24 .Günahkarların əlindən onları xilas edir
Yehuda Leyb Halevi Aşlaq (Baal Sulam)
*25 iyul 1944-cü ildə eşidildi, Zohar kitabının sonunda*
Müqəddəs Yazılarda deyilir: "Yaradanı sevənlər, şərdən nifrət edin!.. günahkarların əlindən onları xilas edir". *Baal Sulam* soruşur ki, "şərdən nifrət edin" və "günahkarların əlindən onları xilas edir" arasında nə əlaqə var?
Bunu başa düşmək üçün əvvəlcə müdriklərimizin dediyini xatırlatmaq lazımdır: "Dünya ya mütləq salehlər, ya da mütləq günahkarlar üçün yaradılmışdır". O soruşur: "Mütləq günahkarlar üçün yaratmağa dəyərdi, bəs tam saleh olmayanlar üçün dəyməzdi?"
O, cavab verir ki, Yaradan tərəfindən dünyada ikimənalı heç nə yoxdur, bu, yalnız qəbul edənlərin hissiyyatında olur. Başqa sözlə, qəbul edənlər ya dünyada xoş dad hiss edirlər, ya da dünyada acı və pis dad hiss edirlər. Çünki etdikləri hər bir işdə, onu etməzdən əvvəl düşünürlər – məqsədsiz heç bir hərəkət etmirlər – ya mövcud vəziyyəti yaxşılaşdırmaq istəyirlər, ya da birinə zərər vermək istəyirlər. Ancaq məqsədsiz işlər məqsədi olan bir işçiyə yaraşmaz.
Ona görə də, Yaradanın dünyadakı idarə üsullarını qəbul edənlər, onu necə hiss edirlərsə, yaxşı və ya pis olduğuna da elə qərar verirlər.
Bu səbəbdən, Yaradanı sevənlər, yaradılışın məqsədinin məxluqatlarına lhəzz vermək olduğunu və onların da bunu hiss etməyə gəlib çatmalarını başa düşürlər ki, bu yalnız Yaradanla birləşmə və Ona yaxınlaşma yolu ilə mümkündür. Əgər Yaradanla aralarındakı hər hansı bir uzaqlığı hiss edirlərsə, bu, onlar üçün "pis" adlanır və o zaman özlərini günahkar sayırlar, çünki orta vəziyyət mövcud deyil. Yəni ya Yaradanın varlığını və Onun idarəsini hiss edir, ya da, deyir ki, "dünya günahkarların əlinə verilib".
Özünü düzgün insan saydığı üçün, yəni özünü aldada bilmədiyi üçün "hiss edirəm və hiss etmirəm" deyə bilməz, dərhal Yaradanı çağırmağa başlayır ki, O, ona rəhm etsin və onu Sitra Axranın tələsindən və bütün yad fikirlərdən xilas etsin. O, həqiqət vəziyyətindən çıxış etdiyi üçün Yaradan onun duasını eşidir (bəlkə də bu, ayədə deyildiyi kimi, "Yaradan, Onu həqiqət içində çağıranların hamısına yaxındır" sözlərinin mənasıdır) və beləliklə, "günahkarların əlindən onları xilas edir".
İnsan özünün həqiqi mahiyyətini, yəni onun şər dərəcəsini, onu Yaradanı çağırmağa məcbur edəcək qədər dərinliyini hiss etmir və bu çox sayda əzablarla birgə baş verən şəri dərk etmə ilə müşayiət olunmadıqca, hələ də xilas olmağa layiq deyil. Çünki hələ də ürəkdən dua etməyə uyğun qabı aşkar etməyib, çünki o düşünür ki, içində hələ də bir az yaxşılıq var.
Yəni, o, ürəyinin dərinliyinə enmir və ürəyinin dərinliyində düşünür ki, içində bir az yaxşılıq var və o, Tövrata və əmrə nə qədər sevgi və hörmətlə yanaşdığına diqqət yetirmir. Buna görə də o, həqiqəti görə bilmir.