Dərsin mövzuları:
• Baal Sulamın (Yehuda Aşlagın) əsərləri;
• Rabaşın (Barux Şalom Aşlagın) əsərləri.
Bu kitabları açın!
XX əsrin 50-ci illərinin əvvəllərində, sərt qənaət dövrü, İsraildə köhnə, dağılmağa hazır bir binanın böyük bir otağının ortasında köhnə çap maşını var. Təxminən altmış yaşında bir adam onun üzərində əyilmiş və mətni əl ilə yığır. Otaq ağır və acı qurğuşun qoxusu ilə doludur. Bu şəxs Yehuda Aşlagdır. O, həyatının əsas əsərlərindən birini yeni tamamlayıb, sonralar kabala elminin ən vacib mənbələrindən biri kimi tanınacaq əsəri – “Zoar Kitabına Sulam Şərhi”ni. Hal-hazırda Yehuda Aşlag bu kitabı çap etməyə hazırlayır və bu kitaba görə ona Baal Sulam adı veriləcək (ivr. dilində “ Pillənin Sahibi” mənasında).
“Şərhin” çapına böyük əhəmiyyət verərək, tərtibatçıya pul ödəmək imkanı olmadığı üçün uzun saatlar boyunca Yehuda Aşlag çap maşınının qarşısında oturur və kitabının mətnini özü yığır. O, beləliklə, günbəgün, uzun aylar boyunca çalışır.
Çap sexində keçirdiyi uzun saatlar Yehuda Aşlagın sağlamlığına sonradan təsir edəcək. Baal Sulam kitablarının nəşrinə böyük əhəmiyyət verirdi. Əgər biz kabala kitablarının ümumi əhəmiyyətini və xüsusilə Aşlagın əsərlərinin böyük dəyərini anlaya bilsəydik, yəqin ki, Baal Sulamın öz kitablarını nəşr etməyə niyə bu qədər vacib hesab etdiyini başa düşərdik.
Kabala kitabları bizim dünyamızla ruhani dünya arasında yeganə əlaqə vasitəsidir, buna görə də onlar həyatımızın mənasını dərk etmək üçün ən vacib vasitələrdir. Bu kitablar vasitəsilə kabalistlər dərk etdikləri ruhani sistemi, hələlik ruhani dərk üçün bilik və hissləri çatışmayan, bizim dünyamızda yaşayan adi insanla əlaqələndirirlər.
Təkcə Baal Sulam öz əsərlərinin nəşrinə ehtiyac hiss etmirdi. Tarix boyu bir çox kabalistlər özlərindən sonra İbrahim tərəfindən yazılmış "Yaradılış Kitabı", Raşbi tərəfindən yazılmış Zoar Kitabı, ARI tərəfindən yazılmış "Həyat Ağacı", Ramxal tərəfindən yazılmış "Yaradılışın Yolu" kimi kitablar qoymuşlar. Növbəti dərsimizi kabala kitablarına ümumilikdə və xüsusi olaraq bizim nəsil üçün nəzərdə tutulmuş tədris kitablarına həsr edəcəyik.
Kabalistik kitabların xüsusiyyətlərindən biri onların yazılma prosesi və sonrakı taleyi ilə bağlı unikal və bəzən sirli məqamların olmasıdır. Beləliklə, kabalistlər tərəfindən yazılmış bir çox kitablar qəfildən yoxa çıxır və yalnız uzun müddətdən sonra yenidən üzə çıxırdı. Bəzi yeni yazılmış kitablar isə müəllif tərəfindən dərhal yazıldıqdan sonra qismən və ya tamamilə yandırılırdı.
Bir çox kabalistlər kitablarını özləri yazmırdılar, onların şagirdləri müəllimlərindən eşitdiklərini qeyd edirdilər. Parlaq bir nümunə kimi, Zoar Kitabını ravvin Şimon Bar-Yoxayın şagirdi ravvin Abaşın yazdığı göstərilə bilər. Bu kitab yazıldıqdan sonra gizlədildi və yalnız yüz illər sonra bu günə qədər məlum olmayan şəraitdə aşkar edildi. Daha bir nümunə isə ARİ-nin əsərləridir, onun şagirdi Xayim Vital tərəfindən yazılmışdır. Vital onları qorumaq üçün özü ilə birlikdə basdırılmasını vəsiyyət etmişdi. Lakin məzar açılmış və əlyazmalar gizli yerdən çıxarılmışdır.
