Barux Şalom Alevi Aşlaq (Rabaş)
Titrəyiş və sevinc
Məqalə 23, 1986
Zoar-da deyilir: “Yaradana qorxu ilə xidmət edin və titrəyiş içində sevinin.” Və sonra belə deyilir: “Yaradana sevinc ilə xidmət edin, Onun hüzuruna şənliklə gəlin.” Bu ifadələr bir-birinə zidd görünür.Lakin öyrənmişik ki, insana Yaradana xidmət etməyə başlayanda əvvəlcə qorxu lazımdır, çünki hər bir işdə, insan öz Yaradanı qarşısında bir əməl yerinə yetirmək istəyəndə, başlanğıcda qorxu olmalıdır. Yalnız bundan sonra o, Tövratın ehkamlarını sevinc içində yerinə yetirmək ləyaqətinə çatır. Bu haqda deyilir: “Yaradan xalqından nə tələb edir? – Yalnız qorxu; onun vasitəsilə hər şeyə nail olacaq.”
Qorxu nədir və niyə Yaradan insanların Ondan qorxmasını istəyir?Görürük ki, qorxu və sevinc bir-birinə zidd anlayışlardır. Bəs necə ola bilər ki, qorxu sevincin səbəbi olsun? Necə ki, deyilib: “Öz Yaradanı qarşısında qorxudan ötrü Tövratın ehkamlarını sevinc içində yerinə yetirmək ləyaqətinə çatacaq.” Məgər biri digərinə zidd deyilmi?
Və daha bir sual: Təsəvvür etmək olarmı ki, Yaradan istəsin ki, Onun məxluqları Ondan qorxsunlar? Bu nəyə xidmət edir? Bu, bir insanın toyuq damına girib deməsinə bənzəmirmi: “Əgər məndən qorxsanız, sizə yemək, su və hər istədiyinizi verəcəyəm”? Məgər toyuqların ona olan münasibəti insana vacibdirmi?
Hətta, məxluqlar ilə Yaradan arasında müqayisə edildikdə, Yaradan məxluqlarının Onun qarşısında qorxu hiss etməsini istəməsinin nə dəyəri var ? Axı müdriklər deyiblər ki, insanın etməli olduğu tək şey Yaradan qarşısında qorxu hissini inkişaf etdirməkdir, necə ki, deyilib: “Yaradan xalqından nə tələb edir? – Yalnız qorxu.” Və həmçinin deyilib: “Yaradan məxluqları, Onun qarşısında qorxsunlar deyə yaratdı.” Bu o deməkdir ki, Yaradan hər şeyi yalnız bu qorxu üçün yaratdı?
Cavabı anlamaq üçün Yaradılış Məqsədini xatırlamalıyıq: niyə Yaradan məxluqları yaratdı? Məlumdur ki, səbəb Yaradanın məxluqlarını sevindirmək istəyidir. Və Onun hərəkətlərinin kamilliyi üzə çıxması üçün – yəni məxluqların alarkən utanc hiss etməməsi üçün – bir islah etdi ki, bu da “ixtisar və gizlənmə” adlanır.İnsan altruist qablar (verməkistəyi) əldə etməmişdən əvvəl, məxluqlar Yaradana dair heç bir hiss və dərketməyə malik ola bilməzlər.
Baxmayaraq ki, hər gün dua edirik: “Bütün yer Onun şöhrəti ilə doludur,” biz bunu hiss etmirik və yalnız inamla, ağılın fövqündə buna inanmalıyıq.Səbəb isə budur ki,“Ruhaniyyətdə heç nə itməz” qanununa görə nur sabitdir və heç vaxt dəyişmir. Lakin dəyişikliklər istəklər tərəfindəndir. İstəklər nurun yayılmasını məhdudlaşdırır, çünki yalnız istəklərin vəziyyətinə görə həzzin ölçüsü müəyyən olunur. Əgər insanda nuru qəbul etməyə yararlı qablar yoxdursa, nur ona hiss etdirilmir. “İstəksiz nur yoxdur” prinsipi ilə.
Baal HaSulam ixtisar prinsipini belə bir misalla izah edir: bu, bir insanın özünü başqalarından gizlətməsinə bənzəyir. Məgər insan özü-özünü görmürmü? Eynilə də Yaradan ixtisar və gizlənmə etdi ki, məxluqlar yalnız almaq naminə alan öz eqoizmləri ilə Onu görməsinlər. Bu da Yaradan (verən) və məxluqlar (alanlar) arasındakı xüsusiyyət fərqindən yaranan ayrılıqdır.
