Yeguda Leyb HaLevi Aşlaq (Baal Sulam)
Kabala elmi və fəlsəfə
Ruhaniyyət nədir
Fəlsəfə maddiyyatın ruhaniyyətdən necə doğulduğunu və ruhun necə bədəni doğurduğunu sübut etmək üçün çox zəhmət çəkmişdir. Və bütün bunlara baxmayaraq, filosofların fikri bizə tamamilə yad və uyuşmazdır. Onların əsas səhvi ruhaniyyət barədə anlayışlarında idi, çünki onlar təsdiq edirdilər ki, guya ruhaniyyət maddiyyatı doğurub əmələ gətirib. Bu isə şübhəsiz ki, uydurmadır, çünki hər bir ataya öz övladı ilə müəyyən oxşarlıq xas olmalıdır və məhz bu münasibət (yəni bənzərlik) həmin doğuluşun baş verdiyi yol və keçid sayılır.
Və eləcə də hər bir fəaliyyət göstərən varlıqda, törətdiyi hərəkətlə müəyyən münasibət olmalıdır ki, bu münasibət vasitəsilə onun həmin hərəkətlə əlaqəyə girməsi mümkün olsun. Əgər sən deyirsənsə ki, ruhaniyyət heç bir maddiyyat təzahürə malik deyil, onda onun maddiyyat ilə əlaqəyə girməsi üçün, necə isə onu hərəkətə gətirməsi üçün heç bir yolu və heç bir münasibəti yoxdur.
Halbuki «ruhaniyyət» sözünün anlaşılması ümumiyyətlə fəlsəfə ilə heç bir əlaqəyə malik deyil. Axı filosoflar heç vaxt görmədikləri və hiss etmədikləri bir şey barəsində necə müzakirə apara bilərlər və «onların əsasları nəyə söykənir?»1
Əgər ruhaniyyət ilə maddiyyatı fərqləndirməyə və ayırmağa imkan verən hansısa bir tərif varsa, o yalnız bir dəfə ruhaniyyətyə çatıb onu hiss etmiş kəslərə məxsusdur. Bunlar isə həqiqi kabalistlərdir və buna görə də biz kabala elmindən asılıyıq.
Yaradanın özünün fəlsəfəsi
Fəlsəfə Yaradanın mahiyyəti mövzusunu çox sevir və bu mahiyyətdə mövcud olan bütün inkar qanunlarını sübut etməklə məşğul olur. Kabala isə bununla əsla məşğul olmur, çünki başa düşmək və dərk etmək mümkün olmayan şeyə necə hər hansı bir tərif vermək olar? Axı inkar tərifinin dəyəri heç də müsbət tərifdən az deyil, çünki əgər sən uzaqdan hansısa bir mahiyyəti görürsənsə və onda bütün inkar hissələrini, yəni onda mövcud olmayan hər şeyi dərk edirsənsə, bu da müəyyən dərəcədə görmək və dərk etmək hesab olunur. Çünki əgər o, həqiqətən də gözdən o qədər uzaqda olsaydı, onda hətta inkar olunanı belə görə bilməzdin.
Məsələn, əgər sən uzaqdan hansısa qara təsvir görürsənsə və hər bir halda bilirsənsə ki, bu nə insan, nə də quşdur, bu yenə də görmə hesab olunur. Çünki əgər o, daha da uzaqda olsaydı, sən onun insan olmadığını belə deyə bilməzdin.
Və buradan onların bütün dəyərsizliyi və dolaşıqlığı çıxır, çünki fəlsəfə fəxrlə deyir ki, filosoflar guya Yaradanın mahiyyətinin bütün inkar keyfiyyətlərini anlayırlar. Kabala alimləri isə burada susurlar, hətta sadə bir ad belə vermirlər, çünki nəyi dərk etməmişiksə, onu nə adla, nə də sözlə müəyyən edə bilmərik. Çünki söz müəyyən dərəcədə dərk etmənin başlanğıcına işarə edir.
Halbuki onlar Yaradanın aləmə nur saçmasından danışırlar və bu nur saçmada çoxlu incəlikləri fərqləndirirlər. Burada söhbət onlardan gedir ki, onlar bu nur saçmalara əsl dərk sayəsində, maddiyyatı dərk etdikləri dərəcədə layiq olmuşlar.