Bu qəribə hadisənin səbəbi kabala elmini həm açmaq, həm də gizlətmək zərurəti ilə bağlı idi. İnsanlıq kabala elmini öyrənməyə hazır olmayana qədər, bu elm yalnız öz nəsillərinin tələblərinə uyğunlaşdıra bilən seçilmişlərə açıqlanırdı. Ancaq eyni zamanda kabalistlər onu hələ dərk etməyə hazır olmayan insanlardan gizlətməli idilər.
Kabalistlər “bir qarış aç, iki qarış ört” qaydasına riayət edirdilər, yəni kabala elmini lazım olan səviyyədə açırdılar və eyni zamanda onu gizlətməklə bağlı addımlar atırdılar: yazdıqları materialın təqdimat formasından tutmuş kitabların gizlədilməsinə və ya yandırılmasına qədər tədbirlər görürdülər.
Bildiyimiz kimi, insanlıq tarixində kabalistlər bir çox kitablar yazmışlar. "Kabala elmi və onun mahiyyəti" məqaləsində Baal Sulam bunun nə üçün lazım olduğunu belə izah edir:
“Həqiqət elmi... nəsildən-nəslə ötürülməlidir. Hər bir nəsil əvvəlkilərə bir halqa əlavə edir və bu yolla elm inkişaf edir. Eyni zamanda, o, daha geniş yayılmağa uyğun olur.”
Birinci hissədə bu barədə bir qədər danışdıq və indi xatırladaq ki, kabala elmi almaq istəyinin inkişafı ilə paralel olaraq açıqlanır. Kabalistlər kabala elmini yeni nəslin inkişaf edən istəyinə uyğunlaşdırmaq üçün kitablarını yazırlar.
Buradan aydın olur ki, Baal Sulamın əsərləri kabala elminin öyrənilməsi üçün ən uyğun olanlardır. Baal Sulam öz kitablarını XX əsrin sonlarında inkişaf edən almaq istəyinin son mərhələsində yetkinləşən istək üçün yazmışdır. Bu gün hər bir insan kabala elmini öyrənmək hüququna malik olmaqla yanaşı, buna məcburdur. Buna görə də, Baal Sulamın bütün əsərlərinin fərqləndirici xüsusiyyəti, onların hər bir insan üçün uyğun, nizamlı və aydın tədris metodikasını ehtiva etməsidir.
Özünü yoxla:
• Niyə kabalistlər üçün kabala kitablarını yazmaq və nəşr etdirmək bu qədər vacibdir?
Baal Sulamın əsərləri
Kabala elminin kainata baxış bucağı, digər təlimlərdən fərqlənərək, dəfələrlə kabalistlərin təqib olunmasına və ya yaşadıqları və çalışdıqları icmalarda açıq-aşkar laqeydliklə qarşılanmalarına səbəb olmuşdur. Əvvəlki kabalistlər kimi Baal Sulam da cəmiyyətin onun təlimlərinə və kitablarına münasibəti baxımından xüsusilə üstünlük görməmişdir. 1954-cü ildə vəfat etdikdə, onun kitabları haqqında çox az adam məlumatlı idi və onlardan daha az adam bu kitabları öyrənməyə davam edirdi.
"Sonuncu Nəsil" kitabının ön sözündə, İsrailin Yəhudi Düşüncəsi Tarixi üzrə Dövlət Mükafatı laureatı olan professor Eliezer Şveid, Baal Sulamın sağlığında niyə qeyri-populyar olduğunu izah edərək, bu vəziyyəti böyük narahatlıqla təsvir edir:
"Bu, onun düşüncələrinin dərinliyini başa düşməyin çətinliyi və ya yazı üslubunun ağırlığı ilə bağlı deyildi. Əksinə, Yehuda Aşlag sirləri açmaq bacarığına malik idi. Onun danışığı o qədər aydın və başadüşülən idi ki, hər bir oxucu yazılanları düzgün anlayırdı. Yehuda Aşlag dünyaya azadlıq gətirmək üçün hər kəsin onu tanıması üçün səy göstərirdi. Ancaq o, özündən danışır və hər bir xalq üzvünə vasitəçilər olmadan birbaşa müraciət edirdi.