Çünki “almaq” anlayışı bizim kökümüzdə – Yaradanın Özündə yoxdur. Buna görə də insan alarkən utanc hiss edir. Bu səbəbdən, məxluqlar islah edildi ki, bu da “ixtisar” adlanır. Yəni, ixtisar və gizlənmə yalnız məxluqlara lazımdır ki, almaq hərəkətini islah edib onu vermək niyyəti ilə edə bilsinlər. Yaradan tərəfində isə heç bir dəyişiklik yoxdur. Bütün dəyişikliklər yalnız bizim kelimlərin hazırlanmasında baş verir.
Həzz nuru ayrılıq yerində (yəni egoist niyyətlərdə) işıq saçmaması səbəbindən, insan öz eqoizmini islah etməyincə, Yaradan qarşısında tam inama gələ bilmir. Deyildiyi kimi: “Məxluq birbaşa Yaradanın əlindən ziyan ala bilməz. Əgər o, Yaradanı pislik törədən kimi dərk edərsə, bu, Allah eləməsin, Yaradanın Özündə bir nöqsan deməkdir. Buna görə də, insan pislik hiss etdikcə, Yaradanın varlığını inkar edir və Yaradan ondan gizlənir.”
Beləliklə, islah olunma zəruridir ki, bu da “vermək naminə almaq” adlanır. Yalnız bu yolla insan Yaradanın ona vermək istədiyi xeyir və həzzi qəbul edə bilər. Əks halda, o, Yaradanın varlığını inkar etməyə qədər uzaqlaşa bilər.
Və indi anlaya bilərik ki, əvvəl soruşulan qorxu nədir və niyə Yaradan istəyir ki, biz Ondan qorxaq. Baal HaSulamın dediyinə görə, qorxu – insanın alacağı həzzi vermək niyyəti ilə deyil, almaq niyyəti ilə qəbul edəcəyindən qorxmasıdır. Çünki belə olsa, o, yalnız yaxşılıq və həzzdən məhrum olmaqla qalmır, həm də Yaradanın varlığını inkar edən bir vəziyyətə düşmək təhlükəsi ilə üz-üzə qalır və bu, onu natəmiz eqoist qüvvələrin hakimiyyətinə sala bilər.
Bu, deyildiyi sözlərin izahıdır: “Yaradan məxluqları, Ondan qorxsunlar deyə yaratdı.” Və bu qorxu vasitəsilə böyük bir islah baş verir:
-
İnsan Yaradan qarşısında inam əldə edir.
-
O, Yaradanın vermək istədiyi bütün yaxşılıq və həzzi almağa qadir olur.
Yəni Yaradanın istəyinin, məxluqların Onun qarşısında qorxu hiss etməsi olmadığını, əksinə, bu qorxunun bizdə düzgün qabların yaranması üçün zəruri olduğunu anlayırıq – belə ki, biz Onun vermək istədiyi yaxşılıq və həzzi alaq və bu yolla Onunla bağlantıda qalaq. Baal HaSulam deyir: “Qorxu – Yaradan qarşısındakı inamdan uzaqlaşmamağın qoruyucusudur.”
Buradan da aydın olur deyildiyi: “Yaradan xalqından nə istəyir? – Yalnız qorxu.” Bu o deməkdir ki, Yaradan bizə hər şeyin ən yaxşısını vermək istəyir. Lakin xüsusiyyət fərqi buna mane olur, çünki nur eqoist niyyətlərə daxil ola bilmir. Ona görə də əgər insanda qorxu varsa və o, həmişə diqqətlidir ki, niyyəti yalnız vermək üçün olsun, Yaradan ona xeyir və həzz verə bilər – həm də mükəmməl şəkildə, heç bir utanc hissi olmadan.
Beləliklə, cavab tapırıq ki, qorxu necə sevincin səbəbi ola bilər: əgər insan daim diqqətli olsa və yalnız altruist niyyətlərdən istifadə etməyə çalışsa, Yaradan ona artıq xeyir və həzz verə bilər. Təbii ki, o zaman insan Yaradana görə aldığı həzzdən böyük sevinc hiss edəcək.Beləcə, görürük ki, qorxu sevinc yaradır. Əgər insanda bu qorxu yoxdursa, o, hər şeydən uzaq qalır.