Ruhaniyyət – bədənsiz qüvvədir
Kabalistlərin «ruhaniyyət» adı ilə müəyyən etdikləri və haqqında dedikləri budur ki, onun nə zamanda, nə məkanda, nə də hansısa maddi parametrlərdə heç bir surəti yoxdur. O, tam təmiz halda qüvvədir, yəni bu dünyada adətən olduğu kimi bədənə bürünmüş qüvvə deyil, bədənsiz qüvvədir. (Mənə elə gəlir ki, bütün fəlsəfə özgə libasa bürünüb, çünki o, kabala elmindən bəzi tərifləri oğurlayıb, bunlardan insan anlayışı üçün bir «delikates» hazırlayıb. Çünki əgər bu belə olmasaydı, onların heç ağlına da gəlməzdi ki, belə bir elm uydursunlar).
Ruhani kli- «qüvvə» adlanır
Burada qeyd edilməlidir ki, ruhaniyyət ilə bağlı «qüvvə» deyəndə, ruhani nurun özünü nəzərdə tutmuruq. Çünki bu ruhani nur birbaşa Yaradanın mahiyyətindən çıxır, və bu halda o, Yaradanın mahiyyəti kimi qəbul olunur. Başqa sözlə, ruhani nuru da elə dərk edə və başa düşə bilmirik ki, ona hansısa ad və ya tərif verə bilək. Axı hətta «nur» adı da borc alınmış addır və həqiqi deyil. Buna görə də bil ki, «bədənsiz qüvvə» adı ruhani klinin xüsusiyyəti barəsində danışır.
Nurlar və kelim
Buna görə sual verməyə dəyməz ki, kabalist alimlər, nurların fərqləndirici keyfiyyətləri ilə dolu olan elmdə bu nurları necə ayırd edirlər.
Əslində bu keyfiyyətlər nurların mahiyyəti haqqında yox, «qüvvə» adlandırılan klinin nurla toqquşmasından aldığı təəssürat barəsindədir.
Kelim və nurlar (anlayışların izahı)
Burada hədiyyə ilə onun doğurduğu sevgi arasındakı fərq barədə də əlavə etmək lazımdır. Çünki nurlar, yəni dərk üçün verilmiş klinin təəssüratı «materiya və forma» adlanır, çünki təəssürat formadır, yuxarıda adı çəkilən qüvvə isə materiyadır.
Halbuki doğulan sevgi materiyasız forma sayılır. Başqa sözlə, əgər biz hədiyyənin materiyasındən doğan sevgini, sanki o heç vaxt hansısa real hədiyyəyə bürünməyib deyə yaymaqla elə məşğul oluruq ki,yalnız «Yaradan sevgisi» adlı abstrakt ada bürünüb. Bu forma sayılır və ondan bəhs etmək «formanın qəbulu (kabala)» adlanır. Lakin o, həqiqi hesab olunur və fəlsəfi formalarla heç bir əlaqəsi yoxdur, çünki bu sevgi ruhu həqiqətən də hədiyyədən, yəni nurun mahiyyətindən tam abstrakt formada dərrakədə qalır .
Kabala elmində materiya və forma
Bunun səbəbi ondadır ki, bu sevgi, hərçənd ki, o yalnız hədiyyədən doğan törəmədir, hər bir halda hədiyyənin özündən ölçüyə gəlməz dərəcədə üstündür. Bu, böyük padşaha bənzəyir ki, o, insana kiçik bir hədiyyə verir. Hərçənd hədiyyənin özünün heç bir dəyəri yoxdur, hər bir halda padşahın sevgisinin və diqqətinin dəyəri və əhəmiyyəti sərhədsizdir. Buna görə də o, materiyadən, yəni nur və hədiyyə olan materiyadən tam abstraktlaşdırılıb. O qədər ki, dərk zamanı bütün bu məşğuliyyət və onun xüsusiyyətləri yalnız sevgidə iz qoyur, hədiyyə isə sanki ürəkdən silinir və unudulur. Buna görə də elmin bu hissəsi formaların qəbulu elmi (kabala) sayılır və bu, elmin ən mühüm hissəsidir.
ABYA
Bu sevgidə insan sevgisinə bənzər şəkildə müəyyən olunan dörd hissə var. İnsan birinci dəfə hədiyyə aldıqda, hədiyyə verən hələ onu sevən sayılmır, xüsusən də hədiyyə verən şəxs mühüm şəxsdirsə və hədiyyə alan ona bərabər deyilsə.