Müəyyən bir yəhudi icmasına mənsub olmasına baxmayaraq, o, nə icmanın, nə də hər hansı dövlət qurumunun təmsilçisi oldu. Eləcə də onun arxasında heç bir təşkilat dayanmırdı.
Bu, Yehuda Aşlagın dürüstlük, açıq fikirli olmaq, azad düşüncə və cəsarətinə görə ödədiyi bir qiymət idi. Buna görə də onun əsərləri o dövrün qısagörən dövlət ideologiyasının girovuna çevrilmədi, əksinə, onlar bu gün də aktual və inandırıcı olaraq qalır və bəlkə də daha çox, çünki onun proqnozlarının bir çoxu bizim dövrümüzdə reallaşmışdır. Onun izahları isə köhnəlməmişdir və bəşəriyyətin qarşısında duran gələcək çağırışlarla mübarizə aparmaq üçün etibarlı vasitə olaraq qalır."
Həqiqətən də, 1995-ci ildən başlayaraq, Baal Sulamın öncədən gördüyü kimi, onun əsərlərinə və Tədrisinə maraq genişlənməyə və güvvələnməyə başladı. Gözlərimizin önündə açılan qlobal dünya və qarşısında duran yeni problemlər Baal Sulamın kitablarının aktuallığını və əhəmiyyətini daha da vurğulayır. Onlar həm şəxsi, həm də ümumbəşəri problemlərin yeganə həll yoludur.
Baal Sulam çox yazmışdır. Onun həyatı boyunca və ölümündən sonra onlarla məqalələri nəşr edilmişdir. O, həmçinin digər kabalistlərin əsərlərinə şərhlər yazmış və hətta " Uma" (Xalq) adlı kabalist qəzeti nəşr etmişdir. Onun iki böyük əsəri uzun illərin əməyinin bəhrəsidir, hər biri minlərlə səhifədən ibarətdir: Bu, “Sulam Şərhi (Piruş A-Sulam) Zoar Kitabına” və “On Sfirotun Tədrisi”dir (Talmud Eser Sfirot, qısaca “TES”), hansı ki, ARI-nin əsərlərinə şərhdir.
Baal Sulam “Zoar Kitabına Şərh” yazmaq üçün böyük səylər göstərdi. Onun şagirdləri danışırdılar ki, hər gün saatlarla oturub yazardı, ta ki, əlində qələmlə yatana qədər və qələmi onun sıxılmış barmaqlarından çıxarmaq çətin olardı.
Baal Sulamın “Zoar Kitabına Sulam Şərhi”ni nəşr etdirməyə verdiyi əhəmiyyət, ilk növbədə, Zoar Kitabının özünün əhəmiyyətindən irəli gəlirdi. Zoar Kitabında xüsusi ruhani güvvə yatır və kabala mənbələri arasında ona bərabər heç bir kitab yoxdur. Bunun səbəbi, Zoar Kitabının almaq istəyinin bu günlərdə tam formalaşmış son və ən vacib inkişaf mərhələsində, bu istəyi islah etmək üçün nəzərdə tutulmasıdır. Buna görə Baal Sulam “Zoar Kitabına Şərh” yazmağa bu qədər enerji sərf etdi.
Zoar Kitabının əksər hissəsi aramit dilində yazılıb və gündəlik hekayələrlə doludur. Buna görə də, onu səhv başa düşmək və başqalarını çaşdırmaq çox asandır ki, bu da tarix boyu dəfələrlə baş verib. Bu maneəni aradan qaldırmaq üçün Baal Sulam Zoar Kitabına ivrit dilində şərh yazdı və bütün nümunələri və məcazları Sfirot dili ilə izah etdi ki, onların düzgün başa düşülməməsi mümkün olmasın. Ancaq Baal Sulamın işi yalnız “Sulam Şərhi”nin yazılması ilə bitmədi. Zoar Kitabı ilə eyni ruhani səviyyədə olmaqla, Baal Sulam şərhini elə nizamladı ki, Zoar Kitabının ruhlarımız üzərindəki təsiri maksimum dərəcədə effektiv olsun.
