyyəyə bənzəyir, harada ki hədiyyənin böyüklüyünə uyğun olaraq – bizim tərəfimizdən ifadə olunan təşəkkürün ölçüsü müəyyən edilir.
Buna uyğun olaraq, insan ehkamı yerinə yetirməyə və onu xeyir-dua ilə bəsləməyə hazırlaşmazdan əvvəl, o əvvəlcə biliyin üzərində olan inamı öz üzərinə götürməlidir. Başqa sözlə, onda hələ Tövratın və ehkamların mühümlüyünün hiss olunmamasına baxmayaraq, o öz zəkasının üzərində onların çox mühüm olduğuna inanmalıdır. Axı insan "utanc çörəyi" (neema de-kisufa) xüsusiyyətinin olmaması üçün edilən islah adlanan səbəbdən Tövratın və ehkamların bütün əzəmətini hiss etməyə hələ layiq olmayıb. Bunun nəticəsi olaraq Tövrat və ehkamlar üzərində gizlənmə fəaliyyət göstərir, və buna görə də işə bizim hissiyyatlarımızla hesablaşmadan, bilik üzərində başlamaq lazımdır. Bizim üzərimizə: "Gözləri var, lakin görmürlər" demək öhdəliyi qoyulub. Və Tövratın və ehkamların mühümlüyünə olan inamın artması ölçüsünə görə insan daha da çox şükür edə bilər, yəni onun Yaradana ifadə etdiyi xeyir-dua Tövratın və ehkamların mühümlük dərəcəsindən asılıdır.
Və yuxarıda deyilənlərlə müdriklər tərəfindən ötürülən şey izah olunur: «Niyə müdriklərdə elə baş vermir ki, onların oğullarından müdriklər çıxsın?» Rabina dedi: «Çünki onlar əvvəlcə Tövrata xeyir-dua vermirlər»». Və anlamaq lazımdır – müdrikin (şagirdi) haqqında necə demək olar ki, o əvvəlcə Tövrata xeyir-dua verməyib? Axı biz görürük ki, hətta avam camaat arasında da qəbul olunub ki, Tövratın oxunmasına başlayanda, hər şeydən əvvəl, xeyir-dua verməklə başlayırlar. Lakin deyilmişdir ki, elə müdriklər var ki, əvvəlcə Tövrata xeyir-dua vermirlər, və buna görə də onlar Tövratın müdrikləri hesab olunmurlar.
Əlbəttə ki, sadə yozumda çoxlu izahatlar var. Lakin bütöv bir tam olaraq öyrənilən ruhani işdə, müdriklər və onların oğulları vahid bir tam hesab olunurlarmı? Bu onunla izah olunur ki, əvvəlcə ucaldılan xeyir-dua – niyyətdir. Yəni, onlar Yaradana ötürülən belə bir nəhəng töhfəyə görə şükür etmək üçün, Tövratın əhəmiyyətini qiymətləndirməyə bütün qəlblərini qoymurlar. Axı xeyir-dua vermək hələ layiq olmadıqları bu hədiyyəyə görə Yaradana olan təşəkkür adlanır. Belə çıxır ki, onlarda Tövratı Bəxş Edənin əzəməti çatışmır.
Və “əvvəlcə Tövrata xeyir-dua vermirdilər” sözünün mənası bundadır. Əvvəl, – bu mənada: xeyir-dua tələffüz edilməzdən əvvəl, bunun mühümlüyü və mənası haqqında düşünmədilər. Buradan belə çıxır ki, "oğullar" (anlamaq sözü ilə eyni köklü olan) bunu anlamırdılar və müdrik hesab olunmurdular. Tövrat öyrənən və hələ Tövratın elminə çatmadıqlarını görən və Tövratın elminin şəxsi idarəetmənin ləğvi demək olduğunu anlayanlar haqqında danışılır. Yəni, anlamalıdırlar ki, işdə şəxsi mənfəəti kənarlaşdırmaq zəruridir. Və onlar görürlər ki, Tövratı öyrənmələrinə baxmayaraq, onlar hələ də bədənin öz bütün mahiyyətini ləğv etməyə və yalnız Yaradan naminə işləməyə borclu olduğunu dərk etmirlər.
Müdriklər “Əgər insan çadırda ölərsə” deyilən sözü belə aydınlaşdırdılar: «Tövrat yalnız onun naminə özünü öldürən kəsdə icra olunur». Və insan özündən soruşur: reallıqda belə bir anlayışa nail olmaq üçün mən özümdə nəyi islah etməliyəm? Bunun səbəbi isə – "Tövrata əvvəlcə xeyir-dua verməməsidir". Başqa sözlə, Tövrat üçün Yaradana ucaldılan xeyir-dua, bütün qəlbdən olan bir xeyir-dua olmayıb. Çünki Tövratın bütün mühümlüyünü qiymətləndirmədilər, onun əhəmiyyətinin nədə olduğunu, və məhz Tövratın bizə nə ötürməli olduğunu dərk etmədilər. Yəni, hansı məqsəd naminə insana Tövrat və ehkamlar lazımdır.