Lakin hədiyyələrin çoxalması və uzunmüddətli israr sayəsində mümkündür ki, hətta mühüm insanı da həqiqətən sevən kimi qəbul etsin, sanki o, ona bərabərdir. Çünki sevgi qanunu böyük və kiçik arasında işləmir, iki həqiqi sevənin öz aralarında bərabərliyi hiss etməsi zəruridir.
Buna görə də burada sevginin dörd pilləsini ayırd etmək olar. Birinci hadisə [yəni hədiyyənin verilməsi] «Asiya» adlanır, hədiyyələrin çoxalması «Yetsira», sevginin özünün aşkar olması isə «Briya» adlanır.
Və burada formaların kabalasının (alınmasının) öyrənilməsi başlayır, çünki bu pillədə sevgi hədiyyələrdən xilas olur. Bu, belə adlanır: «Mən qaranlıq yaradıram», yəni o, Yetsira aləmindən nuru qovar və sevgi hədiyyələrsiz, nursuz qalır.
Sonra isə Atsilut gəlir, çünki o, zövqü hiss etdikdən və formanın materiyadən tam azadlığına nail olduqdan sonra – bu «Mən qaranlıq yaradıram» adlanır və Atsilut pilləsinə qalxa bilər. Burada forma yenidən materiyaya bürünür, yəni nur və sevgi birlikdə olur.
Ruhun karxanası
Bütün ruhaniyyət bizim tərəfimizdən bədəndən abstraktlaşdırılmış qüvvə kimi başa düşülür, çünki onun heç bir maddi surəti yoxdur. Lakin belə olan halda o, maddiyyatdan kənarlaşdırılıb və ondan tamamilə ayrı düşüb. Əgər belədirsə, o, maddi obyektdən hər hansı bir şey doğması bir tərəfə, necə hər hansı maddi obyekti tərpədə bilər? Axı onda maddiyyat ilə əlaqəyə girməsinə imkan verən heç bir münasibət yoxdur.
Oksigen
Lakin əslində «qüvvə» təmiz halda bütün digər fiziki materiyalar qədər həqiqi materiya sayılır.
Və hərçənd onun hiss orqanlarımızın qəbuluna təqdim olunmuş heç bir surəti yoxdur, bu materiyanin, yəni bu «qüvvənin» əhəmiyyətini heç də azaltmır.
Məsələn, dünyanın bütün materiyalarının yarısının tərkibinə daxil olan oksigeni götürək. Əgər başqa heç bir elementlə birləşməyən təmiz oksigen dolu bir butulka götürsən, tamamilə boş butulka görərsən, çünki oksigen qaz halında hiss olunmur, onu əllə tutub saxlamaq olmur, gözlə qavranılacaq heç bir surəti yoxdur.
Əgər butulkanın tıxacını çıxarıb onu iyləsən, heç bir qoxu hiss etməyəcəksən. Əgər onu dilinlə yalamaq istəsən, heç bir dad tapmayacaqsan. Əgər butulkanı tərəziyə qoysan, onun boş butulkadan ağır olmadığını görəcəksən.
Eyni hal, nə dadı, nə qoxusu, nə də çəkisi olmayan hidrogenlə də baş verir. Lakin bu iki elementi birləşdirəndə, onlar dərhal mayeyə – içməyə yararlı suya çevrilir, suya isə həm dad, həm də çəki xasdır.
Əgər suyu sönməmiş əhəngə əlavə etsən, su dərhal əhənglə qarışar və bu maye, əhəngin özünə bənzər bərk materiyaya çevrilər.
Beləliklə, insan orqanları ilə qavranılmayan oksigen və hidrogen elementləri, hərçənd özləri hiss olunmurlar, yenə də çevrilərək bərk cisimə çevrilirlər.
Buradan necə qərara gələ və deyə bilərik ki, təbiətdə təsir edən qüvvələr hiss orqanlarımız tərəfindən qavranılmadıqları üçün fiziki materiya deyillər? Axı biz aydın görürük ki, dünyada mövcud olan materiyaların çox hissəsi ilk əvvəl insana hiss olunmayan oksigenə əsaslanır.
Və bununla da bitmir: hətta bizim fiziki aləmimizdə açıq-aşkar hiss olunan mövcud bərk cisimlər və mayelər müəyyən dərəcədə qızdırıldıqda, qaza və buxara çevrilə bilər və eynilə qazlar müəyyən dərəcədə soyudulduqda bərk cisimlərə çevrilə bilərlər.
