<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası



Barux Şalom levi Aşlaq (Rabaş)

24. Bizə ən çox çatışmayan şey

Bizə ən çox çatışmayan və bu səbəbdən işləmək üçün gücümüzün olmamasına səbəb olan şey məqsədin əhəmiyyətidir. Bu o deməkdir ki, kimə ət aetdiyimizi bilmək üçün xidmətimizin dəyərini necə qiymətləndirməli olduğumuzu bilmirik. Həmçinin Yaradanın böyüklüyünü dərk etmək üçün də biliyimiz çatışmır. Padşaha xidmət etməyə layiq görüldüyümüz üçün nə qədər xoşbəxt olduğumuzu anlamırıq, çünki Onun böyüklüyünü dərk etməyimizə kömək edəcək heç nəyimiz yoxdur.

Zoar kitabının dilində bu, « Şxina kül içində» adlanır. Yəni Ona əta etmək bizim üçün kül qədər dəyərlidir. Təbii ki, belə olduqda işləmək üçün gücümüz də olmur, çünki həzz olmadan işləməyə güc çatmır. Eqoist məhəbbətin nuru parladığı yerdə bədən bundan həyat qüvvəsi alır. Lakin əta etmək naminə görülən işdə bədən həzzin dadını hiss etmir və nəticədə insan istər-istəməz «öz yükünün altında əzilmiş» vəziyyətə düşür.

Bununla yanaşı, insan mühüm bir Padşaha xidmət etdiyini hiss etdikdə, Padşahın əhəmiyyətinə uyğun olaraq Ona xidmət etməkdən həzz və məmnunluq duyur. Buna görə də onun artıq hər dəfə irəli getmək üçün gücü olur, çünki mühüm bir Padşaha xidmət etdiyini hiss edir.

İnsan kimə əta etdiyini bildikdə və bunu hiss etdikdə, əvvəllər eqoist məhəbbət niyyəti ilə işləmək üçün nə qədər gücə malik idisə, indi də əta etmək niyyəti ilə işləmək üçün həmin ölçüdə gücə sahib olur. Axı mühüm bir insana əta edən şəxs sanki ondan almış hesab olunur. Qəbul edərkən bədənin mükafat əldə etmək üçün işləməyə gücü çatdığı kimi, mühüm Padşaha əta edərkən də insan bundan həzz alır.

Buradan TES-ə Giriş kitabının son hissəsində deyilənlər aydın olur: qadın kişiyə pul verir və əgər kişi mühüm insandırsa, qadın ondan aldığı həzz sayəsində ona əta etmiş hesab olunur.1 Burada yeni bir məqam görürük: mühüm insana əta etmək qanun baxımından almaqla tamamilə eyni dəyərə malikdir. Baxmayaraq ki, həmin yerdə müəllif Kiduşin traktatından2 bir sitat gətirir və söhbət əta etmək naminə almaqdan gedir; bu halda almaq əta etmək adlanır.

Eyni vəziyyətdən məsələnin digər tərəfini də anlamaq olar: əta etmək də almaq adlanır. Buna görə də insanın artıq işləmək üçün gücü olur. Çünki o, mühüm bir insana əta edirsə, bu, sanki almağa bərabərdir. Beləliklə, onun artıq işləmək üçün qüvvəsi var.

Buradan belə nəticə çıxır ki, bizə yalnız Yaradanın böyüklüyünə inanmaq çatışmır. O zaman əta etmək xüsusiyyəti ilə işləmək üçün gücümüz olacaq.