Dərsin Mövzuları:
- şərin dərk edilməsi;
- şərin aşkar edilmə üsulları;
- Kabala elmi və etika.
Yaxşı nədir
Ötən dərsdə biz öyrəndik ki, bizi növbəti inkişaf mərhələsinə doğru irəliləməyə məcbur edən qüvvə, mövcud vəziyyətimizin kifayət qədər yaxşı olmadığı hissidir. Daha optimist bir yanaşma isə gələcəyin daha yaxşı ola biləcəyi ümididir.
Hər iki halda, boşluq və narazılıq hissi insanı və bütün kainatı yaradılış məqsədinə doğru düzəliş yolunda ardıcıl şəkildə irəliləməyə vadar edən qüvvədir.
Baal Sulam yazır ki, “hətta ən kiçik hərəkəti belə insan hərəkətverici qüvvə olmadan – vəziyyətini bir qədər də yaxşılaşdırmaq istəyindən doğan hərəkət olmadan – edə bilməz. Məsələn, insan əllərini stuldan masaya keçirəndə, bu, ona masada əllərini dayandırsa, daha rahat hiss edəcəyini düşündüyü üçün baş verir; əgər belə düşünməsəydi, yetmiş il boyunca əllərini stulda saxlayardı, daha böyük səylərdən isə danışmağa belə ehtiyac yoxdur.”
Hər bir an özünü göstərən xisaron və ya əzabdan qurtulma istəyi bizi inkişaf etməyə, növbəti mərhələyə keçməyə kömək edir.
İnkişaf prosesini sürətləndirmək istəyiriksə, hər bir vəziyyətdə şərin dərk edilməsinə xüsusi diqqət yetirməliyik. Şərin öz özünə ortaya çıxmasını gözləmək əvəzinə, onu əvvəlcədən, öz səylərimizlə aşkarlamalıyıq. Lakin bu, heç də asan deyil. Əvvəlcə, aşkarlamağımız lazım olan şərin nə olduğunu öyrənməliyik və sonra onu necə tanıyacağımızı anlamalıyıq. Əgər bu iki suala cavab tapsaq, biz Əzab Yolu ilə deyil, Tövrat Yolu ilə inkişaf edə bilərik. Bu barədə növbəti dərsdə danışacağıq.
Şərin nə olduğunu anlamaq üçün əvvəlcə yaxşılığın nə olduğunu öyrənmək lazımdır. Kabala elmi deyir ki, yaxşılıq bizim inkişafımızın son mərhələsidir, yəni tamamilə eyniləşmə xüsusiyyətidir ki, buna “dvekut” –qovuşma deyilir. Başqa sözlə, yaxşılıq, kainatın bütün hissələri ilə vahid bir bütöv olaraq harmonik birləşmə hissidir. Yaxşılıq – niyyətin islahı, almaq istəyini vermək istəyinə çevirmək üçün sevgidə birləşmədir.
Əgər birləşmə yaxşılıqdırsa, o zaman ayrılma şərdir. Dəqiq desək, şərə aparan qüvvə ayrılma qüvvəsi adlanır. Bu qüvvədən kurs boyu çox danışmışıq. Bu, almaq istəyini yalnız özünə yönəltmək üçün idarə edən niyyətdir. Bu, eqoizmdir, almaq istəyini yalnız öz xeyri üçün idarə edən xüsusiyyətdir.
Bütün əsərlərində Baal Sulam təkrar təkrar vurğulayır ki, yer üzündəki bütün pisliklərin səbəbi bizim almaq istəyimizlə bağlı iş sistemimizdədir. Öz xeyrini güdmək üçün almaq istəyi, başqaları ilə hesablaşmadan davranmaq təbiət qanunlarına tamamilə ziddir. Özünü təmin etmə niyyəti ilə almaq istəyinin olması insanla vermək xüsusiyyəti arasında uyğunluğun olmamasına gətirib çıxarır. Bu da bizə Yaradanın hökmranlıq etdiyi həqiqi və yaxşı reallığı hiss etməyə mane olur.