Bu halda soruşmaq lazımdır: necə ola bilər ki, verən, onda olmayan bir şeyi versin? Axı biz aydın görürük ki, bizim hiss etdiyimiz bütün təsvirlər, özləri hiss olunmayan və müstəqil mövcud materiya sayılmayan qüvvələrdən doğur. Eynilə bizə məlum olan bütün sabit təsvirlər – hansılarla ki, materiyanı müəyyən edirik – öz-özünə mövcud sərt və dəyişməz şeylər deyil, sadəcə istilik və soyuqluq kimi amillərin təsiri altında formaya bürünür və ya formadan azad olurlar.
Axı fiziki materiyanın ilkin əsası onun içində saxlanmış «qüvvə»dir. Lakin bu qüvvələr indiyə qədər bizim tərəfimizdən kimyəvi elementlər kimi təmiz halda tapılmayıb. Ola bilsin ki, nə vaxtsa onlar da bizim tərəfimizdən təmiz halda açılacaq, necə ki, bütün kimyəvi elementlər, yalnız son zamanlarda kəşf olunub.
Ruhaniyyət və maddiyyat obyektlərində eyni qüvvə
Bir sözlə, bizim beş hiss orqanımızla fiziki hissiyyatda dərk olunan, maddi təsvirlərdə sabit olan bütün bu adlar – tam fantaziyadır, çünki onlar sabit və öz-özünə mövcud deyillər. İkinci nəticə isə ondan ibarətdir ki, biz qüvvəni müəyyən edərkən, onda maddi təzahürlərin mümkünlüyünü inkar edən hər bir tərif də uydurmadır. Çünki elm nə qədər inkişaf etsə də, biz yalnız maddi reallıqla hesablaşmağa borcluyuq. Başqa sözlə, biz nə qədər ki, hər hansı maddi bir hərəkəti görür və hiss edirik, elə həmin hərəkəti edən varlığı da ən azı ümumi münasibətdə maddiyyat kimi başa düşməliyik, yoxsa o, bu hərəkətə heç cür gələ bilməzdi.
Bilmək lazımdır ki, təsir edən qüvvə ilə onun hərəkətinin ayrılması problemi formalar fəlsəfəsinin yaratdığı problemdir. Çünki bu fəlsəfə maddi hərəkətin ruhani səbəbinin mövcudluğunda israr etdi və bu da kabalanın əsla ehtiyacı olmayan səhv fərziyyələrə gətirib çıxardı.
Ali aləmlərdə bədən və ruh
Lakin bu məsələdə kabalanın fikri şəffaf və aydındır və onda əsla fəlsəfi qatışıq yoxdur. Hətta bizdən ayrılmış ruhani intellektual şəxslər belə, hansıların ki,mövcudluğunu fəlsəfə tamamilə inkar edir və sanki «yalın ağıl materiyasi» kimi təsəvvür edir, kabala alimlərinin fikrinə görə, hərçənd onlar ən yüksək və ən abstrakt ruhaniyyəti dərk ediblər, buna baxmayaraq onlar da maddi insan kim bədən və ruhdan ibarətdirlər.
Və təəccüblənmə ki, necə eyni zamanda iki kürsüdə oturmaq olar: həm onların ruhani şəxslər olduğunu deyirik, həm də onların mürəkkəb (tərkibli) olduğunu deyirik.Hətta, fəlsəfənin fikrinə görə, hər bir mürəkkəb obyekt nəhayətdə parçalanmalı və mürəkkəb olmaqdan çıxmalıdır. Burada söhbət ölümdən gedir. Belə olan halda necə demək olar ki, onlar həm mürəkkəb, həm də əbədidirlər?
Nurlar və kelim
Onların fikirlərinin, həqiqətən də, bizim fikirlərimizlə uyğun gəlmədiyi aydındır. Kabala alimlərinin yolu onların həqiqətən dərk etdikləri reallığı tapmaq yoludur və intellektual çətinliklərə görə faktı inkar etmək olmaz. Lakin mən bu şeyləri hamı üçün aydın olacaq şəkildə izah edəcəyəm.