Və insan bu faydanın nədə olduğunu, və Tövratla ehkamların onu hansı pilləyə gətirməli olduğunu düşünəndə, bunun mühümlüyünə uyğun olaraq o Yaradana xeyir-dua da verir. Lakin insan dəqiq hesabat aparmayanda, qoy hətta Yaradana xeyir-dua versə də, hər halda, "qəlbi onunla deyil", çünki o bunun əhəmiyyətini qiymətləndirməyə qadir deyil.
Və buna görə də, o hazır olmayanda, yəni onda doğru niyyət olmayanda – Tövrat və ehkamlar ona nə üçün lazımdır – o, "müdrikin şagirdi" anlayışına nail olmağa qadir deyil.
Bunun mənasını mənim atam və müəllimim soruşanda aydınlaşdırdı: "Niyə sadəcə "müdrik" deyil, məhz "müdrikin şagirdi" deyilir? Çünki "Müdrik" Yaradan adlanır, kim ki Ondan Onun xüsusiyyətlərini öyrənir, "Müdrikin şagirdi" adlanır.
Müdriklərin dediyi kimidir: «Onun xüsusiyyətləri ilə qovuş, O necə rəhmlidirsə, sən də elə rəhmli ol». Buradan «Niyə müdriklərdə elə baş vermir ki, onların oğullarından müdriklər çıxsın?» sualına cavab tapılır: çünki onlar əsas məsələni – şəxsi mənfəət üçün deyil, əta etmək üçün olan işi öz üzərinə götürməyi anlamalıdırlar. Və bu "müdrik" adlanır. Buna görə də müdrik olmaq istəyən insana məsləhət verilib – o, Yaradanın işinin zəruriliyini dərk etməlidir və hər şeydən əvvəl, öz xeyir-duası üzərində niyyət qurmalıdır, – onu məhz nəyin üzərinə ucaldır, nəyin naminə Yaradana şükürlər edir. Və bu: "Zira Tövrata əvvəlcə xeyir-dua vermirdilər". Yəni, xeyir-dua verməyə başlamazdan əvvəl, Tövratın və ehkamların təyinatına, və onların nəyə gətirməli olduğuna qəlbləri ilə nüfuz etmədilər.
Lakin insan "Tövrat və ehkamlar yalnız varlıqları onlarla paklamaq üçün verilib" fikrinə yönələndə, necə ki Ravvin Xananiya ben Akaşiya dedi, belə alınır ki, Tövratdan və ehkamlardan olan bütün mükafat – paklanmadır. Bəs paklanmadan sonra nə baş verir, yəni paklanmadan sonra hansı mənfəəti qazanırlar? Cavab belədir: biz Yaradanın imkanları ölçüsündə varlıqların həzz almasından ibarət olan yaradılışın məqsədinə inanmalıyıq. Və o zaman varlıqlar insanın qiymətləndirməyə qadir olmadığı xeyir və ləzzətlərə layiq olacaqlar. Necə ki müdriklər dedilər: “Göz Səndən başqa, Onu gözləyən üçün [belə bir şey] edən Yaradanı görmədi”.
Deyilənlərdən soruşulan şeyi anlayacağıq: Zoarın: "Daxilində qüsuru olan insana yaxınlaşmaq (hərfi mənada: qurban gətirmək) olmaz" deyilən kəlamın izahatı nədədir. Və bu ona görədir ki, o qüsurludur. Qüsurlu insanda isə inam yoxdur. Və onun qüsuru onun üzərində hökm sürür. Bu hər bir insan üçün keçərlidir. Xüsusilə də, koen (kahin) üçün. Və bu barədə soruşulurdu: əgər insan özündə qüsur görürsə, o nə etməlidir? O mütləq inam qazanmağa qadir deyilmi? Məgər dünyada hansısa bir günah işlətməməsinə baxmayaraq, seçim hüququ olmayan bir insanın olması mümkündürmü? Və onun qüsurlu olmasında günahı nədir?
Və cavab ondadır ki, ruhani işdən bəhs edilərkən, insanın bütün işi müqəddəslikdə yerinə yetirilməlidir, hansı ki yazılana uyğun olaraq: “Müqəddəs olun, zira Mən müqəddəsəm” deməkdir. Yəni, edilən hər şey Yaradan naminə olmalıdır, axı O – əta etmək xüsusiyyətidir. Və bu iş lo lişma-dan başlayır, necə ki müdriklər dedilər: "Lo lişma-dan lişma-ya gəlirlər".
Lo lişma-dan başlamağa borclu olmalarının səbəbi isə «Pri xaxam» kitabında deyilib: “İnsan öz şəxsi mənfəəti üçün almaq istəyi adlanan qabla (kli) doğulub”. Buna görə də əta niyyəti ilə başlamaq qeyri-mümkündür. Və buna görə də lo lişma-dan başlayırlar, “daxilində olan nur isə mənbəyə qaytarır”. Belə ki, insan lo lişma vəziyyətində qalmağın qeyri-mümkün olduğunu bilsin deyə, onun işində qüsurlar təzahür edir, o zaman ki o bunu Yaradan naminə yerinə yetirmək istəyir, və onun bütün bədəni belə bir işlə razılaşmır. Sırf buna görə də bizə "iki ayaq" adlanan iki xətt üzrə getmək verilib. Lakin buna qədər onun daxilində "qüsurlar və eybəcərliklər" mövcuddur. Bütün bunlar isə onda inamın çatışmamasındandır. Və buna görə də insan Yaradandan ona inam gücü verməsini istəməlidir.