Məsələn, Baal Sulam “Zoar Kitabına Giriş”də yazır: “Və anla ki, bütün dünya özünü almaq istəyindən azad etməyə və başqalarına vermək istəyində olmağa qərar versə, bütün narahatlıq və zərərli şeylər aradan qalxar və hər kəs öz sağlam və dolğun həyatından əmin olar, çünki hər birimizə qayğı göstərən böyük bir dünya olacaqdır. Amma hər kəsin yalnız özünə vermək istəyi olanda, bütün narahatlıqlar, əzablar, qətllər və müharibələr buradan doğur ki, bunlar bizi xilasdan məhrum edir və bədənimizi müxtəlif xəstəlik və ağrılarla zəiflədir.”
Öz xeyri üçün almaq niyyətini biz başqalarına və bizdən kənarda olduğunu düşündüyümüz hər şeyə münasibətimizlə müəyyən edə bilərik. Öz xeyri üçün almaq niyyəti, almaq istəyini elə istiqamətləndirir ki, bütün hesablaşma bu sxemə əsaslanır: mənim xaricimdə olanı öz maraqlarım üçün necə istifadə edə bilərəm. Daha əvvəl qeyd etdiyimiz kimi, hətta hansısa hərəkətləri tamamilə fədakarlıq kimi görsək belə, motivləri analiz etdikdə, burada da almaq niyyətinin olduğunu görəcəyik. Bütün hesablamalar yalnız öz xeyri üçün aparılır.
Bizim dərk etməli olduğumuz şər, almaq niyyətindədir, yəni bu, bizim başqalarına qarşı yanlış münasibətimizdir. Onu islah etmək üçün əvvəlcə özümüzü idarə edən öz xeyrimiz üçün almaq niyyətini dərk etməli və onu şər kimi hiss etməliyik. Şərin əksi olaraq birləşmənin xüsusi əhəmiyyətinə diqqət yetirməliyik.
Hər dəfə almaq niyyətini aşkar edib onu şər kimi dərk etdikdə, biz növbəti inkişaf səviyyələrinə keçəcəyik və tam islahata, mütləq yaxşılığın dərk edilməsinə doğru yaxınlaşacağıq.
Öz xeyri üçün almaq niyyətinin şər olduğunu və bizim ruhani irəliləyişimizə mane olduğunu dərk etməyi hədəfləyən daxili iş Kabala elmində “şərin dərk edilməsi” adlanır.
Şərin aşkarlanması, onun düzəldilməsi deməkdir. Alma niyyətini aradan qaldırmaq üçün etməli olduğumuz şey, onun içindəki şəri dərk etməkdir. Uşaq nağıllarında olduğu kimi: əjdahanın gözlərinə diqqətlə baxsaq, o, tədricən yox olar. Öz xeyri üçün alma niyyətinin düzəldilməsi onun dərk edilməsi ilə başlayır və tamamlanır. Düşünsək, başqa heç bir şeyə ehtiyac olmadığını anlayarıq. Öz xeyri üçün almanın, yaxşılığa və ruhani irəliləyişimizə mane olan bir qüvvə olduğunu başa düşdüyümüz an, onu islah etmək istəyi bizdə yaranacaq. Beləliklə, bizə lazım olan tək şey, islah olmaq istəyidir.
Şərin aşkar edilməsi işi içməli suyun keyfiyyətini yoxlamağa bənzəyir. Çirkli su içmək, xəstələnmək və əziyyət çəkmək əvəzinə, bizdə olan mikrobların sayını yoxlayaraq lazımsız əzab əziyyətlərdən qaçırıq. Eynilə, şərin dərk edilməsi də bizə əzablardan qaçmağa kömək edir. Əzab yolu ilə irəliləmək əvəzinə, Kabala elmi vasitəsilə şəri həyata keçməmişdən əvvəl üzə çıxarırıq. Başqa sözlə, biz Əzab Yolu əvəzinə Tövrat Yolunu seçirik.