Daha əvvəl qeyd olunduğu kimi, Baal Sulamın başqa bir mühüm əsəri “Zoar Kitabına Şərh”dən başqa ARI-nin əsərlərinə şərh olan “On Sfirotun Tədrisi”dir. Sulam Şərhi kimi, “On Sfirotun Tədrisi” də minlərlə səhifədən ibarət geniş və hərtərəfli bir işdir. Kitab ruhani aləmlərin quruluşunu və yaradılış planından bizim dünyaya qədər olan inkişafını ən incə detalları ilə izah edir. Həm “Sulam Şərhi”ndə, həm də “On Sfirotun Tədrisi”ndə Baal Sulam mənbələri o qədər diqqətlə şərh edirdi ki, onları materiallaşdırma təhlükəsi yaranmasın.
"On Sfirotun Tədrisi" kitabı dərslik şəklində yazılıb. O, 16 hissədən ibarətdir, bölmələrə və paraqraflara bölünür. Hər hissənin sonunda xüsusi bir başlıq var ki, orada bütün öyrənilən material ümumiləşdirilib, terminlər lüğəti, öyrənilmiş material üzrə suallar və cavablar var. “On Sfirotun Tədrisi”nin dərslik formatında qurulması Baal Sulamın kabala öyrənilməsinə elmi yanaşmasını göstərir.
“Sulam Şərhi” və “On Sfirotun Tədrisi” ilə yanaşı, Baal Sulam onlarla məqalə də yazmışdır. Onların ən vacibləri “Tövratın Bəxş Edilməsi”, “Zoar Kitabına Sulam Şərhi” üçün dörd müqəddimə, “Kabala Elminə Giriş”, “Zoar Kitabına Giriş”, “Zoar Kitabına Müqəddimə” və “Sulam Şərhinə Giriş” məqalələrində toplanmışdır. “Tövratın Bəxş Edilməsi” və digər dərc olunmuş əsərlərdə o, insanın ruhani yolunu başlanğıcdan sona qədər izah edir. Baal Sulam öz əsərlərində hər kəs üçün əlçatan, aydın və təsirli ruhani dərk metodikasını təsvir edir.
Özünü yoxla:
• “Zoar Kitabına Sulam Şərhi”nin üç əsas xüsusiyyəti hansılardır?
• “On Sfirotun Tədrisi”ndə nə müzakirə olunur?
Sonuncu moxikan
Barux Şalom Aşlag (Rabaş) (1907–1991), Yehuda Aşlagın (Baal Sulamın) oğlu və davamçısı idi və tam mənasıyla gizli bir kabalist idi. Onun böyük ruhani ucalığına baxmayaraq, o, çox təvazökar bir insan idi, ictimaiyyətdən uzaq dayanır və bütün vaxtını kitab oxumağa və yazmağa həsr edirdi. Bununla yanaşı, bu böyük kabalistin əsərlərinin bizim və gələcək nəsillər üçün əhəmiyyətini qiymətləndirmək çətindir.
Bir mənada Barux Aşlag "sonuncu mohikan" idi. O, ilk kabalist İbrahimdən başlayıb Yehuda Aşlagla davam edən böyük kabalistlər silsiləsinin sonuncu halqası idi. Rabaş-ın rolu bizim günlər üçün xüsusilə əhəmiyyətli idi – ən böyük kabalistləri bizim dünyada yaşayan insanla birləşdirmək və kabala metodikasını bizim nəslin ruhlarına uyğunlaşdırmaq.
Rabaş özü ruhani pillələrin zirvəsində olsa da, yer üzündəki gündəlik həyatla sıx əlaqəni kəsmirdi və onun bütün əsərləri bu dünyadan daha yüksək bir şeyi anlamağa çalışan sadə insanlara ünvanlanmışdı. Barux Aşlag öz ruhani dərk səviyyəsindən başa düşürdü ki, XX əsrin sonunda insan həyatın mənasını anlamağa ehtiyac hiss edəcək. Buna uyğun olaraq, o, kabala elmini sadə və asan başa düşülən bir formada təqdim edə bildi.
1983-cü ildə Rabaş-ın həyatında dönüş nöqtəsi oldu. O vaxta qədər onun uzun illər yanından ayrılmayan az sayda tələbələri var idi. Bir gün İsrailin müxtəlif yerlərindən onun qrupuna 40 yeni, gənc və dünyəvi tələbə gəldi. Onlar həyatın sirrini açmaq istəyən fərqli insanlardan ibarət idi və əvvəlki tələbələrdən çox fərqlənirdilər.
