<- Kabalah Kitabxanası
Oxumağa Davam Et ->
Kabalah Kitabxanasının Ana Səhifəsi /

Baal HaSulam / Hərəkət etmək vaxtıdır.

Yehuda Leyb HaLevi Aşlaq (Baal HaSulam)


Hərəkət etmək vaxtıdır.

Uzun müddətdir ki, vicdan əzabı məni hər gün təqib edir, məni öz sərhədlərimdən çıxmağa və kabala elminin qaynaqlarına söykənən əsaslı bir əsər tərtib etməyə və onu xalq arasında yaymağa vadar edir. Belə ki, insanlar bu əsərlə tanış ola və aləmlərin zirvəsində yerləşən məsələlərin ümumi vəziyyətini – olduğu kimi, onların həqiqi mahiyyəti və xarakterində – anlaya bilsinlər.

Halbuki buna qədər İsraildə, dünya çap sənəti tanınmamışdan əvvəl, bənzər mövzulara dair saxta kitablar yox idi. Çünki bizdə demək olar ki, sözlərinə məsuliyyətsiz yanaşan müəlliflər də yox idi. Və bunun sadə bir səbəbi var idi – məsuliyyətsiz insan adətən məşhur sayılmırdı. Buna görə də əgər kiminsə təsadüfən cəsarət tapıb belə bir əsər yazması baş versəydi, heç bir katib onun kitabını köçürməkdə maraqlı olmazdı, çünki adətən az xərcli olmayan bu əməyinə görə ödəniş almayacaqdı. Və nəticədə belə bir əsərin aqibəti əvvəlcədən bəlli idi – o, xalqımız arasında yox olmağa məhkum idi.

Eyni zamanda bilik sahiblərinin də belə mətnləri yazmağa nə marağı, nə də ehtiyacı vardı, çünki bu biliklər ümumi kütlə üçün zəruri sayılmırdı. Əksinə, onların marağı bu şeyləri ən gizli yerdə saxlamaq idi, çünki deyildiyi kimi: «Yaradanın şöhrəti – gizlilikdədir». Axı bizə əmr olunub ki, Tövratın və daxili ruhani əməlin mahiyyətini ona ehtiyacı olmayan və ya buna layiq olmayanlardan gizlədək. Və onu laqeydliklə, pərdə arxasından gözünü zilləyən kor və acgöz baxışlara və ya lovğalara nümayiş etdirmək bizə yaraşmaz, çünki bu, Yaradanın şöhrətinə uyğun deyil.

Lakin çap işi dünyaya yayıldığı andan etibarən və müəlliflər öz mətnlərini köçürən katiblərə möhtac olmadıqda, kitabın dəyəri də kəskin şəkildə düşdü – bütün bunlar məsuliyyətsiz müəlliflərə, öz ürəklərinə necə xoşdursa elə də kitablar hazırlamaq, qazanc və şöhrət qazanmaq üçün yol açdı. Və öz əllərinin əməyinin mahiyyətinə gəlincə, onlar bunu ümumiyyətlə nəzərə almır, əsərlərinə heç bir diqqət yetirmirdilər.

Və bu andan etibarən yuxarıda qeyd olunan növ kitabların sayı artmağa başladı – müəlliflər tərəfindən nə bir müəllimdən şifahi və icazəli şəkildə öyrənilmiş, nə də bu mövzuya aid olan əvvəlki mənbə kitabları tanımadan tərtib olunan əsərlər. Onlar yalnız öz maddi təbiətlərinə və cəfəng fikirlərə əsaslanaraq nəticələr çıxarır, və bu fikirləri əsas kimi təqdim edərək xalqın ruhunu və onun bütün mənəvi sərvətini bu bünövrə üzərində qururlar. Necə ki, axmaqlar təhlükəni tanımırlar, eləcə də bunlar,  ayırd etmə qabiliyyətindən məhrumdurlar, bilmirlər ki, nəsillərə yanlış biliklər ötürür, və öz kiçik ehtiraslarının xatirinə günah edərək bütöv nəsilləri də günaha batırırlar.

Son zamanlarda isə bu çirkinlik misli görünməmiş həddə çatıb – çünki onlar, bütün bunlara əlavə olaraq, caynaqlarını kabala elminə də keçiriblər. Onlar bu elmin indiyə qədər min qıfıl və kilidlə bağlandığını və bu elmin heç bir sözünü düzgün məna ilə başa düşməyin, hətta bir sözü digər sözlə əlaqələndirməyin belə mümkün olmadığını nəzərə almırlar. Axı bu günədək yazılmış bütün həqiqi kitablar yalnız incə eyhamlar və işarələrlə doludur, və bunlar yalnız o tələbə üçün yetərlidir ki, o,yetkin kabalist müdrikdən şifahi şəkildə necə izah almağı bilir.

Və belə yazılıb: «Orada qanadlı əjdaha yuva salacaq, yumurta qoyacaq, çıxardacaq və kölgəsində oturacaq» – bu dövrdə cadugərliklə məşğul olan yazıçıların sayı artmışdır. Onlar orada hər baxan üçün iyrənc görünən yeməklər hazırlayırlar – yəni elmi təhrif edir, onu əyri şəkildə təqdim edirlər.

Onların arasında elələri də var ki, daha da irəli gedib yüksəkliyə qalxmaq istəyirlər və özlərini nəsil rəhbərləri yerinə qoyurlar. Guya qədim kitabla «birinci» (tanax dövründən sonra yazılmış) kitab arasında fərq qoymağı bacarırlar və xalqa deyirlər: hansı kitabı öyrənmək olar, hansına isə yaxın durmaq olmaz – çünki,deyilməsi belə qorxuncdur, guya o, fantaziyalarla doludur. Utanc və rüsvayçılıq! Axı indiyədək bu cür ayırd etmə yalnız nəsil rəhbərlərindən birinə məxsus bir imtiyaz idi. İndi isə nadanlar istədikləri kimi davranırlar.

Və buna görə də bu məsələlərin anlaşılması ilə bağlı ictimai rəy çox pozulmuş vəziyyətdədir. Bundan əlavə,  laqeydlik mühiti də yaranmış və yayılmışdır. Hər kəs elə düşünür ki, ona bu uca məsələləri öyrənmək və təhlil etmək üçün boş vaxtında bir göz gəzdirib oxumaq bəs edir. Onlar bu uca elmin və yəhudiliyin həqiqi mahiyyətinin bütün dünyası boyunca məlum mələk kimi bir uçuşda keçib gedirlər . Və hər biri istədiyi kimi nəticə çıxarır.

Məhz bu səbəblər məni öz sərhədlərimdən çıxmağa vadar etdi və mən qərara gəldim ki, Yaradan naminə hərəkət etməyin zamanı çatıb – hələ xilas etmək mümkün olanı xilas etmək üçün. Və mən üzərimə bu məsələyə dair həqiqi mahiyyətin müəyyən ölçüdə aşkarlanmasını və onun xalq arasında yayılması məsuliyyətini  götürdüm.