Hər halda, öz xeyri üçün almaq niyyəti içimizdə gizlənib və biz onu razılığa gətirmədən bizi idarə etdikcə, onu islah etməyə və düzəlmiş vəziyyətə bir addım belə yaxınlaşmağa qüvvəmiz çatmaz. Bu barədə Baal Sulam öz tələbələrinə yazdığı məktublardan birində qeyd edir: “Mən hələ açılmayan və açılacaq qüsurlar üçün narahat və peşmanam, çünki gizli qüsur – ümidsizdir, onun açılması isə böyük bir xilaskarlıqdır, çünki qanun belədir: verən, onda olmayanı verə bilməz, və əgər indi açılıbsa, heç bir şübhə yoxdur ki, əvvəldən də mövcud olub, sadəcə gizlənib. Ona görə də mən onların [qüsurların] öz “yuvalarından” çıxmasına sevinirəm, çünki onlara diqqətlə baxsan, toza çevrilib yox olacaqlar. Amma bununla belə, heç bir an üçün belə qane olmuram, çünki bilirəm ki, bizimlə olanlar onlardan çoxdur, anlayan üçün bu kifayətdir.”
Biz, aşkar etməli olduğumuz şərin nə olduğunu öyrəndik. Dərsin növbəti hissəsində onu necə aşkar edəcəyimizi öyrənəcəyik.
Özünü yoxla:
Aşkar etməli olduğumuz şər nədir?
Xeyirlə birləşmək
Bəs biz nə öyrəndik? Biz öyrəndik ki, Yaradan bizə yaxşılıq və xeyir bəxş etmək üçün yaradıb. Xeyrə gedən yolda ilk baxışda pis vəziyyətlər üzə çıxır. Anladıq ki, pis vəziyyətləri bizi məqsədə doğru irəlilədən qüvvə kimi qəbul etsək, onlar da yaxşıdır. Biz danışdıq ki, hər bir vəziyyətdə açılan şər bizi irəliyə aparır. Və şəri nə qədər tez dərk etsək, ruhani irəliləmə prosesi o qədər sürətli gedəcək. İnkişafı sürətləndirmək üçün şəri dərk etmək və onu aşkar etmək qalır. Beləliklə, biz artıq bilirik ki, öz xeyri üçün almaq niyyəti – bizi yaxşılığı dərk etməyə mane olan bir şərdir.
Daha sonra şərin dərk edilməsinə necə nail olmaq, bizi yaxşı (islah olunmuş) vəziyyətə çatmağa mane olan şəri aşkar etmək üçün hansı addımları atmalı olduğumuzu öyrənəcəyik. İşə başlamazdan əvvəl insanın daxili işinin əsas prinsiplərindən birini anlamaq vacibdir. Məhz buna əsaslanaraq, bundan sonra nə edəcəyimizi öyrənəcəyik.
Baal Sulamın böyük oğlu və davamçısı Barux Şalom Aşlaq (Rabaş) öz məqalələrindən birində yazır: “Məsələn, qaranlıqda evdəki çirk görünmür. Amma işığı yandırılanda, onun orada olduğunu görmək olur.” Sadə müqayisə və sadə nəticə: biz yaxşılıq (nur) olmayan yerdə şəri (çirki) görə bilmərik. Şəri aşkar etmək üçün xeyirxah bir niyyətə ehtiyac var.
Rabaşın nümunəsində olduğu kimi, biz qaranlıq bir otaqda yerləşirik və içindəki çirki görmək üçün nuru yandırmalıyıq. Necə ki qara dəlik ətrafındakı bütün reallığı öz qaranlığına çəkir, eləcə də almaq niyyəti ətrafımızdakı bütün reallığı öz daxili qaranlığımıza doğru udur. Bizi idarə edən və yaxşılığı hiss etməyə mane olan almaq niyyətini tanımaq üçün nurun şüasını özümüzə cəlb etməliyik. Yalnız nurun köməyi ilə ona zidd olan niyyəti görə biləcəyik.