Əvvəlcə nurlar və kelim arasındakı fərqi başa düşmək lazımdır. Sonsuzluqdan çıxan birinci yaradılış barəsində aydındır ki, birinci yaradılış ondan sonrakı hər şeydən daha mükəmməl və daha incədir. O, şübhəsiz ki, Yaradanın mahiyyətindən aldığı həzz və kamilliyə malikdir; Yaradan isə bu həzzi və zövqü ona tam şəkildə vermək istəyir.
Məlumdur və aydındır ki, həzzin əsas ölçüsü onu «almaq arzusu»dur. Axı nəyi almaq arzumuz ən çox alovlanırsa, onu içimizdə ən böyük həzz verən kimi hiss edirik. Bu aydındır. Bu halda, bu birinci yaradılışda iki tərəfi ayırmalıyıq: birincisi, aldığı mahiyyəti almağa olan istək, ikincisi isə aldığı həmin mahiyyətin özü. Bil ki, almaq arzusu yaradılışın bədəni kimi başa düşülür, yəni onun başlıca mahiyyəti kimi, alınan xeyirin kli-sini (qabını) təşkil edən mahiyyət kimi. İkinci isə onun aldığı xeyirin mahiyyətidir, yəni Yaradanın nurudur ki, bu nur həmişə və əbədi olaraq həmin yaradılışla bağlıdır.
Beləliklə, biz məcburuq ki, bu iki şey və xüsusiyyəti, hətta ürəyin düşünə və təsəvvür edə bildiyi ən yüksək ruhaniyyət obyektlərdə də bir-birindən ayıraq, yəni bir-birinə bürünmüş və bir-biri ilə tərkibə girmiş bu iki şeyi fərqləndirək. Bu isə filosofların fikrinə ziddir, çünki onlar ayrılmış şəxsiyyətlərin mürəkkəb olmayan bir materiya olduğunu uydurmuşlar. Axı yaradılışda mütləq şəkildə mövcud olan «almaq arzusu» olmasa, həzz olmaz, yalnız məcburiyyət olar və zövq hissi olmaz. Bu «almaq arzusu» Yaradanın mahiyyətində olmamışdır və buna görə də «yaradılış» adı artıq Yaradanın mahiyyətinə aid deyil, axı Yaradan kimdən almalı idi?
Eyni zamanda o yüksək xeyir ki, yaradılış onu alır, mütləq şəkildə Yaradanın mahiyyətinin bir hissəsidir və burada heç bir yenilik olmamalı idi. Bu halda görürük ki, yenilənmiş bədənlə aldığı xeyir arasında – hansı ki, biz onu Yaradanın öz mahiyyəti ilə əlaqələndiririk – böyük məsafə var.
Ruhaniyyət maddiyyatı necə doğura bilər
Lakin ilk baxışda başa düşmək çətindir ki, ruhaniyyət necə maddiyyat kimi bir şey doğura və meydana gətirə bilər. Bu, qədim filosofların problemidir və onu həll etmək üçün çoxlu mürəkkəb israf ediblər.
Həqiqət isə ondadır ki, bu problem yalnız onların metodologiyası çərçivəsində ciddidir – çünki onlar ruhani formanın maddiyyat ilə hər hansı bir əlaqəsini inkar edərək onu müəyyən ediblər.
Əgər bu müddəaya əsaslansaq, problem həqiqətən də ciddi olar: ruhaniyyət necə maddiyyatı doğura və ya ondan maddi bir şey necə meydana gələ bilər?
Lakin kabala alimlərinin fikrinə görə, burada heç bir problem yoxdur, çünki onların anlayışları filosofların anlayışlarına tam əksdir. Onların fikrincə, hər bir ruhani keyfiyyət, maddi keyfiyyətə iki damla su kimi bənzəyir.
Bu halda ruhaniyyət və maddiyyat arasındakı münasibət bir-birinə tamamilə yaxın və uyğundur; onların fərqi yalnız materiyadadır – ruhaniyyət, təbii olaraq ruhani materiyaya, maddiyyat isə maddi materiyaya malikdir.
Lakin ruhani materiyada mövcud olan bütün keyfiyyətlər, fiziki materiyada da mövcuddur, necə ki, «Kabala elminin mahiyyəti» məqaləsində izah olunur.
Bununla belə, qədim fəlsəfənin baxışlarında mənim sonrakı izahıma mane olan üç müddəa var.
Birincisi – onlar qərara gəliblər ki, insanın ağlının düşünmə qüvvəsi əbədi ruh və insanın mahiyyətidir.