Yeni tələbələrlə etdiyi unikal işlər əsnasında Rabaş bizim nəslə ən uyğun gələn ruhani metodikanı inkişaf etdirdi. Həftəlik olaraq, hər dəfə bir məqalə yazırdı, burada insanın ruhani yolunda daxili işini sadə bir dildə və addım-addım izah edirdi. Rabaş-ın yazdığı məqalələr bizim nəsil üçün kabala elminin əsas öyrənmə vasitəsidir. Son illərdə bu əsərlər “Rabaş-ın Əsərləri” adlı bir kitablar seriyasına toplanmışdır.
Özünü yoxla:
• Rabaş-ın böyük kabalistlər zəncirində rolu nədir?
Dərsin yekunları. Qısa nəticələr:
• Kabala kitabları bizim və ruhani aləmlər arasında yeganə bağdır.
• Bir çox kabala kitabları yazıldıqdan sonra dərhal gizlədilib, çünki almaq istəyi hələ kabala elminin açıqlanması üçün kifayət qədər inkişaf etməmişdi.
• Baal Sulamın əsərləri bizim nəsil üçün ən uyğun olanlardır, çünki o, onları bizim nəsildə üzə çıxan almaq istəyi üçün yazmışdır.
• Baal Sulamın ən vacib iki əsəri – -“Zoar Kitabına Sulam Şərhi”- və -“On Sefirotun Tədrisi”-dir.
• Barux Aşlagın (Baal Sulamın oğlu) əsərləri bizə İbrahimdən başlayıb Baal Sulamla bitən böyük kabalistlər zənciri ilə birləşdirən halqadır.
Terminlər:
Bir qarış aç, iki qarış ört- kabala elminin müəyyən səviyyədə açılması və uyğun səviyyədə gizlədilməsi.
Zoar Kitabına Sulam Şərhi (Piruş A-Sulam le Sefer HaZoar)- – Baal Sulam tərəfindən Zoar Kitabına yazılmış şərh. Bu kitab ravi Şimon Bar-Yoxay tərəfindən yazılmışdır.
On Sefirotun Tədrisi (Talmud Eser Sefirot)- – Baal Sulamın ARI-nin əsərlərinə yazdığı şərh.
Suallara cavablar:
• Sual: Niyə kabalistlər üçün kabala kitablarını yazmaq və nəşr etmək vacibdir?
• Cavab: kabala kitabları maddi və ruhani aləmlər arasında yeganə əlaqədir. Bu əsərlər vasitəsilə kabalistlər ruhani sistemi, hansını ki, dərk edirlər, bu dünyada yaşayan adi insanlarla birləşdirirlər.
• Sual: “Zoar Kitabına Sulam Şərhi”nin üç əsas xüsusiyyəti hansılardır?
• Cavab: a) Aramit dilindən ivrit dilinə tərcümə; b) Dünyəvi nümunələrin daxili mənasını fiziki dünya ilə əlaqələndirməmək üçün izah etmək; c) “Sulam Şərhi” elə qurulmuşdur ki, Zoar Kitabının ruhlarımıza təsiri maksimum güvvətlənsin.
• Sual: “On Sefirotun Tədrisi”ndə nə müzakirə olunur?
• Cavab: Bu, ruhani aləmlərin quruluşunu araşdırır.
• Sual: Rabaş-ın böyük kabalistlər zəncirində rolu nədir?
• Cavab: Böyük kabalistlər ilə bizim dünyadakı adi insan arasında əlaqə yaratmaq və kabala metodikasını bizim nəslin ruhlarına uyğunlaşdırmaq.
Məntiqi ardıcıllıq:
• kabala elmi – bizim dünyada məxluqlara Yaradanı açıqlama metodikasıdır.
• Yaradanı açıqlamaq üçün niyyətimizi almaqdan verməyə dəyişməliyik.
• kabalist kitablarında “mənbəyə qaytaran nur” adlanan xüsusi ruhani qüvvə vardır. Bu qüvvə niyyətimizi almaqdan verməyə dəyişməyə qadirdir.
• növbəti hissədə kabalist kitablarının öyrənilməsi şərtlərindən daha ətraflı danışacağıq.