Öz daxilimizdəki qaranlığı nurlandırmaq üçün bizə iki çox qüvvətli vasitə verilib: islahedici nur (yaxşılığa, mənbəyə qaytaran nur) və ətraf mühitin təsiri.
İslahedici nur mahiyyətcə yaxşılıqdır. O, bizə islah edilmiş ruhani vəziyyətimizdən nur saçır. Amma biz hələ islah olunmadığımız üçün, o, bizə xaricdən nur saçır və bizi islahata yaxınlaşdırmaq üçün müxtəlif yollarla təsir edir. Rabaş məhz bu nuru nəzərdə tutur, qaranlıq otaqda nur yandırmalı olduğumuzu deyəndə, içindəki çirki görə bilək deyə.
Kabalistlər tərəfindən yazılmış kitablarda islah olunmuş vəziyyətlərimiz haqqında oxuyanda və onları aşkar edib hiss etməyə can atanda, ruhaniyyəti aşkar etmək üçün qüvvətli istəyimiz ruhani dünyalardan xüsusi bir parlaqlıq cəlb edir. Bu parlaqlıq bizə ruhaniyyətdən nə qədər uzaq olduğumuzu göstərir. Və o zaman bizə elə gəlir ki, bu axtarışda yalnız uduzmuşuq: nuru axtarırdıq, ancaq qaranlıq aldıq. Lakin daha əvvəl izah etdiyimiz kimi, qaranlığın nurun əksi kimi aşkar edilməsi bizi şərin dərk edilməsində və yaxşılığın açılmasında növbəti səviyyəyə qaldırır.
Əgər təhsil bizdə şəri aşkar edərək, başqalarından uzaqlaşmağa, şübhə və narazılığa gətirirsə, bundan qorxmamalıyıq. Bütün maneələrin fonunda bizdə ruhaniyyətə daha da qüvvətli bir İstək və meyl yaranır. Uzaqlaşma bizdə birləşməyə tələbat oyadır. Şübhə və narazılıq isə anlayışla əvəz olunur. Kabalistlər yazır ki, əgər insan Kabala elmini öyrənir və bundan məmnunluq hissi keçirirsə, deməli, o, həqiqətən də öyrənmir. Kabala dərsləri zamanı aldığımız nur bizə islah olunması üçün şüurlu şərin yeni bir hissəsini nurlandırıb göstərir və buna görə də Kabala dərsləri bizdə bu günkü vəziyyətimizdən daha da çox narazılıq oyatmalıdır – beləliklə, bizdə yeni qüvvə ilə vericilik xüsusiyyəti ilə birləşmək istəyi yaranır.
Unutmayın: hər yeni xisaron yenilənmə, yeni kəşf və irəliləyiş üçün bir imkan yaradır. Bizdən tələb olunan yeganə şey – düzgün həsrət (doyum əskikliyi, yerinə yetirilməmiş istək) və birləşmə üçün istəkdir.
Rabaş yazır: “İnsanın işinin başlanğıcı – şərin aşkar edilməsidir. Bu o deməkdir ki, insan Yaradanın ona almaq istəyinin nə qədər pis olduğunu hiss etdirməsini istəyir. Almaq istəyinin ‘şər’ adlandırıldığını bilmək və yalnız Yaradanın insana bu hissi verə biləcəyi, sonra isə almaq istəyini insana vermək istəyinə çevirə biləcəyi anlayışına sahib olmaqdır.”
Şərin dərk edilməsində ikinci vacib vasitə ruhani mühitdir – bizim olduğumuz mühitin və ya daha dəqiq desək, onun bizə təsirinin rolu. Bizim vəziyyətimizə uyğun olaraq cəlb etməli olduğumuz yaxşılıq yalnız islahedici nuru cəlb etmir, həm də vermək niyyətinin əhəmiyyətini artırır. Əgər biz vermək xüsusiyyətini öz ən əsas prioritetimiz olaraq müəyyən ediriksə, yalnız o zaman ayrılmağımızı şər kimi müəyyən edə bilərik.