İkincisi – onlar hesab edirlər ki, bədən ruhdan doğur və onun nəticəsidir.
Üçüncüsü – onlar deyirlər ki, ruhani şəxslər sadə, tərkibsiz obyektlərdir.
Materialist psixologiya
Bundan əlavə, burada onların uydurma iddiaları ilə mübahisə etmək yeri deyil, çünki onların zamanı artıq keçib və bu cür düşünənlərin hakimiyyəti bitib. Və bunun üçün materialist psixologiyaya minnətdar olmaq lazımdır; o, fəlsəfənin xarabalıqları üzərində böyüyüb camaatın fikrinə sahib oldu. Hamı artıq real əsaslara söykənməyən fəlsəfənin zəifliyini qəbul edib.
Bu köhnə düşüncə tərzi kabala elminin yolunda büdrəmə daşı və zərərli tikan idi. Çünki insanlar kabala alimləri ilə barışıb, onlar onlara ruhaniyyətlə bağlı ən xırda bir şeyi belə açmazdan əvvəl, hər cür ayrılıq və ehtiyat, müqəddəslik və təmizliyi qəbul etmək əvəzinə, formalar fəlsəfəsindən asanlıqla axtardıqlarını tapırdılar. Oradan heç bir zəhmət çəkmədən, kabala elmində heç bir səy göstərmədən bu elmin qaynağından doyunca içirdilər. O vaxta qədər ki, bu elm İsrail xalqı arasında demək olar ki, unuduldu.
Buna görə də biz materialist psixologiyaya sonsuz dərəcədə minnətdarıq, çünki o, fəlsəfi teologiyaya sarsıdıcı və qalib zərbə vurdu.
Mən – Şlomo
Bu, müdriklərimizin söylədiyi nağıla bənzəyir. Onlar danışırlar ki, Asmoday adlı şeytan kral Şlomonu Qüdsdən dörd yüz parsax uzağa atdı, onu pulsuz qoydu, özü isə Şlomon surətində onun taxtına oturdu. Şlomo isə qapı-qapı gəzirdi və hara gəlsə deyirdi: «Mən – Koheletəm!», lakin ona inanmırdılar. O, şəhərdən şəhərə gəzərək deyirdi: «Mən – Şlomonam!». Sinedriona gəldikdə isə müdriklər dedilər: «Dəli adam bütün ömrü boyu eyni gülməli sözü deyə bilməz, o isə deyir: «Mən padşah idim və s.»».
İlk baxışda insanın adı əsas deyil, əsas olan bu adın sahibi – insanın özüdür. Belə olduğu halda, necə ola bilər ki, Şlomo kimi ağıllı bir insan əgər o, bu adın sahibidirsə,tanınmasın,? Əksinə, insan öz adına əhəmiyyət verir və o, öz hikmətini göstərməli idi.
Üç maneə
Ad sahibinin tanınmasında üç maneə var.
Birincisi – kabala elminin həqiqi olması səbəbindən o, yalnız bu elmin bütün elementlərinin birlikdə izahı ilə aydın olur. Buna görə də insan elmə bütövlükdə yiyələnməyincə, orada heç nə görə bilməz. Buna görə də əvvəlcə onun həqiqiliyinə dair söz-söhbət yayılmalıdır ki, insanlar bu elmə kifayət qədər inansınlar və o geniş yayılsın.
İkinci maneə ondan ibarətdir ki, Asmoday şeytanı kral Şlomonun paltarına bürünmüşdü və onun taxtına oturmuşdu. Eyni cür də fəlsəfə kabalanın taxtına oturdu; onu anlamaq isə daha asandır, çünki yalan tez qəbul olunur. Beləliklə, burada ikiqat problem var. Birincisi – həqiqət elmi dərin və ağırdır, saxta fəlsəfə isə asan qəbul olunur. İkincisi – «ona ehtiyac yoxdur», çünki insanların bütün ehtiyacı fəlsəfə ilə tam təmin olunur.
Üçüncü – şeytan iddia edirdi ki, kral Şlomo dəlidir. Eyni cür də fəlsəfə kabalaya istehza edir və onu xor görür.