Mühit vermək xüsusiyyətinin əhəmiyyətini artırmaq üçün ən effektiv vasitədir. Hamımız “sosial canlılarıq” və hamımız ictimai fikirdən asılıyıq. Əgər vermək xüsusiyyətinin yaxşı olduğu norma olaraq qəbul edilərsə, biz onu yüksək qiymətləndirməyə məcbur olarıq. Bu, təbiətimizdə olan bir xüsusiyyətdir. Bizim mühitimizin yüksək qiymətləndirdiyi hər şeyi biz də təbii olaraq qiymətləndiririk. Məhz bu şəkildə reklam bizə təsir edir: yeni bir məhsul bazara çıxır, əvvəlcə heç kimə lazım deyil, amma onun haqqında danışmağa başlayırlar. Əvvəlcə dinləyib gülürsən, sonra dinləyib susursan, sonra maraqlanırsan və nəhayət, alırsan.
Bu, həm maddi, həm də ruhani dünyada belədir. Yalnız inkişaf etdiyimiz mühit ruhani dəyərləri maddi dəyərlərdən üstün edə bilər. Heç birimiz bunu təkbaşına edə bilmirik, çünki ruhaniyyət təbiətimizə tamamilə ziddir və tez tez qaranlıq (şər) kimi hiss olunur.
Bu hissənin sonunda “Ondan başqa heç kim yoxdur” qanunu ilə şərin dərk edilməsi arasındakı əlaqəyə nəzər salaq. Şərin aşkar edilməsi işi “Ondan başqa heç kim yoxdur” qanunu ilə bağlıdırmı? Hər dəfə ruhaniyyət bizə qaranlıq kimi, Kabala elmini öyrənmək istədiyimizdə, ruhaniyyət ideyasına laqeydlik kimi, dərslərimizə mane olan fiziki maneə kimi görünəndə, hər şeydən əvvəl bunu yeganə qüvvəyə, bu həyatda hər şeyin mənbəyinə aid etməliyik, çünki “Ondan başqa heç kim yoxdur”. Hər şeyin haradan gəldiyini bilsək və bizə göndərilən maneələrin məqsədini düzgün müəyyən etsək, şəri dərk etməyimizə nə mane olduğunu daha yaxşı anlayaraq, islah üçün düzgün bir istək formalaşdıra bilərik.
Beləliklə, addım addım ruhaniyyətə olan meylimizi yoxlayırıq. Bütün daxili iş şərin dərk edilməsinə əsaslanır. Və daha əvvəl öyrəndiyimiz kimi, bu işdə bir mərhələdən digərinə keçmək üçün şərin birbaşa təzahürünə ehtiyacımız yoxdur.
İndi nəticə çıxaraq. Şəri aşkar etmək üçün, mənbəyə qaytaran nuru və düzgün mühiti istifadə edərək, daim özümüzü yaxşılığa yönləndirməliyik. Lakin sadə və adi görünən şeylər əslində icrası çətin ola bilər. Təbiətimizdə bizi pisə çəkən bir şey var, xüsusilə Kabala ilə ilk məşğuliyyətlərimizi edərkən. Əzablarımızda bizi qürura sürükləyən bir şey var və islah olunana qədər bundan imtina edə bilmirik. Həmişə yaxşıda ardıcıl olmaq, bütün maneələrə baxmayaraq ruhaniyyətə sadiq qalmaq asan olmur. Lakin ruhaniyyətə doğru irəliləmək istəyiriksə, bu işi icra etməliyik.
Özünü yoxla:
Şəri aşkar etmək üçün hansı iki vasitədən istifadə etmək olar?
Əxlaq polisi
Sonni Kroket və onun patrul yoldaşı Rikardo Tabbs – əxlaq şöbəsinin iki detektividir, “Mayami Polisi: Əxlaq Şöbəsi” serialının ssenaristi tərəfindən onlar üçün yaradılmış uydurma dünyada yaxşı oğlanlar kimi görünürdülər. Onlar şəhərdə nizam yaratmağa və cinayətkarları tərbiyə etməyə çalışarkən özlərini səliqəli göstərirdilər.
Onlara özlərini göstərmək asan gəlirdi, lakin şəhərdə yüksək əxlaq səviyyəsini qorumaq çox da asan deyildi. Bu – normaldır, çünki real dünyada da biz buna bənzər nəticələr əldə edirik. Müəyyən davranış normalarına həqiqətən əməl etməkdənsə, görünüş yaratmaq çox daha asandır.
Bir çoxları Kabala elmini əxlaqla müqayisə edirlər. Bu yanlış anlaşılma onları düşünməyə vadar edir ki, Kabalanın məqsədi bizi daha yaxşı və daha əxlaqlı etməkdir. Bu, yanlış fikirdir. Kabala əxlaqla heç bir əlaqəsi yoxdur; aralarındakı məsafə şərq ilə qərb arasındakı qədər böyükdür.
Kabala elmi ilə əxlaq arasındakı fərqlərdən tədris vəsaitinin ikinci hissəsində danışmışdıq.Almaq istəyinin dərk edilməsində və şəri aşkar etməkdə bu sual yenidən gündəmə gəlir. Bu iki mövzu bizə Kabala və əxlaqın bir birindən nə ilə fərqləndiyini bir daha vurğulamaq üçün gözəl bir fürsət yaradır.
Kabala elmi və müxtəlif əxlaq və ruhaniyyət təlimləri bir məqsədi güdürlər kimi görünə bilər – insanlardakı şəri aradan qaldırmaq və ətraf mühitə düzgün münasibəti formalaşdırmaq. Bu xarici oxşarlığa görə, bəziləri düşünür ki, Kabala elmi əxlaq elminin bir metodudur. Lakin Kabala elminin mahiyyətinin daha dərin anlaşılması bu oxşarlığın yanlış olduğunu göstərir. Əslində, Kabala və əxlaq – bütün aspektlərdə bir birindən tamamilə fərqli iki elmdir.
Kabala elmi ilə əxlaq arasında üç əsas fərq var:
1. Onların əsaslandığı təməl;
2. Mükafatlandırma forması;
3. Məqsədlər.
Hər bir fərq üzərində dayanaraq ətraflı izah edəcəyik.
Birinci fərq – onların əsaslandığı təməldir. Kabala ilə əxlaq arasındakı fərq Yaradan ilə yaradılış arasındakı fərqdən az deyil. Kabala elmi qüvvəsini və biliyini yaradılışın niyyətindən alır, əxlaq isə ət və qandan olan insanların düşüncələrinə əsaslanır.
Əxlaq təcrübəyə əsaslanır. Həyat bizə göstərir ki, bir fərdin hərəkətləri cəmiyyətin maraqlarına zərər verirsə, onun davranışını dəyişdirmək üçün ona təzyiq göstərilir. Bu, şəxsiyyətə ruhani təsir etmə üsuludur. Məsələn, cəmiyyət dələduzluğu, oğurluğu və digər cinayətləri pisləyir. Buna görə də, zəruri hallarda, qanunlar qəbul edilir ki, qanunsuz əməllərin qarşısı alınsın.
Kabala elmi isə insanlığın həyat təcrübəsinə əsaslanmır. Kabala bizə ruhani aləmdən, yaradılış niyyətindən – yaradılışa zövq vermək məqsədindən gəlir. İnsan düşüncəsinin sərhədləri ilə məhdudlaşan digər təlimlərdən fərqli olaraq, Kabala elmi bizim qarşımızda reallığın tam mənzərəsini açır.
Bu əhəmiyyətli fərq yaxşılıq və şərin tamamilə fərqli qəbulunu müəyyən edir. Əxlaqa görə, yaxşılıq və şər anlayışları cəmiyyətə fayda və ya zərər baxımından ölçülür. Kabala elmi isə bu anlayışları yaradılış niyyətinin həyata keçirilməsi baxımından qiymətləndirir. Bu nöqteyi nəzərdən, bizim üçün “pis” kimi görünən şeylər əslində “yaxşı” ola bilər.