Lakin kabala elmi ucaldıqca, o, xalqdan uzaqlaşır. Şlomo bütün insanlardan müdrik olduğu üçün, hamıdan yüksək idi. Hətta görkəmli müdriklər belə onun fikrini sonuna qədər dərk edə və başa düşə bilmirdilər. Yalnız onunla hər gün, çox illər boyu hikmətini öyrəndiyi dostlar, yəni Sinedrion onu başa düşdü və onun barəsində söz-söhbəti yaydı, elə ki, onun adı bütün dünyada məşhur oldu.
Kiçik ağıl beş saniyəyə izah olunur və buna görə də hamı onu anlaya bilər və insan tez məşhurlaşa bilər. Böyük ağıl isə yalnız çox saatlar ərzində, bəzən isə günlər və illər ərzində – ağlın dərəcəsindən asılı olaraq – izah olunur. Böyük müdriki isə yalnız bütün nəsildə seçilmiş şəxslər anlaya bilər, çünki onun ağlı dərin olub, çoxsaylı əvvəlki biliklərə əsaslanır.
Ona görə də, öz hikməti sayəsində sürgünə göndərilmiş və tanınmayan, öz hikmətini açmaq və ya insanlar üçün onu təsəvvür etdirə biləcək heç bir imkanı və yolu olmayan insanların müdriklərindən biri ilə – kral Şlomo ilə baş verənlərə təəccüblənməyə dəyməz, ta ki, ona bu adın sahibi kimi inanılana qədər.
Bu günkü vəziyyətdə də kabala elmi elədir. Bizim bədbəxtliklərimiz və sürgünümüz artıb və onu unudulmağa gətirib çıxarıb (əgər haradasa kabala ilə məşğul olanlar varsa da, bu, ona fayda deyil, zərər verir, çünki onlar onu kabalist-müdrikdən almayıblar). Beləliklə, bu nəslimizdə o, sürgündəki kral Şlomoya bənzəyir, çünki o, fəryad edib çağırır: «Mən – elmlə dolu elməm! Və mənim içimdə Tövratın və dinin bütün dadları var!», lakin ona inanmırlar.
İlk baxışda aydın deyil: əgər o, həqiqətən də elm adlanırsa, bütün digər elmlər kimi özünü açıb göstərə bilməlidir.
Lakin bu belə deyil, çünki kral Şlomo Sinedrionun yerləşdiyi Qüdsə gəlməyincə, o məkanın müdriklərinə öz hikmətini göstərə bilmədiyi kimi, kabala elmi də böyük müdriklərə – qəlb tədqiqatçılarına möhtacdır ki, onlar iyirmi-otuz il kabala ilə məşğul olsunlar və yalnız bundan sonra onun barəsində şahidlik edə bilsinlər.
Kral Şlomo Qüdsə gəlməyincə, Asmodeyi öz taxtından sala bilmədiyi və «mən – Şlomonam» deyə bilmədiyi kimi.
Eyni cür kabalistlər fəlsəfi teologiyaya baxır, təəssüf edir və deyirlər ki, o, onların elminin yuxarı qatını oğurlayıb; bu qat Platon və ondan əvvəlki yunanlar tərəfindən alınmışdı. Onlar İsrail peyğəmbərlərinin şagirdləri ilə çox məşğul olmuş, İsrail elminin əsas müddəalarını oğurlamış və yad örtüyə bürünmüşdülər. Bu günə qədər də fəlsəfi teologiya kabalanın padşahlıq taxtında oturub, öz xanımının yerini tutub.
Əgər başqaları onların taxtında oturubsa,Kabalist müdriklərə kim inanacaq? Kral Şlomonun sürgün vaxtında ona inanmadıqları kimi, çünki hamı bilirdi ki, kral Şlomo öz taxtında oturur – yəni Asmoday. Və Şlomonun həqiqətin açılacağına heç bir ümidinin olmadığı kimi, kabalanın da yoxdur. Çünki onun hikməti dərindir və onu nə şahidliklə, nə də sınaqlarla dünyaya çıxarmaq mümkün deyil – dünya üçün bu həmişə kifayət qədər olmayacaq – ta ki, onun taxtını tutan fəlsəfi teologiyanın zəifliyi və yalanı üzə çıxana qədər.
Buna görə də İsrail üçün, materialist psixologiyanın fəlsəfi teologiyaya ölümcül və qəti zərbə vurduğu vaxtdakı kimi, başqa bir qurtuluş olmamışdır.
Bu andan etibarən hər kəs ki, Yaradanı axtarır, kabalanı onun taxtına qaytarmağa borcludur və bununla tacı öz qanuni yerinə qaytarır.