Kabala ilə əxlaq arasında ikinci əsas fərq – hədəfə çatdıqda vəd edilən mükafatdır. Kabala elminin tətbiqinin nəticəsi Yaradanı və ali, ruhani dünyanı dərk etməkdir, əxlaqın tətbiqinin nəticəsi isə insan dünyasında yaxşı münasibətlərdə və uyğun şəraitdə yaşamaqdır.
Kabala ilə məşğul olmaq insanın təbiətini dəyişdirir, almaq istəyini vermək istəyinə, eqoizmi altruizmə çevirir və onu maddi dünyanın üzərinə qaldıraraq ruhani reallığı, ölümsüzlük və mükəmməl sevgi, əbədi harmoniya hissini dərk etməyə aparır. Buna zidd olaraq, əxlaqın təklif etdiyi ən böyük mükafat, insan dünyası çərçivəsində islah edilmiş kollektiv şüurdur. Məqsəd yüksəkdir, lakin əlçatmazdır, çünki insan hər zaman cəmiyyətin maraqlarını öz maraqlarından üstün tuta bilmir və öz təbii eqoizminin əsiri olaraq qalır.
Özünü yoxla:
Əxlaq nəyə əsaslanır? Kabala elminin əsası nədir?
Dərsin nəticələri. Qısa xülasə
Tövrat Yolunda irəliləmək üçün, özümüzdə şəri aşkar etməliyik. Şər – bizi idarə edən almaq istəyidir. Yer üzündəki bütün pisliyin səbəbi bizim almaq istəyimizlə yanlış işləməyimizdir, yəni yalnız öz xeyrimiz üçün almaq və başqaları ilə hesablaşmamaqdır. Almaq istəyinə dair düzgün olmayan işin nəticəsi olaraq bizim xüsusiyyətlərimizlə vermək xüsusiyyəti arasında uyğunluğun olmaması bizə yeganə Yaradan olan və yaxşılıq edən Yaradanın yaxşı reallığını hiss etməyə imkan vermir.
Daxilimizdəki qaranlığı nurlandırmaq üçün iki qüvvətli vasitə verilib: mənbəyə qaytaran nur və ətraf mühitin təsiri. Nur bizə göstərir ki, almaq istəyi bizi ruhaniyyətdən nə qədər uzaqlaşdırır. Ətraf mühit isə ruhaniyyətin əhəmiyyətini vurğulayır. Bu qaydalar əsasında biz almaq istəyindəki şəri dərk edirik. Bir tərəfdən öz xeyrimiz üçün almaq istəyini şər olaraq və digər tərəfdən ruhaniyyətin əhəmiyyətini dərk etmək, bizi ruhaniyyətə və islahata can atmağa məcbur edir.
Kabala elmi ilə əxlaq bir birinə şərq və qərb qədər ziddir. Onların əsaslandığı təməl tamamilə fərqlidir. Əxlaq insan təcrübəsinə əsaslanır, Kabala isə yaradılışın niyyətindən qaynaqlanır və insanın reallığı qavrama məhdudiyyətindən asılı deyil. Əxlaq və Kabalanın vəd etdiyi mükafat formaları da tamamilə fərqlidir. Əxlaq bu dünyada islah olunmuş bir cəmiyyət mükafatı vəd edir, Kabala isə ali dünyada (ruhani) mükafat təklif edir. Əxlaqın vəd etdiyi mükafat insan üçün əlçatmazdır, çünki insanın cəmiyyətin maraqlarını şəxsi mənfəətdən üstün tutması onun təbiətindən yüksəkdir. Əxlaqın məqsədi – islah olunmuş bir cəmiyyətdir; Kabala elminin məqsədi isə ruhaniyyətdir. Məqsədlər fərqli olduğuna görə onların yaxşılıq və şərə münasibətləri də uyğun gəlmir.
Terminlər
Şərin dərk edilməsi – almaq niyyətində olan şəri aşkarlamaq. Şərin ruhaniyyətə doğru yolumuzda dayandığını anlamaq.
Mənbəyə qaytaran nur (islahedici nur) – biz hələ islah olunmamış olduğumuz müddətdə bizə xaricdən nur saçan nur. Kabala elmini düzgün şəkildə öyrənərkən, bu nur bizə təsir edir və bizi islah olunmuş vəziyyətə yaxınlaşdırır.
Suallara Cavablar
- Sual: Aşkar etməli olduğumuz şər nədir?
- Cavab: Aşkar etməli olduğumuz şər – öz xeyri üçün almaq niyyətidir, daha dəqiq desək, başqalarını istifadə etmək əvəzinə onlara verməkdən imtina etmək niyyətidir.
- Sual: Şəri aşkar etmək üçün hansı iki vasitədən istifadə etmək olar?
- Cavab: Şəri aşkar etmək üçün iki vasitə var: mənbəyə qaytaran nur və düzgün mühit. İslahedici nur, Kabala kitablarını düzgün niyyətlə oxuyanda bizə təsir edir, ruhaniyyətdən nə qədər uzaq olduğumuzu, yəni almaq istəyinə necə bağlı olduğumuzu göstərir. Bu məsafəni hiss etmək (şərin dərk edilməsi) bizdə islah olunmaq istəyini oyadır. Düzgün mühitin köməyi ilə biz vermək xüsusiyyətinin əhəmiyyətini anlayırıq və nəticədə almaq istəyini və ruhaniyyətdən uzaqlığı şər kimi dəyərləndiririk.
- Sual: Əxlaq nəyə əsaslanır? Kabala elminin əsası nədir?
- Cavab: Əxlaq bu dünyada insanların təcrübəsinə əsaslanır. Həyat bizə göstərir ki, fərdin davranışı cəmiyyətin üzvlərinə fayda və ya zərər verə bilər. Buna görə müəyyən davranış normaları, təşviq və cəzalar hazırlanmışdır. Kabala elmi isə yaradılışın niyyətinə əsaslanır və insanların bu dünyadakı məhdud qavrayışından asılı deyil.
Dərs üçün məntiqi ardıcıllıq
- Kabala elmini bizə bu dünyada Yaradanı yaratmalara aşkar etmək üçün bir metod olaraq öyrədirdik.
- Yaradanı aşkar etmək üçün niyyəti almaqdən verməyə dəyişmək lazımdır.
- Kabala kitablarında xüsusi ruhani bir qüvvə olan "mənbəyə qaytaran nur" vardır. O, niyyətimizi dəyişdirib, almaqdən verməyə yönləndirə bilər.
- Yalnız yaxınlarımıza münasibətimizi müəyyən etdikdən sonra mənbəyə qaytaran nura doğru bir istəklə müraciət edə bilərik.
- Yaxınlarımıza olan münasibətimizi dəqiq müəyyən etmək üçün ruhani inkişaf üçün düzgün bir mühit seçmək lazımdır.
- "Qəlbdəki nöqtələr" Adam Rişonun parçalanmış ruhunun hissələridir. Başqa qəlbdəki nöqtələrlə birlikdə biz ruhani mühit qurur, parçalanmış hissələrin birləşdirilməsi və islahı üçün bir istəyimizi yüksəldirik. Beləliklə, mənbəyə qaytaran nuru çağırırıq.
- Mənbəyə qaytaran nura doğru həqiqi bir müraciətin əsası "Ondan başqa heç kim yoxdur" qanunudur, yəni baş verənləri yeganə Yaradan – bütün səbəblərin mənbəyi ilə əlaqələndirmək lazımdır.
- Bütün vəziyyətləri Yaradanla əlaqələndirərək, islahat prosesini sürətləndirir, əzab və peşmançılıqdan qaçırıq.
Gələn hissədə biz alma istəyinin islahı ardıcıllığını öyrənəcəyik.